QISA MƏLUMAT
Nadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü ildə Moskva şəhərində “Azərbaycanda Qazkimillərin ekologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun 8 elmi əsəri çap olunmuşdur. 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı-Zeid kəndində müəllim işləmişdir. 1971-ci ildə Qabaqcıl Maarif xadimi adına layiq görülmüşdür. 1971-ci ildə Azərbaycan respublikası müəllimləri təkmilləşdirmə institutunda metodist vəzifəsində işləmişdir. O, 1995-ci ildən Səbail Rayon Təhsil şöbəsində metodist vəzifəsinədək yüksəlmişdir.
Mənbə : REDAKTORDAN.
ZİYANSIZ ZİYALI
Vaxtın, zamanın qədrini bilən adam heç vaxt uduzmaz. Daha doğrusu, belə adamların hər dəqiqəsi qızıl kimi qiymətləndirilir. İnsan var, aylar, illər ötür heç dünyanı vecinə də almır. Əslinə qalanda onun görüləsi işi də olmur. Yəni bu cür adamlar nə ailə yanında, nə də eldə-obada söz sahibi deyillər. Ancaq insan da var ki, bayaq dediyimiz kimi, hər dəqiqəsinin qədrini bilir, hər sözünün çəkisini hiss edir, hər addımının yerini bilir. Bilir ki, həmin yerdə addımlamaq olar, yoxsa olmaz.
Böyük filosof S.Ricardson yazır: “Vaxtı qoruyun, bu, həyatdan düzəldilmiş bir toxumadır”. Deməli, vaxtı qorumağın özü, qədirbilməyin mənası hardasa insanın böyüklüyündən, iradəsindən və ən nəhayət uğurlarından xəbər verir.
Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində 1940-cı ildə anadan olan Nadir İsa oğlu Qurbanov sözün həqiqi mənasında öz zəhməti ilə böyüyən, yetişən və püxtələşən insanlardan sayıla bilər. Yəni adam var ki, keçmişi unudur, yaddan çıxarır və bu günü ilə öyünür. Ancaq Nadir Qurbanov həm keçmişini, həm bu gününü, həm də sabahını düşünən adam olub. Başqa sözlə demiş olsaq, keçmişdə qazandıqları ilə heç vaxt qürrələnməyib. Əksinə, fikirləşib ki, mən bu gün və sabah nə etmişəm və nə edəcəyəm?
O, orta məktəbi bitirəndən sonra Sovet Ordusu sıralarında qulluq edib. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə daxil olub və oranı bitirib. Elmi axtarışları və təhsilə olan böyük maraq gənc alimi özünə çəkib. Nadir Qurbanov 1974-cü ildə Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olub. Həmin illərdə o elmi axtarışlarını davam etdirərək bu sahədə uğurlarını artırıb.
Aydındır ki, Sovet dönəmində elmi dərəcə almaq üçün çox əziyyətlər çəkmək lazım gəlirdi, daha doğrusu, elm adamı kimi özünü təsdiq etmək çox çətin idi. Özü də müdafiələrin çoxu Bakıda deyil, Moskvada keçirilirdi. Şovinsit ruslar isə bəzən bizim istedadlı, ziyalı və elm adamlarına qısqanclıqla yanaşır, gözləri onları götürmürdü. Amma bütün bu təzyiqlərə və soyuq münasibətlərə baxmayaraq, Nadir Qurbanov 1983-cü ildə Moskvada “Azərbaycanda qazkimillərin ekologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Onun müxtəlif dövrlərdə 8 elmi əsəri çap olunub.
O, 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı Zeid kəndində müəllim işləyib. Təbii ki, müəllimlik şərəfli bir peşədir, ancaq müəllim şərəfini qorumaq, onun adını uca tutmaq hər insana nəsib olmur. Nadir Qurbanov harda işləməsindən asılı olmayaraq, bu adı həmişə uca tutub, öz şərəf və ləyaqəti qədər onu qoruya bilib. Elə bu əməllərinə görə də, 1971-ci ildə o, “Qabaqcıl maarif xadimi” adına layiq görülüb. Sonralar isə Nadir Qurbanov Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist vəzifəsində çalışıb. 1995-ci ildən isə Səbail rayon təhsil şöbəsində metodist işləyib. Deməli, hər şey insanın öz əlindədir. İnsan həyatını düzgün quranda, vaxtını dəqiq bölüşəndə istər-istəməz öz məqsədinə çətinliklə də olsa çata bilir. Böyük Nizami çox yerində deyib:
Gözəl bir həyat qur, şən yaşa hər an,
Kimsəyə dəyməsin səndən bir ziyan.
Özünə gözəl həyat quran böyük ziyalı və xeyirxah insan Nadir Qurbanovdan indiyə kimi heç kəsə bir ziyan dəyməyib, əksinə, o, yıxılanın qolundan tutub, büdrəyənə arxa durub. Bir sözlə həmişə özünü əsl ziyalı və əsl müəllim kimi təsdiqləyə bilib.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.