Faxralı kəndinin balaca nümayəndəsi Ceyhun Hüseynli şahmat üzrə Abşeron çempionu olub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Abşeron rayonu Gənclər və İdman İdarəsi  tərəfindən 26-29.01.2020-ci il tarixlərində “2 fevral Gənclər günü”nə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilmişdir. Rayonun 7-12 yaşlardan ibarət 83 şahmatçının iştirakı ilə keçirilən turnirdə Abşeron rayon Xırdalan şəhər 1 saylı məktəbin 1-ci sinif şagirdi Ceyhun Cavanşir oğlu Hüseynli də iştirak etmişdir. Əslən Faxralı kəndindən olan Ceyhun, Amaşlı nəslinin nümayəndəsidir.

7 yaşlı Ceyhun 9 xal toplayaraq bütün rəqiblərinə məğlubiyyətsiz qalib gələrək turnirin qalibi olmuş və kubok qazanmışdır. O, 1-ci yer tutduğuna görə Abşeron rayonu Gənclər və İdman İdarəsinin Diplomu və medalı ilə təltif edilmiş və şahmat üzrə 4-cü dərəcəyə layiq görülmüşdür.

Qeyd edək ki, 21 yanvar tarixində 8 yaşlılardan ibarət Bakı şəhəri üzrə şahmat yarışında Abşeron rayonunu təmsil edən Ceyhun Hüseynli  4 xal toplamışdır.

O, şahmata  5 ay əvvəl  – 2019-cu ilin sentyabr ayından başlamış, Xırdalan şəhər Şahmat məktəbinə daxil olmuşdur. Onun müəllimi Rühəngiz Abdulvahabi Ceyhunun istedadlı kiçik yaşlı şahmatçı olmasını gördüyü üçün onu erkən də olsa şahmat yarışlarına göndərmişdir. Ceyhun Hüseynli sevimli müəlliməsinin etimadını  keçirilən hər iki şahmat yarışında ləyaqətlə doğrultmuşdur.

Ceyhunu ilk uğuru münasibəti ilə təbrik edir və ona yeni-yeni qələbələr arzulayırıq!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur