QISA MƏLUMAT
Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta məktəbini bitirmiş və 1960 – 1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul olunmuş və sonra Moskva Hidromeliorasiya İnstitutuna göndərilmişdir.Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika və iqtisadiyyat kursunu bitirmişdir. 1973-cü ildə Moskva Hidromeliorasiya institutunda “Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunda su ehtiyatlarının kompleks istifadəsi laboratriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. O, Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında dosent vəzifəsinədək yüksəlmişdir. 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu bitirmişdir. 1995-ci ildən Lənkəran Dövlət universitetində və Bakı Ali Hərbi Dəniz məktəbində də işləmişdir. Fakültə “Bilik” cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışmışdır. Sabir İsgəndərov 100-ə yxın elmi məqalənin, elmi hesabatın və bir sıra dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda, Orta Asiyada və Şimali Qafqazda həyata keçirilən bir sıra su təsərrüfatı tədbirlərinin aparılmasında istifadə olunur.
Mənbə : REDAKTORDAN.
DİLƏKLƏR GÜL AÇAR DAŞIN İÇİNDƏ
Faxralılar və bütövlükdə məni tanıyanlar yaxşı bilri ki, dilim söz, əlim qələm tutandan Faxralı sözü dilimin əzbəri, hər cümləmin əzəl mübtədası olub. Özüm böyüdükcə doğma yurduma olan sevgim də böyüyüyb, harda olmağımdan, hansı vəzifədə çalışmağımdan asılı olmayaraq Faxralı mənim qibləgahım, faxralılar qüruru mənbəyim olub. Ağsaqqallardan, ağbirçəklərdən bu elin dünəni ilə bağlı maraqlı bir şey öyrənmək bir növ mənim xobbimə çevrilib. Bu ağır elin ağır taxtalı kişilərini, hər kəlməsindən alqış yağan sinəsi bayatalı, qoşmalı ağbirçək nənələrimizi vəsf etməyə çalışmış, tələbəlik illərindən başlayaraq neçə-neçə elə şairinin şeirlərini toplayıb kitab halında çap etdirmişəm.
Borçalının tarixi ilə bağlı hər hansı bir kitab əlimə keçərkən ilk növbədə orada Faxralı ilə bağlı bir məlumatın olub-olmaması ilə maraqlanmış, son illərdə müxtəlif peşə sahələri ilə bağlı çıxan ensiklopedik kitablarda da ilk növbədə faxralıları axtarmışam. Özü də təkcə ona görə yox ki, bu kənd mənə doğma və əzizdir, həm də oan görə ki, Faxralı özünün ləyaqətli övladlarıyla təkcə Borçalıda yox, bu gün bütün Türk dünyasında məşhurdur.
Bu günlərdə alimlərlə bağlı ensiklopedik bir kitabı vərəqləyərkən Faxralıda doğulub boya-başa çatmış bir alim diqqətimi çəkdi. Üstəlik 2011-ci ilin onun üçün yubiley ili olması marağımı bir az da artırdı. Onun keçdiyi ömür yoluna nəzər salmaq və bu şərəfli ömür yolunun bəzi məqamları ilə oxucularımızı da tanış etmək istədim.
…Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta təhsilini bu kənddə alıb. Ali təhsil almaq arzusu onu da Bakıya gətirib çıxarıb və o, 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub.
1965-ci ildə İnstitutu bitirən Sabir İsgəndərov Azərbaycan Dövlət Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis-hidrotexnik kimi əmək fəaliyyətinə başlayıb. Təbii ki, böyük arzularla yaşayan, gələcək üçün özünəməxsus planları olan bir gənc üçün bu vəzifə olsa-olsa başlanğıc, böyük uğurlara gedən yolda tramplin idi. Hər şey hələ qabaqda idi və istəyə çatmaq üçün sadəcə olaraq inadkarlıq və bir də gərgin zəhmət tələb olunurdu. Sabir Məhəmməd oğlu tezliklə çalışdığı kollektivdə bacarığı və işgüzarlığı ilə seçildi, öz gələcəyinə ətrafındakılarda da böyük inam yaratdı. Elə bu inamın nəticəsi idi ki, burada işlədiyi müddətdə Rusiyanın Novoçerkassk şəhərindəki Mühəndsi-Meliorasiya İnstitutunun nəzdində su təsərrüfatı üzrə ali rəhbər kadrlar hazırlayan kursu da bitirdi. Bir müddət isə Uzaq Şərqdə – Vladivostok şəhərində su təsərrüfatı qurğularının layihələndirilməsində çalışdı.
Artıq demək olar ki, institutda yiyələndiyi nəzəri bilikləri istehsalatda bir az da möhkəmləndirmiş, qarşıda duran daha böyük arzulara doğru inamlı addımlar atmaq üçün yeni üfüqlər açılmışdı.
