Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli

TÜRK OĞLU NƏ DÜŞMƏNƏ, NƏ BİR YADA ƏYİLƏR

“Hər cür yasarın at oynada bil­mədiyi, dost qarşılayıb, yağı basan” bir mahaldı Faxralı. Yad önündə sın­mayan, yol-ərkan gözləyən, dün­ya şöh­rətli ziyalılar yetirib Faxralı. Belə məşhur kəndin oğullarından biri də Əsmələr Əlidir. Əsrimizin böyük söz fatehi Zəlimxan Yaqu­bun təbirincə desək – “Türk oğlu nə düşmənə, nə bir yada əyilər, əyilsə, əqidəyə, etiqada əyilər!” Fax­ra­lılar da zaman-zaman belə olublar.

Xəlilov Əli Süleyman oğlu – Əs­mələr Əli də Faxralı kən­di­nin tarixində haqq-ədalət mü­dafiəçisi, şəraitdən asılı olma­ya­raq öz haqq sözünü deyən və dediyi sözün hər zaman arxasında duran, köməksizə arxa olan, kəndin abadlaşdırıl­ma­sında böyük zəhmət çəkən, hadisələri bö­yük dəqiqliklə  qabaqcadan görmə­yi bacaran, heç bir halda vic­danının əleyhinə getməyən, mərd və məğrur bir kişi kimi həmişə yaşayacaqdır. Onun nəinki Faxralıda, eləcə də Bor­ça­lının əksər kəndlərində böyük hörmət və nüfuzu vardı.

Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli 1918-ci ilin ba­ha­rında ana­dan olub. Atası Əsmələr Süleyman İbrahim­xəlil oğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində iki qardaşı ilə birlikdə Əsmələr kəndindən Faxralıya köçüb. Köçmənin əsas səbəblərindən biri də əvvəllər Faxralıya, Qurbana­lı­lar (Şeşə Namaz) nəslinə gəlin köçmüş bacıları ol­muş­dur. O, Borçalıda, Türkiyənin Qars vilayətində geniş tanınan Kalvalı nəs­lindəndir. Bu nəslin nümayəndələri hal-hazırda Əsmələr, Başkeçidin Qı­zıl­kilsə və Qəmərli, Marneulinin Ağaməmmədli kəndlərində, Bakıda eləcə də, Türkiyənin, Rusi­yanın və Almaniyanın müx­təlif şəhərlərində ya­şa­yırlar. Əsmələr Süleymanın süd tərəfi Cəfərli kəndinin Şatırlı nəslin­dəndir.

Əsmələr Süleyman 1923-cü ildə sətəlcəm xəstəliyindən vəfat edir. Bun­dan sonra Əsmələr Əli Güllər nəslindən olan anası Yetər xanımın hima­yə­sində böyüyür. 1929-cu ildə Şah­buzlu məktəbinin birinci sinfinə gedir və 1938-ci ildə orta məktəbi əla qiymətlərlə bitirir. Həmin ilin sentyabrında ordu sıralarına çağırılır. 1940-cı ilin dekabr ayınadək Uzaq Şərqin Vla­divostok şəhərində dəmir-yol batalyonunun 73-cü bölü­mündə xidmət edir.

1941-ci ilin iyununda müharibə başlayan kimi yenidən orduya çağırılır. Müharibə illəri Əsmələr Əlinin həyatında ən şanslı səhifələrdən biri olmuşdur. Əvvəlcə az bir müddətdə Marneuli hərbi hissəsində starşina rütbəsində xidmət etdikdən sonra Telavi şəhərində hərbi zabit məktəbinə göndərilir. 1942-ci ilin avqustunda hərbi məktəbi əla qiymətlərlə bitirərək bir­başa leytenant rütbəsi alır. O zaman hərbi məktəbi bitirən 300-dək zabitdən yalnız iki nəfərinə əla oxuduqları üçün birbaşa leytenant rütbəsi verilmişdir. Qalanları kiçik leyte­nant rütbəsi almışlar. Hərbi məktəbi bitirən kimi 46-cı ordunun 394-cü qırıcı divizi­yasının 810 saylı qırıcı alayında qırıcı rotanın komandiri vəzifəsində Qafqaz dağlarının Marux aşırımında mü­haribəyə girmişdir. 1942-ci ilin de­kabr ayınadək burada düşmən ordusu ilə vuruşmuşdur. 1942-ci ilin dekabr ayında Su­xumi şəhərindən Tuapseyə ge­dərək orada öz rotası ilə hücuma keç­mişdir. Burada Severskaya stanisasında almanlarla amansız toqquşma olmuş­dur. Əsmələr Əlinin rotasında cəmisi 12 nəfər qalmasına baxmayaraq onlar stanisanı ələ keçirmişlər. Arxa­dan kömək gəldikdən son­ra on­lar almanları qovmağa başla­yırlar. Geriyə çəkilən almanlar Axtırski qəsəbəsində möhkəm müdafiə qururlar. Alay koman­diri Əsmə­lər Əlini öz rotası  ilə Bereqovoy kən­di istiqamətinə göndərir. Onun başçılığı altında gecə kəndə hücum edən rota böyük qələbə qazanır. 300-dək alman əsgəri məhv edilir, çoxlu sayda əsir gö­tü­rülür. Severskaya və Bereqovoy yaşayış məntəqələrindəki uğurlu hərbi əmə­liyyatlara görə Əsmələr Əli müharibə vaxtı ən yüksək medal sayılan “Rə­şa­dətə görə” medalı ilə təltif edilir və “Qırmızı ulduz” ordeninə təqdim olunur.

Əsmələr Əli 1943-cü ilin avqust ayında növbəti döyüşlərdə kontu­ziya alaraq xəstəxanaya düşür. 1943-cü ilin sentyabrından 1944-cü ilin yanvar ayına kimi Dnepropetrovsk şəhərində hərbi komendaturada işləyir. 1944-cü ilin yanvar ayından mart ayına kimi Dnepropetrovsk şəhə­ri hərbi komendantının müavini vəzifəsində çalışır. Sonra onu Kiyev hərbi dairəsinin Ternopol vilayətində Kozlov rayonuna hərbi komen­da­turaya göndərirlər. 1944-cü ilin 28 aprel tarixində hərbi çağırışçıları orduya yola salarkən Ternopol şəhərində alman qırıcı təyyarəsindən açılan atəş nəticəsində qəlpə yarası alır. Qəlpə gicgah nahiyə­sin­də yerləşdiyindən onu çıxar­maq mümkün olmamış, ömrününü sonuna kimi həmin qəlpəni özü ilə gəzdirmişdir. Sağaldıqdan sonra 1944-cü ildən 1946-cı ilə kimi iki il müddətində qərbi Ukraynada bender bandit dəs­tələri ilə vuruşmalarda olmuşdur. Orada Marusya adlı bir uk­ray­nalı qadınla evlənmiş və ondan bir qızı olmuşdur.

Müharibə illərində Faxralı kəndindən 500-dək kişi mühari­bəyə yollanmışdır. Onlardan təxminən 300 nəfəri döyüşlərdə həlak olmuşdur. Ən ağır itkisi olan nəsillərdən biri də Əsmələr nəsli olmuşdur. Əsmələr Əlinin 3 doğma əmisi oğlanlarının hamısı – Xəlil, Eyvaz və Vəli mü­ha­ribə­də həlak olmuşlar. Müharibədən qayıdanlar arasında Faxralı kəndində ən yüksək hərbi rütbə – baş leytenant ancaq Əsmələr Əlinin olmuşdur.

Orduda böyük prespektivləri olmasına baxmayaraq kənddə tək qalan anasına görə 1946-cı ilin aprel ayında ordudan tərxis  olunaraq Faxralıya qayıtmış və 1948-ci ildə yenidən ailə qur­muşdur. Bundan sonra onun 3 oğlu və 4 qızı dünyaya gəl­mişdir. 1947-ci ildən kolxozda hesabdar, 1948-1949-cu illərdə heyvandarlıq fermasının müdiri, 1950-ci ildə kolxoz təftiş komissiyasının sədri, 1951-ci ildə tikinti briqadiri, 1952-də anbar müdiri, 1955-1962-ci illərdə qoyun fermasının müdiri, 1963-1967-ci illərdə  yenə tikinti briqadiri, 1968-1970-ci illər­də heyvandarlıq fermasını müdiri, 1971-1977-ci illərdə sovxozda anbar müdiri və 1980-1986-cı illərdə su kəmərinin texniki vəzifələrində çalışmışdır. Çalışdığı çoxlu sayda kollek­tiv­lərdə işçilərinin böyük rəğbətini qazanmışdır. Əsmələr Əli 1989-cu il martın 21-də ürək çatışmazlığından vəfat etmişdir.

Əsmələr Əli hörmətli, qururlu kişilərdən biri olmuşdur. Onun hərbi, riyaziyyat, hüquq, coğrafiya, islam dini kimi elm­lərdən dərin bilikləri olmuş, inşaat işləri və maldarlıq sahəsində də böyük təcrübəyə malik olmuşdur. Heç təsadüfi deyildir ki, kənddə məhkəmə işi ilə bağlı prob­lem­ləri olan çox adam hüquq elmini yaxşı bildiyinə görə kömək və məsləhət üçün onun yanına gələrdi. Əsmələr Əli həmişə haqq-ədalətin müdafiəçisi olmuş və ədalətin zəfər çalmasına var qüvvəsini sərf etmiş­dir. O, 1950-ci ildə Moskvada Malenkovun qəbu­lunda olmuş, Gür­cüs­tan­da baş verən haq­sız­lıqları yoxlamaq məqsədi ilə Sovet İttifaqı Kom­mu­nist Par­tiyası Mər­kə­zi Komitəsinin komis­si­yasının yaradılmasına nail olmuş, o za­man Bolnisi rayonunda ədalətin bərpasında xidməti ol­muş­dur. 80-cı illərin əvvəllərində Andropovun qəbuluna yollanan Gürcüstan azər­bay­canlıla­rın­dan ibarət nü­ma­yəndə heyətinin tərkibinə Borçalı ziyalıları Bolnisi rayonundan Əsmələr Əlini də daxil etmişlər. Lakin o, yaşlı və nasaz (bir neçə ay əvvəl infakt keçirmişdi) olduğu üçün bu səfərdən imtina etmişdir.

Əsmələr Əlinin kəndin abadlaşdırılması işində də böyük xidmətləri olmuşdur. Şahbuzluya qədər çınqıl yolun salınması, Şahbuzluya Təh­məzdən suyun çəkilməsi, əlavə elektrik trans­for­matorunun qurulması işlə­rinin birbaşa təşəbbüskarı olmuş­dur. Onun ferma müdiri olarkən yay­laqdakı fəaliyyətini Yır­ğançaq, Soyuqbulaq və s. yaxın kəndlərin sakin­ləri yaxşı bilir. Müharibə illərində yaylaqda Hasanlının Yurd yeri deyilən ərazini gürcülər zəbt etmişdilər. O, 1948-ci ildə gürcülərin böyük mü­qa­vimətinə baxmayaraq kolxozun mal fermasını zor yolu ilə həmin ərazidə yer­ləşdirmiş və həmin yurdun yenidən Faxralıya qayıtmasına nail olmuş­dur.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Qeyd: Əsmələr Əli barədə bu mənbədən də tanış olmaq olar.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur