Əvvəllər də Faxralı camaatı elliklə Qaraxaç (Qaraqoç) yaylağına çıxardı. Mal – qoyun, köç arabaları mənzil başına üç günə çatardı. Əhali çalışardı ki, Qaraçöp, Qarayazı, Keşəli, Eldar köçlərindən qabağa düşsünlər. Ona görə ki, bu ellər yola çıxanda 10-15 gün yollarda gediş-gəliş kəsilirdi. Sürülərin əvvəli Lüksenburqda olanda sonu aran Borçalıda olurdu.

Köç yola düşməzdən əvvəl tayfa ağsaqqalları kitab açdırar, hansı gün səfərə çıxmağın daha münasib olması barədə məsləhət alardılar. Əvvəl qoyun-quzu, mal-qara sürüləri yola düşərdi. Bəzi ailələrində dədə – babadan qalma sınaqlı günləri vardı. Qoyun sürülərini, mal-qaranı yaylağa salamat və itkisiz aparmaq üçün ayaqdan yüngül, qeyrətli çobanlarla yanaşı, nəslin ağsaqqal və dünya görmüş qocaları da köçü müşaət edərdi. Belə səfərlərdə yaşlılar çox zaman köç yolunda baş verən xoşa gəlməz hadisələrin, dava-dalaşın qarşısını alar, gəncləri təsadüfi hadisələrdən xilas edərdilər.

Mənzil başına çatana kimi köç üç mənzildə gecələyərdi. Adətən birinci düşərgə indiki Kaziret şəhəri ilə üz-üzə dayanan Təktükən deyilən yerdə, ikinci düşərgə Başkeçidin əyrucəsində, yaxud Məmişli kəndinə yaxın (Şüşə zavodu deyilən yerdə), üçüncü düşərgə isə ya Yırğançağın düzündə, ya da Qaranlıq dərənin ayağında olrdı. Köç bəzən Hamamlı kəndindən Boğazkəsən yolu ilə, bəzən də Başkeçidin içindən, Sülüklü gölün yanından keçib gedərdi. 1918-1919-cu illərə qədərmal-qaranı yaylağa aparmaq üçün bir yol da vardı. Bu yol başqa yollardan təxminən 40-50 km yaxın idi. Ancaq Qızılqaya qışlağından başlanan yol, İtkörpüsü, Lök yüksəkliyindən, sonra Sərçəpet, Şahnazar erməni kəndlərinin içindən keçirdi. Əlavə edək ki, ermənilərlə müsəlmanlr arasında olan tarixi ədavət erməni kəndlilərindən keçərkə tez-tez dava-dalaşa səbəb olur, bəzən də ölümlə nəticələnirdi.

1918-ci ildə el köçü Sərçəpet kəndindən keçib yaylağa getmək istərkən köçün qabağını kəsən erməni gəncləri dava-dalaş salmış, nəticədə Faxralıda adlı-sanlı gənc sayılan Qara Namaz adlı bir nəfəri daşla qətlə yetirmişdilər. Təxminən bir il sonra Faxralı köçü həmin yolla arana dönərkən Lök yüksəkliyindən bir qədər aşağı İtkörpüsü deyilən yerdə dar bir dərədə Kaziret erməniləri pusqu quraraq Alməmmədli tayfasının köçünü – qadın, kişi, uşaq və s. fərq qoymadan hamsını dörd tərəfdən atəşə tutmuş və iki nəfər silahlı müqavimət göstərən, qeyrətli cavanı (Qacer Orucu, Bayrış oğlu Eyvazı) qətlə yetirmişlər. Möylə Alməmməd oğlu və anam Yetər Bayram qızını isə yaralamışdılar. Erməni quldurları bununla kifayətlənməmiş köçü qarət etmişdilər.

El arasında o da danışılırdı ki, 1924-cü ildə Ermənistanın Malaqanlar yaşayan məntəqəsinə (Voronsovkaya) bazara gəlmiş Faxralı çobanlarını bir dəstə erməni qulduru münaqişəyə çəkmiş və dava-dalaş salmışlar. Nəticədə bir Azərbaycanlı çoban həlak olmuşdur. Bu yersiz münaqişədən və yoldaşının həlak olmasından qəzəblənən Əhməd Bədəl oğlu (Qara Əhməd) dərhal qarşıdurmaya səbəb olan və qızışdıran iki nəfər ermənini öldürmüşdür. Burada Qara Əhməd həbsə alınaraq Cəlaloğlu (Stepanavan) qəsəbəsinə aparılmış və orada qazamata salınmışdır. Məqsəd ölən ermənilərin qohumlarının əli ilə Qara Əhməddən qisas almaq, onu aradan götürmək olmuşdur.

Cəlaloğlunda qazamat gur axan çayın sahilindəki uçurum qaya üzərində tikilmişdir. Son aqibətinin nə ilə qurtaracağını başa düşən Qara Əhməd zirzəminin dar pəncərəsindən gecəykən özünə çətinliklə yol açmış, bayıra çıxmış, daşlı-sıldırımlı qayadan alpinist hünəri ilə çaya enmiş və bir müddət çayın axarı ilə hərəkət edərək canını erməni qisasından xilas etmişdi. Və bir neçə il qaçaq olmuşdu. Həmişə adı xalq arasında hörmətlə çəkilən Əhmət kişi ömrünün sonana kimi həyatını şərəflə başa vurmuş, elinin, obasının xeyir-şərində şərəflə iştirak etmiş, 80 yaşında rəhmətə getmişdir.

Şəkil

Əhməd Bədəl oğlu (Qara Əhməd)

Burda təəccüblü bir şey görmürük. Bu kimi xəyanətlər erməni xislətinin daxili tələbləri ilə bağlıdır. Tarixən nəsil-nəsil ermənilər başqa xalqlara qarşı düşmənçilik hissləri ilə yaşamış, özlırini hakim millətçilik zirvəsində görmək arzusunda olmuşlar. Bu arzu ilə doğulmuş və özlərindən sonra gələn nəsilləri də belə ruhda tərbiyə etmişlər.
Ali irq xülyası ilə yaşayan bu xalq fürsət düşdükcə ilk növbədə türklərə (azərbaycanlılara) qarşı zaman-zaman milli ədavət hisslərini gah gizli, gah da aşkar büruzə vermişlər, qonşu xalqlara, onların ayrı-ayrı vətəndaşlarına qarşı şər, böhtan atmaq, milli ədavət törətmək ermənilərin istər ümumi, istərsə də fərdi mərəzləridir. Ona görə də azərbaycanlılar bir-birinə xeyir-dua verəndə belə bir fikir işlədirdilər: “Allah sizi erməni şərindən saxlasın”. Bu da təsadüfi deyilməmişdir. Ermənilərin yaratdığı qarşıdurmalar çox zaman qanlı faciələrlə nəticələnmiş, hətta dövlətlər arası səviyyəyə qalxmışdır.

Bu sayaq faciələrdən sonra yaylağa gediş-gəliş Lök yüksəkliyi – Sərçəpet istiqamətindən kəsilmiş, bir müddət daha təhlükəsiz olan Başkeçid istiqamətində olan yol əsas hesab edilmişdir. Ancaq hərdən bu yolda da xoşagəlməz hadisələr baş verirdi. Köç son mənzilə çatmamış bəzən basqınlara məruz qalırdı. Hətta belə hallarda atışmalar da olurdu. Elə ki, mal, qoyun sürüləri, at ilxıları dağ kəndlərinin ərazisinə ayaq basdı, kəndlərin qoruqçuları addım başı köçün qabağını kəsər, urusumu verin, – deyə həngamə açardılar. Nəticədə isə puldan, çörəkdən, ya da ayran sovqatından alıb köçə yol verərdilər.

