GÖZƏL ANA, ZƏHMƏTKEŞ MÜƏLLİM
Uzun illərdir ki, pedaqoji sahədə çalışıram. Təhsilimizin dünəni və bu günü, bu sahədə əldə olunan uğurlar və problemlərlə bağlı dəfələrlə mətbuatda çıxış etmiş, müxtəlif səviyyəli konfrans və simpoziumların iştirakçısı olmuşam. Və hər çıxışımda, məqaləmdə ana xətti müəllim şəxsiyyəti, müəllim zəhmətinin qüdrəti və şərəfi təşkil edib. Bəlkə də bəziləri bunu özümün də müəllim olmağımla əlaqələndirə bilər. Amma mənim üçün bir məlum həqiqət var: hansı peşənin sahibi olmağımdan asılı olmayaraq, əlim qələm tutduqca bu şərəfli peşə sahiblərindən yazmaq mənim borcumdur. Bir peşənin sahibi ki yer üzünün əşrəfi olan insanın özünü şərəfləndirmək üçün çalışır, ömrünü bu yolda şam kimi əridir, ondan necə yazmayasan, niyə yazmayasan.
Hər dəfə müəllim zəhmətindən, bu peşənin özəlliklərindən söhbət düşəndə mən üstünlüyü daha çox kənd müəllimlərinə verirəm. Çünki əgər şəhər məktəblərində müəllimlə şagirdin ünsiyyəti əsasən məktəbdə, sinif otaqlarında olur, dərsdən sonra şagird öz müəllimi ilə demək olar ki, görüşmürsə, kənddə mənzərə tamamilə fərqlidir. Burada şagird öz müəllimindən təkcə elmin sirlərini yox, həm də bütövlükdə həyat dərsini öyrənir. Daha doğrusu, müəllim öz şagirdinə təkcə kitabları yox, həm də həyat dərsini öyrədir: özünün kənddəki nüfuzu, hörməti, tərbiyə etdiyi övladları – bir sözlə, şəxsi nümunəsi ilə. Kənd yerində hamı bir-birini yaxşı tanıyır, kimin kim olduğunu gözəl bilir. Öz ailəsində ləyaqətli övlad tərbiyə edə bilməyən müəllimin əxlaq dərsi şagirdlərinə necə təsir edə bilər? Bu baxımdan qadın müəllimlərin üzərinə ikiqat məsuliyyət düşür. Axı, onlar həm də anadır.
Bu yazıya belə uzun girişlə başlamağımın da səbəbi odur ki, yenə də müəllimdən söhbət açmaq istəyirəm. Özü də kənd müəllimindən, üstəlik müəllim-anadan.
…Sənəm Hüseyn qızı Mahmudova 1926-cı ildə Borçalıda – o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. 1933-cü ildə Faxralı orta məktəbinin birinci sinfinə gedib. 1941-ci ildə səkkizinci sinfi bitirib. Pedaqoji təhsil alaraq müəllim olmaq arzusuna düşüb. Elə həmin il sovet-alman müharibəsinin başlanması da onu arzusundan daşındırmayıb və o, Borçalı Pedaqoji Texnikumuna daxil olub. Ağır müharibə illərində hər çətinliyə dözərək təhsilini davam etdirib. 1943-cü ildə texnikumu bitirərək Faxralı orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Cəmisi iki il əvvəl ona dərs demiş müəllimlərlə birgə fəaliyyət göstərib. Və təbii ki, müəllimləri yenə də onun köməyinə çataraq, texnikumda qazandığı nəzəri biliklərin əməli fəaliyyətdə möhkəmlənməsində, təcrübəsinin zənginləşməsində böyük rol oynayıblar. İllər bir-birini əvəzlədikcə Sənəm xanım da bir pedaqoq kimi püxtələşib, işindən zövq alıb və məsuliyyətlə yanaşıb, buna görə də çalışdığı kollektivin və şagirdlərinin sevimlisinə çevrilib.
1948-ci il isə onun həyatında daha əlamətdar hadisə olub: Əhməd Əli oğlu Əlizadə ilə ailə qurub. Şərəfli müəllim adına bir ad da əlavə olunub: Ana.
Ləyaqətli ömür-gün yoldaşı olan Sənəm xanım dörd övlad böyüdüb boya-başa çatdırıb. 1949-cu ildə anadan olmuş böyük oğlu Yusif Əlizadə uzun müddət Azərbaycan Ədliyyə polisi sistemində xidmət edib, hazırda isə Müdafiə Sənayesi nazirliyinin müəssisələrinin birində çalşır. İkinci oğlu Tahar da Müdafiə Sənayesi nazirliyinin müəssisələrinin birində mühasibdir. Böyük qızı Zemfira evdar qadındır. Bahar isə Bakıda Mərkəzi Klinik Xəstəxanada çalışır.
Ömrünün 40 ilini Faxralıda gənc nəslin təlim-tərbiyəsinə həsr edən Sənəm Mahmudova sözün əsl mənasında zəhmətkeş olub. Bunun nəticəsidir ki, barəsində söhbət düşəndə faxralılar onu həmişə minnətdarlıqla xatırlayır. Bu gün çoxları böyük qürur hissi ilə deyir ki, mənə qələm tutmağı, yazıb-oxumağı Sənəm müəllimə öyrədib. O, təkcə dərs deməklə kifayətlənməyib, şagirdlərinə ana qayğısı, ana nəvazişi göstərib. Yetirmələri orta məktəbi bitirib pərvazlandıqca, baxıb qürurlanıb, həyat yollarında onlara uğur diləyib, ağbirçək xeyir-duası verib. Onların hər xoş sorağından qəlbi dağa dönüb, doğma anaları qədər sevinib.
40 il bir igidin ömrüdür. Və bu 40 ildə neçə-neçə nəslin yetişməsində əməyi olub Sənəm Mahmudovanın. Kimiyə müəllim olub, kimiyə ana, kimiyə bacı. Qayğısını, nəvazişini əsirgəməyib heç kəsdən. 1997-ci ildə dünyasını dəyişsə də, heç vaxt unudulmur, yaddan çıxmır.
Hər bir insanın həyatında unudulmaz tarixi məqamlar, sevimli şəxsiyyətlər olur. Bu, ayrı-ayrı əlamətdar hadisələrlə bağlı da ola bilər, yəni hərənin həyatında özünəməxsus taleyinə uyğun əlamətdar günləri, insanlar olur. Amma bununla belə, hamı üçün eyni əhəmiyyət daşıyan bir əziz gün və unudulmaz insan da var: ilk dəfə məktəbə qədəm qoyduğun gün və ilk müəllimin. Doğrudur, müəllimin pisi-yaxşısı olmaz, müəllim elə hər zaman müəllimdir. Onu sevmək, hər zaman qayğı və diqqətlə yanaşmaq, minnətdarlıqla xatırlamaq hamımızın borcumuzdur. Bununla belə, o adam xoşbəxtdir ki, qismətinə çıxan ilk müəllim həm də ona ana ola bilir. Sənəm Mahmudova belə müəllimlərdəndir. Yüzlərlə yetirməsi bu gün də Sənəm müəllimi minnətdarlıqla xatılayır.
Sənəm müəllimə haqqında saatlarla danışmaq olar. Nə qədər şıltaqlığımıza dözüb, nazımızla oynayıb, başımıza sığal çəkərək əlimizdən tutub bizə yazıb-oxumaq öyərdib. Təkcə elm öyrətməyib, həm də bizə həyat dərsi keçib. Hələ uşaqkən bizi halallığa çağırıb, əyri yoldan, haram tikədən uzaq olmağı tövsiyyə edib. El-oba, yurd məhəbbəti aşılayıb, Vətən sevgisi öyrədib bizə. Belə insanlar heç zaman ölmür, sadəcə olaraq dünyalarını dəyişirlər. Sənəm Mahmudova da bu gün haqq dünyasındadır, yəni sadəcə olaraq məkanını dəyişib. Ruhu isə həmişə bizimlədir, alqışları, xeyri-duaları yenə də yollarımıza işıq saçır.
Bəli, ömrünü şam kimi əridib minlərlə ocağa işıq saçan insanlar heç zaman unudulmur, xeyrixah əməlləri ilə yaşayırlar. Sənəm Mahmudova kimi…
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.