10 yanvar tarixində Gürcüstan Azərbaycanlıları Konqresində Bayram Abbasovun 75 illik yubileyi qeyd olunub.
Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri və Qafqaz Türk Medianın yaradıcı heyəti, Bayram Abbasovun yaxınları və müəllim yoldaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GAK sədri Hüseyn Yusubov tədbir iştirakçılarını salamladıqdan sonra Bayram müəllimin ömür yolunu vərəqləyib. Ömrünün 55 ilini məktəbə, təhsilə həsr eləmiş, müəllim, məktəb direktoru kimi fəaliyyət göstərmiş, hazırda da öz pedaqoji fəaliyyətinə uğurla davam edən, şair Nəbi Faxralı irsinin bilicilərindən biri olan, Bolnisinin Fəxri Vətəndaşı, “Şərəf” ordenli, hörmətli Bayram müəllimin gənclərimizə örnək olacaq həyat hekayəsi tədbir iştirakçıları üçün çox maraqlı olub.
Hamımızda müəllimin bir zərrəsi olduğunu vurğulayan Hüseyn müəllim, gələcək nəslin yetişməsi, inkişafı yönündə Bayram müəllim kimi maarif fədailərimizin müstəsna zəhmətinə toxunub.
Hüseyn müəllim bunu da deyib ki, Bayram müəllimin öz ömür-gün və müəllim yoldaşı Svetlana müəllimə ilə birlikdə əmək stajı düz 110 il eləyir və uğurla davam etməkdədir!
Hüseyn müəllim təhsilimizin inkişafında, çalışdığı 55 il ərzində, göstərdiyi xidmətlərə görə, eləcə də 75 illk yubileyi ilə əlaqədar, maarif fədailərimizdən olan 2 saylı Faxralı ictimai məktəbinin müəllimi olan Bayram müəllimi GAK-ın Fəxri Fərmanı ilə təltif edib.
Qonaqlar da öz növbələrində çıxış edərək Bayram müəllim haqqında olan xatirələrindən danışıblar, öz xoş arzularını çatdırıblar.
Bayram Abbasov göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.Yubiley münasibətilə tort kəsilib.
Tədbirin davamı isə, yubilyarın xahişi əsasında, onun evində, süfrə arxasında davam edib.
75 yaşınız mübarək, Bayram müəllim!









