QISA MƏLUMAT
Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə Faxralı orta məktəbini qızıl madalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısıdlr. Müharibədə orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946 – 1968-ci illərdə Bolnisi rayonunun bir sıra kəndlərində kolxoz və sovxozların baş mühasibi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə aspiranturaya daxil olmuş, 1968-ci ildə isə aspiranturanı bitirmişdir. Sonra Gürcüstan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda dissertasiya müdafiə edib iqtisad elmlər namizədi elmi dərəcəsi almışdır. 1968 – 1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat uçotu kafedrasında dosent vəzifəsində işləmişdir. 1969-1974-cü illərdə həmin ali məktəbin “Mühasibat uçotu və maliyyə-kredit” fakültəsində dekan müavini və dekan vəzifələrində işləmişdir. Mühasibat uçotuna və onun təkmilləşməsinə aid 35 elmi məqalənin və 3 dərs vəsaitinin müəllifidir. Bu sahə üzrə elmi konfranslarda fəal iştirak etmiş, məqalələr çap etdirmişdir. 1985-1990-cı illərdə Azərbaycan Ali məhkəməsinin iclasçısı olmuşdur. II dərəcəli müharibə əlilidir.
Mənbə : REDAKTORDAN
QÜRUR DUYULASI NƏSLİN ZİYALI OĞLU
Bu yazımın qəhrəmanı haqqında düşünəndə nədənsə həmişə ilk növbədə onun soyköükünü və bir də “Kəlilə və Dimnə”də oxuduğum bir fikri xatırlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən o, yüksəyə qalxmağa meyil göstərir”.
Soykökünü ona görə xatırlayıram ki, bu nəslin XX əsrin əvvəllərində təkcə Faxralıda yox, bütünlükdə Borçalıda maarifin inkişafı yolunda sözün əsl mənasında böyük fədakarlıqlar göstərmiş Mirzə Rza, Mirzə Seyfulla, Mirzə Həbibulla və digərləri kimi tanınmış nümayəndələri olub. Onların hər biri xalqın maariflənməsi yolunda çırağa dönərək bu yolda ömürlərini şam kimi əritmişlər. Nə zamanın amansız sərt küləkləri, nə də o illərin təlatümləri bu çırağı söndürə bilməmiş, əksinə yuxarıdakı sitatda deyildiyi kimi, bu alov daha da şölələnmişdir.
Qori seminariyasının məzunu olan Mirzə Rza Əlizadə hələ ötən əsrin əvvəllərində Zaqafqaziya Seyminin vaxtında Təhsil nazirinin Azərbaycan məktəblərfi üzrə müavini olub. O, eyni zamanda vaxtilə Borçalı qəzasının sədri işləyən Ə.Haqverdiyevin də müavini vəzifəsində çalışıb. Sonradan Sovet hakimiyyəti illərində haqsız təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün Türkiyəyə keçib və onun oğlu Hidayət Turan XX əsrin otuzuncu illərində Türkiyə Cümhuriyyətinin energetika naziri vəzifəsində çalışıb.
Həbibulla Əlizadə Borçalı qəzasında maarif üzrə inspektor vəzifəsində çalışıb. Seyfulla Əlizadə də xalqın maariflənməsi istiqamətində yorulmaz fəaliyyət göstərib, Faxralıda və digər kəndlərdə məktəblərin açılmasında böyük xidmətləri olub. Faxralıya həsr etdiyim bir şeirimdə yazmışam:
Mirzə Rzam, Mirzə Həbim, Gül Pərim,
Hümmət, Musa kimi kəsərli ərim,
Telli sazda həm zilimsən, həm bəmim,
Nəbim kımi gövhər-kanım, Faxralı.
Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Faxralıda Koxalılar kimi tanınan bu nəslin el yolunda həyata keçirdiyi xeyirxah işlər sonralar da davam etdirilib. Faxralıda kolxoz sədri vəzifəsində çalışmış İsrafil Əlizadəni bu gün faxralılar yol salan, körpülər tikdirən bir rəhbər işçi, el yolunda can yandıran eloğlu kimi minnətdarlıqla xatırlayırlar.
Bu nəslin Faxralının və bütövlükdə Borçalının tarixinə öz adlarını əbədi yazmış nümayəndələrinin siyahısını bir qədər də uzatmaq olar. Amma məqsədimiz heç də bütövlükdə bu nəsildən yox (bu, ayrıca, özü də daha geniş bir mövzunun söhbətidir), onun layiqli davamçılarından olmuş Yolçu müəllimdən danışmaqdır.
Yolçu Əhməd oğlu Əlizadə 1922-ci il sentyabrın 2-də Faxralıda dünyaya gəlib. Burada orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olub. Amma o, hələ tələbə ikən 1941-ci ildə İkinci dünya müharibəsi başladığından təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. Müharibənin sonunadək cəbhə bölgələrində olan Y.Əlizadə döyüşlərdə göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. 1945-ci ildə müharibə bitdikdən sonra doğma el-obaya qayıdıb və yenidən ali təhsil almaq qərarına gəlib. Bu dəfə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və oranı 1956-cı ildə bitirib. Doğma Faxralıya ali təhsilli mütəxəssis kimi qayıdaraq kənddəki “Qələbə” kolxozunda baş mühasib kimi fəaliyyətə başlayıb və 1968-ci ilədək bu vəzifədə çalışıb. O zamanlar bu, heç də balaca vəzifə deyildi. Və bəlkə də bir başqası olsaydı belə “yağlı vəzifədə” oturduqdan sonra ancaq dolanışığını, gün-güzəranını düşünərdi. Amma o, həyatın mənasını təkcə var-dövlət toplamaqda, tutduğu vəzifədən yararlanaraq şəxsi ambisiyalarını həyata keçirməkdə görənlərdən deyildi. Hər müşküldən nicat yolunun elmdə olduğnu yaxşı bilirdi. Elə buna görə də kolxozda çalışdığı müddətdə həm də elmi araşdırma ilə məşğul olub. İstehsalatdan ayrılmadan Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun dissertantı kimi elmi iş üzərində çalışıb. Və yuxusuz gecələr, gərgin elmi axtarışlar öz bəhrəsini verib, 1968-ci ildə o, “Mühasibat uçotunda maya dəyərin hesablanması metodu və təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Yolçu Əlizadə o vaxtlar SSRİ məkanında kənddə kolxozda baş mühasib işləyə-işləyə elmi tədqiqatla da məşğul olaraq elmlər namizədi alimlik dərəcəsi almış ilk mütəxəssis idi.
Mütaliəli və məlumatlı kişi idi Yolçu müəllim. Ə.H.Bəhmənyar uzaqgörənliklə deyirdi: Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Yolçu müəllimlə hər söhbət həqiqətən bir kitaba bərabər idi. Özüm bunun dəfələrlə canlı şahidi olmuşam.
Artıq onun üçün daha geniş fəaliyyət meydanı lazım gəlirdi. Kənd yerində yaşamaq onun daha geniş sferada elmi-tədqiqatla məşğul olmaq imkanını məhdudlaşdırırdı. Elmi mühitə daha da yaxın olmaq məqsədi ilə 1968-ci ildə Bakı şəhərinə köçdü və burada müsabiqə yolu ilə Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) “Mühasibat uçotunun təşkili və təhlili” kafedrasında baş müəllim vəzifəsini tutdu. Az sonra həmin kafedranın dosenti seçildi və ömrünün sonunadək burada elmi-pedaqoji fəaliyyətlə məşğul oldu. Eyni zamanda 1972-1983-cü illərdə “Mühasibat uçotu və maliyyə-kredit” fakültəsinin dekan müavini və dekanı vəzifələrində də çalışıb.
35 elmi məqalənin və 3 dərs vəsaitinin müəllifi idi Yolçu müəllim.
Qürur duyulası bir keçmişi olan Yolçu müəllim üçün də həyatda ən böyük xoşbəxtlik L.Tolstoy demiş, yaxşılıq eləmək və yaxşılıq eləməkdən duyulan həzz olmuş və övladlarına da bunu təlqin etmişdir. Buna görədir ki, 2001-ci il martın 3-də dünyasını dəyişən Yolçu Əlizadəni təkcə doğmaları və faxralılar yox, borçalılar, dostları, tanışları, həmkarları və dərs dediyi minlərlə yetirməsi hər zaman minnətdarlıqla xatırlayırlar.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.