İmaməli Qurban oğlu Babaşov

ƏSL MÜƏLLİM, XEYİRXAH İNSAN

Müəllim təkcə o deyil ki, müvafiq sahədə təhsil alıb məktəbdə dərs deyir. Bu, olsa-olsa onun vəzifə borcunu yerinə yetirməsidir. Əsl mü­­əllim odur ki, ondan həmişə və hər yerdə öy­rə­nirlər. Sadəcə orta məktəb müəllimi olan­lar təd­ris etdiyi fənni öyrətməklə işini bitmiş hesab edirlər, adı hər zaman böyük hərflərlə yazılan müəllimlərdən isə insan bütün ömrü boyu öyrə­nir. Həyat özü bir məktəbdir deyən­lər bu sözü nahaqdan deməyiblər. İnsanın orta məktə­bi biti­rib müstəqil həyata atıl­dıq­dan sonra öyrənəcəkləri isə daha çoxdur və bu zaman məhz əsl müəllim­lərin sözünə, məsləhətinə, öyüd-nəsihətinə ehtiyac duyulur. Orta məktəbdə sənə dərs demiş müəllim sonradan da sənə düzgün yol göstərə bilirsə, dəyərli məsləhətlər verirsə, – yəni həyat məktəbinin də müəllimi ola bilirsə, bu, ikiqat xoşbəxtlikdir. Doğrudur, belə müəllimlərə az-az rast gəlinir, amma hər kəsin həyatında ən azından bir nəfər də olsa, var. Onlar heç zaman unudulmurlar. Hətta özləri həyatda olmayanda belə, vax­tilə verdikləri öyüd-nəsihət sənin karına gəlir, dar məqamda köməyinə çatır, yo­luna işıq salır.

Mənim də bütün ömrüm boyu minnətdarlıqla xatırladığım belə müəl­lim­lərim az deyil. Orta məktəb illərimi, o illərdə mənə dərs demiş mü­əllimləri xatırlayanda ilk yada düşənlərdən biri də məhz İmaməli müəllimdir. Müəl­limlərimin hamısının xatirəsi mənim üçün əzizdir, amma İmaməli müəllim kimi şəxsiyyətləri unutmaqmı olar?! Bu işıqlı, təpədən-dırnağa nur olan gözəl insanın mənim həyat salnaməmdə ayrıca yeri var. Onun insanlığı, alicənablığı və xehyrxahlığı yaddan çıxarmı?! Oturuşu-duruşu, insanlara münasibəti, səmimi ünsiyyəti ilə də sözün əsl mənasında müəllim idi, bir nümunə idi. İstedadlı və bacarıqlı şagirdlərə xüsusi diqqət göstərər, onların hər uğuruna sevinərdi. Mən bunu özümə qarşı münasibətində də görmüşdüm. Həmişə necə oxumağımla maraq­la­nar, gələcəkdə hansı peşəni seçə­cəyimi soruşar və öz məsləhətlərini ve­rər­di. Onunla bağlı işıqlı xati­rə­lərim çoxdur. Birini isə heç vaxt unutma­ram. Orta məktəbdə oxuyarkən ədə­biy­yatdan imtahan verirdim. Ədəbiy­yat müəllimim tanınmış şair, unu­dulmaz Əli Səngərli idi. Yeri gəlmiş­kən, Əli müəllim təkcə Faxralıda deyil, bütövlükdə Borçalıda ən savadlı ədə­biyyat müəllimlərindən idi. İmaməli müəllim Əli müəllimdən xahiş etmişdi ki, Səməndərin imtahanında iştirak etmək istəyirəm. Əli müəllim də, təbii ki, razılaşmışdı. İmaməli müəllim imtahanda iştirak etdi və suallara verdiyim cavablar hər ikisini qane etdi, biliyimi əla qiymətləndirdilər. İlk xeyir-duanı da mənə elə ordaca İmaməli müəllim və Əli müəllim birlikdə verdilər.

…İmaməli Qurban oğlu Babaşov 1933-cü ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1940-cı ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağır illərinə təsadüf edib, yaşıdları kimi, o illərin ağrı-acılarını yaşayıb.  Orta təhsilini 1951-ci ildə başa vurub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub. 1957-ci ildə  institutu bitirib, təyinatını Gürcüstan SSR Maarif Nazirliyinə alaraq Borçalıya qayıdıb. Ömrünün 35 ilini pedaqoji   sahəyə həsr edir.

Ömür yolu haqda bu qısa məlumatdan da göründüyü kimi, sadə bir həyat yolu keçib. Amma ilk baxışda sadə görünsə də, həyat təcrübəsi ilə zəngin, xeyirxahlıqlarla dolu, hər anı ilə öyünüləsi, qürur duyulası bir ömür yaşayıb İmaməli müəllim. Həm elin-obanın, həm də dərs dediyi şagirdlərin hörmət və məhəbbətini qazanıb. Nahaq deməyiblər ki, insanın ömrü yaşadığı illərin sayı ilə yox, əməlləri ilə ilə ölçülür, onu tanıyanların yaddaşına necə yazılması ilə mənalı olur. İmaməli müəllim də ölməzliyini, əbədi yaşarlığını xeyirxah əməlləri ilə qazananlardandır. Buna görədir ki, o, dünyasını dəyişəndə hamı təəssüf hissi keçirdi. Elimizin şairi oğlu Məmmədəli Əlləzov isə onun ölümündən təsirlənərək hisslərini poetik dillə belə ifadə etdi:

Bir müəllim itirdi yenə elimiz,
Susdu baxçamızda ötən dilimiz.
Köçdü bu dünyadan İmaməlimiz,
Bu dərdə, kədərə yandı bu torpaq.

Bəli, onun itkisinə el-oba yandı. Amma hamının bir təsəllisi oldu ki, İmaməli müəllim şərəfli, ləyaqətli bir ömür yaşayaraq dünyadan köç elədi. Elə bir ömür yaşadı ki, onu ölməzliyə qovuşdurdu. Bu gün təkcə dərs dedyiyi şagirdlər yox, bütün el-oba onu minnətdarlıqla xatırlayır, xatirəsini əziz tutur. 2015-ci ildə işıq üzü görmüş  “Maarif və ədalət fə­da­isi” adlı kitab da ona olan böyük ehtiramdır. Kitabda İmaməli müəllimin yetirmələrinin, qohumlarının, dostlarının, övladlarının bu işıqlı insan haqqında ürək sözləri, xatirələri yer alıb. Burada yer alan yazıların ha­mı­sın­da bu fikirlər öz əksini tapıb: İmaməli müəllim əsl insan və əsl mü­əl­lim, sadiq dost, nümunəvi ailə başçısı, xeyirxah və qədirbilən eloğlu idi.

İmaməli müəllimə Allahdan rəhmət diləyirəm. Ruhun şad olsun, xeyirxah insan, böyük müəllim!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur