Allahyar Niyazi oğlu Qasımov

HARADA NUR VAR, MƏN DƏ VARAM

Bəzən illər ötür, bu il­lərin öt­düyünü han­sısa insanın həya­tında və ta­le­yində dərindən hiss eləyə bilmirsən. Hiss eləyə bil­mirsən ki, bu günlər, illər həmin adamın ömründə necə iz qoyub. Amma elə insanlar da var ki, nəinki aylar, illər, hətta həftələr və günlər onun hə­yatında silin­məz və əbədi izlər qo­­­yur. Yəni, bu insanlar hər dəqiqənin, hər saatın və hər günün qədrini bilir, ondan səmərəli istifadə elə­yirlər. Nizami Gəncəvi deyib ki, “İnsan zəka­sı təbiət və cəmiy­yətin inkişaf qanun­la­rı­na, həyatın sirli mə­nalarına get­dikcə daha çox yol açır”. Əlbət­tə, ağıllı və zəkalı in­sanlar hər ad­dı­mına fikir verir, hər yerişinə diqqət yetirir, hət­ta oturuşunu-duru­şunu belə düşünürlər. Bizim böyük şairi­miz, Türk dün­yasının söz fatehi Zəlimxan Yaqub şeirlərinfən bi­rində yazır:

Palçığa baxanda içi bulanır,
Bulağa baxanda durulur insan.

Haqqında söz açdığım bulaq kimi duru insan, gözəl ziyalı Allahyar Niyazi oğlu Qasımov 25 iyul 1947-ci ildə Gürcüstan SSR-nın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Eldə-obada hörməti, nüfuzu olan, ətrafı tərəfindən həmişə bir­mənalı şəkildə mehr-məhəb­bətlə qarşı­la­nan Allahyar Qası­mov sadə bir həyat tərzi yaşasa da, onun qədrini bilib, ötən gün­lə­rin hər dəqiqəsini mənalı keçirməyə çalışıb. Orta məktəbi biti­rəndən sonra 1964-cü ildə Azərbaycan Dövlət Univer­si­te­tinin iqtisa­diyyat fakültəsinə daxil olub. 1968-ci ildə D.Bün­yad­zadə adına Azər­baycan Xalq Təsərrüfatı İnstitutunu “Mü­hasibat uçotu” ixtisası üzrə bitirib. O dövrdə savadlı və baca­rıqlı iqtisadçı kadrlara daha çox ehtiyac hiss olunub. Elə buna görə də Bolnisi rayonunun Faxralı kəndində “Qələbə” kolxo­zunda iqtisadçı işləyib. İşgüzarlığını və təşkilatçılıq qabi­liy­yətini nəzərə alıb kolxoz komsomol komitəsinin katibi vəzi­fəsinə seçiblər. Sonradan dəfələrlə Bolnisi rayon mərkəzində vəzifəyə dəvət olunsa da, imtina edib, Bakı şəhərində işləməyə üstünlük verib. Sonra isə mühasib vəzifələrində çalışıb.

İllər keçdikcə, o özünü başqa sahələrdə və çətin iş yerlə­rin­də sınamaq istəyib və daha doğrusu, sınayıb. Hərbi xidmətdən qayıdandan sonra Azərbaycan SSR Sosial Təminat və Maliyyə nazirliklərinin müx­təlif qurumlarında əmək fəaliyyətinin da­vam etdirib. Hər yerdə olduğu kimi, həmin qurumlarda da ba­carıqlı kadrlara üstünlük verildiyindən, Allahyar Qasımov baş­qalarından fərqlənib. Elə buna görə də o, 1973-cü ildə Yeyinti Sənayesi Nazirliyində  Nəzarət Təftiş İdarəsinin  müfət­tişi, ida­­rənin rəis müavini və daha sonra isə  Nəzarət-Təftiş İda­rəsinin rəisi vəzi­fəsində çalışıb. 1987-1988-ci illərdə Kənd Təsərrüfatı, Yüngül Sə­naye, Balıqçılıq, Yeyinti Sənayesi nazirlikləri və ona bərabər tutulan döv­lət qurumlarınında məsul vəzifələrdə çalı­şıb. Onun bacarığı və işgüzarlığı zaman-zaman diqqətdən kənar­da qalmayıb. Odur ki, Allahyar Qasımov Aqrar-Sənaye Dövlət Komitəsi yaradıldıqdan sonra onun aparatında Nəzarət Təftiş İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Allahyar Qasımov elinə, obasına bağlı, xeyirxah, köməyə ehtiyacı olanlara əl tutan, həyan duran, arxa-dayaq olan eloğlu idi. Adam var, müəy­yən mənsəbə, vəzifəyə yetişir, istər-istəməz dəyişilir, xasiyyətindəki əvvəllər üzdə olan xeyir­xah­lıq, sadəlik, təvazökarlıq kimi cəhətlər artıq arxa plana keçir. Çox az-az insanlar var ki, yüksək vəzifədən, şöhrətdən başları gicəllənmir. Allahyar Qasımovu da vəzifə dəyişdirmədi. Ək­sinə, elə bil ki, o özü daşıdığı vəzifəni daha da gözəl­ləş­dirirdi. O, xeyirxahlığı, insanlığı hər şeyin fövqündə tutan bir adam idi.

Yazarkən adam təzə söz demək istəyir. Ancaq yaxşı insan­lar haq­qında tez-tez istifadə etdiyim fikirləri Allahyar Qasımo­va da şamil etmək məcburiyyətindəyəm: Onun şəxsiyyətində ziyalılıqla insanlıq birləş­miş­di… Adam var, görürsən ki, daşı­dığı dövlət vəzifəsinin ləyaqətli icra­çı­sıdır, amma ziyalıya verilən bütün tələblərə cavab vermir. Ancaq Allah-Təala hansı fəzil sifətləri əta etmişdisə, hamısı Allahyar Qasımova yara­şırdı. Onun özünə xas, orijinal xüsusiyyətlərindən biri də bu idi ki, çox yerini bilən, haqq-salamı gözləyən, böyüyə sayğı, kiçi­yə qayğı ilə yana­şan adamdı.

Müdriklərdən biri deyib ki, iste­da­dın, qabiliyyətin üzə çıx­ma­sı üçün real mühit lazımdı. Al­lah­yar müəllim də o mühitdə, münbit şəra­­itdə formalaşmış ziya­lılardan idi. Böyük filosof Katan Stariş deyib: “İnsan həyatı dəmirə bənzəyir, əgər ondan iş üçün istifadə edirsənsə, parıl­­dayır, istifadə etmirsənsə, pas çəkir”. Həqiqi mənada Allahyar Qasımov öz ömrünü yaşaya bilib və həmişə əməlləri, istedadı ilə parlayıb.

Bizim atalarımız da bir-biriləriylə mehriban münasibətdə olublar. Allahyarın kiçik qardaşı Səyyad isə mənim sinif yoldaşım olmaqla, həm də dostumdur. Səyyadla xeyirdə-şərdə bir yerdə oluruq, bir-birimizi “xalaoğlu”  deyə çağırırıq. Elə ona görə də atalarımızın ruhu qarşısında özümə bir övladlıq borcu bilirəm ki, mərhum Allahyar Qasımov haq­qında bu sətirləri qələmə alım. Son 20 ildə doğma elimə-obama həsr etdi­yim bir neçə kitabım mənim təsəllim olmuşdur. Borçalının ağır eli Fax­ra­lı­nın tanıdığım, haqqında eşitdiyim, oxuduğum, öyrəndiyim gözəl ziya­lıları barədə bilgiləri gələcək nəslə çatdırmaqdan şərəf duyuram. Nurlu şəx­­siy­yətləri üzə çıxarmağı həm də bir növ tariximizə xidmət, yetişmək­də olan nəsilçün tərbiyə vasitəsi hesab edirəm. Qoy bilsinlər ki, bizim şərəfli keçmişimiz olub, deməli, gələcəyimiz də ehtişamlı olmalıdır.

Allahyar Qasımovun çox az sürən mənalı ömründə qazan­dığı ən böyük var-dövlət onun dostları olub. Müdriklər deyiblər ki, dostluğun, yoldaşlığın əvvəli nə qədər asan olsa da, onu axıradək davam etdirmək çətindir. Hər adama müyəssər olmayan bu üstün keyfiyyət Allahyar Qasımovun xarakterinin əsas cizgisi idi. Şair yaxşı deyib:

Ocağında dövlət daşa, var daşa,
Dostun yoxsa, kasıblardan kasıbsan.

Allahyar Qasımovun sağlığında qazandığı dostları indi cə­miyyətdə yüksək mənsəb, vəzifə sahibləridir. Onların hansın­dan Allahyar müəllim haqda sual etsən, barəsində ağızdolusu da­nı­şacaq, yüksək fikirlər söylə­cəklər. Hansını dindirsən, yüz­də yüz deyəcəkdir ki, Allahyarın ünvanına nə qədər gözəl, ürəyə­ya­tan söz deyilsə, yenə azdır. Elə dostu, Respublika Əmlak Mə­sələləri üzrə Dövlət Komitəsində idarə rəisi işləyən Həsə­nov Mirzə Qulam oğlu da deyir ki, Allahyar Qasımov özü barəsində deyilən bütün yaxşı sözlərdən yüksəkdə dayanır.  Onun dedik­lərindən: “Allahyar yaxşı dost, yaxşı ata, gözəl ailə başçısı, vətənpərvər ziyalı, böyük-kiçiyin yerini bilən mərifət sahibi idi. Vətənindən, elindən ötrü hər cür fədakar­lığa hazır olan, nəinki doğmalarından, yaxınlarından ötrü, bütün insanlıq na­minə canından keçməyə hazır olan, yüksək dəyərlərə, mə­nəvi zəngin­ləyə malik şəxsiyyət idi. Onun zahiri görünüşü də batini zənginliyini bir növ tamamlayırdı. Allah-təala Allahyara gözəl sima, yaraşıq vermişdi. Bir­cə uzun ömür vermədi. Yara­danın bu qərarı əlbəttə ki, öz işidir.  An­caq yenə qeyd etmək la­zım­dır ki, Allahyar Qasımov qısa həyatında uzun bir ömrə ye­tə­cək qədər uğurlara, savab işlərə imza atdı… O, həm də vəzi­fəsinin ləyaqətli icraçısı idi. Allahyar Qasımov bacarıqlı iqti­sadçı, təcrü­bəli maliyyəçi kimi iqtisadi subyektlərin maliyyə hesabatlarının doğrulu­ğunu və onların həyata keçirdikləri ma­liyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğun­lu­ğu­nu müəyyənləşdirmək, məsrəflərin, gəlirlərin və maliyyə nəticələrinin əks etdirilməsinin tamlığını, dəqiqliyini yoxla­maq, təmin etmək vəzifəsini lazımınca yerinə yetirir və rəhbər­liyi altında işləyən təftişçilərə münasibətdə də tələbkarlıq nü­mayiş etdirirdi. Əfsus, Allahyar müəllimin ömrü Azərbaycanın müstəqilik dövründə qzandığı sosial-iqtisadi nailiyyətləri görməsinə çatmadı. Söz yox, onun kimi mütəxəssis ölkənin tərəqqisinə hələ xeyli töhfələr verə bilərdi”.

Düzdür, vaxtsız ölüm onu 43 yaşında yaxalayıb, ancaq bu 43 ildə o, çox şeyə nail olub. Gözəl ailə qurub, özünə Gülzar xanım kimi sədaqətli həyat yoldaşı tapıb. Oğlanlarından Ənvəri daha yaxşı tanıyıram. Bu gün məsul vəzifədə çalışır. Atasının yolunu uğurla davam etdirir. Ənvərlə tez-tez ünsiyyətdə olu­ram. Ənvər işıqlı insandı, çünki işıq ömrü yaşayır. Ənvər nurlu insandı, çünki nur ömrü yaşayır. İçi duru, çölü duru, cismi-canı da durnanın gözündən duru. Bütün bu əxlaqi fəzilətlər Ənvərə süd­dən və sümükdən keçib.

Mən Allahyarı həmişə minnət­dar­lıqla xatırla­yı­ram. Özünəməxsus danışığı, gülüşü, ən əsası gö­zəl ləngərli yerişi vardı. Elimiz-obamız tərə­findən də həmişə sevilirdi. Elə bil “Qoca Qafqazın çeşmə tək durulub” dibindən çıxmışdı. Nərimanov rayonunda (Montində) həyət evi vardı. On il orda yaşamışdı. Səyyatla dost olduğum üçün o evə tez-tez gedərdim. Allahyarın indi də səsi, nəfəsi həyatının gözəl günlərini yaşadığı yerlərdə yaşayır. Allayar Allah adamı, Allaha yaxın adam olduğu üçün insanlıq durduq­ca yaşayacaq. Allah onun məkanını cənnət eləsin.

Ənvər əmiləri Qurban və Süleyman müəllimin qayğısını unutmur, onların etimadını doğrultmağa çalışır. O da, qardaşı Niyazi də ataları kimi bacarıqlı, işgüzar və vətənpərvər insan­lardır. Ən çətin anda belə öz el-obalarını, yurd yerlərini, ba­balarının daşı daş üstə qoyduqları ocaqları yaddan çıxar­mırlar. Allahyar Qasımovun bir-birindən ağıllı, gözəl və yaraşıqlı dörd nəvəsi də var: Allahyar, Üzeyir, Ayşən, Gülzar.

İndi Allahyar Qasımov bu dünyada olmasa da, övladlarının və nəvələrinin ömründə yaşayır, ellilərinin xatirində, dostla­rının ürəyində yaşayır, qədirbilən həmvətənlərin qəlbində yaşa­yır, tarixdə yaşayır.

Xoşbəxt o adamdır ki, özündən sonra gözəl iz qoyur. Mərhum Xalq şairi Hüseyn Arifin gözəl sözü var:

Mən qorxardım ölümdən,
Dünyaya məndən sonra
Gələnlər olmasaydı…

Allahyar Qasımov həyatdan vaxtsız köçsə də, nümunəvi ocaq ya­ratdı, bu ocağın istisinə qızınanlara təlim verdi, tərbiyə verdi, yaxşı vali­deynin övladı olmaq statusu verdi. Deməli, həyat davam eləyir. Allahyar Qasımovun ocağında Allahyar yaşayır. Mikayıl Müşfiq demişkən, “dün­yada nə ölüm, nə də itim var, dünyada müqəddəs çevrilmələr var”. Yəni, fiziki cə­hət­dən insanın yoxluğu hələ onun sonu və mütləq ölümü de­mək deyil. Yaxşı əməlləri isə insanı zamanından və məka­nın­dan asılı olma­yaraq, bütün dövrlərdə yaşadır, yada salır və ona yeni bir ömür verir.

Allahyar Qasımov heç kimə bənzəmirdi, Özünün iç dün­yası, öz düşüncə tərzi vardı. Həyatda necəydisə, elə də gö­rü­nürdü. Həmişə özü olmaq istəyirdi. İşıqlı, nur-ipək kimi ki­şiy­di. Belə insanlara hec cür öldü demək olmur. İnsanlıq durduqca varlıqları ilə elə bağlanıb yaşayırlar. Böyük söz xiridarı Rasim Kərimlinin yazdığı kimi:

Rasim elsiz tutmaz aram,
Harda nur var, mən də varam.
Səni desəm, Sən olaram,
Özüm olmaq istəyirəm.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur