Bayram Ayvaz oğlu Ayvazov

QAZANILAN SƏRVƏT

Faxralılar haqqında ya­zan­da türk dün­yasının bö­yük şairi, hamımızın sevimlisi Zə­lim­xan Yaqubdan misallar gə­tir­mişəm. Yenə o söz fate­hinin bir beyti yadıma düşür:

El yadda saxlamaz evdən gedə­ni,
İnsan əzizlənər eldən gedəndə.

Nə qədər dəqiqiliklə, həs­saslıqla ve­ril­miş bir qiymət­dir. Xalq şairinin böyük bə­dii usta­lıqla ifadə etdiyi bu mə­lum həqi­qət indi­­­yədək tarixin sınaqlarından azmı çıxıb. Hər eldə, obada ömrünü xalqı yo­lun­da gilə-gilə əridən­lə­rə dün­ya­larını dəyi­­şən­də bircə kəlmə ilə “o, eldən getdi” deyib­lər. Bəli, eldən gedən­lər hə­mişə, hər yerdə əzizlənib, hör­mətlə anılıblar. Bu, in­sa­nın dünyasını dəyi­şən­dən sonra qazandığı tituldur: o, eldən getdi.

Bu hörməti, bu şərəfli titutlu qazanmaq üçün isə elin, oban üçün bir ömür şam kimi yanmalı, sözün əsl mənasında el adamı olmalısan. Bay­ram müəllim də eldə hörməti olan mülayim, sakit təbiətli bir insan idi.

Bayram Ayvaz oğlu Ayvazov 1909-cu ildə Borçalının Faxralı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. Faxralı orta məktəbini əla qiymətlərlə bitirib. O vaxtlar orta məktəbi əla qiymətlərlə bitirmək məzuna keçmiş SSRİ-nin istənilən ali məktəbinə imtahansız daxil olub oxumaq imtiyazı verirdi. Amma ailə vəziyyəti ona bu fürsətdən yarar­lan­maq imkanı verməyib. Bununla belə, ali təhsil almaq istə­yin­dən də tamamilə vaz keçməyib.

Türk yazıçısı R.N.Güntəkinin bu sözləri gələcək həyat yo­lunu müəy­yən­ləşdirməkdə onun köməyinə çatıb: “Gənc adam, iyirmi yaşına çatdın, artıq özünə bir məslək seç­mək məcbu­riy­yətindəsən”.

O vaxtlar ali təhsilli mütəxəssislər barmaqla sayıldığından, bəlkə də orta məktəbdə aldığı savad da kifayət edərdi ki, kənddə, hətta rayon mər­kəzində hər hansı bir vəzifədə çalışsın. Bayram Ayvaz oğlu isə yuxarıda qeyd etdiyi­miz kimi, ailə və­ziyyətini nəzərə alaraq əyani ali təhsil ala bilməsə də, Azər­bay­can Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) qiyabi şöbəsinə daxil olub. Böyük arzularla yaşayıb. Amma atalar yaxşı deyib ki, sən saydığını say, gör fələk nə sayır. Bayram Ayvazov hələ birinci kursda ikən – 1939-cu ildə SSRİ-nin Finlandiya ilə müharibəsi başlandı və o, hərbi xidmətə çağırılararaq cəbhə bölgəsinə göndərildi. Bu döyüş yolu çox uzun çəkdi. Finlərlə müharibənin ardınca da alman faşizmi ilə müharibə başlandı və o, 1941-1945-ci illər müharibəsinin də iştirakçısı oldu.

Cəbhənin odlu-alovlu yollarından keçən Bayram Ayvaz oğ­lu doğma Faxralıya yalnız 1945-ci ildə ikinci dünya müha­ri­bəsi bitdikdən sonra qayıtdı. Bəllidir ki, o vaxtlar Cənubi Qaf­qaz birbaşa döyüş zonası olmasa da, müharibənin vurduğu ya­ra­lar buradan da yan keçməmişdi, əhalinin dola­nı­şığı çox çətin idi. Belə bir vaxtda cəbhədən qayıdan B.Ayvazov ilk növbədə ailə qayğısı ilə yükləndi. Elə bu səbəbdən rayonun İncəoğlu kən­dində baş mühasib vəzifəsində əmək fəaliyyətinə başladı. Bir müddət burada çalış­dıq­dan sonra doğma kəndinə qayıdaraq ibtidai və orta məktəblərdə pedaqoji fəaliy­yət göstərdi. Şah­buzlu ibtidai məktəbində müəllimlik etdi, həmin məktəbdə təsər­­rüfat işləri üzrə direktor müavini vəzifəsində çalışdı.

Bayram Ayvazovun müəllimlik fəaliyyətindən, müəllim kimi faxra­lı­la­rın yaddaşına necə hopmasından danışmazdan öncə böyük türk yazıçısı R.N.Güntəkinin bir fikrini də xatır­lat­maq istəyirəm: “Ləkəli bir adam necə müəllim olar”.

Müəllim şəxsiyyəti üçün deyilmiş çox yığcam, amma böyük məna tutu­mu olan bir fikirdir. Doğrudan da, eldə-obada gözükölgəli, vicdanı ləkəli, mənəvi cəhətdən kasıb olan birsinin müəllim kimi başqalarına nə isə öyrət­mə­sinin özü absurddur. Axı, məktəbdə şagirdlər müəllimdən təkcə ayrı-ayrı elmlərin sirlərini yox, həm də həyat dərsini öyrənirlər. Həyat dər­si­ni isə həyatda öz yolunu müəyyənləşdirənlər, bu yolda zən­gin təcrübəsi olan­lar öyrədə bilərlər. Bu mə­nada yetir­mə­ləri Bayram müəllimdən çox şey öy­rəniblər. O, yetirmələrinə öyrədirdi ki, klassiklərdən birinin dediyi kimi, “həyat insanın məktəb pəncə­rə­lərindən gördüyü kimi deyildir”.  Bir də öyrə­dir­di ki, “bu dünyada düz yol­la getmək üçün gərək axıradək özü­nü qurban verəsən. İnsanın məqsədi an­caq xoşbəxt ol­maq­dan ibarət deyil. İnsan dün­yaya yalnız vicdanlı olmaqdan ötrü gəl­mir. O, bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların ək­sə­riyyətinin keçirdiyi bayağı həyata üstün gəlmə­lidir”. Hər bir insan haqqında ölçü və meyarlar çoxdu. Onlar­dan ən əsası gözəl övladlardır. Bayram müəlli­min də hə­yat­da qa­zandığı ən böyük sərvət onun gözəl, ziyalı övladlarıdır. Öv­ladlarının hər biri Bayram müəllim üçün əvəzi olmayan müka­fat­lardır.

1993-cü ilin oktyabr ayında dünyasını dəyişərən Bayram Ayvazov haqqında təbii ki, kiçik bir yazıda hərtərəfli söhbət açmaq mümkün­süz­dür. Bu yazı elimin-obamın daha bir ziyalı oğlu haqqında bir qələm adamının mənəvi borcundan doğulan bir yazıdır. Amma bu, birinci olsa da, sonuncu olmayacaq. Bayram müəllim haqqında hələ çox danışılacaq, çox yazılar işıq üzü görəcəkdir.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur