Hüseyn Səməd oğlu Səmədov

QISA MƏLUMAT

Hüseyn Səməd oğlu Səmədov – 1930-cu ildə Faxralı kəndində anadan olub. 1951-ci ildə M.F.Axundov adına iki illik müəllimlər institutunu fərqlənmə diplomu ilə bitirib. Az müddət doğma kəndində müəllim işlədikdən sonra, 1953-cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyat institutuna daxil olub və buranı da əla qiymətlərlə başa vurub. Hüseyn müəllim bütün ömrünü rus dilçiliyinin nəzəri problemlərinin öyrənilməsinə həsr edib. Rus dilçilik alimləri ilə elmi müzakirələr aparan Hüseyn müəllim, ensiklopedik biliyə malik ali, peşəkar pedaqoq və vətənpərvər ziyalı olub. Kəndimizdə rus dili fənninə maraq Hüseyn müəllimlə başlamışdır.

Mənbə : Allahverdi Kərimov –  “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.

“SAFLIQ ÖRNƏYİ”, ÜSTƏGƏL…

 Ölməyən, torpağa qarışıb və­tən olan ziya­lı­mız Hüseyn Sə­mə­­dovun sağlığında ger­çək­­ləş­di­ril­mə­yən mü­tə­rəqqi ideya­larına işıq tutul­malıdır!

XVII əsr ispan yazıçısı Qrasian tövsiyə edirdi ki, “şah olmasan da, tutduğun əməllər şaha layiq olsun, ağlın ilə seç­di­yin mühit çər­çivəsində özünü şah kimi apar; işlərində böyük, fi­kirlərində yüksək ol. Mənsəbin olmasa da, həmişə hər şeydə şah­lara yaraşan ləyaqət göstər, çünki əsl şahlıq ürəyin böyük­lü­yün­dədir”.

Haqqında söhbət açdığım kitabın qəhrəmanı, rus dilçiliyi üz­­rə iste­dad­lı  tədqiqatçı alim, görkəmli pedaqoq, gözəl insan Sə­­­mədov Hüseyn Sə­məd oğlu da öz mühitində şah idi, şahlar­dan da üstün idi, əzəmət nümunəsiydi.

Bütün ömrünü rus dilçiliyinin nəzəri problemlərinin öyrə­nil­məsinə həsr et­miş ensiklopedik biliyə malik alim, peşəkar pe­daqoq, vətən­pər­vər ziyalı, fədakar insan Hüseyn Səmədovun mənalı həyat yo­­lun­dan, elmi-pedaqoji fəaliyyətindən bəhs edən “Saflıq ör­nəyi” ad­lı xatirə kitabı 2012-ci ildə Bakıda “İdeal-Print” nəş­riy­ya­tında işıq üzü görmüşdür. Mərhum  alim  barədə xa­­­tirə oçerk­lə­ri toplayıb tərtib edənlər onun qohumları – İsa Babaşov,  Əmir­xan Baba­şov, və Məhəmmədəli Babaşov, re­dak­­toru isə Musa Nəbioğludur. Kitabda görkəmli alimlərin, müəl­lim həm­kar­larının, keçmiş tələbələrinin və yaxınlarının Hü­seyn Sə­mə­dov haqqında  xatirə­ləri  təqdim olunur. Şadam ki, bu ki­tab­da mənim də müəllifi olduğum “Ölüm yalan sözdür, ziya­lı­lar ölmür” sərlövhəli oçerkim yer almışdır.

Doğrudan da, öz əməlləri ilə yalnız müasirlərinin deyil, həm də gələcək  nəsillər qarşısında da cavabdehlik daşıdığını dərk edən ka­mil insanlar ölmür­lər, həyatın dərin qatlarını duyub, ya­şa­dıqca özlərindən sonra dərin iz qoyur­lar. Elə bir iz ki, bizi özündən son­ra neçə-neçə sabahlara aparacaq, həyatın fəlsə­fə­si­ni, onun açıl­ma­yan sirlərinin qapısını üzümüzə açacaq. Bu gün arxaya boylanıb yaxın keçmişimizə nəzər saldıqda, vaxtilə qar­şı­mızda öz nuraniliyi ilə seçilən bu müdrik insanların ağıllı kə­lamlarını və bizə verdik­ləri öyüd-nəsihətləri xatırlayırıq. O kəlamları ki, bizi həmişə tə­miz­liyə, saflığa aparıb bütövləşdirib, əsl insani keyfiy­yətləri özü­müzdə cəmləşdirib. O dəyərlər ki, həyatın özüdür, o keyfiyyətlər ki, insanlara xasdır, cəmiy­yə­ti­mi­­zin sağlamlığına xidmət edir. O insanlar xoşbəxtdirlər ki, hə­mişə böyük olurlar və özlərinin bö­yük­lüyünü özgələrinin göz­lərindən hiss edirlər. Zaman-zaman, vaxt ötüb keçdikcə onlar ürəklərə hoparaq şirin xatirələrə çevrilir, ətrafımıza işıq sala-sala nağıllara dönürlər.

Ölməyən, torpağa qarışıb vətən olan ziyalımız Hüseyn Sə­məd oğlu 1930-cu ildə Borçalı mahalının Faxralı kəndində dün­yaya göz açmışdır; kəndin tarixi köklərə malik Babaşlı nəslinin nümayəndəsi olan Hüseyn Səməd oğlu həm ata, həm ana tərəf­dən ziyalı qohumlarının olduğunu bil­di­yindən, bu amil onun təhsilə hədsiz maraq göstərməsinə səbəb olmuş­dur. Kitab­da Hü­­seyn müəllimin şərəfini daşıdığı Babaşlı nəslinin və anası Sə­kinə xanımın təmsil etdiyi Koxallı nəslinin görkəmli nüma­yən­dələrinin adları hörmətlə çəkilir.

Orta təhsil aldığı 1937-1948-ci illər müharibə dövrünə düş­düyündən çoxuşaqlı ailənin övladı olan Hüseyn Səməd oğlu bütün “müharibə uşaqları” kimi, “tez böyümüş”, məhru­miy­yət­lə­rə qarşı dözümlülük vərdişlərinə yiyələn­mişdi. Yaxın qonşusu və qohumu, rəhmətlik Nəbi Gülməmmədov onun təh­silə marağının artmasında, bir şəxsiyyət, vətəndaş kimi formalaşmasında mü­s­təsna rol oyna­mışdır. Orta təhsilini başa vurandan sonrakı ilk ildə maddi imka­nı­nın məhdudluğu səbə­bindən ali məktəbə daxil olmaq planını təxirə salmalı olan Hüseyn Səmədov bir il kitabxanada işləmiş, bu müd­dətdə onun müta-li­əyə sevgisi daha da artmışdır.

Sonrakı il müvəffəqiyyətlə imtahan verən Hüseyn Səmədov M.F.Axun­­dov adına Azərbaycan Dövlət İkiillik Müəllimlər İns­titutuna daxil oldu. 1951-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələndi və sonrakı iki ildə Faxralı kənd orta məktəbində müəllimlik etdi. 1953-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olan Hüseyn Səmədov tələbəlik illərində rus dili üzrə öz üzərində gərgin əmək sərf edərək en­sik­lopedik biliyə yiyələndi. Çalışqanlığı ilə institut rəh­bərliyinin diqqətini çəkən H.Səmədov Stalin təqaüdünə la­yiq görüldü və təhsilini bitirdikdən sonra elə həmin institutda rus dili kafedrasında labo­rant vəzifəsinə qəbul edildi. Daha son­ra baş laborant, müəllim, institut komsomol təşkilatının ka­tibi vəzifələrinə irəli çəkildi. 1957-ci ilin noyabr ayında Hüseyn mü­əllim İnstitut Elmi Şurasının qərarına əsasən M.V.Lomo­nosov adına Moskva Dövlət Universitetinin filologiya fakül­təsi nəzdində məqsədli aspiranturaya göndərildi. Qəbul imtahan­la­rını müvəf­fəqiyyətlə verib aspirantura təhsilinə başlayan Hü­seyn Səmədov rus dilçiliyi sahəsində biliklərini zənginləşdirdi. Aspiranturada təhsil aldı­ğı 1957-1961-ci illərdə məşhur dilçi alim, filologiya elmləri doktoru, pro­fes­sor Timofey Petroviç Lomtevin elmi rəhbərliyi altında rus dilinin ən çətin problemi olan “Felin fərz kateqoriyasının mahiyyətinin açılması” möv­zusu üzrə elmi araşdırmalar aparan Hüseyn Səmədovun əldə et­diyi nəticələr dilçilikdə çox böyük rezonansa səbəb olacaq də­rə­cədə yeniliklər olduğuna, elmi dövriyyədə olan o vaxtkı nə­zəriyyələri inkar etdiyinə görə qəbul edilmədi. Elmi rəhbərinin, müəyyən tezislərdən imtina etmək hesabına işi başa çatdırması barədə çoxsaylı təkidlərinə baxmayaraq, namizədlik disserta­siyasını müdafiə etməyə tələsmədi.

Hüseyn müəllim bu prinsipial mövqeyindən ona görə geri dur­madı ki, elmi tədqiqatı elmi dərəcəyə sahib olmaq naminə deyil, məq­səd olaraq apa­rırdı. Kitabda bu məqama xüsusilə yer ayırıl­mışdır. Bu sırada Hüseyn müəl­li­min özünün nəql etdikləri əsasında qələmə alınan xatirələr maraqlıdır: “70-ci illərin əvvəlində elmi rəh­bə­rinin Bakıya gəlişi zamanı onun qaldığı “Cənub” mehmanxa­na­sında görüşürlər. Səhər saat 10-dan baş­layan qızğın müzakirə növ­bəti gün axşama qədər davam edir. Elmi rəhbərinin bir-birinin ardınca gətirdiyi dəlillərin mü­qabilində Hüseyn müəllim məntiqi cavabları ilə öz elmi mü­lahizələrini açıqlayır. Nəhayət, onun gətir­diyi əks dəlillərdən sonra elmi rəhbəri əllərini qaldıraraq – “Yaxşı, mən təslim oldum. Ancaq unutma ki, sənin bu fikirlərini heç bir elmi jurnal dərc etməyəcək”,  – deyir. Sonra köksünü ötürərək əlavə edir: “Deməli, sən türksən”.

Bu sətirləri oxuyarkən yadıma məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenov düşdü. Onun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə ori­ji­nal bir münasibətə görə əsassız hücumlara məruz qalmışdı. O, “İqor polku haqqında dastan”da slavyan sətirlərində türk-qıpçaq sözlərini tədqiq etmiş və maraqlı nəticələrə gəlmişdi.

“Saflıq örnəyi” kitabında Hüseyn Səmədovun həqiqətən də məhz Böyük Türk Alimi adını şərəflə daşıdığına dəlalət edən faktlar sadalanır. Məsələn: “Həyatı boyunca “Elmin vətəni yox­dur, ancaq alimin vətəni vardır” prinsipinə sadiq qalan Hü­seyn müəllimin ən böyük arzularından biri də müstəqillik əldə etmiş türkdilli xalqların elm sahəsində də birli­yi­nə nail olunması idi. Bunun  üçün sovet hakimiyyəti illərində əldə edil­miş elmi-tex­ni­ki nailiyyətlərdən türk dünyasının gələcəyi naminə sə­mə­rə­li istifadə edilməsini vacib sayırdı. Eyni zamanda, bu res­pub­li­ka­larda təbiət və texnika elmləri, kosmik tədqiqatlar sahə­sin­də əldə olun­muş təcrübənin Türkiyə üçün də maraq kəsb etdiyinə inanırdı. Bu məsələ­lərdən bəhs edərkən Corc Soros Fondunun keçən əsrin 90-cı illərində Rusiyada və Şərqi Avropa ölkə­lə­rindəki fəaliyyətlərini örnək gətirirdi. Mətbuatda və elmi da­irə­lərdə həmin fəaliyyətlərin xeyriyyəçilik kimi təqdim olun­duğunu qeyd edirdi: “Corc Soros Rusiya elminə 2 milyard dol­lar ayırdı deyə hər yerdə  təbliğat gedir, az qala onu Rusiya el­minin xilaskarı kimi təqdim edirlər. Əslində, burada diqqətdən kənarda qalan son dərəcə ciddi bir məqam var. Sovet bürok­ra­ti­yasının həyata keçiril­məsinə imkan vermədiyi, onillərlə yığılıb qalan orijinal elmi ideyaların xeyriyyəçilik pərdəsi altında çox ucuz qiymətə satın alınması prosesi gedir. Bənzər aqibətlə birinci növbədə kifayət qədər güclü elmi poten­siala malik olan tatarların, daha sonra digər türkdilli xalqların da üzləş­məsi qa­çıl­mazdır. Bunun qarşısını almaq, mövcud elmi potensialın yad əllərə keçməməsi üçün mütləq müəyyən addımlar atmaq la­zımdır. Lakin yenicə müstəqilliyinə qovuşmuş türkdilli res­pub­li­kalardan bunu gözlə­mək doğru olmazdı. Bu məsələnin öh­dəsindən ancaq Türkiyə dövləti gələ bilər”. Bununla da Hüseyn müəllim türk dövlətləri arasında iqtisadi və mədəni inteqrasiya ilə yanaşı, gecikmədən elmdə də bənzər prosesin həyata keçi­rilməsinin vacib olduğuna diqqət çəkirdi. Onun fikrincə, əgər bu baş tutsaydı, o zaman Qərbə yönələn  “beyin axını”nın qar­şı­sını almaq və bu prosesi Türkiyəyə yönəltmək, həm də daha mü­təşşəkil  şəkildə həyata keçirmək mümkün olardı. Təəssüflər olsun ki, onun 90-cı illərin əvvəllə­rində gündəmə gətirdiyi bu ta­­le­yüklü məsələ ancaq sonralar anlaşıldı və qismən gerçəkləş­dirildi”.

