QISA MƏLUMAT
Həsənəli Əli oğlu Əlizadə 1922-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1931-1941-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış, 1942-ci ildə cəbhədə yaralanıb və həmin ilin sonunda ordudan tərxis olunmuşdur. 1943-1945-ci illərdə kolxozda mühasib işləmişdir. 1945-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1949-cu ildə həmin institutu bitirmişdir. 1949-1950-ci illərdə Mərkəzi Statistika İdarəsinin Tovuz rayon şö’bəsində müfəttiş, 1950-1952-ci illərdə mühasib, 1952-1955-ci illərdə Gəncə vilayət maliyyə şö’bəsində vergi üzrə baş müfəttiş vəzifələrində çalışmışdır. 1955-ci ildən ömrünün sonunadək Azərbaycan kənd təsərrüfatı Akademiyasının mühasibat uçotu və statistika kafedrasında dosent vəzifəsində çalışmışdır. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 40-dan çox elmi, elmi-metodik göstərişin müəllifidir. Bir neçə dəfə keçmiş ittifaq və respublika konfranslarının iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.
Mənbə : REDAKTORDAN
DÜNYA DURDUQCA
İnsan dünyaya gələndə hər şeyin asanlıqla qarşısına çıxdığını görmür. Başqa sözlə demiş olsaq, o həyatda nəyisə əldə etmək, uğur qazanmaq, pillələri yüksəlmək üçün mütləq əziyyət çəkməlidir. Elə insanlar var ki, bu əziyyəti çəkir və sonra da bəhrəsini görür. Bir qədər tənbəllik eləyənlər isə demək olar ki, həyatda ömrünü boş-boşuna keçirir və yaşadığı müddətdə heç bir iz qoymur.
M.Ş.Vazeh yazır: “Həyat əta deyil, bilməlisən ki, hər addımı atdıqca məzara yaxınlaşırsan, həyatda naümüd, bədbin olma, ondan səmərəli istifadə et.” 1922-ci ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olan Həsənəli Əli oğlu Əlizadə də məhz həyatını zəhmətin, əməyin üstündə qurub. Daha doğrusu, bu inamla yaşayıb ki, insan yalnız və yalnız alın təri ilə istəyinə qovuşa bilər.
O, 1941-ci ildə Faxralı kənd orta məktəbini bitirib. Sonra isə Böyük Vətən Müharibəsi başlayanda digər yaşıdları kimi, o da cəbhəyə yola düşüb. Bilib ki, vətən ona oğul deyirsə, o da əlinə silah alıb sevdiyi vətəni qorumalı, yağı düşmənlə ölüm-dirim mübarizəsinə atılmalıdır.
Bəziləri elə təsəvvür edir ki, müharibənin odunda-alovunda döyüşmək, həmin anlarda səngərdə düşmənlə üzbəüz olmaq asandır. Müharibənin yazılmamış qanunları var. O qanunlardan biri ondan ibarətdir ki, orda ya ölməli, ya da öldürməlisən. Həsənəli Əlizadə isə müharibəyə getdiyi ilk gündən vətənə sevgisini göstərib. Yəni ağır döyüşlərdə heç nədən çəkinməyib və son gülləsinə qədər vuruşmağı bacarıb. Belə döyüşlərin birində o, yaralanıb və 1943-cü ildə ordudan təxris olunub. Əlbəttə, müharibə həyatını yaşamış, odun-alovun içində olmuş bu insan üçün arxa cəbhədə işləmək, fəaliyyət göstərmək daha asan idi. Amma özü arzulayırdı ki, qələbə gününə qədər cəbhədə olub düşmənlə döyüşsün və yağılardan intiqamını alsın. Başqa sözlə demiş olsaq, o, bu intiqamı faşistlərdən aldı.
Arxa cəbhə isə ona yeni bir məktəb oldu. Bu məktəbdə o, bir az da yetkinləşdi və kamilləşdi. Belə ki, 1943-1945-ci illərdə H.Əlizadə doğma kəndlərindəki kolxozda mühasib işləyib. Sonradan müharibə bitəndə ali təhsil arxasınca Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna gəlib və ora qəbul olub. Həmin ali məktəbi də uğurla bitirib.
1949-1950-ci illərdə Mərkəzi Statistika İdarəsinin Tovuz rayon şöbəsində müfəttiş, 1950-1952-ci illərdə isə mühasib vəzifələrində çalışıb. 1952-1955-ci illərdə isə Gəncə Vilayət Maliyyə Şöbəsində vergi üzrə baş müfəttiş vəzifəsində işləyib.
1955-ci ildən ömrünün sonunadək bu ziyalı insan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühasibat uçotu və statistika kafedrasında dosent vəzifəsini daşıyıb. Əlbəttə, illər keçdikcə kamilləşən və müdrikləşən Həsənəli Əlizadə elm aləmində öz izlərini qoymağa başlayıb. Daha doğrusu, o, özünü, sözünü elm sahəsində də təsdiq eləməyi bacarıb. Yəni sübut edir ki, digər sahələrdə uğur qazandığı tək, elmdə də nəyəsə nail ola bilər. O, 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi adını alıb.
Təbii ki, elmlə məşğul olduğu illərdə o elə-belə oturmayıb, neçə-neçə elmi məqalələrini və metodik vəsaitləri araya-ərsəyə gətirib. Onun nə az, nə çox – 40-dan artıq elmi və elmi-metodik məqalələri olub. Bütün bu məqalələrdə Azərbaycan elminə və təhsilinə Həsənəli Əlizadə öz töhfəsini verir.
Maksim Qorki yazır: “Həyat gedir, kim onunla ayaqlaşa bilmirsə, tənha qalır”. İstedadlı alim Həsənəli Əlizadə isə həmişə həyatla ayaqlaşıb, el-obanın içində olub və bütün dövrlərdə öz sözünü deməyi bacarıb.
Həsənəli müəllim həm də Borçalıda məşhur olan bir nəslin nümayəndəsidir. Və təbii ki, bu məsuliyyəti hər addımda hiss edirdi. Həsənəli müəllimi yetirən Koxallı nəsli elə bağ salıb ki, dünya durduqca barı yeyiləcək. İstedadlı şair Rasim Kərimlinin yazdığı kimi:
Rasim, bir bağça sal, əhsən deyilsin,
Bu dünya durduqca barı yeyilsin.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.