Təqribən 20-ci əsrin 70-80-ci illərində Gürcüstan radiosunda “Danışır Tbilisi!” kəlməsi Faxralının dəyərli oğlu Ələddin Nəsib oğlu Həsənovun səsi ilə aləmə yayılırdı. Bu, Gürcüstan azərbaycanlıları üçün doğma, əziz, sehirli bir səs idi. İnsanlar hər gün bu ecəzkar səsi eşitmək üçün səbirsizliklə gözləyir, radionun qabağına toplaşaraq respublikada və dünyada baş verən proseslərə, paeziya nümunələrinə və digər maraqlı hadisələr barədə verlişlərə böyük sevgi, məhəbbət ilə qulaq asardılar. Ələddin Həsənov ümumxalq sevgisi qazanmışdı. Təəssüflər olsun ki, bu gün o, həyatda yoxdur! Lakin, Ələddin Həsənov bizlərin qəlbində həmişə yaşayacaqdır! Allah rəhmət eləsin!
REDAKTORDAN
Ələddin Həsənovu xatırlayırlar:
Ələddin Həsənov, ömrünü 30 ilindən çox dövrünü Gürcüstan radiosunun diktoru işləmişdir. İşlədiyi vaxtlarda demək olar ki, hər gün özünün məlahətli, cəlbediçi səsi ilə soydaşlarımızın ürəyinə asanlıqla yol tapa bilmişdir. Həmin vaxtlar bir redaktor kimi inamla deyə bilərəm ki, Gürcüstan radiosu deyəndə Ələddin Həsənli, Ələddin Həsənli deyəndə Gürcüstan radiosu yada düşürdü.
O, bu gün artıq aramızda yoxdur, lakin onun əziz xatirəsi onu tanıyanların, eləcə də sənətsevərlərin ürəyində daim yaşayacaqdır. Mən də öz növbəmdə onun xatirəsini yad etmək məqsədilə ifasında şəxsi arxivimdə saxladığım bir ədəbi verilişi Yutuba yükləyirəm. Allah rəhmət eləsin, yeri behişt olsun! Amin!
Hörmətlə: Mirzə Məmmədoğlu
Zəlimxan Yaqubun Saz poeması Ələddin Həsənlinin ifasında:
Səməndər Məmmədov : İLLƏRİN İZLƏRİ…
Bəzən aylar, illər və günlər bir göz qırpımında gəlib keçir. İnsan hiss eləmir ki, həmin ayları, illəri və günləri necə yaşadı. Bircə onu hiss edir ki, bu illərin arasında o, bir az da yaşa doldu, bu illərdə bir az da təcrübə topladı və bu illərdə ömrün müəyyən hissəsi arxada qaldı.
Dünya dərk ediləndən ta bu günə qədər tarixdə və insanların yaddaşında həmişə yaxşı insanlar qalıb. Düzdür, qədddar, amansız və cəllad adamlar da olub. Onlar hakimiyyətdə, vəzifədə olarkən xətir-hörmət sahibi kimi tanınıblar. Ancaq hakimiyyətə və taxt-taca son qoyulandan sonra həmin insanların həyatı və taleyi çox acınacaqlı olub. Çünki yaşadıqları dövrlərdə padşah olsalar da, taxt-tacda əyləşsələr də, böyük var-dövlət sahibi olsalar da, insanların ürəyində özünə yuva tapa bilməyiblər. Elə taxt-tac sona çatandan bir az ötməmiş onların içi üzü açılıb və el-oba yanında hörmətləri olmayıb.
Amma adi bir insan, adi bir vətəndaş elə bir ömür yaşayır, elə bir iz qoyur ki, onu həmişə yaxşı əməllərinə görə yada salırlar. Belə insanlrdan biri də Ələddin Nəsib oğlu Həsənovdur. O, 1941-ci il dekabrın 31-də Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Dünyanın hər üzündən xəbər tutan, başqa sözlə demiş olsaq, hər şeyi dərindən dərk edən Ələddin Həsənov özünəməxsus bir ömür və həyat yolu seçib. Düzdür, o yolun enişi, yoxuşu çox olub amma enişli-yoxuşlu yolarda necə və nə cür hərəkət eləməyi çox yaxşı bilib. Nizami Gəncəvinin gözəl bir kəlamı var:
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Həqiqətən də insan özünə inananda və ən nəhayət, dünyada elmə, biliyə, savada yiyələnəndə çox yolu rahat gedə bilir. Ələddin Həsənov belə bir yolla gedib və istəyinə də nail olub. İndi biz bu yazıda onun həmin yolu necə getməyini bir daha oxucuların nəzərinə çatdırmaq istəyirik.
Belə ki, Ələddin Həsənov 1958-ci ildə M. Əliyev adına Teatr İnistutuna (indiki Mədəniyyət və İncəsənət Universitetinə) sənəd versə də, müsabiqədən keçə bilməyib. Amma bu, onu ruhdan salmır. Ordu sıralarına yollanır və üçillik hərbi xidmətdən sonra yenidən sənədlərini həmin instituta verir və mədəni-maarif fakültəsinə daxil olur.
Ələddin Həsənov yaradıcı və istedadlı adam olub. Sadəcə olaraq, instituta qəbul olmaqla bu istedadı bir qədər də cilalamaq və inkişaf elətdirmək istəyib. İnstitutu bitirəndən sonra təyinatla Daşkəsən şəhərinə gəlib və orda mədəniyyət evinin xalq teatrında rejissor vəzifəsində işləyib. Həmin illərdə o, bir cox tamaşalara və pyeslərə yeni quruluş verib və səhnə həyatı bəxş edib. Sonradan isə o, Gürcüstan radiosunun Azərbaycan redaksiyasında diktor işləyib.
Təbii ki, yaradıcı adamın bütün sahələrdə istedadı nə vaxtsa üzə çıxmalıdı. Ələddin Həsənov da Gürcüstanda Tbilisi Dövlət Azərbaycan Teatrının yenidən bərpa olunmasında böyük əziyyətlər çəkib. Eyni zamanda teatrda yeni tamaşaların səhnəyə qoyulması üçün həm rejissor, həm də direktor kimi böyük addımlar atıb. Düzdür, o, həmin teatrda direktor işləsə də, səhnəyə çıxan hər bir tamaşada Ələddin müəllimin dəsti-xətini, ruhunu və nəfsini hiss etmək olurdu. Onun içində həmişə bir öyrətmək həvəsi vardı. Yəni o, bildiyini, öyrəndiyini və əxz etdiyini kimlərəsə ötürməkdə paxıllıq etməyib. Teatrda işlədiyi dövrdə Faxralı kənd orta məktəbində nəğmə və musiqi dərsləri deyib, eyni zamanda Tbilisi Pedaqoji İnstitutunun Azərbaycan fakültəsində öz bildiklərini tələbələrə öyrədib.
O da maraqlıdır ki, hər hansı adam çox savadlı olur, ancaq bildiyini və öyrəndiyini kimlərəsə öyrədə bilmir. Amma bayaq dediyimiz kimi, Ələddin Həsənov bu qabiliyyətə də malik olub və Tbilisi Teatrının truppasının əsasını qoyub. Yəni bu kişi milli mədəniyyətimizin və teatr sənətimizin inkişafı üçün əlindən gələni əsirgəməyib. Eyni zamanda, bu cür istedadlı adamın əməyi də diqqətdən kənarda qalmayıb. Vaxtı ilə Gürcüstan hökuməti onun zəhmətini yüksək qiymətləndirərək «Şöhrət» ordeni ilə mükafatlandırıb.
Abbasqulu ağa Bakıxanov yazır: «Elmini, təhsilini fürsət varkən əldən buraxma». Sanki Ələddin Həsənov üçün deyilib. Çünki o, yaşadığı ömrü öyrənmək və öyrətməklə keçirib. Mədəniyyətin, teatrın, incəsənətin və musiqimizin çiçəklənməsi, inkişafı üçün bu gözəl insan heç vaxt zəhmətini əsirgəməyib. Əksinə, gecə-gündüz çalışıb ki, özündən sonra insanların yaddaşında xoş duyğular qoysun, izlər yaratsın.
Ələddin Nəsib oğlu Həsənov 2007-ci il aprelin 13-də dünyasını dəyişib. Bu gün o, cismən dostların, tanışların arasında yoxdur. Mənən isə Ələddin Həsənov həmişə qurub-yaratdığı və böyük iz qoyduğu sənət aləmində və dostların arasında özünə böyük bir məkan tapıb. Belə insanlar heç vaxt ölmürlər. Onların yaratdıqları mədəni nümunələr və sənət zaman-zaman digərlərinə ötürülür və onu yaşadır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.