Qurban Bayraməli oğlu Piriyev

…DÜNYADAN NƏ GÖZƏL BİR İNSAN GEDİR

Yəqin diqqətli oxucunun nə­zə­rindən yayın­ma­yıb ki, hər dəfə Faxralıdan, faxralılardan ya­zanda vur­ğulayıram ki, bu elin yetir­mə­lərinin so­ra­ğı çoxdan Borçalının hü­­dudlarını aşaraq Azər­baycana və bütün türk dünyasına yayılıb. Tə­­bii ki, bu kəndin hər bir övladı kimi, həm­yer­lilərimin uğurundan mən də böyük iftixar hissi keçirir və hər yazımda bunu dönə-dönə vur­­ğula­maqdan zövq alıram. Niyə də qürur duymayım?! Bu gün hə­yatımızın elə bir sahəsini tap­maq çətindir ki, Faxralının ye­tir­məsi olan heç olmasa bircə nəfər bu sahənin tanınmış mütə­xəssisi olmasın. İctimai-siyasi həyatda da belədir. Neçə-neçə ictimai xadimi, incəsənət ustası ilə öyünür həm də faxralılar. Bu yazıda isə mən şəfalı əlləri ilə minlərlə ailəyə sevinc bəxş edən hakimlərimizdən biri haq­qında söhbət açmaq istəyirəm.

…Qurban Bayraməli oğlu Piriyev 1939-cu il may ayının 9-da Bor­çalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayo­nunun Faxralı kəndində anadan olub. 1946-cı ildə kənddəki orta məktəbin birinci sinfinə daxil olub. 1956-cı ildə orta təhsilini başa vurub. Təbii ki, yaşıdlarının çoxu kimi, onun da arzusu olub ki, ali təhsil alsın. Amma hərbi xidmətə çağırılması bu arzusunun reallaşmasını bir qədər ləngidib. Yalnız 1959-cu ildə ordu sıralarında tərxis olunduqdan sonra Bakıya gələrək sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunun stomoto­lo­gi­ya fakültəsinə verib və imtahanlardan uğurla çıxaraq tələbə adı­nı qazanıb. Tələbəllik illərinin əziyyətli, lakin şirin illərini ya­şayıb. Oxumaq sarıdan çətinliyi olmasa da, maddi durumu onu həm də işləməyə vadar edib. Gündüzlər oxuyub, gecələr isə ki­çik tibb işçisi kimi fəaliyyət göstərib. Kim bilir, bəlkə bu da ta­le­nin onun qismətinə yazdığı yazı imiş ki, hələ tələbə ikən nə­zə­ri biliklərini təcrübədə möhkəmlətmək imkanı qazanıb, ali mək­təbi bitirib müstəqil fəaliyyətə başlayanda çətinlik çəkməyib.

1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib və təyi­natla Naf­talan şəhərinə göndərilib. Buradakı sanatoriyada həkim-stomotoloq kimi fəaliyyətə başlayıb. Savadı, qabiliyyəti ilə yanaşı səmimiliyi, ürəyige­niş­liyi və həssaslığı ilə qısa vaxt­da çalışdığı kollektivin sevimlisinə çevrilib. Adı hər yerdə hörmətlə çəkilib. Sanatoriyaya istirahətə gələnlər də ondan razılıqla ayrılıblar.

Qurban Bayraməli oğlunun buradakı fəaliyyəti təkcə həkim-sto­mo­toloq kimi çalışmaqla məhdudlaşmayıb. Daim ax­ta­rışda olub, tibbin ən son yeniliklərini belə mənimsəməyə ça­lışıb. Bir sıra elmi-praktik kon­frans və seminarlarda iştirak edib. Dəfələrlə Moskva, Almatı, Tbilisi və digər şəhərlərdə xid­məti ezamiyyətdə olub.

O, çalışdığı kollektivin və şəhərin ictimai həyatında da ya­xından iştirak edib. 1971-ci ildə onu həm də Naftalan şəhər Kurort Birliyi həm­kar­lar komitəsinin sədri vəzifəsinə seçiblər. Həkim-stomotoloq kimi fəaliy­yətini davam etdirməklə yanaşı, ömrünün sonuna qədər həm də bu vəzifədə çalışıb.

Bütün əmək fəaliyyəti Naftalanla bağlı olan Q.Piriyev bu şə­hərin sayılıb-seçilən, hörmətli sakinlərindən olub. Onu bu­rada həm də nümunəvi ailə başçısı kimi tanıyıblar. 1969-cu ildə ailə həyatı qurub və 3 övlad boya-başa çatdırıb.

İnsanın özü bilməsə də, Allah hərəyə bəlli bir ömür payı yazır. Yazıqlar olsun o adama ki, ömrü ləyaqətlə yaşayıb yad­daşlara köçə bilmir. Qurban həkim cəmisi 66 il ömür sürüb, 2005-ci il mayın 20-də vəfat edib. İnsan üçün 66 il elə də böyük zaman kəsimi hesab olunmasa da, ləyaqətlə yaşaya bi­lən­lər üçün az da deyil. Bu mənada, Q.Piriyevi xoş­bəxt tale­lilərdən hesab etmək mümkündür. Çünki qismətinə yazılan ömür payını şərəflə yaşayıb, istər çalışdığı kollektivdə, istərsə də ictima­iyyət arasında böyük hörmət və nüfuz qazanıb, kim­sənin yanında gözü­kölgəli olmayıb. Bir də ona görə xoşbəxt talelərindəndir deyirəm ki, özündən son­ra ləyaqətli övladları qalıb.

Tale elə gətirdi ki, Qurban  Piriyevin vəfatından neçə il sonra Nafta­la­na gedəsi oldum. Dostları və iş yoldaşları ilə həm­söhbət oldum. İnsan sağlığında nə qədər sevilərmiş. Qur­ban həkimi sevgi ilə, məhəb­bət­lə xatırlamayana rast gəlmədim. Möcüzəli Naftalan sanatoriyasının baş həkimi Gültəkin həkim­dən başlamış, Tapqaraqoyunlu kəndinin sakini, iş adamı Rafiq Oktay oğlu İbrahimova kimi hamı Qurban həkimdən ağız­dolusu danışırdı. Qurban həkim əməlləri ilə insanlıq zirvəsinə qədər ucalmışdı. Naftalan şəhərinin sakinləri indi də onun yox­luğu ilə barışa bilmirlər. Hamısı bir ağızdan deyir ki, Qurban həkimin timsalında ən gözəl insanı itirdik.

Xalq şairi Məmməd Rahimin bir müdrik kəlamını xatır­layıram:

Yarat! Sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.

Bəli! Bu, həqiqət idi. İnsanların qəlbində heykəlləşən hə­qiqət. Bir ömrü kisi kimi yaşayıb, kişi kimi başa vurub, şirin xatirəyə çevrilərək yaddaşlara köçüb. Deməli, əbədi ölməzlik qazanıb Qurban həkim.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur