Vətən gözdür, biz kirpik…

Vətən torpaqlarının azad edilməsi üçün hamı bir amal uğrunda birləşdi. Şəhidlərimiz canı ilə, qanı ilə əsl tarix yazdılar. Onlar döyüşlərin ən qaynar nöqtələrində vuruşdular, düşmənin çox sayda canlı qüvvəsinin və texnikasının sıradan çıxarılmasında şəxsi nümunə göstərdilər. Qazi Fariz İmanov da Vətənin belə igid oğullarındandır. O da Vətən müharibəsində şərəfli döyüş yolu keçib.

Onu əsgəri xidmətə yola salanda babası Əli İmanovun üzündə narahatlıqdan çox sevinc hiss olunurdu. O, xeyir – duasını verərkən nəvəsi Farizə dedi:

Oğul, getdiyin yol çətin və şərəfli yoldur. Bu yolda səni böyük sınaqlar, çətinliklər gözləyir. Çalış, əsgəri borcunu kişi kimi – şərəflə yerinə yetir.

Babasının xeyir – duası Farizin vətənpərvərlik hisslərini daha da artırırdı. Vətən torpağına sevgisi onu Vətənə daha möhkəm tellərlə bağlayırdı. Qəlbində, damarlarında dolaşan mübarizlik ruhu onu Qarabağın işğaldan azad edilməsi uğrunda savaşa səsləyirdi.

Bugünlərdə Farizin babası, Faxralının adlı – sanlı kişilərindən sayılan Əli İmanovla telefon danışığımız oldu. Müharibədən qazi kimi əzizlərinin yanına dönən nəvəsi Farizin sağlıq durumu ilə maraqlandım. Dedi ki, hazırda ev şəraitində müalicəsi davam etdirilir.

Söhbət zamanı Əli kişi fikirlərinə əlavə edib dedi:

Fəxr edirəm ki, mənim nəvəmin adı torpaqlarımızı düşmən işğalından azad edən igid oğullarımızın sırasında çəkilir. Oğullar Vətənin dar günü üçün doğulurlar. Ona görə də “oğul düşmən çəpəridir”, – deyirlər.

Gözəl xasiyyətlərinə görə Əli kişiyə həmişə böyük hörmətim olub. Amma bu sözlərindən sonra onun özünə də, nəvəsinə də sayğım birə – beş artdı.

… Qazi Fariz İmanov əslən Borçalıdandır. Faxralı bulaqlarının gözündən su içib. Hələ uşaqlıq illərindən könlü vətənpərvərlik hissləri üzərində köklənən Farizin taleyinə Vətənin azadlığı uğrunda savaşa atılmaq, vuruşmaq yazılıbmış. O da qeyrətli oğullarımızla bir cəbhədə Qarabağ uğrunda igidliklə vuruşub.

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Fariz 2000 – ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 96 saylı orta məktəbdə almışdır. Hələ orta məktəbdə oxuduğu illərdən idmana xüsusi maraq göstərib və vaxtaşırı idmanla məşğul olub. Orta məktəbi 2017 – ci ildə bitirib, Türkiyənin İstanbul şəhərində Aydın universitetinə daxil olan Fariz universitetin ikinci kursundan sonra təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Artıq bir ilə yaxın idi ki, Gəncədəki N saylı hərbi hissədə əsgəri borcunu şərəflə yerinə yetirirdi. O, hərbi xidmətdə olduğu zaman, ötən il sentyabrın 27 – də Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başladı.

Fariz müharibənin qaynar nöqtələrində tank əleyhinə qumbara atan hərbçilər sırasında xüsusi fərqlənmişdir. O, Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda gedən ölüm – qalım savaşında mənfur düşmənlərimiz ermənilərə qarşı ön xətdə igid əsgər kimi vuruşmuşdur.

Qubadlı istiqamətində gedən döyüşlər zamanı hər iki ayağından ağır yaralanır. Qəlpə yaraları alan qazi Fariz İmanov Ağcabədi mərkəzi rayon xəstəxanasında ayaqlarından əməliyyat olunmuşdur. Farizin əməliyyat olunması, sağalması və fiziki bərpa prosesində gənc reanemotoloq – anestezioloq həkim Məhəmmədəli Hüseynovun böyük əməyi olmuşdur. Yeri gəlmişkən, həkim Məhəmmədəli Hüseynov Gürcüstan vətəndaşı olsa da, Qarabağ müharibəsində yaralı əsgərlərimizə tibbi yardım göstərmək üçün könüllü orduya getmişdir. O, cəbhədə yaralanan neçə – neçə igid oğullarımızın sağalması, şəfa tapması üçün gecəsini – gündüzünə qatıb çalışan, əlindən gələni əsirgəməyən dəyərli həkimlərimizdəndir.

Fariz ağır yaralandığına görə döyüş bölgəsindən müvəqqəti uzaqlaşdırıldı. Yaralandı, lakin ruhdan düşmədi. Yaraları sağalmamış qələbə sevinci ilə əzizlərinin yanına qayıtdı. Sanki qələbə sevinci onun yaralarına məlhəm oldu.

Onu yaxından tanıyanlar bilir ki, Farizin torpağa, Vətənə məhəbbətinin həddi – hüdudu yoxdur. O, ömründə bir dəfə də görmədiyi, düşmən tapdağı altında inləyən Qarabağ torpaqlarımızı öz gözləri ilə görməyə can atırdı, torpağa məhəbbətini ruhən duyurdu. Vətənimizin cənnət guşəsi olan əzəli – əbədi Qarabağımızdakı meşələr, qayalar, dağlar, bağlar, bulaqlar onu özünə çəkirdi. Çünki o yerlərin təbiəti ilə baba yurdu Faxralının təbiəti arasında oxşarlığın olduğunu düşünürdü.

Qarabağımızın harayına çatmaq üçün, öz dərdini xalqımızın dərdinə qatmaq üçün əyninə əsgər paltarı geyindi. Elə bu səbəbdən də təhsilini yarımçıq qoyub könüllü hərbi xidmətə getdi. Düşmən önündə məğrur dayanan müzəffər ordumuzun sıralarında Vətən torpaqlarının azad edilməsi uğrunda savaşa qatıldı.

Əzizim Fariz, sən müzəffər ordumuzun qələbə qazanacağına əmin idin. Elə bu ümidlərlə, bu arzularla da Vətən torpağını düşməndən azad etməyə getmişdin. Özün də deyirdin ki, canımızla, qanımızla Vətən torpağının azadlığı uğrunda vuruşmalıyıq. Vuruşdun, ən qaynar nöqtələrdə döyüş tapşırıqlarını şərəflə yerinə yetirdin, yaralandın, qanın Vətən torpağına qarışdı, qazi kimi evinizə döndün.

Vətənin dağlarına baxıb ürəyi dağa dönən Fariz balamız, sənə dağ vüqarı yaraşır. İndi səninlə təkcə öz ata – anan deyil, bütün qohum-əqrəbaların, bütün el – obamız fəxr edir. Biz səninlə qürur duyuruq. Səni böyük qürur hissi ilə bağrıma basıram, sənə Allahdan şəfqət və şəfalar diləyirəm. Cəmi 44 günlük müharibədə torpaqlarımız düşmən işğalından azad edildi. Bu böyük qələbədə sənin də payın olduğuna görə öyünməyə haqqın var.

Sən Vətəni göz bəbəyi kimi qoruyan igid oğullarımızdansan. Şair gözəl deyib:

“Vətən gözdür, biz kirpik,

Gözümüzün keşiyini çəkirik…”

Həzi Həsənli,
Azərbaycan Yazıçılar birliyinin üzvü,
şair – publisist

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur