HƏQİQƏT YOLUNDAN DÖNMƏSƏ, HƏR KƏS ÇATAR ARZUSUNA, DİLƏYİ SÖNMƏZ…
Məqaləyə böyük Sədi Şirazinin poeziyasından bu nümunəni sərlövhə seçməkdə yanılmadığımı düşünürəm. Çünki həqiqətən bu məqalədə haqqında söz açdığım eloğlum Bayraməli Gülməmmədov həqiqət yolunun yolçusu, cəmiyyət içində həmişə özünün yerini bilən tərəqqipərvər ziyalıdı.
“Ot kökü üstə bitər” deyib müdriklərimiz. Nəcabətli bir nəslin övladı olan Bayraməli Gülməmmədov hər şeyin qədərinin bilindiyi riyaziyyatçı ailəsində təlim-tərbiyə alıb. Adətən məktəbə aid edilən “təlim” sözünü heç də əbəs yerə işlətmirəm, Bayraməlinin atası rəhmətlik Nəbi Gülməmmədov nəinki Faxralının, ümumən Borçalının sayılıb-seçilən, hörmətli ziyalılarından olub, çox güclü riyaziyyat müəllimi kimi tanınıb. Bu nöqteyi-nəzərdən, Bayraməlinin həm valideyni, həm də birinci müəllimi olan Nəbi Gülməmmədovun işıqlı xatirəsi indi Azərbaycanın və Gürcüstanın iqtisadi, sosial həyatında fəal iştirak edən çoxsaylı yetirmələrinin qəlbinin ən isti guşəsində qorunub saxlanmaqdadır. Hətta tədris etdiyi fənnə həvəs göstərməyən, başqa sözlə, riyaziyyatı sevməyən keçmiş şagirdləri də gözəl insani xüsusiyyətlərinə görə Nəbi müəllimə dərin rəğbət, hörmət bəsləyirdilər. Bu barədə bir az sonra. İndi isə Nəbi müəllimin verdiyi təlim-tərbiyədən yetərincə faydalanan, Nəbi müəllimin qurduğu ocağın istisinə qızınıb, işığına pərvazlanan B.Gülməmmədovun tərcümeyi-halına nəzər yetirək:
Bayraməli Gülməmmədov 1947-ci il mart ayının 14-də Faxralıda Nəbi müəllimin ailəsində anadan olub. 1953-cü ildə Şahbuzlu ibtidai məktəbinə 1-ci sinifə qəbul olunub, 4-cü sinifdən isə təhsilini Faxralı orta məktəbində davam etdirib. 1963-cü ildə həmin orta məktəbi bitirərək, Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbycan Texniki Universiteti) daxil olub.
1968-ci ildə adıçəkilən institutu bitirib, təyinatla Bakı Elektromexanika İnstitutuna mühəndis vəzifəsinə təyin olunub. 1968-ci ilin dekabr ayında hərbi xidmətə çağırılıb. 1970-ci ildə hərbi xidmətdən qayıdandan sonra indiki “Azon” zavoduna mühəndis vəzifəsinə təyin olunub, 1984-cü ilədək “Azon” zavodunda mühəndis, böyük mühəndis, aparıcı mühəndis, laboratoriya müdiri, zavodun baş konstruktorunun müavini vəzifələrində çalışıb.
1984-cü ilin fevral ayından zavod direktorunun müavini, 1996-cı ildən zavodun baş mühəndisi, 1999-cu ildən etibarən isə zavodun direktoru vəzifəsində çalışıb.
Həmin illər ərzində rəhbərlik tərəfindən pul mükafatlarına və təşəkkürnamələrə layiq görülüb. Zavodun 1-ci direktoru Mahmud Qəribovun (o, sonralar Azərbaycan Texniki Universitetində professor və dekan vəzifəsində çalışıb) təkidi ilə Texniki Universitetdə Dövlət Attestasiya Komissiyasının sədri vəzifəsini də daşıyıb (2002-2006-cı illər).
2006-cı ilin oktyabr ayından Azərbaycan Neft Şirkətinin Dalma qurğularının istehsalı zavodunda rəisin 1-ci müavini vəzifəsində çalışıb. 2011-ci ilin aprel ayından isə Ceyranbatan Su Kəmərləri İdarəsində rəis müavini olub.
2014-cü ilin iyul ayında təqaüdə çıxıb.
Həyat yoldaşı Gülnarə xanım Nəbi müəllimin ailəsinin ənənələrini davam etdirir. O, Azərbaycanın “Əməkdar müəllim”i adına layiq görülüb. Hazırda Avropa liseyində pedaqoji fəaliyyətini davam etdirir.
Üç övladı var – Elşad, Anar və Nicat. Hər üçü də dövlət qulluğunda çalışırlar. Baba kimi də özünü pis hiss etmir – 6 nəvəsi var. Çalışır ki, övladları və nəvələri Nəbi müəllimin adına layiq olsunlar.
Bütün fəxri adlardan, titullardan əfzəl bildiyi öz adını şərəflə daşıyır Bayraməli müəllim. Bu barədə özü belə yazır:
“Bəzən mənim həmkarlarım (Faxralıdan olmayanlar) mənə Bayram kimı müraciət edirlər (Bayram kimi tanıyırlar). Əsla mənim adımın təhrif olunmasının tərəfdarı olmamışam. Ona görə ki, Bayraməli, Xondal Bayraməlinin adıdır. Onun adını daşımaq mənim üçün şərəfdir. Xondal Bayraməli Faxralıda bir kişilik nümunəsinə çevrilmiş insan olub”.
Dostu və həmkarı Əli Əmirov onun haqqında “Dostunu mənə göstər…” adlı gözəl bir oçerk qələmə alıb və demək olar ki, elə başqa dostlarının da ürəyindən keçənləri ifadə edib. Yəqin ki, Bayraməli müəllim qəhrəmanı “Bayram” olan həmin məqalənin müəllifini səmimiyyətdən irəli gələn bu “nöqsan”ına görə bağışlayıb. Düşünürəm ki, nəinki Bayraməli müəllimi şəxsən tanıyanlar, eləcə də, dost qədri bilən bütün oxucular həmin oçerki dəyərləndirəcəklər:
“Belə bir el məsəli var: dostunu mənə göstər, sənin kim olduğunu deyim. Mən bu məsəli çəkənə böyük məmnuniyyətlə və fəxrlə sevimli dostum Bayram Gülməmmədovu göstərərdim. Bəli, Bayram müəllim həqiqətən fəxr olunası bir dostdur.
Bayram Nəbi oğlu Gülməmmədovla tanışlığım təxminən on beş il əvvələ gedib çıxır. Həmkar idik. Respublikamızın müstəqillik illərində yaradılmış keçmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində o, “AZON” zavoduna, mən isə “NEFTQAZAVTOMAT” Elm İstehsalat Birliyinə rəhbərlik edirdik. Elə ilk tanışlıqdan onunla aramızda səmimi bir münasibət yaranmış və bu münasibət həmkarlıqdan gözəl bir dostluğa çevrilmişdir. Sonradan ailəvi tanışlığımız isə bizi daha da mehribanlaşdırdı, bir-birimizin xeyir-şərində yaxından iştirak edirik. Bayram müəllim əmək fəaliyyətini başqa sahələrdə davam etdirdiyi son illərdə də, bizim dostluğumuz axar çay kimi öz məcrasında davam etməkdədir.
Bayram müəllim sadə davranışlı, zəngin daxili aləmə malik ziyalı bir şəxsiyyətdir. Nəinki yaxın dostlarına qarşı, deyərdim, hər bir kəsə qarşı çox qayğı ilə yanaşan, başqasının dərdinə şərik olan, öz dərdini isə heç kimə yük etmək istəməyən, olduqca xeyirxah bir insandır. Onun dostlar arasında yeri müstəsnadır. Kövrək qəlbi var, eyni zamanda yumoru sevəndir, zarafat etməklə də arası yaxşıdır. Daxilində təlatüm olsa belə, özündən çıxmaz, təmkinlə dinləməyi bacaran, səbirli bir insandır. Çox təvazökardır, heç vaxt qürurlanmır. Bayram müəllim haqqında nə xoş söz desəm, ona yaraşar!
Biz dostları mütəmadi olaraq onun ətrafında toplaşırıq. Bu məclislərimizin əsas təşkilatçısı əlbəttə ki, Bayram müəllim olur. Hər birimizlə dil tapır, hər kəsin istəyini diqqətdə saxlayır. Düzünü deyim ki, biz də ərkyanə olaraq, bundan sui-istifadə edirik! Bir sözlə, onunla təmasda olmaq dostlar üçün olduqca xoşdur. Bu illər ərzində görmədim ki, o, kiminsə xətrinə dəymiş olsun. Bu cəhətinə görə elə bil ki, heç bu zəmanənin adamı deyil, halbuki, zəmanəmizin Bayram müəllim kimi insanların varlığına böyük ehtiyacı var.
Bayram müəllim ixtisasca mühəndis-konstruktordur. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə cihazqayırma sahəsində çox əhəmiyyətli olan bir sıra elm tutumlu cihaz və qurğular yaradılmış və tətbiq edilmişdir. Hansı sahədə işləməyindən asılı olmayaraq o, həmişə öz bacarığı ilə dərin hörmət qazanmışdır.
B.Gülməmmədov qədim türk ellərindən biri olan Borçalının çox məşhur bir kəndində – Faxralıda dünyaya göz açmışdır. Bu elin saf ab-havası onun saf bir insan olaraq formalaşmasında misilsiz rol oynamışdır. O, ziyalı bir ailənin tərbiyəsini almışdır. İndi isə o özü gözəl ziyalı bir ailənin başçısıdır. Öz ləyaqətli xanımı ilə birlikdə nümunəvi övladlar böyütmüş, nənə-baba kimi şərəfli bir ada da layiq olmuşlar!
Biz fəxr edirik ki, Bayram Gülməmmədov kimi gözəl bir dostumuz, sirdaşımız var! Allah hifz eləsin!”
Əli müəllimin sözlərinə qüvvət olaraq mən də təsdiqləyirəm ki, Bayraməli Gülməmmədovdan zərər gördüyünü deyə biləcək, ondan incik düşən kimisə tanımıram. Təbii ki, xasiyyətində bu və digər yaxşı nə keyfiyyət varsa, daim özünə, ziyalılığına hörmət eləmiş atası Nəbi müəllimdən əxz etmişdir Bayraməli. Onu tanıyan hamı – yaxın-uzaq qohum-əqrəba, dost-tanış, həmkarları, həmyerliləri rastlaşanda ürəklə görüşür, saflığına, səmimiyyətinə, şərəfinə bel bağlayırlar. Nəbi müəllimdəsə əxz olunmalı, görüb-götürməli dəyərlər çox idi, lap çox. Belə gözəl xüsusiyyətlərindən biri də təvazökarlığı idi. Yazılarımdan birində bu məqamı təsdiqləyən bir hadisəni qələmə almışam: Tələbələrindən biri tez-tez ondan soruşur ki, “Nəbi müəllm, bizim kənddə üç savadlı riyaziyyat müəllimi var – biri siz, biri Binnət müəllim, biri də Camal müəllim. Deyə bilərmisiniz ki, hansınız daha güclüsünüz?” Məlum səbəbdən hər dəfə Nəbi müəllim bu sualdan yayınsa da, axır bir dəfə cavab verməyə məcbur olur: “Ay bala, birimiz baltanın ağzı, o birimiz sapı, digərimiz də küpüyük”. Yalnız bu cavab Nəbi müəllimin içinin saflığını, yetkinliyini, kamilliyini göstərmiş oldu. Bəlkə də başqa müəllim olsaydı, bir çox riyazi məsələlərdən də çətin olan bu suala başqa cür cavab verərdi. Lakin Nəbi müəllim bu məsələnin də ən uğurlu həllini tapmışdı…
Yuxarıdakı sətirlərdə vurğulamışdım ki, hətta riyaziyyatda fərqlənməyən şagirdləri də Nəbi müəllimi sevirdilər. Bu sıraya mən də daxiləm. Orta məktəbdə oxuyanda riyaziyyatdan zəif idim. Nəbi müəllim həm də bizim qohum olduğundan, bu naqisliyimi heç bir vəchlə mənə bağışlamırdı. Bir qohum kimi istəyirdi mən də riyaziyyatı əla oxuyum. Hiss edirdim ki, onun nəzərində sanki bütün fənlərdən qeyri-müvəffəq olan zəif şagirdəm. Ta o vaxtadək ki, orta məktəbin sonuncu pilləsi olan onuncu sinifdə oxuduğum il “Qələbə bayrağ”ında bir şeirim işıq üzü gördü. Yazmışdım ki:
Cığırlar misra-misra,
Bənzəyir qırışlara.
Toxunur buludlara,
Ucadır Gözəl dağı.
Bu bənzətməm Nəbi müəllimin də xoşuna gəldi. Oxudu, əlini kürəyimə vurub, “oxu, yaxşı oxu, çalış!” – dedi. O gündən Nəbi müəllimin mənə qarşı münasibəti dəyişdi, harda gördüsə, ürəklə hal-əhval tutdu, oxumağımla maraqlandı. Bax, belə gözəl insan idi Nəbi müəllim rəhmətlik! Məsəl var, deyir, adam var evdən gedir, adam var eldən gedir. Nəbi müəllim də dünyasını dəyişəndə eldən getdi, haqqa qovuşdu. Elin qəlbində bu gün də yaşayır, sabah da yaşayacaq, minnətdarlıqla xatırlanacaqdır. Həyat budur, İnsanlıq budur! Həyatı məhz bu qiymətə layiq olmaq üçün yaşamağa dəyər, başqa cür ömürlər yaşanmamış deməkdir. Bu yerdə xalqımızın gözəl şairi Səməd Vurğunun misraları yada düşür:
Həyat daimidir, ömür amanat,
Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya.
Dünya öz işindədi, dolur-boşalır. Amma ona müvəqqəti sakin olan hər bir insan öz sözünü necə deyirsə, elə də qalır yaddaşlarda. Nəbi müəllim də alicənab, xeyirxah insan kimi qalıb xatirələrdə. Təbiidir və anlaşılandır ki, B.Gülməmmədov da o kişinin canından can alıb, qanı ilə yoğrulub. Bayraməli müəllim haqda bir də onu deyə bilərəm ki, nə qədər yaşayıbsa, xalqın məhəbbətini, millətin sevgisini qazanıb. Uzun müddət rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, həmişə sadəliyi hər şeydən üstün tutub, saflığa dəyər verib, mənəvi kamilliyə can atıb, daim nəzərə alıb ki, sünilik, təkəbbürlülük insana başucalığı gətirməz. Birmənalı qəbul edib ki, saflıq ömrün şərəfidi. Qərar verib ki, Allah nə qədər ömür verib, saf yaşamalıdır və xalqın hörmətini qazanmalıdır.
Hörmətli Bayraməli qağa! Sən Allah adamısan, Allaha yaxın adamsan, Haqqdan gəlib Haqqa gedən yolun yolçususan. Demək olar, əksər arzularına çatmısan. Gözəl ailən, ləyaqətli həyat yoldaşın, ocağına layiq övladların, şirin-şəkər nəvələrin var. Onların kökü sənsən, hamısı sənin budaqlarındı. Doğru deyilib ki, bir kök yüz budaq saxlar, yüz budaq bir kökü saxlaya bilməz. Arzu edirəm, Tanrının sənin taleyinə yazdığı qalan ömrü də bütün arzularına çatasan! Hər zaman adın uca, eşqin-diləyin sönməz, tükənməz olsun!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.