YAXŞILIQ CARÇISI
Bəzən kiminsə haqqında söhbət düşəndə, cəmiyyətdəki mövqeyindən danışanda çoxları ilk növbədə onun daşıdığı vəzifə ilə maraqlanırlar. Sanki hər şey vəzifənin böyük və ya kiçikliyindən asılıdır. Məncə bu, düzgün yanaşma deyil. Vəzifənin böyüklüyü sadəcə olaraq insanın səlahiyyətlərini genişləndirə bilər, onun qəlbindəki vətən yanğısı, el-oba sevgisi, xeyirxahlıq və səmimiyyət kimi keyfiyyətlər isə hər kəsin qanında, canında olan bir şeydir. Onu pulla, vəzifəylə almaq olmaz. “Kəlilə və Dimnə”də deyildiyi kimi: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən o yüksəyə qalxmağa meyl göstərir”.
Rəvayət edirlər ki, ulu peyğəmbərimizin yaxın adamları ondan soruşmuşlar: “Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?” Peyğəmbər cavab vermişdir: “Elm öyrənmək”. O, elmi “İmanın meyvəsi və İslamın çırağı” adlandıraraq bildirib ki, “Mən bir müəllim olaraq göndərildim. Mən gözəl əxlaqı tamamlamaq üçün gəldim”.
Müəllimə hörmət zaman-zaman Allaha hörmət kimi sayılıb, müəllimlik Tanrı peşəsi hesab edilib. Tarixin bütün dönəmlərində bu peşənin daşıyıcılarına xüsusi hörmət və ehtiram olub. Dünyanın ən böyük fatehləri də müəllim şəxsiyyəti qarşısında baş əyiblər.
Mustafa Kamal Atatürk müəllimləri belə dəyərləndirib: “…Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müllimlərə möhtacdır”.
İşıqlı insanlardan – ömürlərini maarifçilik yolunda şam kimi əridənlərdən yazmaq mənim ən çox toxunduğum mövzudur və bu qədər uzun girişdən sonra diqqətli oxucu bu yazımda da müəllim şəxsiyyətindən, müəllim əməyindən söhbət gedəcəyini duymamış olmaz. Bəli, elimin-obamın daha bir hörmətli müəllimindən söhbət açmaq istəyirəm. Elə bir insandan ki, keçdiyi ömür yolu, tərcümeyi-halı çoxlarından fərqlənməsə də, yaşadığı ömür adlı zaman kəsimindəki əməlləri ilə yaxşı mənada seçilib, fərqlənib. El adamı olub, eldən ayrı bir günü olmayıb. Xeyir-şər adamı kimi tanınıb.
Oxucuları çox da intizarda saxlamaq istəmirəm. Söhbət Qurban müəllimdən gedir, Qurban Hüseynovdan. O, 1912-ci ildə Faxralı kəndində anadan olub. Faxralı orta məktəbində oxuyub və bu məktəbi əla qiymətlərlə bitirib. Özünə bir peşə seçməyə gəldikdə isə müəllimliyə üstünlük verib. O zamanlar Tiflisdə fəaliyyət göstərən A.S.Puşkin adına Pedaqoji İnstituta daxil olub. İnstitutda təhsilini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə başa vuraraq pedaqoji fəaliyyətə başlayıb. Uzun illər Faxralı orta məktəbində müəllim işləyib. Pedaqoji ustalığını, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu Faxralı orta məktəbinə direktor vəzifəsinə irəli çəkiblər. Təkcə Bolnisi rayonunda yox, bütövlükdə Gürcüstanda qabaqcıl ümumtəhsil məktəbi kimi tanınan, hər il onlarla məzunu ölkənin müxtəlif ali məktəblərinə daxil olan bu təhsil ocağına rəhbərlik etmək təbii ki, böyük bilik və bacarıq, zəngin təcrübə tələb edirdi. Qurban müəllim bu işin öhdəsindən layiqncə gələrək adını həm məktəbin, həm də kəndin tarixinə şərəflə yaza bilib. Müəllim şərəfini həmişə uca tutub, işdə ciddi və tələbkar olduğu qədər də qayğıkeş olub. Səmimiyyəti və həssaslığı onun hörmət və nüfuzunu daha da artırıb.
Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov yazır: “İnsan dünyanın bu keşməkeşində həyatla ölüm arasında hərlənən zaman onu azı yüz dəfə öldürə bilərlər. Amma sağ qalır, çox şeylər öyrənir: Xeyir və şər, həqiqət və yalan”.
Həyat təcrübəsi Qurban müəllimə də çox şey öyrətmişdi. Həyatın sərt sınaqlarından çıxan bu gözəl insan, təcrübəli müəllim özünün zəngin həyat təcrübəsinə söykənərək yetirmələrinə həm də həyat dərsi keçir, onlara zamanın hər çətinliyinə hazır olmağı öyrədirdi. Şagirdlərinə bir də onu öyrədirdi ki, “həyatda yeganə və əsl xoşbəxtlik yaxşılıq eləməkdir və yaxşılıq eləməkdən duyulan həzzdir”. Demək, müəllim həm də yaxşılıq carçısıdır.
Qurban Hüseynov 1995-ci ildə dünyasını dəyişib. Ölümündən illər keçsə də, qədirbilən faxralılar tərəfindən həmişə minnətdarlıqla xatırlanır. Çünki bu hörməti sağlığında ikən onun özü qazanıb.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.