Təhməzin bulağının suyu sıldırımlı bir qayanın bətnindən süzülüb gəlir. Bu torpaqlar türksoylu xalqların, bu sıradan oğuzların qayım-qədim məskənləri, ov yerləri olub.

Girəcəyi keçen kimi ağacların kökünə sürtünə-sürtünə uzanan yol Təhməz bulağının qənşərində qırılır. Bu tayda dayanan kimi bulağın sehri-ovsunu, suyunun pıçıltılı, təranə biçimində harayı “əlindən yapışıb” səni özünə tərəf çəkir. Suyu can dərmanıdı Təhməz bulağının. İsmayıl Güllər onu “bulaqların mərcanı” kimi tanıdır.

İllər görmüş, illər yormuş ceviz ağacının kölgəliyində sal daşın üstündə oturub bulağın şırıltısını dinşəyənə qopuz əvəzidi bu səs; olan-qalan qayğılarını da, dərd-sərini də unudursan, qübarın yadından çıxır, könlün açılır. Təhməz bulağının “ayaqları altından” qayğısızlıqla axıb gedən arx misallı dərənin kövrək ləpələrinin səsini, daşlarda çiliklənən “ömrünü” ağacdələnlərin ritmik taqqıltısı, qumruların ötüşməsi, kəkliklərin ələdüşməz təranəsi, bir də uzaqlardan gələn tütək səsi – “Çobanbayatı” tamamlayır; Təhməz bulağı bir ayrı aləmdi! Şırıltısı duyanlara sözdü-şeirdi.

Təhməzin türküsü:

Dərə çoxdu, dağa sarı
Körpü salıb keçən gərək!
Bulaqları sonulayıb
Yaxşısını seçən gərək!
Suyum dirilik suyudu,
Ovuclayıb içən gərək!..

İl boyu Təhməz bulağının qonaq-qarası əskik olmur. Hamı qonağını Təhməzin ecazkarlığına, Təhməzin gözəlliyinə çəkib aparır. Təhməz, özü boyda bir möcüzədi. Təhməzin təkrarsızlığı güzarı düşənlərin ömrünə yazılır.

Təhməz haqqında deyiblər:

“Təhməz ölüb-qalmalı yerdı’” (aktyor Səməndər Rzayev);
 “Beş-on çadır qursan hazırca sanatoriyadı” (şair Nizami Saraclı);
“Təhməzdə təbiətin gözəlliyindən vəcdə gəlirsən” (professor Əjdər Ağayev).

Təhməz bulağının suyunun süzülüb gəldiyi qayanın üstü gözişlədikcə genişlənən bir düzənlikdi, biçənəkdi. Bu biçənək yay biçinindən yaz qoruğuna kimi örüş yeri olur; binəçilərin də, arançılann da mal-qarası burdan dolanır.

Bu biçənəyin yan-yörəsində qədim yaşayış məntəqəsinin qalıqları, qəbir yerləri indi də qalmaqdadır. Biçənəyin yaxasından enən nazik cığır Otaq daşda sonuclanır. Bir vaxtlar otaq daşın ətrafında açıq olub, sonralar daşla hörülüb. Bu hörgünün yaşı qərinələrlə hesablanır. Biçənəkdəki xarabalıqları, qəbir yerlərinin qalıqlarını nəzərə alsaq, Otaq daşın öz zamanında müşahidə məntəqəsi olduğunu güman edə bilərik. 30-cu illərdə Otaq daş dəfələrlə qaçaqların hoyuna yetib.

Otaq daşa çıxıb-düşmək çətin olduğundan onun zövqü-səfasını ancaq orda çimir alanlar bilər.

20-30-cu illərdə bu həndəvərlərdə “otryadla” ağır atışmalardan çıxıb Təhməz bulağına pənah gətirən qaçaqlar yaralı yoldaşlarını Otaq daşda daldalayardılar, özləri dava-dərman, çörək dalınca kəndə enərdilər. Dara-dar qalanda yaralının yaralarına Təhməz bulağının yan-yörəsində ətirə dolmuş bağayarpağı qoyardılar.

Əhvalat:

Mahmudla Mado çox adlı-sanlı qaçaq olub. Onlar hər il neçə dəfə üzə çıxmaları haqqında edilən təklifləri qətiyyətlə rədd ediblər. Atışmalarm birində Mahmud yaralanır. Mado onu yaxın kəndlərdən birinə – ya Faxralıya, ya da Kəpənəkçiyə aparmaq istəyir. Bu kəndlərdə də “otryad” dolaşa biləcəyindən ehtiyatlandığından qaçaq dostunu Təhməzdə qoyub özü Faxralıya getməyi qərara alır. Mahmudu güc. bəla ilə Otaq daşa çıxardır ki, işdi–şayəd, “otryad” bu tərəflərə gəlib-eləsə Mado qayıdınca Mahmud özünü müdafiə eləyə bilsin…

Mahmud Otaq daşda şəfa tapır…

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur