İŞIQLI HƏR BAXIŞ MÜKAFATINDIR
İnsanın ən ağır günündə ona şəfa verən, sağlamlığının keşiyində duran həkimə, təbibə böyük ehtiyacı var. Əgər bir adam xəstələnərsə, o həmin anda göydə Allahdan, yerdə isə həkimdən şəfa istəyir. Adətən deyirlər ki, insana şəfanı da, bəlanı da verən Allahdır. Həkimlər də deyirlər ki, Allahın izni və köməyi olmadan biz heç bir xəstəni həyata qaytara bilmərik. Hər hansı əməliyyata girəndə ilk növbədə həkim olaraq Allahı köməyimizə çağırırıq. Sonradan isə o xəstənin üzərində əməliyyata başlayırıq.
Bəli, həqiqətən də ağxalatlı və insanların qayğısını çəkən səhiyyə işçilərinə bütün dövrlərdə böyük inam olub. Elə ki, o ağ xalatlı həkimlər içəri girir, bax onda xəstənin çöhrəsində sevinc hissi oyanır.
Qədir Mənsur oğlu Babaşov 1942-ci ildə Faxralı kəndində dünyaya göz açıb. Hamı kimi o da orta məktəbə gedib, kitab oxuyub, müəllimlərinin və valideynlərinin məsləhətini dinləyib. O məsləhətlərdə bir fikir səslənib ki, insan həyatda savadlı, elmli olanda daha güclü olur. Çünki bütün sirli qapıların açarı elm adamlarının əlində olur. Elə bir çətin iş yoxdur ki, onun yolunu elmdə tapmaq mümkün olmasın.
Bunların hamısını Qədir Babaşov yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, insan çətinlik görmədən, ağır anlar yaşamadan yaxşı günlərin də qədrini duya bilməz. Ona görə duya bilməz ki, yaxşı günlərə qovuşmaq üçün alın təri tökməlisən, oxumalısan və ən nəhayət günlərin birində istəyinə qovuşmalısan. O, hərbi xidmətə yollanır və hərbi xidmətdən qayıtdıqdan sonra 1965-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Əyninə ağ xalat geymək və xəstələrə şəfa vermək onun ən böyük arzusu idi. Təbii ki, hər şeyi arzulamaq olar, amma heç də həmişə insan arzusuna çata bilmir.
Nizami Gəncəvinin aşağıdakı misralarına diqqət yetirəndə çox şey aydınlaşır:
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Qədir Babaşov insanların yükünü, əziyyətini çəkmək istəyirdi. O istəyirdi ki, hardasa ağır vəziyyətdə olan xəstənin yanına birinci çatsın və onu həyata qaytarsın. O istəyirdi ki, yaşamağa ümidi belə olmayan xəstəyə ürək-dirək verib onda yaşamaq eşqini oyatsın. Axır ki, günlərin birində, yəni 1971-ci ildə institutun müalicə-profilaktika fakültəsini bitirən Qədir Babaşov əyninə ağ xalat geyinir və Sumqayıt Birləşmiş Şəhər Xəstəxanasında həkim işləyir. Həkim işləyəndə bir daha hər şey onun üçün gün kimi aydın oldu. Gün kimi aydın oldu ki, ağır vəziyyətdə olan insanları həyata qaytarmaq o qədər də asan deyilmiş. Bunun üçün gərək son dərəcə savadlı və bilikli olasan, öz üzərində işləyəsən və daim axtarışlar aparasan. Tibbdə baş verən yenilikləri əxz edəsən. İşlədikcə təcrübəsi daha da artdı və çox xəstələrin sevimlisinə çevrildi. Bir müddət həmin xəstəxanada həkim, sonra xəstəxananın poliklinika şöbəsində həkim, şöbə müdiri işləyib. Paralel olaraq həkim əmək ekspert komissiyasında və Sumqayıt Şəhər Hərbi Komissarlığında da həkim işləyib. Uzun müddət Sumqayıt Tibb Texnikumunda dərs deyib. Bu gün isə o, Sumqayıt şəhərində həkimlik fəaliyyətini davam etdirir.
Onun tutduğu yol düz yoldur. Düz yol isə insanı həqiqətə doğru aparır.
Şair Sədi Şirazi deyib:
Düz yol istəyirsən – ədalətli ol,
Xalqına, elinə sədaqətli ol…
Xalqına, elinə sədaqətli olan insanları isə həmişə seviblər. Ən azından ona görə ki, onların tutduğu yol düz yol olub. Qədir həkim də gözəl bilirdi ki, insanı ucaldan onun zəhmətidir. Və Qədir həkim də nəyə nail olubsa, alın tərinin və zəhmətinin hesabına olub. “Sənin əlin dərdə dərman ay həkim, sənin əlindədir dərman ay həkim” mahnısının eşidəndə sevincinin həddi-hududu olmur. Bir də Rasim Kərimlinin “həkim qayğısına” həsr elədiyi şeri dilindən düşmür.
Qayğısız, zəhmətsiz insan ucalmaz,
Tanınan, yaşayan eşqin adıdır.
Bir kəsdən başqa cür təmənnan olmaz,
İşıqlı hər baxış mükafatındır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.