Adətən köç zamanı qoyun sürüləri – sağmal, subay qoyun, toğlu, quzular ayrı, çıxdaş-arıq mallar, doğmaq ərəfəsində olan inək və camışlar köçün arxasınca aparılardı. Buzov və kalçaların ipləri-çatılarıboğazına dolanar, sağlam naxıra qatılardı. 7-10 yaşlı körpələr (uşaqlar) atın tərkində, bir qədər iri yaşlılar çamışların belində oturardılar.

Köç yolunda yeni doğulmuş buzovlar və kalçalar ya köç arabasına qoyular, ya da mal-qoyun sürüləri ilə birlikdə atların üstündə, xurcunların gözündə aparılardı. Bəzən elə hal olurdu ki, atın belində xurcunun bir gözünə buzov və ya kalça/balağ/, digər gözünə isə körpə uşaq, ya da daş qoyardılar.

Dağ köçü vaxtı sağilan süd yığıntı dərisinə tökülər, körəməz adlanan sərin və dadlı bir içki hazırlanardı. Dəriyə tökülmüş süd yol boyu çalxanar, içməli, ləzzətli körəməzin dadı damaqdan getməzdi.

Köç zamanı malın-atın gecə düşərgələrində qalması, başga köçlərin mal-qarasına qarışması halları da olurdu. Belə anlarda bütün köç əhli ayağa qalxar, axtarışlar başlardı.

Qoyun və mal köçündən bir qədər sonra araba karvanları ilə ailələr yola düşərdi. Hər kəs öz imkanına görə, varlı ailələr iki, ortabab və yoxsul ailələr isə bir arabalıq yük, daha doğrusu ev ləvazimatı ilə köç edərdilər. Köçü əsasən dağ kəndlarindən (Yirğancaq, Soyuqbulaq, Cücəkəndi, İlməzli, Hamamlıdan) gələn araba sahibləri aparardı. Hər tayfanın dağ kəndlərindən dədə-babadan qalma ailəvi dostları-kirəçiləri vardı. El köçünə bir neçə gün qalmış kirəçilərin gəlməsi xəbəri kəndə yayılardı. Bu xəbərə böyüklərdən daha çox uşaqlar sevinərdi. Dağ kəndlərinin qoşqu ulaqları çox iri və qüvvətli olardı. Ona görə də yük nə qədər ağir olsa da arabanı asanliqla çəkər, dağ yollarnda, yoxuşda sahiblərini darda qoymazdılar.

Borçalı və Qarayazı əhalisi Qaraqoc (Qaraxaç) yaylağında düşərgə salardi. Bu yaylaqların bir sərhəddi Ov dərəsi deyilən yer, maldarlıq və qoyunçuluq üçün geniş otlaq sahələri (Qarayazi elatının yurd yerləri), bir tərəfdən isə Xram çayının geniş sahilləri, göz işlədikcə sonsuz dərələr, düzənliklər, dağlar idi. Daha doğrusu indiki Ermənistan və Gürcüstanın yaylaqlarının əsas hissəsi Borçalı, Qarayazı, Qaraçöp camaatına məxsus idi. Yaylaqların sərhəddi həm də Türkiyə torpaqlarına, Ermənistanın vaxtilə azərbaycanlılar yaşayan (1988-ci ilə qədər) Amasiya (Ağbaba) rayonu ərazisinə sökənirdi. Bu yaylaqların gözəlliyini vəsf edən qoşmalar, xatirələr, nağıllar, bayatılar indi də dildən-dilə gəzməkdədir.

Zərər çəkmədən köçü yaylağa çatdırmaq xoşbəxtlik sayılardı. Bir ənənə olaraq uşaqlar özlərini yurd yerlarinə böyüklərdən tez çatdırardı. Hər tayfanın dədə-babadan qalma, dəyişməz tarixi yurd yerləri vardi. Bu yurdlar həm də nəsilin, tayfanın adı ilə bağlı idi:

  • Ördəkli gölün yanı – Şeşəpapaxların,
  • Tərəlinin qaşı – Kovxalının,
  • Aralıq deyilən yer –  Hasanlılar və Aşırlının,
  • Qaranlıq dərəninin qılıcı – Qasımlının, Güllərin, Hüseynoğullarının, Kələşdinin,
  • Cənnət bulağı – Alməmmətlinin,
  • Qaradaş – Babaşdını,
  • Soyuqbulaq – Məsimöyünün,
  • Qaranlıq dərə – Qazaxlının, Baytallının

yurd yerləri adlanırdı.

Bu yurd yerlərinin hər birinin yaxinlığında suyu can dərmanı olan buz bulaqlar:

  • Cənnət bulağı,
  • Nazaroğlunun bulağı,
  • Sarıbulaq,
  • Tərəlinin bulağı,
  • Ayranlı bulaq,
  • Aralığın bulağı,
  • Soyuqbulaq və s.

kimi bulaqlar vardı.

Faxralı yayalaqlarnın ərazisində olan

  • Ördəkli göl,
  • Dibsiz göl,
  • Keçiqıran gölləri,
  • Yolumçınqıl

deyilən daşlanmış tarixi abidələr bu yaylaqlara xüsusi gözəllik verir.

Hər daş yığıni uzaqdan baxanda yatmış qoyun sürüsünü, ətrafindakı hündür daşlar isə çomağına sökənmiş çobanı xatırladır. Maraqlıdır ki, xalq arasında çoban və sürüsünün daşlaşması haqqında əfsanələr də vardır. Dağ yaylaqlarının özü də iki yerə bölünürdü. Varlı ailələrin qoyun sürüləri “O üz” deyilən daha uzaq ərazilərə, Dibsiz gölünün ətrafına aparılardı. Bu qoyun sürüləri aşağılara yalnız aran köçünə yaxın, qırxın zamanı endirilərdi.

El-obanın köçü yaylağa çatan kimi hər kəs öz yurd yerini, dəyə, alaçiq yerini müəyyən edər, dəyələr, alaçıqlar qurulardı. Ötən illərdən qalma ləpir daşlar dəyələrin ətrafına düzülərdi. Ocaq yerləri müəyyən edilər, yumru, oda davamlı ocaq daşları seçilərdi. Dəyələrin qarşısında mixçalar çalınar, dana, körpə buzov, kalçalar analarından ayrılaraq bağlanar, iri mal-qara isə yaxın örüşlərə ötürülərdi. Min-bir ətir saçan çiçəkli, çəmənli sahələrə səpələnən heyvanlar da sanki insan kimi sevinərdi. Belə şəraitdə yaylaqda yaşlı qocalar keçmis xatirələri yada salar, vaxtilə burada dövran sürən igidlər yada düşərdi. Tayfa igidləri, dünyadan köçmüş qoca və cavanlar xatırlanardı. Dodaqlardan həsrət dolu yanıqlı bayatılar qopardı:

Əzizinəm dəyə-dəyə,
Qurulmuş dəyə-dəyə,
Yetim qapına gəlib
Daşlara dəyə-dəyə.

Çox vaxt elinyaşlı adamları, təpərli cavanlar dəyələri, alaçıqları qurarkən dodaqaltı bu bayatıları təkrar edərdilər.
Belə anlarda ərgən oğlanlar pərvanə kimi cəldlik göstərər, nişanlılar əl-qol açar, bir güldən min gül olar, gözaltı bir-birlərini süzər, deyikli qızlar isə üz gizlədib köks ötürərdilər. Bir sözlə, dəyə və alaçıqların qurulması ilə hamı, kiçikdən böyüyə məşğul olardı. Əslində bu proses özüdə xüsusi təcrübə tələb edirdi. Dəyələrin böyük və kiçikliyindən asılı olaraq əvvəlcə eni və uzununa ölçü ipləri tutular və iki tərəfdən bir-birinə eyni məsafədə aralı yan çubuqları, sonra da arxa və qabaqdan çubuqlar sancılar, əyilib xüsusi iplərlə bağlanar. Dəyənin bir tərəfində xırda çubuqlarla artırma “nəmilik ”(yığıntı dərisi üçün yer) düzəldirdilər. Çubuqlar səliqə ilə bağlandıqdan sonra dəyənin üstü keçə qəliblərlə (baş keçəsi) örtülərdi. Varlı ailələrin dəyə örtüyü əsasən bütün keçədən ibarət olar, bununla yanaşı qonaqlar üçün xüsusi alaçıq da qurardılar. Bu barədə aşıq Hüseyn Bozalqanlı gözəl deyib:

Sizin olsun, eyvan otaq, alaçıq,
Bizə bəsdi ya kölgəlik, ya dəyə…

Yoxsul və ortababların dəyələrinin üst örtüyü küçə, yanları isə adətən kilim və çətənlə örtülərdi. Çətənlər ya qarğıdan, ya da yüngül itburunu və ya fındıq çubuğundan hazırlanar və xüsusi səliqə ilə iplə hörülərdi. Bu çətənlər ildə bir dəfə köç qabağı təmir edilər, hazır vəziyyətə gətirilərdi. Yaylaqda dəyələrin ətrafına tutulmuş çətənlərin üstündən səliqə ilə ləpir daşlar, bəzən də kəsmə çümbüzlər düzülərdi. Şiddətli yağışlar zamanı dəyənin içərisinə su axmasının qarşısını almaq üçün dəyələrin ətrafı boyu qarımlar qazılardı. Dəyələrin qabaq hissəsində xüsusi qapılıq qoyular, içərisində yük və qab-qacaq taxtları, çıraqlıq, motal və yağ qarınları üçün xüsusi yer ayrılardı. İyun ayının əvvəllərində yaylaqda şiddətli yağış yağardı, ancaq bu yağışlar Qaranlıq və tərəli dərələrinin buz örtüyünün əriməsinə ciddi təsir göztərməzdi. Arası kəsilməz yağışlar olanda cavanlar məhəllə-məhəllə qodu-qodu gəzdirərdi. Qodu-qodu isə xüsusi zövq və səliqə ilə hazırlanardı. Belə ki, bir metitlik ağaca baş, əl-qol düzəldər, bəzən oğlan, bəzən də qız paltarı geyindirərək qapı-qapı dəstə-dəstə gəzər və pay yığardılar. Bu zaman mərasimdə iştirak edən gənclər xorla qodu-qodu nəğməsini oxuyardı.

Qodu-qodumu gördünmü,
Qoduma salam verdinmi,
Qodum burdan keçəndə,
Qırmızı günlər gördünmü?
Yağ verənin oğlu olsun,
Verməyənin qızı olsun.
Adı Fatma olsun, başı keçəl olsun,
Təndirə düşsün, qırmızı bişsin!..

– deyə ev sahibinə müraciət edərdilər. Elə vaxt olurdu ki, bir vedrədən artıq yağ yığılırdı. Uşaqlar yığılan yağı halva bişirtdirib doyunca yeyərdilər. Yağmurlu günlərdə bəzən də gənclər 40 dəyədən 40 damcı yağış suyu yığıb ocaqda qovurardılar. Bu tədbirlə yağış kəsmədikdə isə qurbağanı dalı üstə torpağa basdırar və bu mahnını avazla oxuyardılar:

A qurbağa, ağla-ağla gün çıxsın,
Yer yarılsın sən çıx.

Yaylaqda əsasən yanacaq üçün mal-qoyun təzəyindən istifadə edilirdi. Günəşli havalarda yaşlı qadınlar, oğlanlar və qızlar mal-qaranın örüş yerlərinə, qoyun arxaçlarına təzək yığmağa gedər, bəzən də qurumamış təzəkləri çevirər, sonrakı gün yığardılar.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur