Faxralı kəndinin ziyalılarından olan Etimad Eyvazov 2025–2026-cı illərdə elm sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə diqqət çəkir.
Alimin müəllifi olduğu elmi məqalələrdən biri beynəlxalq nüfuza malik Scopus elmi bazasında indekslənən və Q2 kvartilinə daxil olan Elsevier nəşrində dərc olunmuşdur. Uzun elmi ekspertiza və rəy prosesindən uğurla keçən məqalə Avropa elmi ictimaiyyətinə təqdim edilərək 2026-cı ilin yanvar ayında nəşr edilmişdir. Bundan əlavə, Etimad Eyvazovun daha bir elmi məqaləsi də Scopus bazasında Q2 kvartil jurnalında çap olunmuşdur.
2026-cı il ərzində alim tərəfindən ümumilikdə 3 beynəlxalq səviyyəli elmi məqalə və “Nəzəri mexanika” fənni üzrə 2 dərslik hazırlanaraq nəşr edilmişdir. Elm aləmində bunlar ən yüksək nəticədir.
Hazırlanan dərsliklər Avropa və ABŞ universitetlərinin proqramı çərçivəsində müasir tədris proqramları nəzərə alınmaqla məsələ və misallar təqdim olunaraq tam yeni bir stildə tərtib edilmişdir. Dərsliklərdə klassik mövzularla yanaşı, müasir mühəndislik problemləri və yeni tipli nümunələrə geniş yer verilmiş, məsələlərin həlli isə MDB məkanında tətbiq olunan ənənəvi yanaşmalardan fərqli olaraq üç müxtəlif üsulla izah edilmişdir.

Etimad Eyvazovun elmi məqalələrində maşın və mexanizmlərdə dartılma, burulma, əyilmə və digər mexaniki təsirlər nəticəsində yaranan gərginlik–deformasiya vəziyyəti, eləcə də maşın hissələrində əmələ gələn çatların davranışı geniş şəkildə tədqiq edilmişdir. Bu araşdırmalar maşınqayırma və mexanika sahəsində aktual elmi problemlərin həllinə mühüm töhfə verir.
Ziyalımızın qazandığı nailiyyətlər Avropa sertifikatı ilə dəyərlndirilmiş, ölkəmizdə isə Azərbaycan Prezidenti yanında AAK (Ali Aattestasiya Komissiyasi) tərəfindən professor ünvanına layiq görülmüş, Azərbaycan Respublikasının Prezidenti təqaüdçüsüdür. Ümidvarıq dəyərli professorumuzun nailiyyətləri davamlı olacaq, gələcək nəsil üçün elm sahəsində böyük miras buraxacaq.
Hal hazırda biri Azərbaycan, digəri Türkiyə vətəndaşları olan elm sevdalılarının elmi rəhbəridir, onlardan biri yaxın zamanlarda Türkiyə Cümhuriyyətində müdafiə edərək Etimad müəllimin öyrətdiklərini münsiflər önündə sərgiləyəcək.
Faxralı kəndi elm, təhsil və ziyalılıq ənənələri ilə hər zaman seçilmişdir. Etimad Eyvazovun beynəlxalq elmi nəşrlərdə əldə etdiyi bu uğurlar da kəndimizin elm sahəsində yetişdirdiyi ziyalıların növbəti nailiyyəti kimi qürur doğurur.
Etimad müəllimi qazandığı uğurlar münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.




