Şair Şaban Məmmədəli oğlu Qurbanov

ELİMİN ŞAİR OĞLU – ŞAİR ŞABAN

Şair Şabanın şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz.

Azərbaycan elminə 100-dən artıq alim və tanınmış ictimai-siyasi xadimlər bəxş etmiş Fax­ralı kəndi təkcə Borçalıda yox, Azər­baycanda da həm də saz-söz ustadları – məşhur aşıq və şairləri ilə tanınır. Təkcə XX əs­rin ortalarında öz şeirləri ilə xalq şairləri Səməd Vurğun və Osman Sarıvəllinin diqqə­tini çəkmiş şair Nəbinin adını çəkmək kifa­yətdir ki, burda necə qüdrətli qələm sahib­lərinin yetişdiyi haqda oxucuda təsəvvür yaransın.  XVIII-XIX əsrlərdə də bu kənddə neçə-neçə el şairi olub ki, onların çoxunun şeirlərini yaddaşlardan toplayıb vaxtilə kitab halında nəşr etdir­mişəm. Bu yazıda isə XX əsrdə yaşayıb yaratmış daha bir şair – Şair Şaban haqqında söhbət açmaq istəyirəm.

Şair Şaban – Şaban Məmmədəli oğlu Qurbanov 1914-cü ildə Borçalıda sazın-sözün beşiyi kimi tanınan Faxralı kəndində ana­dan olub və ömrünün sonuna kimi də bu kənddə yaşayıb. 7-illik fəhlə-kəndli gənc­lər məktəbini bitirib. Nümunəvi ailə başçısı kimi ləyaqətli övladlar böyüdüb. Oğlanlarından Əli 1965-ci ildə Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib və uzun müd­dət Sumqayıt şəhər ticarət idarəsində məsul vəzifədə çalışıb. Kamal el-obaya bağlılığı, yurdsevər­liyi, vətənpərvərliyi və xeyirxahlığı ilə seçilib hər zaman. Digər oğlanları Qurban, Məmmədəli və Mahal isə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub­lar. Yeri gəlmişkən, Mahal Qur­banov həm də professordur. Bir söz­lə, övladlarının hamısı onun adına layiq olub, cəmiyyətdə layiqli mövqe tutublar.

Şaban Qurbanov 1980-ci il iyunun 2-də 66 yaşında vəfat edib.

1932-ci ildən şeir yazmağa başlayan və Borçalıda Şair Şaban kimi tanınan bu el şairi görkəmli el sənətkarı Şair Nəbini özünün us­tadı hesab edib. Şair Nəbi də onun istedadını yüksək qiymətləndirib, ilhamına qol-qanad verib. Şeirlərinin birində dedikləri də bunu sübut edir:

Səxavət əhlidir Alıynan Şaban,
İnşallah, çatarlar bizə şairlər.

Bu yazı mənim Şair Şaban haqqında ilk yazım deyil. 1997-ci ildə Bakı Dövlət Universitetinin nəşriyyatında çap etdirdiyim “Faxralı tək ağır elim var mənim” adlı kitabımda onun haqqında qısa məlumat və şeirlərindən nümunələr vermişəm. İki il sonra – 1999-cu ildə isə şairin şeirlərini, deyişmələrini toplayıb Bakıda “Hərbi nəşriyyat”da “Payız çiçəyi” adlı kitabını nəşr etdirmişəm. Bu kitabın nəşrindən 15 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də hesab edirəm ki, Şair Şabanın heç də bütün şeirlərini əldə edə bilmədik, xalqın yaddaşında yaşayan neçə-neçə şeirini toplayıb daha mükəmməl bir kitabının nəşrinə ehtiyac var.

Şair Şabanın yaradıcılığından danışanda öncə onun deyişmə­lərini, bə­dahətən şeir demə qabiliyyətini qeyd etmək lazımdır. Onun Qara Qə­riblə, dağlar qızı Şövkət xanımla, Dünyamalı Əsgərovla deyişmələri bu gün də dillər əzbəridir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu deyiş­mə­lər çox zaman bağlama, qıfıl­bənd şəklində olub, özündə dərin məna daşı­ması və düşündü­rücülüyü ilə fərqlənib. Fikrimin təsdiqi kimi, belə deyiş­mələrdən bir neçə numunə gətirmək istəyirəm:

Şövkət:

Sizdən xəbər alım, ay Şaban əmi,
İnsan bu dünyaya nə vaxt gəlibdir?
Dünya tar-mar olub, alt-üst olanda,
Həvvanın gözyaşın kimlər silibdir?

Şaban:

Atamız Adəmdir, bəyan eyləyim,
İnsan bu dünyaya o vaxt gəlibdir.
Həvva ana qövr eyləyən zamanı
Gözünün yaşını övlad silibdir.

 

Kərbalayı Qara Qəriblə deyişməsindən bir nümunə:

Qara Qərib

Şaban, danışma daldada,
Meydan aç mərdi-mərdana!
Kükrəyib dəryalar kimi,
Qayna, daş mərdi-mərdana.
Yer titrəsin, göy kişnəsin,
Nərə çəkib dayangınan.
Dağıt düşmən qalasını,
Qoyma daş, mərdi-mərdana!

Şaban

Qurmuşam nər meydanında
Mən savaş, mərdi-mərdana.
Sallam düşmən qalasından
Kərpic, daş mərdi-mərdana.
Yaxan keçibdir əlimə,
Tufan qopsa buraxmaram.
Vurub salaram meydana,
Bu gün baş, mərdi-mərdana.

Göründüyü kimi, bu cür deyişmələrdə Şair Şabanın hazır­cavablığı, geniş dünyagörüşü, sözü məqamında demək qabiliyyəti özünü göstərir. Deyişmənin daşıdığı məzmun və məna, şeirdə istifadə olunan sözlərin yerli-yerində işlədilməsi müəllifin zəngin erudisiyasını bir daha sübut edir.

Şair Şabanın deyişmələrdəki ustalığı özünü lirik şeirlərində də göstərir:

Həsrətinə dözəmmərəm,
Bircə gəl insafa, gözəl.
Bu dünyada gəzəmmərəm,
Etmə mənə cəfa, gözəl.

Yuxarıda da qeyd etdiyim kimi, Şair Şabanın şeirlərinin heç də hamısını əldə edib nəşr etdirmək mümkün olmayıb. Əldə etdiyimiz şeirlər əsasən yaddaşlardan götürülərək yazıya alınıb. Bu işin nə qədər çətinliyini isə bu sahə ilə məşğul olanlar daha yaxşı bilirlər.  “Payız çiçəyi” kitabına yazdığı ön sözdə diqqəti bu məsələyə yönəldən hörmətli alimimiz İsa Musayev yazır: “Səməndər müəllim Şair Şabanın şeirlərini misra-misra, zərrə-zər­rə toplamış, xeyirxah bir iş görmüşdür. Sinədəftər yurddaşların yaddaşlarından toplanan yaradıcılıq nümunələri təbii olaraq mü­əyyən təhriflərə uğramışdır. Çünki bu şeirləri Səməndər müəllimə təqdim edənlərin, demək olar, əksəriyyəti azsavadlı, yaşlı adam­lardır”.

Bəli, Şair Şabanın yaddaşlardan yazıya köçürüləsi şeirləri hələ çoxdur. İnanıram ki, xeyirxah eloğlularımızın sayəsində onun bütün şeirlərini toplayıb yeni bir kitabını nəşr edirə biləcəyik.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Şair ŞABAN (Qurbanov) (1914-1980).

Natamam orta təhsil alıb. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Uzun müddət rayon mərkəzində iaşə sistemində işləyib. Borçalının bəzi şair və aşıqları ilə deyişib. “Ömrün payızı” adlı kitabı (B. 2000) nəşr olunub (tərtibçisi Səməndər Məmmədovdur).

Klassik xalq yaradıcılığı üslubunda yazıb-yaradan Şair Şabanın divanilərinin, qoşmalarının, gəraylılarının poetik yükü də təsdiqləyir ki, o, öz sələflərininin yaradıcılığından novatorluqla bəhrələnmişdir. Buna baxmayaraq, Şair Şaban təzə poetik söz də deyə bilmişdir. Bir həqiqətdir ki, qafiyə uyğunluğu (oxşarlığı, bəzi məqamlarda eyniliyi) şeirin poetik dəyərinə xələl gətirmir; təb, ilham, təbin, ilhamın cığırdaşı olan duyum həmişə təzə söz deməyə imkan verir.

Şair Nəbi ədəbi məktəbinin layiqli davamçılarından biri olan Şair Şaban ustadının yaradıcılığını özünə əsl örnək, əsl mizan bilmişdir. Bu qənaətimi onun “Şairlər” qoşması da təsdiqləyir:

Sərrafsan, seçərsən yaxşı-yamanı,
Ustadlar ustadı, gövhərlər kanı…

Şair Şabanın qoşmalarındakı sətiraltı mənaları çözələyəndə oxucuya elə gəlir ki, onun yaradıcılığı gileydən yoğrulub, poeziyası gileyli poeziyadır. Əslində isə belə deyil. Bu poetik gileyin özündə də bir həyat eşqi, yaşamaq həvəsi var…

“Uca göylərin mehrabı olan eşq” (N.Gəncəvi) özlüyündə intizardlr, həsrətdir, narahatlıqdır. Buna baxmayaraq, o, aşiqin yaşantılarına üzərrikdir. Şair Şabanın “eşqə dözə-dözə ala gözə qurban olmaq” istəyən bədii “mən”inin sevgisi kimi. Bu eşq poetik odu, poetik közüylə Qeysi çöllərə salan, Abbası zillətlərə düçar eləyən, Kərəmi külə döndərən… eşqın analogiyasıdır.

Yarsız bu dünyada gəzmək əbəsdi… (“Yara”)

həsrəti

İlqar verdi ilqarına kəc oldu,
Gözlədim yolları ay çəkə-çəkə. (“Çəkə-çəkə”)

təəssüfünun məntıqı davamı, poetik təzahürüdür…

 

Rəşid Faxralı: Sevgisinə çatan yoxdu (Şair Şabana)

Bazardan baş açammıram,
Alanmı var, satanm1 var?
Kasıblıq kəsib qapını,
Yağı bala qatanmı var?

Gümanlarım dağlar aşdı,
Sevgim – kürdü, gözüm yaşdı.
Daş-balıncdı, balınc daşdı,
Adam kimi yatanmı var?

Xeyirlə şər davasıdı,
Bir gün tufan qopasıdı.
Dünya küllük topasıdı,
Sevgisinə çatanmı var?..

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur