ÇAĞLAYAN ÇEŞMƏ
Dahilərdən biri deyib: “Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır”. Əlbəttə, insan ömrü heç də çox yaşamaqla ölçülmür. İnsan ömrü onunla ölçülür ki, həmin adam həyatda yaşadığı dövrdə hansı işlər görüb, əməlləri necə olub və ən nəhayət, insanların yadında necə qalıb. Adam var ki, elə sağlığında insanların ürəyində özünə əbədi məhəbbət qazanır və heykəlləşir. Aylar, illər ötsə də, həmin insanlar heç vaxt unudulmur və yaddan çıxmır. Bax, onda yaxşı əməlin və yaxşı işin nəyə qadir olduğunu insan daha dərindən dərk edir. Çünki yaşadığı, arxada qalan uzun illər üçün heç vaxt təəssüf və peşmançılıq hissi keçirmir.
Gözəl ziyalı və pedaqoq olan Telli Məmməd qızı Məmmədova da Gürcüstanda yaşayan azərbaycanlılardan biri olub. O, 1914-cü ildə Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra isə Gürcüstanın Aspindza rayonunun Aşağı Oşam kəndində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. O, həm də Gürcüstanda qadın pedaqoji kadrların ilk qaranquşlardan biri sayılır.
İllər ötür, Telli müəllimə özünün pedaqoji təcrübəsi və dərin savadı ilə nəinki şagirdlərin, hətta müəllimlərin belə təəccüblənməsinə səbəb olur. Çünki o, hansı sinifdə dərs deyirsə, o sinfin şagirdləri savadları və elmə maraqları ilə başqalarından seçiliblər. Elə ona görə də çoxları öz uşaqlarını Telli müəllimənin dərs dediyi sinifdə oxutmaq istəyiblər.
1947-ci ildə İsa müəllimlə ailə həyatı qurur və Faxralı kəndində işə başlayır. Elə həmin illərdə də əsl Azərbaycan ziyalısının, müəlliminin və xanımının necə olmasını öz əməli ilə təsdiqləyir. O, dərs dediyi uşaqlardan tutmuş məktəb direktoruna qədər hər kəsin ürəyinə yol tapa bilir. Hətta zəif oxuyan şagirdlərin belə boş damarını tapır, onları ələ alır və dərsə, elmə, kitaba böyük maraq yaradır. Bu marağın altında isə heç bir təmənna və heç bir məqsəd olmayıb. Sadəcə olaraq, Telli Məmmədova həmişə öz vicdanının və qəlbinin səsini eşidib.
Telli xanım gözəl müəllimə, gözəl pedaqoq, həm də ailəsinə sədaqətli bir xanım olub. Allah-Təala ona qeyri-adi bir şirin səs də verib. O, muğamlarımızı və xalq mahnılarımızı elə gözəl ifa edib ki, səsi çox sənətkarları tərpədib. Bu məlahətli səsinə görə çoxlarının diqqətini cəlb eləyib.
Günlərin birində Gürcüstanda qastrol səfərində olan Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri onun ifa etdiyi muğamı dinləyəndən sonra həyəcanlarını və təəccüblərini gizlədə bilməyiblər. Deyiblər ki, müəllimdə də belə şirin və zil səs olar? Gəl, səni aparaq Bakıya, Azərbaycan Dövlət Flarmoniyasında çıxış elə. Amma Telli xanım müəllimlik sənətini hər şeydən uca tutub və bu təklifi qəbul eləməyib.
Xalq şairi Zəlimxan Yaqub şerlərinin birində yazır:
Çağlayan çeşməyəm, kükrəyən çayam,
Dirilik suyundan yoğrulub mayam.
Telli müəllimə çağlayan çeşməyə, kükrəyən çaya bənzəyirdi. Gözəl səsi olduğu kimi, gözəl də natiqlik qabiliyyəti vardı. Sanki mayası dirilik suyundan yoğrulmuşdu.
Telli Məmmədova pedaqoji təcrübəyə malik olmaqla yanaşı, fəallığı ilə də seçilib, Bolnisi rayonunun seçki komissiyasının katibi vəzifəsində çalışıb. Harda olubsa, öz işinə məsuliyyətlə yanaşıb. O, bu illərdə Faxralı kənd orta məktəbinin həmkarlar komitəsinin sədri olub. Elə bir tədbir olmayıb ki, Telli müəllimə orda gözəl danışığı, qeyri-adi nitqi ilə iştirakçıları özünə cəlb eləməsin. Aydındır ki, bu təcrübəli pedaqoqun zəhməti heç vaxt yerdə qala bilməzdi. Ona görə də Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 3 oktyabr tarixli fərmanı ilə Telli Məmməd qızı Məmmədovaya Gürcüstan SSRİ-nin “Əməkdar müəllimi”i fəxri adı verilib.
Çox maraqlıdır ki, Telli xanım haqqında “Azərbaycan müəllimi” qəzetinin 7 mart 1969-cu il tarixli sayında gözəl bir yazı dərc olunub. Ə.İsmayıllı və D.Əliyevin onun barəsində qələmə aldıqları məqalədə yazılır: “Şagirdlərin biri son vaxtlar dərsə hazırlıqsız gəlir, ev tapşırığını yerinə yetirmirdi. Telli müəllimə qızın ailəsinə gedib, ata-anası ilə görüşüb, söhbət etdi. Məlum oldu ki, qız ev işləri ilə həddindən çox yüklənib. Telli müəllimənin qızın valideynləri ilə söhbəti nəticəsiz qalmadı. İkinci rübdə həmin qız bütün dərslərdən yüksək qiymət aldı”. Bax, əsl pedaqoq və əsl müəllimə belə olmalıdır. Yəni bacarığı, savadı olan şagirdləri axtarıb tapmalı, onların istedadının üzə çıxmasına kömək etməlidir.
Telli Məmmədovanın pedaqoji tərcümeyi-halında bir neçə kəndin adı var. Onların arasında Adıgün rayonunun Çiçela kəndi, Ağbulaq rayonunun Şıxlı və Kosalar kəndi və Bolnisi rayonunun Dəllər (Muşevan) kəndləri xüsusi yer tutur. Çünki həmin kəndlərdə Telli müəllimə müxtəlif dövrlərdə dərs demiş, şagirdlərin həyata müstəqil yetişib addım atmasında öz köməkliyini etmişdir. Faxralı, Telli müəllimənin fəaliyyətində və taleyində xüsusi yer tutur. Uzun müddət bu kənddə işləyib, Faxralılarla qaynayıb-qarışır. Bütün Faxralılar indi də onu minnətdarlıqla xatırlayırlar. Faxralı ziyalılarından gözəl alim və məmurumuz Eldar Hüseynqulu oğlunun təbirincə desək, Telli müəllim Faxralıya həm də şəhər mədəniyyəti və şəhər mətbəxi də gətirmişdir. Eldar müəllim tamamilə haqlıdır. Mən də Telli müəllimənin insanlarla münasibətini, ünsiyyətini, onun oturuşunu-duruşunu, ağır yerişini, savad və səviyyəsini yaxşı xatırlayıram. Və mənə elə gəlir ki, onda olan insani keyfiyyətlərin hər biri etik norma və əxlaqi fəzilətlər idi.
Heç təsadüfi deyil ki, Faxralı orta məktəbinin direktoru olmuş Hüseynqulu Məmmədov “Görüm Faxralının biri olsun beş” kitabında Telli müəlliməni “Bu gün artıq xatirəyə dönmüş ibtidai siniflərdə dərs deyən müəllimlər” sırasında xatırlayır.
Telli Məmmədova çox namuslu, şərəfli bir ömür yaşayıb. Elə bir ömür ki, şagirdlərin yolunda şam kimi əriyib. Ancaq şam kimi əriyən və bu yolda saçlarını ağardan Telli xanım heç vaxt o illər üçün heyfslənməyib. Yaşa dolandan sonra 1980-cı illərin əvvəlində Telli Məmmədova Bakıya oğlu Nadirin yanına köçür və 1997-ci ildə dünyasını dəyişir.
Belə bir şərəfli ömürlə Telli Məmmədova yüzlərlə şagirdin qəlbində özünə əbədi bir heykəl ucaldıb.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.