Etibar Almaz oğlu Namazov

Etibar Almaz oğlu Namazov 1967-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonun Faxralı kəndində anadan olub. Kəndin”Balammədli” nəslindəndir. Qarabağ müharibəsində “itkin” düşüb.

O, Azərbaycanın Politexnik institutunu bitirib, Daxılı Qoşunlarda taqım komandiri vəzifəsində xidmət edirdi.

1971-ci ilin sərin bir payız səhərində “Sahil” metro stansiyasının yaxınlığında qarşılaşdıq Etibarla. Nəzərlərində ürkək bir təbəssüm vardı. Bir qədər sıxıla-sıxıla, bir qədər də qürrə ilə “Rəşid müəllim”, dedi. “Mən də zabitəm, leytenantam”. Təəcüblənmədim. Onun tay-tuşlarından 6 nəfərin güc strukturlarında xidmət elədiyini bilirdim. Tariyel Əliyev və Azad Qurbanov MTN-də, Taleh Qasımov Milli Qvardiyada, Abbas Bədəlov, Tahir Qurbanov və Çoban Bayramov DİN-də, Qurban Qurbanov Silahlı Qüvvələrdə.

Hələ 1988-ci ildə kəndimizin yeniyetmələri, gəncləri haqqında mərhum müəllimimiz Abbas Nuriyevə dediklərimi xatırladım: “Onlarda aşkarlaya bilmədiyimiz, üzə çıxmamış nə qədər yüksək mənəvi keyfiyyətlər var. Zaman bizim nəzərdən qaçırdığımızı, diqqət yetirmədiklərimizi öz vaxtında aşkarlayacaq”. Zamanı çatıbmış.

Ermənistanın hərbi birləşmələrinin Zəngilana da hücumları ara vermirdi. Əhali nə qədər qetiyyat göstərsə də bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Buna görə də Daxili Qoşunların bölükləri – zabit və sıravi heyət bu rayona da qısamüddətli ezamiyətlərə göndərilirdi. Leytenant Etibar Namazov ilk belə ezamiyyətə 1992-ci ilin martında getdi. Qazançı kəndinin müdafiəsində dayandı.

Qazançı kəndi bir-birinə söykənmiş təpəliklərin ətəyindədi. Bu təpəliklərdən kəndi tam nəzarətdə saxlamaq mümkündü. Leytenant E.Namazov axşam çağı qarşı yaxanı nəzərdən keçirəndə ermənilərin mövqelərinin yan-yörəsindəki “qaynaşma” diqqətindən yayınmadı. “Hazırlaşırlar, bu gecə hücuma keçəcəklər” – düşündü və postlara baş çəkdi. Əsgərlərə lazımi göstəriş verib blindaja tərəf irəlilədi. Blindaja çatanda dönüb arxaya baxdı. Niyə, nəyə? -heç özü də bilmədi.

Blindajın qarşısındakı bir daşın üstündə oturdu. Eloğlularını – dostlarını düşündü: “Qurban Kəlbəcərdədi, Taleh də döyüşlərdədi. Görəsən neyləyirlər?..

Müharibədə hücum, adətən, səhərə yaxın olur. Bunu Etibar da bilirdi; saat 3 radələrində postlara yenidən baş çəkməyi qərara aldı və könülsüz də olsa blindaja keçdi ötən gecə yatmamışdı.

Saat 3-ə 10 dəqiqə qalırdı. Duyumu ona ermənilərin indilərdə hücuma keçəcəyini diqtə edirdi. Blindajdan çıxıb ətrafı dinşədi. Sakitlik idi, qarşı tərəfdə tərpəniş hiss edilmirdi. Uzaqlardan təkəm-seyrək güllə səsləri gəlirdi. Bu döyüş Etibarm ilk döyüşü olacaqdı…

Leytenant Etibar Namazovun duyumu onu aldatmadı. Ermənilər saat 4-də hücuma keçdi. Onun göstərişinə əsasən döyüşçülər hücumu dəf etməyə hazır idilər. Etibarlı müdafiə səddi qurmuşdular. Gənc komandir düşmənin iki eşelonlu hücum taktikası seçə biləcəyi ehtimalını da nəzərə almışdı.

Son aylarda belə ciddi müqavimətlə qarşılaşmayan düşmən sürətli hücumunu başa çatdıra bilmədi. Bir saatacan çəkən atışmadan sonra geri çəkilməyə məcbur oldu. Qərargahdan göstəriş (əmr!) verilmişdi ki, hücum dəf olunduqdan sonra düşməni təqib eləməsinlər. O, istəməsə də əmrə tabe olmalıydı…

Bu döyüşdə düşmənin üç əsgəri öldürüldü…

Beş gündən sonra düşmənin daha bir hücumunun qarşısı alındı. Leytenant E.Namazova təşəkkür elan edildi. Baxışlarında bir şükranlıq uçunurdu. O, bu ezamiyyəti özünün xidməti taleyinə bir sınaq bilirdi.

Növbəti ezamiyyət müddəti başa çatsa da onları əvəz edəsi heyət gəlib çıxmamışdı…

Qəflətən sağ cinahdan aramsız pulemyot, avtomat səsləri gəldi. Hamı özünü atış yerinə çatdırdı. Güllə Etibarın papağını silib keçdi. Qarşısına çıxan iri bir daşın arxasına adladı. Komandirin də onlarla bir yerdə ölduğunu görən döyüşçülər daha qətiyyətlə, cəsarətlə atışırdı. Etibar, “Ən yaxşı müdafiə hücumdur” – düşündü və əks-hücum əmri verdi. Özü daşın arxasından çıxdı, əsgərlər də atışa başladılar. Ölüm-dirim döyüşüydü bu döyüş. Torpaqsevərliyin işğalçılıqla döyüşüydü…

Ermənilər geri çəkilirdi. Bunu Etibar da hiss elədi. Yanındakı əsgərə himayə atışı aparmağı əmr etdi. Özü nisbətən ağır döyüş gedən sağ cinaha tərəf süründü. O, hardan biləydi ki, ermənilərə əlavə canlı qüvvə gəlib. Bilsəydi də, vəziyyəti dəyişmək mümkün olmayacaqdı. Yeganə çarə vuruşmaq idi. Vuruşdular da!

Atış mövqeyinə çata-çatda ayağından yaralandı. Ağrısını isti-isti hiss eləmədi…

Vəziyyət son dərəcə gərginləşmişdi. Qüvvələr nisbəti döyüşün gedişini dəyişməkdəydi. Etibar da, döyüşçüləri də geri çəkilmək fıkrində deyildi. Geri çəkilsəydilər strateji əhəmiyyətli yüksəklik ermənilərin əlinə keçə bilərdi. Bu isə çox ciddi məğlubiyyət olardı…

O günə kimi Qazançının həndəvərlərində belə ağır döyüş olmamışdı. Kiçik bir qrup düşmənin bütöv bir bölüyü ilə vuruşurdu. Döyüşçülərimizdən ikisi ölüm yarası almışdı…

İki döyüşçümüzü qan aparırdı. Onlara ilkin yardım göstərmək mümkün deyildi…

Baş leytenant Etibar Namazov da, əlləri hələ tətikdən üzülməyən döyüşçülər də inadla, inamla müdafiə olunurdular…

Etibarın gözləri yavaş-yavaş qaralırdı. Deyəsən atdığı güllələr də hədəfə çatmırdı…

Döyüş davam edirdi. Döyüşçülərimiz mövqeni əldə saxlayacaqlarına, tezliklə kömək göndəriləcəyinə ümid bəsləyib vuruşurdular.

… Atışma getdikcə zəifləyirdi…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur