Vəkil İsrafil oğlu Abbasov

SEVƏN ÜRƏKLƏRDƏSƏN, AY VƏKİL HƏKİM!

Bəkiroğlu Nəbi oxuyan zaman,
Bülbül mat qalardı, susardı kaman,
Aşıq Nəsibimin barmaqlarından,
Qopan “zarıncı”dır, “Şur”dur Faxralı.
Dünyamalı Kərəm

Gürcüstanın Əməkdar jurnalisti, “Şərəf” nişanı ordenli Dünyamalı Kərəmin vəsf etdiyi doğma Faxralının tərənnümə layq övladlarından biri də ömrünü insanların sağlamlığının keşiyində dayanmaq kimi müqəddəs bir işə həsr etmiş rəhmətlik Vəkil Abbasov idi. Onun haqqında keçmiş zaman felində yazmaq mənə olduqca çətin gəlir. Dünyamalı müəllimə “Ay Vəkil həkim” şeirini yazmaq ağır gəldiyi kimi…

Vəkil İsrafil oğlu Abbasov 1948-ci ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1966-cı ildə Faxralı orta məktəbini bitirib və istedadlı yaşıdlarının əksəriyyəti kimi ali təhsil almaq üçün Bakıya üz tutub. Sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) müalicə-profilaktika fakültəsinə verib və qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb.

1973-cü ildə ali təhsilini başa vuraraq gələcək həyat yolunu düzgün müəyyənləşdirib həkimlik fəaliyyətinə başlamaq üçün doğma eli Borçalını meydan seçib. İlk əvvəl Bolnisi rayon mərkəzi xəstəxanasında, sonradan Saraçlı və Qoşakilsə kəndlərində həkim işləyib. 1976-cı ldə Bolnisi rayonunun Rəncbər xəstəxanasına baş həkim vəzifəsinə təyin olunub, eyni zamanda, sovetliyə daxil olan Qoçulu, Cəfərli, Daşdıqullar kəndlərinin sakinlərinin sağlamlığının keşiyində durub və ömrünün sonuna – 2011-ci ilin yanvar ayına kimi həmin vəzifədə çalışıb.

Onun haqqında qələmə aldığım əvvəlki yazılarımda da qeyd etmişəm: Bir qərinə eyni vəzifədə çalışmaq, ictimai-siyasi formasiyanın dəyişdiyi, konyuktur meyllərin gücləndiyi bir təlatümlü dövrdə zamanın sərt küləklərinə duruş gətirmək hər kişinin işi deyil. Vəkil Abbasov, sən demə, Qaya imiş, Yel ondan heç nə apara bilmədi. Ötən əsrin 90-cı illərində süqut edən sovet imperiyasından qoparaq müstəqilliyinə qovuş-muş Gürcüstanda cərəyan edən şovinist meyillərin təsiri altında Bolnisi rayonunda soydaşlarımıza qarşı milli zəmində aparılan ayrı-seçkiliyin fonunda rayon xəstəxanasından milliyyətcə azərbaycanlı olan həkim və tibb bacıları işdən qovulurdu. Vəkil Abbasov isə bütün təzyiqlərə sinə gərdi, fədakarcasına qalıb fəaliyyətini davam etdirdi, ellilərinin sağlamlığını kimlərəsə etibar etmədi. Halbuki, o da bir çox başqa həmkarları kimi rahat yolu seçə, Azərbaycana gəlib komfortlu tibb müəssisələrində işə düzələ bilərdi. Əksinə, iradə gücü hesabına çətin sınaqları arxada qoydu, təkcə soydaşlarının sevgisini deyil, Gürcüstan hökumətinin də hörmətini qazandı. Gürcüstanın Səhiyyə Nazirliyi onu “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif etdi, dəfələrlə fəxri fərmanlara layiq görüldü. O, yalnız həkimliyinə görə hörmət qazanmamışdı, həkimliyin özünə də hörmət qazandırmışdı. Onun nüfuzu rəhbərlik etdiyi kollektivlərin uğurlarını da şərtləndirmişdi. Bacarıqlı rəhbərin səmərəli idarəçiliyi altında çalışan həkim və tibb bacıları, texniki personal üzvləri öz işlərinin öhdəsindən layiqincə gəlib, onlara üz tutan insanların sağlamlığının keşiyində ayıq-sayıq dayanıblar. Çünki Vəkil Abbasov idarəetmədə amiranə tərzdə tənbeh hədələrinə deyil, məhz şəxsi nümunə göstərməklə intizama nail olmağa üstünük verirdi. Oturuşu, duruşu, yerişi, geyiminin səliqə-səhmanı, diqqətəlayiq zahiri görkəmi, səhih manera və jestləri ilə etalon sayıla biləcək bir davranış nümunəsi yaradırdı. Necə deyərlər, “usta bağlamamış, zərgər düzməmişdi”, ona bu kübarlıq Haqqdan gəlmişdi.

Təkcə sağlamlıqlarını deyil, öz fikirlərini də ifadə etməyi Vəkil Abbasova etibar edən insanlar dəfələrlə onu Arıxlı kənd sovetinə deputat seçmişlər. Onun təmsil etdiyi seçicilərə münasibətdə tutduğu obyektiv mövqe, müxtəlif məsələlərin həllində ədalətli yanaşma tərzi insanları cəlb edirdi, hamı bilirdi ki, öz dərd və şikayətlərini məhz Vəkil müəllimə çatdırsalar, o, səbirlə qulaq asacaq və düzgün məsləhət verəcəkdir…

Bəzən kiminləsə qısa söhbət darıxdırıcı olur və bu söhbəti davam etdirməyə ehtiyac duymursan. Amma Vəkil həkimlə saatlarla məmnu-niyyətlə söhbət edib mənəvi həzz almaq mümkün idi. Təkcə həkimlik fəaliyyətində deyil, ictimai işində də insanları öz dilində dindirməyi bacarır, təmkinini pozmayıb axıra kimi səbirlə dinləyərdi. Bu da adam-larda xoş ovqat yaradardı, əsəb gərginliyini aradan götürər, ürəklərdə ümid işığını sönməyə qoymazdı.
Prinsipial adam idi. Lakin onun prinsipləri xırda hisslərə, kin-küdurətə, şəxsi mənafeyə deyil, ali məqsədlərə, insani hisslərə və ülvi duyğulara əsaslanırdı. Sözün həqiqi mənasında ziyalı idi. Gördüyünü, eşitdiyini, oxuduğunu əqlin süzgəcindən keçirməyi bacardığına görə çox zəngin mənəvi aləmi var idi. Həyatda “ziyalı” adlandırılan bir çoxlarının müəy-yən şəraitdə qeybətlə, laqqırtı ilə məşğul olduqlarının şahidi olmuşam. Belə mənasız əyləncələr Vəkil Abbasovun təbiətinə yad idi.

Elinə-obasına bağlı olduğu qədər də, daha geniş məfhum olan Vətəni çox sevirdi. Vətənin qıraqda qalan yeri Borçalıda yaşayıb işləsə də, Azərbaycan Respublikası ilə əlaqəli yaxşı nə eşidərdisə, hədsiz sevinərdi. Xalqının nailiyyətləri onu sevindirir, ağır günləri isə onu qəlbən ağrıdırdı. Fəaliyət meydanı bir rayonun hüdudları ilə məhdudlansa da, zəngin mənəviyyatı, mahir həkimliyi, gözəl ziyalılığı və səsi-sorağı ilə uzaqdan görünürdü.
İctimai faydalı əməkdə iştirak etmək əməyə mənəvi münasibət, cəmiyyətə fayda vermək kimi keyfiyyətləri formalaşdırır. Əməkdə iştirak edən adam nəinki maddi sərvətlər yaradır, həm də özünün ən yaxşı qabiliyyətini cilalayır, iradəsini möhkəmləndirir, yaradıcılq qüvvəsini inkişaf etdirir, ləyaqətli bir vətəndaş, fəal bir qurucu kimi yetişir. Vəkil Abbasov sözün hərfi mənasında zəhməti ilə ucalanlara, hədsiz əməksevərliyi sayəsində gənc yaşlarından perspektivli kadr kimi irəli çəkilənlərə nümunə idi. O, işlədiyi vəzifələrdə yüksək təşkilatçılığı, prinsipallığı, yorulmazlığı ilə seçilib, işlə yoldaşlıq, vəzifə ilə dostluğu balanslaşdırmağı yaxşı bacarıb. Vəkil həkimin əksər başqa gözəl keyfiyyətləri də məhz əməksevrliyindən “su içirdi”, zəhmətkeşliyi ilə tamamlanırdı, çalışqanlığı ilə qüvvətə yüksəlirdi.

Vəkil Abbasov dostluqda çox etibarlı idi. Dostluğa böyük dəyər verən, dostlarını sevən və dostları tərəfindən sevilən insan idi. Dostun kədərini bölüşüb azaltmağı, sevincini isə bölüşüb artırmağı bacarırdı. Yaddaşlarda onun etibarlı dostluğuna dair yüzlərlə xatirə var. Dəfələrlə Faxralıda bulaqlar başında adlı-sanlı cərrahlar Hümmət Nağıyev və Vəkil həkimin tələbə yoldaşı, Hümmət həkimin yaxın dostu Tahir həkimlə birlikdə məclislərdə olmuşam. Dünyasını dəyişməzdən az əvvəl də təşəbbüsümlə bu üçlüyün görüşməsinə vəsilə olmuşam. Nə biləydik ki, onunla son görüşümüzdür?!

Tale hələ heç kimi o səviyyəyə qaldırmamışdır ki, o, dosta ehtiyac hiss etməsin. Çünki dost insan üçün bütün dayaqlardan qiymətlidir. Dostu qazanmağın da tək yolu dost ola bilməkdən keçir. Vəkil Abbasovun Dünyamalı Kərəmlə dostluğu isə həqiqətən də qibtə edilməyə layiq idi. Şair özü bu dostluğu nəzmə çəkmiş, yoldaşlığın ruhlar dünyasında da əbədi davam etməsi arzusunu poeziya dili ilə ifadə etmişdi:

Qəbrin nurla dolsun, ay həkim Vəkil,
Qəflətən cənnətdə çil-çıraq oldun!
Gecələr sübhədək bir əsgər kimi
Xəstələr üstündə sən dayaq oldun!

Öz dərdinə dərman tapmayan həkim,
Sağalmaz dərdlərə olurdun hakim.
Diabetə əlac kim eyləyər, kim?
Sən ki, öz işində bir mayak oldun!

Sən ürəyi təmiz, pak insan olub,
Tanrı dərgahında haqq insan olub,
Nəfsi tox, gözü tox, yek insan olub,
Hər cür xudbinlikdən çox uzaq oldun!

Gözlərimdən süzüləndə qanlı yaş,
Bu bəndləri zorla yazdım, a qardaş.
O dünyada da xəstən mən olam kaş,
Demə, ruhən məndən sən iraq oldun!

Bəli, şairin qeyd etdiyi kimi, Vəkil həkim şəkər xəstəliyindən əziyyət çəkirdi. Qanında şəkərin çoxluğu canına zərər vursa da, bir cəhəti ilə düz mütənasiblk təşkil edirdi – şirindil idi. Elə xəstələrinə də verdiyi dərman qədər dediyi şirin sözlər, aşıladığı ümid məlhəm olurdu. Heç şübhə etmirəm ki, şəfa verdiyi keçmiş xəstələrinin, xeyrinə-şərinə yaradığı ellilərinin, qazandığı etibarlı dostlarının rəhmət diləyən duaları onun ruhu üçün Allah yanında şəfaətçı olacaq, cənnətin qapılarını üzünə açacaqdır. Qoy bu yazı da o dualara müsbət bir əlavə olsun.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar“ kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur