QISA MƏLUMAT
Bahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955– 1966-cı illərdə Faxralı orta məktəbini bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya müəllimi işləmişdir. O, 1972-ci ildə Azərbaycan Respublikası EA Qeyri Üzvi və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olmuş və keçmiş SSRİ-nin N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna (Moskva şəhəri) elmi e’zamiyyətə göndərilmişdir. Bahəddin Nəbiyev 1976-cı ildə həmin İnstitutda namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Bahəddin Nəbiyev 1976-1978-ci illərdə Azərbaycan Respublikası EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1978-ci ildən indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasında dosent vəzifəsində işləyir. Bahəddin Nəbiyev 50-dən çox elmi və elmi metodik məqalələrin və dərs vəsaitinin müəllifidir. Ali məktəblərə daxil olanlar üçün çox faydalı olan “Kimya” dərsliyini nəşr etdirmişdir. Bahədddin Nəbiyev 10-dan çox ittifaq və respublika səviyyəli konfranslarda çıxış edib materiallar çap etdirmişdir.
Mənbə : REDAKTORDAN.
ELLƏ AĞLAMIŞAM, ELLƏ GÜLMÜŞƏM
İnsanın qəlbinin dərinliyində o qədər də asanlıqla hiss olunmayan və görünməyən işıq olur. Bəlkə də bu işıq müəyyən illər keçəndən sonra daha da güclənir və o insanı istədiyi yerə, məkana aparır. İstər-istəməz həmin məkana çatanda insan daxilən sakitləşir, özünü rahat hiss edir. Hiss edir ki, ötən illəri, arxada qalan həftələri və ayları hədər yaşamayıb. Bax onda, zamanın içində bəşər övladı özünü bayaq dediyimiz kimi, daha rahat hiss eliyir.
Dahilərdən biri deyib: “Mənim üçün insan heç nədir. Ancaq onun məsləki, əqidəsi hər şeydir; yalnız məslək məni insanlara bağlayır, ya da ondan ayıra bilər”. İnsanın ki, məsləki oldu, o məslək həmişə insanı ardınca çəkib aparacaq və hardasa uca bir zirvəyə çatmaqda sənə kömək olacaq. Bahəddin Alı oğlu Nəbiyev də həyatda öz izi, öz sözü olan insanlardandır. O, 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib və sonradan ali təhsil arxasınca Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olub.
Tələbəlik illərinin özünəməxsus çətinlikləri, ağrı-acısı və problemi olur. Təbii ki, o illərdə əziyyətə qatlaşan, kitabı özünə dost, qardaş və sirdaş bilən insanlar daha tez məqsədlərinə və istəklərinə qovuşublar. Bahəddin Nəbiyev də tələbəlik illərində çoxlarından seçilib və dərslərini əla qiymətlə oxuyub. Elə bunun nəticəsidir ki, o, universiteti fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə diplomu almaq və o adı doğrultmaq insandan böyük zəhmət, alın təri və bir də yuxusuz gecələr tələb edir. Sonrakı illərdə Bahəddin müəllim öz ömrünü Əli Bayramlı (indiki Şirvan) şəhərindəki 5 saylı orta məktəblə bağlayır. Və bir müddət, daha doğrusu, 1971-1972-ci illərdə həmin tədris ocağında kimya müəllimi işləyir. Sonra isə Azərbaycan Respublikası Elmlər Akademiyasınını Qeyri-üzvü və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olur. O, burda da özünü elm adamı kimi bir daha təsdiqləyə bilir. Təsdiqləyir ki, elmin yollarına təsadüfən gəlib çıxmayıb.
O, SSRİ Elmlər Akademiyasınını N.D.Zelinski adına Üzvü Kimya İnstitutuna elmi ezamiyyətə göndərilir. Bahəddin Nəbiyev Üzvi Kimya İnstitutunda aspiranturaya qəbul olur və “Seolitlərin quruluşunun və adsorbsiya xassələrinin infraqırmızı spektroskopiya üsulu ilə tədqiqi” mövzusunda namidəzlik dissertasiyası yazır, 1976-cı ildə isə həmin elmi işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi alır.
İllər ötdükcə ömrünü elmə həsr edən bu ziyalı insanın təcrübəsi daha da artır. Düşünür ki, həyat mübarizədir və nə qədər mübarizə aparsan bir o qədər də tez istəyinə nail olarsan. Belinski yazır: “Mübarizə həyatın şərtidir. Mübarizə qurtaranda isə həyat məhv olur.” Bütün bunların hamısını bir alim, bir ziyalı olaraq Bahəddin Nəbiyev çox yaxşı bilir və hər addım atanda da fikirləşir ki, atdığı addım sonda hansı nəticəni verəcək.
Azərbaycan Elmlər Akedemiyasının Qeyri üzvü və Fiziki Kimya İnstitutunda mühəndis, elmi işçi vəzifələrində çalışan alim öz uğurlarını daha da möhkəmləndirir.
Sonradan 1978-2003-cü illərdə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) kimya kafedrasında assistent, dosent və kafedra müdiri vəzifələrində işləyir. İllər keçdikcə yeni-yeni uğurlar qazanır.
Bahəddin Nəbiyev 2003-cü ildən Azərbaycan Təhsil Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Maraqlıdır, həmişə elmi axtarışların və yenilikərin müsbət nəticə verdiyini dərindən duyan alim bir an da olsun axtarışlarını azaltmır. Elə bunun nəticəsidir ki, 80 elmi əsəri, o cümlədən 3 kitabçası, 2 tədris proqramı, 5 dərs vəsaiti, 20 metodik vəsaiti, 25 jurnal məqaləsi, 23 tezis və 3 müəlliflik şəhadətnaməsi və s. Bahəddin Nəbiyevin alim kimi nəyə qadir olduğunun göstəriciləridir.
O, “Pedaqoji təmayüllü ali məktəblərdə müəllim hazırlığının səmərəliliyinin artırılması üçün təhsilin məzmununun təkmilləşdirlməsi” mövzusunda elmi araşdırmalarını və axtarışlarını davam etdirir. Hər bir çəkilən zəhmətsə öz bəhrəsini nə vaxtsa verəcək. Bahəddin Nəbiyevin yetirmələri yüzlərlədir. Bahəddin Nəbiyev ləyaqətli yetirmələri ilə fəxr edir. Müdriklərimizindən biri deyib ki, “Həyatda tam olmaq, bütöv olmaq lazımdır”. Bu mənada Bahəddin Nəbiyev bütöv adamdı, sözünün yiyəsidir. Bahəddin müəllim həm də elnən nəfəs alan ziyalıdır. İstedadlı şairimiz Rasim Kərimlinin vəsf etdiyi kimi:
Ellə ağlamışam, ellə gülmüşəm,
Elimdən ayrılsam bil ki, ölmüşəm.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.