QISA MƏLUMAT
Yusif Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1948 – 1958-ci illərdə Faxralı orta məktəbini bitirib, Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu bitirmiş, təyinat üzrə “Bakelektroştamp” zavodunda mühəndis-texnoloq işləmişdir. 1965-1968-ci illər ərzində Azərbaycan Politexnik institutunun “Maşın detalları və yükqaldıran-nəqlədici maşınlar” kafedrasında assistent işləmişdir. 1968-1971-ci illərdə Moskvada SSRİ EA-nın “Maşınşünaslıq” elmi tədqiqat institutunda aspirant olmuş, orada texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdikdən sonra Azərbaycan Politexnik İnstitutunun “Maşın detalları və YQNM” kafedrasında assistent, baş müəllim və dosent vəzifəsində işləmişdir. 1975-1976-cı illər və 1998-ci ildə Almaniya Federativ Respublikasının Münxen Texniki Universitetində elmi e’zamiyyətdə olmuşdur. 1981-1982-ci illərdə Moskvada Moris Torez adına Xarici Dillər İnstitutunda ingilis dili öyrənmiş və 1983-1987-ci illər ərzində Efiopiyada Bahr-Dar Politexnik institutunda müəllim işləmişdir. O, maşın və mexanizmlərdə “Sürtünmə, yeyilmə və yağlama” problemləri ilə məşğul olmuşdur. 50-dən çox elmi məqalənin, 10-a qədər müəlliflik şəhadətnaməsinin müəllifidir. 9 dərs vəsaiti çap etdirmişdir (onlardan 4-ü ingilis dilində Efiopiyada çap olunmuşdur). Digər müəlliflərlə birlikdə rusça-azəricə-türkcə-ingiliscə “Makina elemanları sözlüyü” (325 s) Türkiyədə çap olunmuşdur (1997). Elmi məqalələri əsasən Rusiya, Almaniya, Türkiyə, Yuqoslaviya və s. dövlətlərdə çap olunmuşdur.
Mənbə : REDAKTORDAN.
ÖYÜNSÜN BARIYLA, BAĞÇA-BAĞ SALAN
Faxralının alimlərindən söhbət düşəndə barəsində xoş sözlər söylənilənlərdən biri də Yusif müəllimdir. Onun haqqında çoxdan yazmaq istəsəm də, görünür qismət bu günə imiş.
…Yusif Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı kəndində kolxozçu ailəsində anadan olub. 1948-ci ildə kənddəki orta məktəbin birinci sinfinə gedib, 1958-ci ildə bu məktəbi bitirdikdən sonra yaşıdlarının çoxu kimi, o da ali təhsil almaq arzusuyla Bakıya üz tutub. Sənədlərini Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) maşınqayırma fakültəsinə verib. İmtahanlardan uğurla çıxaraq tələbə adını qazanıb. 1963-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatla “Bakıelektroştamp” zavodunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. Bir il burada çalışdıqdan sonra hərbi xidmətə çağırılıb və 1964-1965-ci illərdə ordu sıralarında qulluq edib. Hərbi xidmətini başa vurduqdan sonra elm sahəsində çalışmaq qərarına gəlib və 1965-ci ildə, bir vaxtlar tələbəsi olduğu Azərbaycan Politexnik İnstitutunun “Maşın detalları və yükqaldıran-nəqledici maşınlar” kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Üç il burada çalışdıqdan sonra 1968-ci ildə Moskvada o vaxtkı SSRİ EA-nın “Maşınşünaslıq” Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. Nəhayət, üçillik aspirantlıq dövrü – yuxusuz gecələr, gərgin elmi axtarışlar öz bəhrəsini verib və o, namizədlik dissertasiyasını uğurla müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
Dissertasiya müdafiəsindən sonra yenidən doğma kollektivə – Azərbaycan Politexnik İnstitutunun “Maşın detalları və yükqaldıran-nəqledici maşınlar” kafedrasına qayıdan Yusif Musayev burada əvvəlcə assistent kimi fəaliyyətini davam etdirməyə başlayıb. Bir müddətdən sonra həmin kaferada baş müəllim, daha sonra isə dosent vəzifəsini tutub.
Elmin çətin, lakin şərəfli yollarında inamlı addımlar atan Yusif müəllimi qarşılaşdığı heç bir çətinlik qorxuda bilməyib, üzləşdiyi hər bir maneəni özünəmxsus ustalıqla dəf edib. Öz məqsədi yolunda dönməz olub, daim yeni axtarışlara can atıb. Yenilik axtarışlarında olması onun bir alim kimi uğurlarının artması ilə yanaşı, həm də fəaliyyətinin coğrafiyasının genişlənməsinə səbəb olub. 1975-1976-cı illərdə və 1998-ci ildə Almaniyanın Münxen Texniki Universitetində ezamiyyətdə olması isə onun imkanlarını genişləndirib, təcrübəsi daha da artıb.
O vaxtlar SSRİ adlı nəhəng bir ölkəni təmsil edərək bir alim kimi xarici ölkələrdə fəaliyyət göstərmək hər kəsə nəsib olmurdu. Xaricdə işləməyə göndərilənlərin qarşısında böyük tələblər qoyulurdu. Təbii ki, hər şeydən öncə öz ixtisasını yüksək səviyyədə bilməli idin. Bu baxımdan Y.Musayev bu sahəyə cavabdeh olanların diqqətini cəlb etmişdi. Odur ki, ingilis dilini öyrənmək üçün Moskvadakı Moris Torez adına Xarici Dilllər İnstitutuna göndərilən Yusif müəllim 1981-1982-ci illərdə bu dili mükəmməl öyrəndikdən sonra 1983-cü ildə çalışmaq üçün Efiopiyaya göndərilib. 1983-1987-ci illərdə bu ölkədə Bahar-Dar Politexnik institutunda müəllim kimi pedaqoji fəaliyyət göstərib.
Maşın və mexanizmlərdə sürtünmə, yeyilmə və yağlama problemləri ilə məşğul olan Y.Musayev 50-dən çox elmi məqalənin, 10-dan çox müəlliflik şəhadətnaməsinin müəllifidir. Eyni zamanda 10-dan artıq dərs vəsaiti yazıb nəşr etdirmişdir ki, bunların da dördü Efiopiyada ingilis dilində çap olunub. 1997-ci ildə Türkiyədə nəşr olunmuş rusca-azərbaycanca-türkcə-ingiliscə “Makina elamanları sözlüyü”nün müəlliflərindən biridir. Elmi məqalələri əsasən Rusiya, Almaniya, Türkiyə, Yuqoslaviya və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.
Yusif müəllim hər bir tələbəsinə inam kimi, işıq kimi baxıb. Tələbələrin tam əksəriyyəti də Yusif müəllimin etimadını doğruldub. Və belə tələbələri ilə həmişə qürur duyub, öyünüb. Yusif müəllimin adlı-sanlı tələbələri saysızdı, çoxdu. Layiqli, ləyaqətli tələbə müəllimə hər yerdə başucalığı gətirib. Bağban bağı, barı ilə öyündüyü kimi, müəllim yetirməsi ilə öyünür. Nəğməkar şairimiz Rasim Kərimlinin dediyi kimi:
Taxıl zəmiləri ümmana dönsün,
Öyünsün barıyla bağça-bağ salan.
P.S. Bu Yazı Yusifəli müəllimin sağlığında yazılıb. Artıq o, dünyasını dəyişib. Allah rəhmət eləsin!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.