1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun aspiranturasına daxil olan Sabir müəllim elmi-tədqiqatlarını davam etdirmək üçün Moskva Hidromeliorasiya İnstitutuna göndərilib. Moskva elmi mühiti ona daha geniş imkanlar açıb və o, Moskva Hidromeliorasiya İnstitutunun elmi-tədqiqat bölməsində çalışaraq dissertasiya mövzusu üzrə elmi tədqiqatlarını davam etdriməklə yanaşı, həm də Moskva Xalq Universitetinin texnika və iqtisadiyyat kursunu da bitirib.
Nəhayət yuxusuz gecələr, elmi-tədqiqat laboratoriyaları və kitabxanalardakı gərgin zəhmət bahasına ərsəyə gələn “Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi” mövzusunda disser-tasiya işini yekunlaşdıraraq 1973-cü ildə Moskva Hidromeliorasiya İnstitutunda uğurla müdafiə edib.
Bütün elmi potensialını və zəngin təcrübəsini Azərbaycanda hidromeliorasiya elminin inkişafına, su təsərrüfatının elmi problemlərinin öyrədilməsinə həsr edən S.İsgəndərov 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun su ehtiyatlarının kompleks istifadəsi laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb.
1975-ci ildə Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının dosenti seçilən Sabir müəllim elə o vaxtdan həm də pedaqoji fəaliyyətlə məşğul olur. Özü də pedaqoji fəaliyyət nəinki onu elmi işindən ayırmayıb, əksinə bu sahədəki işini genişləndirmək üçün əlavə stimul olub. Elmi-təcrübi biliklərini gələcəyin mütəxəssislərinə həvəslə öyrədib. Kafedradakı işi ilə yanaşı, təsərrüfat müqavilələri əsasında Lənkəran zonasında Viləşçay su anbarının gile kranlı bəndinin tikilməsində hidrometeoroloji amillərin nəzərə alınması, səthi axımın tədqiqi, Ceyranbatan su anbarında lillənmənin öyrənilməsi, Böyükşor gölünün hidroloji rejimi və s. mövzularda tədqiqat işlərinin aparılmasına rəhbərlik edib.
Sabir müəllim həmçinin 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu da bitirib. 1995-ci ildən Lənkəran Dövlət Universitetində və Bakı Ali Hərbi Dənizçilik məktəbində də çalışıb. Fakültə “Bilik” cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışıb.
Məhsuldar alim ömrü yaşayan Sabir İsgəndərov 100-dək elmi məqalənini, elmi hesabatın, bir neçə dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda, Orta Asiyada və Şimalı Qafqazda həyata keçirilən bir sıra su təsərrüfatı layihələrində istifadə olunur.
…Bəli, əziz, oxucu sizinlə birlikdə bir alim ömrünün ayrı-ayrı məqamlarına nəzər saldıq. Bəlkə də burada qeyri-adi bir şey də yoxdur, hər bir ziyalının keçdiyi bir ömür yoludur. Amma gəlin etiraf edək ki, nə qədər bir-birinə bənzəri olsa da, hər bir ömür yolunun öz gözəlliyi və özəlliyi var. İnsanın arxada qoyduğu hər il, bəzən hətta bircə gün belə özündə bir ömrə sığmayacağ qədər böyük xatirə daşıyır. Sevimli xalq şairimiz Zəlimxan Yaqub demiş, illərin izi var xatirələrdə. Sabir müəllimin arxada qoyduğu bu illərdə də nə qədər şirin xatirələr yaşayır və ömrünün yeddinci onilliyinin zirvəsindən arxaya boylananda çox şeylə öyünə bilər: həm yaşadığı alim ömrü ilə, həm də əsl Faxralı oğlu olmasıynan. Əslində bunların hər ikisi daha çox faxralıların qürur mənbəyidir. Sabir müəllimin özünə gəldikdə isə hesab edirik ki, keçmişin şirin xatirələri ilə ovunmaq onun üçün hələ tezdir. Bu gün ömrün elə məqamındadır ki, istər elm üçün, istərsə də eli üçün daha böyük işlər görə bilər. “Təki arzu tükənib, ömür bitməsin”. Ağıllı insanların diləkləri daşın içində də gül açır. Şair Zəlimxan Yaqub demişkən:
Əgər ağıl varsa başın içində,
Diləklər gül açar daşın içində.
Zəlimxan yaz tapar qışın içində,
Tək arzu tükənib ömür bitməsin.
Sabir müəllimə bu yolda uğular arzulayır və anadan olmasının 70 illik yubileyi münasibəti ilə təbrik edirik.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.