1967-ci ildən 20 noyabr 2002-ci ilə – yəni ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetinin Rus dilçiliyi kafedra­sın­da baş müəl­lim işləyən Hüseyn müəllimin rəhbərliyi altında yerinə yetirilən diplom işlərinin hər biri öz elmi sanbalı, səviy­yə­si və mükəmməlliyi ilə fərq­lənib. Hüseyn müəllim özü bir çox nəzəri seminarlar təşkil etmiş, gör­kəmli alimlərin iştirakı ilə yetərincə aktual və dinləyici marağına səbəb olacaq prob­lem­lərin müzakirəsinə nail olub.

Kitabda Hüseyn müəllimin elmi, pedaqoji fəaliyyəti, ana dili və xarici dillərə aid fikirləri barədə, milli-mənəvi və əxlaqi dəyərlərə çox yüksək qiymət verməsi, haqq-ədalət və paklıq tərəfdarı olması, gənclərin maarif­lən­dirilməsində rolu haqqında müfəssəl məlumatlar verilir, onun gözəl insan, sədaqətli dost, qayğıkeş ailə başçısı olduğunu isbatlayan faktlar sadalanır.

Hüseyn Səmədov pedaqoji fəaliyyətdə olduğu müddətdə mü­­tə­madi olaraq, rüşvətxorluğa qarşı mübarizə aparmış, haqqın-ədalətin keşiyində dayanmışdı. O, 1967-ci ildə Bakı Dövlət Universitetinə keçdikdən sonra ilk dəfə olaraq müəllim uşaqlarına “5” qiymət yazmaq ənanəsini pozmuş, tələbənin bili­yini hər şeydən üstün tutmuşdur. Ədalət hissini qətiyyən itir­məyən Hüseyn müəllim imtahanlarda biliklərin qiymət­ləndiril­mə­sində daim obyektiv mövqe tutduğundan, hətta rektorun gə­li­­ninə belə “qeyri-kafi” qiymət yazmaqdan çəkinməmişdi. Onun hətta ən yaxın dostlarına belə bu məsələdə güzəştə get­mə­məsinə dair kitabda çoxlu misallar gə­ti­rilir. Eyni zamanda Hüseyn Səmədovun insanpərvərliyinə dair faktlar sa­da­lanır. Men­talitetimizin antipodlarına qarşı çıxan Hüseyn müəllim oğlu­nun toy məclisinə dəvət etdiyi şəxslərdən pul və hədiyyə qəbul etməməsi ilə də özünün qeyri-ordinar şəxsiyyət olduğunu təsbitləmişdir. Ad gün­lə­rinə, yubileylərə münasibətdə də israf­çılığın əleyhinə idi Hüseyn müəllim.

Kitabda Hüseyn müəllimin təmənnasızlığına, dünya malın­da gözü olma­dığına sübut kimi xatırlanan olaylar sırasında ən ma­­raqlısı onun mənzilinin oğurlanması ilə bağlı baş verənlər və bu zaman özünü necə aparması olmuşdur. “Saflıq örnə­yi”ndə oxuyuruq: “Hüseyn müəllim nəf­sini saxlamağı bacarırdı, halal çörək yeyirdi. Pula, mala tamahı yox idi, öz­gə malına, haram çö­rəyə əl uzatmazdı. Bunu evini oğurlayan cinayət­karların ta­pıl­masından sonra Bakı şəhəri milis idarəsində baş verən hadi­sə zamanı bir daha büruzə verdi. Milisin oğrulardan əldə etdiyi əş­yalar adıçəkilən idarədə bir zala toplanmışdı. Hüseyn müəllimlə Kordeliya xanımı ora dəvət etmişdilər ki, gəlib bu əş­yaların arasında onların əşya­ları varsa, tanıyıb götürsünlər. Kor­deliya xanım zaldakı əşyaların ara­sın­da iki süfrəsini, bir Yaponiya istehsalı məcməyisini, bir çarpayı örtüsünü, bir dənə də konfet qabını tanıdı. Qalan əşyaları, o cümlədən xalçaları oğrular xırd etmişdilər. Milis mayoru xırd edilmiş şeylərin əvəzinə çox qiymətli bir xalçanı və ya antikvar qızıl əşyanı gö­tür­məyi məs­ləhət görür. Hüseyn müəllim bu əşyalara heç gö­zü­nün ucu ilə də baxmır və təklif olunan əşyaları götürməkdən im­tina edir. O, öz qərarını belə əsaslandırır: “Başqalarına aid olan əşyaları qə­bul edə bilmərəm”. Eyni zamanda oğur­lanmış qiy­­mətli əşya sa­hiblərindən birisi özünün antikvar əşyasına ya­xın dura bilmə­məsi səbəbindən dolayı yolla həmin əşyanı öz adı­na götür­mə­si­nin müqabilində Hüseyn müəllimə böyük məb­ləğ­də pul ver­məyə hazır olduğunu çatdırır və bu məsələdə kö­məklik gös­tər­məsini xahiş edir. Hüseyn müəllim qəti şəkildə bu təklifə də rədd cavabı verir.”

Evinin yarılması ilə bağlı daha bir diqqətə layiq məqam Hü­seyn mü­əllimin heç nədən yox, məhz  kitablarından narahat ol­­ma­sıydı. Qardaşı Məhərrəm Babaşov kitabda yer alan “Çə­tin­liklər qarşısında sınmayan iradə” başlıqlı məqaləsində xa­tır­layır: “…Hüseyn 1965-ci ildə üçotaqlı bir ev aldı. Həmin ildə də evləndi. Qohumlarının, dostlarının iştirakı ilə elə evdəcə toy məclisini keçirdik. Evlənəndən bir müddət sonra Hüseynin mən­­zilində oğurluq baş verdi. Hadisədən xəbər tutan qardaşım evə gələr-gəlməz tez kitablar olan otağa keçir. Baxıb görür ki, kitabların hamısı yerə dağılıb. Sən demə, oğrular kitabların ara­sında pul axtarırmışlar. O, görəndə ki, kitabların hamısı yerin­dədir, sevinərək otaqdan çıxır və üzünü həyat yoldaşına tutaraq: “Allah bunları qorusun, mənim kitablarıma toxun­mayıblar”, – deyir”.

“Saflıq örnəyi” kitabında Hüseyn müəllimin mütaliəyə olan hədsiz sevgisi barədə çox yazılıb. Demək olar ki, onun barə­sin­də xatirə sözü yazanların hamısı onun kitabsevərliyini xüsusi vur­ğulayıblar. Onu yorul­maz oxucu, “canlı ensiklopediya”, el­min gerçəklik fədaisi kimi xatırlayan alim və pedaqoq həm­karları Hüseyn müəllimi ətrafındakılara mütaliə mədəniyyəti öy­rədən, kitabı anlayaraq oxumaq vərdişi aşılayan tükənməz bir xəzinə kimi təqdim edirlər. Xatirə oçerklərin daşıdıqları sər­löv­hələr Hüseyn müəllim haqqında arayış verir: “Hüseyn müəllim insanlıq eta­lonu idi” (Tahir Pənahov), “Ulu Borçalının sadə və böyük insanı” (Əmirxan Xəlilov), “Dupduru gözlər və işıqlı təbəssüm” (Eyvaz Borçalı), “Səmimi insan və kamil alim” (Qiyas Kazımov), “Xeyirxahlıq abidəsi” (Oruc Əlizadə), “Zir­və­lərin yaraşığı” (Bayraməli Gülməmmədov), “Şərəfli ömrün sahibi” (Məhəmməd Babaşov), “Alim bilən deyil, bildik­lə­rini vicdanında duyan kimsədir” (Məmmədəli Babaşlı), “Söz və əməl vəhdətinin timsalı” (Tahir Qasımov) və s. Oğlu Azər Səmədovun uşaqlıq xatirələri isə daha təsirlidir. O, yada salır ki, Hüseyn müəllim necə barmağı ilə havada xəyali hərflər və rəqəmlər cızıb sözlər və formullar “yazırmış”. Xatırlayır ki, ba­cı­sı ilə birgə atasını işdən gələndə necə sevin­cək qarşı­la­yır­mış­lar. Çünki bilirmişlər ki, onun nəhəng ölçülü portfelində mütləq on­larçün gətirdiyi yeni kitablar var. Dərslərini hazır­lamaqda Hü­seyn müəllimin onlara necə kömək elədiyini, ailəvi istirahətə getdiklərini, atasının anasına necə gül dəstəsi bağışla­ma­sını həzinliklə xatırlayan Azər Hüseyn oğlu atası ilə ünsiy­yətdən al­dığı üç əsas dərsin də nədən ibarət olduğunu qələmə alıb. Bi­rinci dərs budur ki, əksər insan­lardan fərqli, daha mə­nalı yaşa­maq mümkündür. İkinci dərs odur ki, atasının öyüd-nəsi­hət­ləri zamanla özünü doğrultmuşdur və Azər istəyir ki, onun öv­lad­ları həmin nəsihətlərə daha erkən yaşlarından əməl etsin­lər. Üçüncü dərs ondan ibarətdir ki, qarşıya qoyulmuş məqsədə doğru inamla irəliləmək üçün zamanın hər anında daha dərin və geniş bilgilərə yiyələnməyə çalışmaq lazımdır.

Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Uni­versiteti klas­sik rus ədəbiyyatı kafedrasının müdiri Məmməd Orucovun arzusuna qoşu­luram. O, öz müəllimi barədə yazıb: “Hüseyn müəllimin elmi irsi­nin, onun şah əsərinin itib-batması günahdır və tarix bu günahı bizə ba­ğış­lamaz. Həmçinin Hüseyn mü­əllimin elmi məqalələrinin və həyatının sonuna  qədər üzə­rində çalışdığı elmi işinin əlyazmasının nəşr edilməsi yerinə dü­şərdi… Əminəm ki, o, ömrü boyu bir dəfə də olsun təəssüf hissi keçirmədi ki, onun nə doktorluq dərəcəsi, nə də cild-cild ki­tabları vardır, hərçənd, ola bilərdi, istəmədi. Ona görə istə­mədi ki, elm, elmə olan eşq onun üçün həm şan-şöhrətdən, həm də mad­di dəyərlərdən qat-qat üstün idi, müqəddəs idi. Bu eşqi, elmə, biliyə olan o ali məhəbbəti Hüseyn müəllim heç bir həyat nəşəsinə, şan-şöhrətə, mənsəbə və s. praqmatik də­yər­lərə də­yiş­məzdi və dəyişmədi də. Öz dünyasında yaşadı, aşağı qatlara en­­mədi, səma əhli olaraq qaldı, kimin onu necə başa düşə­cə­yin­dən, onu necə dəyərləndirəcəyindən asılı olmayaraq özü olaraq qaldı – Hüseyn Səmədov olaraq qaldı”.

“Saflıq örnəyi” kitabını oxuduqca,  Hüseyn  Səmədov  şəx­siy­yətinin ucalığını, ləyaqətini təsdiqləyən fikirlərlə tanış ol­duqca, daha artıq qürur duyuram ki, Hüseyn müəllimin mənə ün­vanladığı “halal olsun”, – alqış nidasını eşitmişəm, qazan­mı­şam. Ali məktəbi yaxşı və əla qiymətlərlə bitirdiyimi öyrənəndə uğurlar arzulamışdı.

İnid atası, babası, necə deyərlər, yeddi arxa dönəni haqda kitab yazan, yazdıran çoxdur. Qohumbazlığın, yerlibazlığın if­rat təzahürü kimi ortaya çıxan nəşrlər az deyil. “Saflıq örnəyi” be­lə bir zəmanədə doğulsa da, qəhrəmanı kimi təmənnasızdır. Onu ərsəyə gətirənlər təkcə Hüseyn Səmədovun cənnətməkan ru­hunu sevindirməyiblər, həm də indiki və sonrakı nəsillərə sö­zün hərfi mənasında, həqiqi mənasında saflıq örnəyi kimi xid­mət edəcək gözəl bir əsər yaradıblar. Oxucular bu kitabdan, qəh­­rəmanın adı məchul olsaydı belə, adları hətta şərti qəbul et­sələr belə, özləri üçün fayda kəsb edə bilərlər. Bəlkə də nəşrin ye­tə­rin­cə uğurlu alınmasının bir səbəbi də onun tə­lə­sik deyil, Hüseyn Sə­mə­dovun haqq dünyasına qovuş­ma­sın­dan düz on il sonra araya-ərsəyə gətirilməsidir. “Saflıq örnəyi” çox qiymətli  qədir­şü­nas­lıq nümunəsi olsa da, bununla belə, ye­nə hesab edi­rəm ki, Hüseyn Səmədovun ruhunu şad etmək üçün ən yaxşı ha­disə məhz onun ideyalarının gerçəkləşdirilməsi olardı.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

“ÖLÜM YALAN SÖZDÜR, ZİYALILAR ÖLMÜR”

Yaxşı əməl, xeyirxahlıq və mənəvi saflıq insanın özündən sonra qoyub getdiyi ən ülvi, ən müqədddəs dəyərlərdir. Kamil insan öz əməlləri ilə yalnız müasirlərinin deyil, gələcək nəsil qarşısında da cavabdehlik daşıdığını dərk edir. O cür adamlar ölmürlər. Həyatın dərin qatlarını duyub, yaşadıqca özlərindən sonra da bir iz qoyurlar. O, iz ki, bizi özündən sonra neçə-neçə sabahlara aparacaq, həyatın fəlsəfəsini, onun açılmayan sir­lə­ri­nin qapısını üzümüzə açacaq. Bu gün arxaya boylanıb yaxın keçmişimizə nəzər salanda, vaxtilə qarşımızda öz nuraniliyi ilə seçilən bu müdrik insanların ağıllı kəlamlarını və bizə verdiyi öyüd-nəsihətləri xatırlayırıq. O kəlamlar ki, bizi həmişə təmiz­liyə, saflığa aparıb, bütövləşdirib, əsl insani keyfiyyətləri özü­n­də cəmləşdirib. O dəyərlər ki, həyatın özüdür, o keyfiy­yət­lər ki, insanlara xasdır, cəmiyyətimizin sağlamlığına xidmət edir. Be­lə insanlar xoşbəxtdirlər ki, həmişə böyük olurlar və özlərinin böyüklüyünü, özgələrinin gözlərindən hiss edirlər. Zaman-zaman, vaxt ötüb keçdikcə onlar ürəklərə hopmuş özü kimi şirin xatirələrə çevrilir, ətrafımıza işıq sala-sala nağıllara dö­nürlər. Belə insanlardan biri də 1930-cu ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açıb, ərsəyə gəlmiş, və ömrünü xalqımızın maariflənməsinə həsr etmiş, böyük alim, ziyalı, xal­qımızın ölməz oğlu Hüseyn Səmədovdur. Onun atası Səməd Babaşov isə Azərbaycan xalq yaradıcılığını, dastanları, xüsusən də “Koroğlu” eposunu mükəmməl bilən ziyalılarımızdan biri idi.

Anası Səkinə xanım qədim türk tayfası olan Koxallı nəslin­dəndir. O Koxallı nəslindən ki, Mirzərza Əlizadə, Həbibulla Əlizadə, Seyfulla Əlizadə, Hidayət Turan, İsrafil Əlizadə kimi bütün Borçalıda məşhur olan işıqlı ziyalılar yetirmişdir. Səkinə xanım da bu nəslin xanım-xatın qızı olub. Üzündən həmişə nur yağar, sözlərindən bal süzülərdi. Şirinliyi, saflığı, təmizliyi, alicənablığı ilə elimizin qadınlarına nümunə olardı. Cavan qız­la­rımıza yol göstərərdi. Onların tərbiyəsi üçün öyüd-nəsihətlər, məsləhətlər verərdi. Bunları sadalamaqda məqsəd Hüseyn mü­əl­limin insan kimi yetişməsində, əxlaqi tərbiyəsində anasının  böyük rol oynamasını vurğulamaqdır.

Hüseyn Səmədov 1948-ci ildə Faxralı kənd orta məktəbini əla qiymətlərlə başa vurur, 1949-cu ildə İkiillik Müəllimlər İnstitutuna daxil olur, 1951-ci ildə oranı bitirir, 1951-1953-cü illərdə doğulduğu Faxralı kənd orta məktəbində rus dili və ədəbiyyat fənnini tədris edir. Dərs dediyi müddət ərzində istər şagirdlərə, istərsə də tələbələrə öz fənnini sevdirməklə yanaşı, həyatın incəliklərini onlara öyrədir. Həm də gənclərin bir şəx­siy­yət kimi formalaşmasında səy və bacarığını əsirgəmirdi. On­dan vaxtılə dərs almış bir qrup insanlar iftixar, qürur hissi ilə onu xatırlayaraq deyərdilər:  “Hüseyn Səmədov savadlı müəl­lim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Bu iki amil onun şəxsiyyətində cəmləşmişdir. Çalışırdı ki, biz həm savadlı, həm də tərbiyəli olaq. Bizim əxlaqımızda nə qədər müsbət keyfiyyətlər varsa, onlar ədəbiyaşar müəllimimiz olan Hüseyn Səmədovdan gəlir”.

Hüseyn Səmədov 1953-cü ildə təhsilini artırmaq üçün Ba­kıya gəlib M.F.Axundov adına Azərbaycan Pedaqoji İnsti­tu­tu­na daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. O, Babaşlı nəslindən ilk ali təhsil alan şəxsdir. Onun istedadını nə­zərə alan institutun elmi şurası əyani aspiranturaya qəbul olun­ması üçün qərar qəbul edir. 1957-ci ildə o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturaya qəbul olur. Onun elmi işi rus dilinin çox mürəkkəb sahəsi olan feilin növlərinə aid olub. Hüseyn müəllim aspiranturanı bitirəndən sonra Bakıya qayıdır, M.F.Axundov adına APİ-də komsomol və fakültə partiya təşkilatının katibi olur. Qısa bir vaxt ərzində institut kollektivinin böyük hörmətini qazanır. Könlünü kitablara verir, oxuyur, mütaliə edir. Bekon vaxtılə yazırdı: “Kitab, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir”. Hüseyn müəllim o fikir gəmisinin sükanı arxasında duran ziyalılardan olub həmişə.

1967-ci ildən 21 noyabr 2002-ci ilə qədər, yəni ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetinin Rus dilçiliyi kafedrasında baş müəllim işləyib. Onun məzarı Yasamal qəbirstanlığındadır. Bu da bir faktdır ki, Hüseyn müəllim həmişə sağdır, həmişə diridir. M.Şeyxzadənin dediyi kimi:

Elə ölənlər var ki,
Həmişə sağ, diridir.
Elə sağlar da var ki,
Min ölüdən biridir.

Nəcib insan, dilçi alim Hüseyn Səmədovun ölümündən 8 il ötsə də, o yenə də bizim aramızdadır. Hüseynsevərlər onun xatirəsini həmişə əziz tutur, gül-çiçəklə qəbrini ziyarət edirlər. Böyük alimlər müdriklər, filosoflar onun haqqında gözəl sözlər söyləyib və söyləyirlər. Görkəmli filosof Asif Əfəndiyev BDU-da “Etika və estetika” klubunun rəhbəri kimi keçirdiyi məşğələlərdə hər hansı bir mövzudan söhbət açanda ilk öncə o, Hüseyn Səmədovdan sitat gətirərdi. Çünki Hüseyn müəllim dərin zəkaya, fəlsəfi biliyə malik olan alim, pedaqoq və ziyalı idi. Vaxtılə adıçəkilən universitetin professoru Cəlal Abdulla­yev deyərdi: “Hüseyn müəllim biz professorlara dərs deyəcək səviyyədə bir ziyalı idi”. Və yaxud  Faxralının qonağı olmuş dostumuz və ziyalı qardaşımız professor Kamil Vəli Nəri­manoğlu Hüseyn Səmədovdan səviyyəli dilçi kimi söz açardı. Şəxsən özüm uzun müddət Slavyan Universitetinin rektoru olmuş professor Firidun Hüseynovun qohumum, professor Şamil Qurbanovla söhbət edərkən Hüseyn Səmədovdan ağızdolusu danışdığının şahidi olmuşam.

Çünki ziyalılığına hörmət edir, ziyalı adını həmişə uca tuturdu. O ziyalı ki,  bu gün onunla fəxr edir, adını daim uca tuturuq. O, ad ki, bu gün yaşayır, gələcəkdə də yaşayacaq. Və, neçə-neçə nəsillərin elmi biliyinə açılan qapılarının ziyasına çevriləcək. Bir epizodu xatırlamağı özümə borc bilirəm: Mən BDU-da təhsil alırdım, ilk dəfə onun yanında olanda Hüseyn müəllim kimliyimi soruşdu. Dərslərimlə maraqlandı və mənə yaxşı oxumağı tövsiyyə edərək dedi: “Əgər hər hansı çətinliyin olsa, yanıma gələrsən”. Mən həmyerlimin  sözündən qürur duy­dum, özümə böyük bir arxa, dayaq bilib bu sözdən ruhla­na­raq daha da yaxşı oxudum. Ali məktəbi yaxşı və əla qiymət­lər­lə bitirəndən sonra sevincək onun yanına gedib, bu haqda məlumat verdim. Nəcibliyi və qayğıkeşliyi ilə seçilən,  hər vaxt gənclərə qayğı göstərən Hüseyn müəllim bu xəbəri eşidən kimi sevincindən çöhrəsinə təbəssüm gəldi. Sonra mənə, halal olsun, deyərək uğurlar arzuladı.

Hüseyn müəllim həm də gözəl övladlar böyüdüb, tərbiyə edib. Oğlu Azər Moskvada AVİO şirkətdə çalışır. Qızı Nəzrin atasının yolunu davam etdirir, Azərbaycan Xarici Dillər Universitetində müəllim işləyir.

Bəli, Hüseyn Səmədov haqqında  bu gün söylənilən xatirələr xalqımızın ona olan böyük məhəbbətinin təzahürüdür. Bir də bilmək lazımdır ki, “Ziyalılar ölmür, torpağa qarışıb vətən olurlar”.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur