İsrafil Həsən oğlu Əlizadə

UZAQDAN GÖRÜNƏN İŞIQ

Borçalının Faxralı kəndi çox işıqlı insanlar yetirib. O işıqlı insanlardan biri də uca zirvələr səltənətinə ucalmış İsrafil Əlizadədir.

İsrafil Həsən oğlu Əlizadə işıq saça-saça yaşayıb. O, harda olubsa həmişə amalı və əqidəsi uğrunda heç nədən qorxub çəkinmədən mübarizə aparıb. Bu da təsadüfi deyil. Çünki İsrafil Əlizadə əsilzadə bir ailədə anadan olub. Onu da qeyd edək ki, İ.Əlizadə 1891-ci ildə Tiflis Quberniyasının Yekatirinfelt (indiki Bolnisi) qəzasının Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası Həsən kişi dövrünün savadlı və tanınmış ziyalılarından sayılıb. İllər keçdikcə İsrafil  Əlizadənin elmə, təhsilə marağı artıb. Atasını erkən itirdiyinə görə , o, əmisinin və anasının himayəsində böyüyüb. Eyni zamanda anası Fatimə xanım və əmisi Mirzə Rza bəy bu uşağın savadlı və tərbiyəli böyüməsi üçün əllərindən gələn yardımı əsirgəməyiblər. Daha doğrusu, anasının və əmisinin köməkliyi nəticəsində  həyatda ilk addımlarını İsrafil Əlizadə cəsarətlə ata bilib.

1914-cü ildə İsrafil Əlizadə Tiflisdə gimnaziyanı bitirir.Və bu gimnaziyada o rus dilinin bütün incəliklərinə və dərinliklərinə yiyələnir. Aydındır ki, həmin illərdə rus dilini o qədər də bilən ziyalı yox idi. Amma İsrafil Əlizadə bu dili gözəl bildiyinə görə, Şahbuzlu ibtidai məktəblərində bir müddət rus dilini tədris edir. Ziyalılığı və elmi dünyagörüşü istər-istəməz hökümətin və həmyerlilərinin diqqətindən yayınmır. Həmin dövrdə ziyalılara, xüsusən də rus  dilində gözəl danışan mütəxəssislərə böyük ehtiyac duyulurdu. Bu mənada İsrafil Əlizadəni Sovet İKP sıralarına qəbul edirlər. Onun savadı və bacarığı ilk gündən başqalarını təəccübləndirir. Buna görə də İ.Əlizadə daha məsul vəzifələrə irəli çəkilir. O, müxtəlif vaxtlarda Saracı, Qoçulu, İmir Həsən və Borçalının bir sıra kəndlərində Kənd Sovetinin sədri vəzifələrində işləyir.

Əlbəttə, bu vəzifələrdə işləmək, camaatın və xalqın hörmətini qazanmaq o qədər də asan deyildi. Amma bu hörməti İsrafil Əlizadə qısa zaman kəsiyində qazandı və el-obanın arasında nüfuzlu, hörmətli, tanınmış ziyalıya çevrildi. Elə buna görə də onu Bolnisi rayon maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edirlər. Bu vəzifədə də gözəl ziyalı özünü bir daha bacarıqlı kadr kimi tanıtdıra bilib.

Aşağıdakı şəkil 1920-ci ildə çəkilmişdir.

….1933-cü ildə kolxoz təşkil ediləndə ona öz doğma kəndlərində kolxoz quruculuğu tapşırılır və o, Faxralıda ilk dəfə olaraq, “ Yeni yol” kolxozunun bünövrəsini qoyur və həmin kolxoza sədr seçilir. Az bir vaxtda təşkilatçılığı və təsərrüfatçılığı ilə böyük lahiyələrə, quruculuq işlərinə imza atır. Ayrı-ayrı adamlar fərdi təsərrüfatlarda məsuldarlıq əldə edə bilmədikləri halda, yeni kolxozda yüksək məhsul bolluğu yaranır. O da insanları kolxoza olan inamını daha da artırıb. Kolxozda böyük abadlıq, tikinti işlərinin görülməsi də İsrafil Əlizadənin adı ilə bağlıdır. Bir sözlə, müasirlərin dediklərinə görə, həmin dövrdə heç kimin görə bilmədiyi işi, az bir zaman kəsiyində həmin kənddə İsrafil Əlizadə görə bilib. Elə buna görə də el-oba onun başına həmişə and içir və ona böyük hörmət bəsləyir.

Böyük filosof Nitşe deyib: “İnsan qəlbinin ən yüksək qabilliyəti, məziyyəti xeyirxahlıqdır.”. Elə İsrafil Əlizadəni də insanların qəlbində uzun müddət yaşadan və əbədi iz qoyan xeyirxahlığı olub. Təəssüf ki, sonradan Stalin repressiyası dövründə onun başına olmazınn müsibətlər gəlib. Təmiz əqidəli və əxlaqlı bu insana ləkə atıblar.

Əmisi Mirzə Rza bəyin ailəsi ilə birlikdə Türkiyəyə getməsini bəhanə edənlər onu ləkəliyir və həbs etdirirlər. 1937-ci ildə onun barəsində 8 il məhkəmə orqanları tərəfindən iş kəsilir və o, uzaq şərqə- Maqadana sürgün edilir. Ona qarşı olan bu haqsızlığa dayısı Mirzə Seyfulla Əlizadə heç cürə dözə bilmir. Yuxarı orqanlara mütamadi olaraq müraciətlər edir. Onun müraciətlərindən sonra İsrafil Əlizadəni günahsız olması sübut edilir və o, 1942-ci ildə Maqadandan öz vətəninə gətirilir. Məhkəmədə bəraət alandan sonra onu başqa bir işə kolxoz quruculuğunda əyintiyə görə dörd ay iş verirlər.

Ağır məhbəs həyatında çətin günlər yaşayan İsrafil Əlizadə 1942-ci ildə xəstələnir və rəhmətə gedir. Sonradan o, yaxınlarını və qohumlarının iştirakı ilə Tiblisinin yuxarı hissəsindəki Afçala qəbiristanlığında dəfn edilir. Əzablı və əziyyətli bir ömür sürən bu cür ziyalı insanın ömür yolu çoxlarına örnək sayıla bilər. Ən azından gənclərimiz belə insanların həyat yoluna bələd olanda necə mübarizə aparmağın və yaşamağın  sirlərini öyrənirlər. Həyatda o insanlar zirvəyə ucala bilir ki, onlar bütün çətinlikləri arxada qoyur və zirvəyə doğru “uf” demədən addımlayırlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Related Posts

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur