Rəşid Əli oğlu Əliyev

Rəşid Əli oğlu Əliyev 1954-cü il yanvar ayının 30-da Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kən­dində qul­luqçu ailəsində anadan olmuşdur. Kəndin “Qaraməmmədli” nəslindəndir.

Səməndər Məmmədov: “CAHİLLİK ÖLÜMDÜ, ALİMLİK HƏYAT, KAMALA YETƏNDƏ DOĞULUR İNSAN”

Vətəni oğul tək qorudun,
Nə usandın, nə yoruldun,
Sən od-alovdan doğuldun,
Düşmən başın üz, qardaşım!
Ey, əhdinə düz qardaşım!
Lalə Əliyeva

O, hamıdan fərqli bir ömür yaşadı. Ölümlə çar­pı­şan ağır bir ömür. Bu çətin anlarda için­dən, kö­kün­dən, aldığı tər­biyədən gələn qürura sığındı. Qorx­madı, əyil­mə­di, sın­madı. Qucağında böyü­düyü Səngər dağı kimi. Sava­dın­nan, səviy­yə­siy­­nən və tutarlı məntiqinnən qalib gəldi. Kamal zir­və­si­nə ucal­dı. Və o zirvədə ikinci dəfə yenidən doğuldu. Bu maraqlı, ye­nilməz, basılmaz ər oğlu ər gözəl alim-ziyalımız Rəşid Əli­yev­dir.

Rəşid Əliyev 1961-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olsa da, 1965-ci ildə təh­si­lini Bolnisi şəhər rus orta məktəbində davam etdirmişdir, hə­min məktəbi də müvəf­fəqiyyətlə bitirmişdir. İlk zamanlar rus məktəbində oxumaq dili bilməyən bir uşaq üçün çətin olsa da, Rəşid atası Əli Bayram oğlunun və özünün böyük səyi nəti­cə­sində bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmiş, artıq 6 aydan sonra başqa millətlərdən olan yaşıdlarını qabaqlamağa başla­mışdı. Atası Əli Bayram oğlu hələ kiçik yaşlarından Rəşidin şəxsiyyətinə hörmət edir, onunla bir çox mövzularda söhbətlər aparır, fikirlərinə dəyər verirdi. Rəşidin oxuduğu rus mək­tə­bində təhsil yüksək səviyyədə aparılır və dəqiq elmlərə üs­tünlük verilirdi. Ona görə də, hələ uşaq yaşlarından onda radiorabitəyə, təyyarə modelləşdirməyə, fotoşəkil çıxartmağa xüsu­si həvəs yaranmışdı və onun arzusu Moskva Təyyarəçilik İns­ti­tu­tuna daxil olmaq idi. İstirahət və ya tətil günlərində o, qar­daşları Bayram və Azadla birlikdə otağın birində öz balaca fotolaboratoriyasını qurar, hər tərəfi qaranlıq edər və həvəslə şəkil çıxardardı. Sonralar texnikaya və fi­zi­ka elminə olan bu sevgi onu Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə gətirdi və 1971-ci ildə o, həmin fakültənin axşam şöbəsinə qəbul olundu. Hələ tələbəlik illərindən gənc Rəşid Universi­tetin elmi-tədqiqat işlərinə cəlb olunmuş və fiziki təcrübə sahəsində öz biliklərini zənginləşdirmişdir. Məhz Sovet ordusu sıralarında xidmət edərkən onun qazandığı təcrübə karına gəl­mişdi. O, zenit-raket qoşunlarının kəşfiyyat bölməsinin 6 aylıq təlim kurslarını “əla” qiymətlə bitirmiş və buna görə də serjant rütbəsi qazanmış, bölük komandiri və təlim siniflərinin rəisi tə­yin olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra o, uni­ver­sitetdə təhsilini davam etdirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Univer­site­tinin Fizika fakültəsini bitirmiş və Uni­ver­si­te­tin fizika fakültəsində də saxlanılmışdır. 35 ildən artıq bir müd­dətdir ki, həmin fakültədə fəaliyyət göstərərək, baş la­bo­rant­dan aparıcı mühəndis vəzifəsinə qədər yüksəl­mişdir. O, hal-hazırda Bakı Dövlət Universitetinin Fizika Prob­lemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” labora­to­riyasında aparıcı mühəndis vəzifəsində çalışır. BDU-da sa­vad­lı, yüksək ixtisaslı mütəxəssis kimi tanınmış Rəşid Əliyev bir çox elmi məqalələrin, ixtira­ların, səmərələşdirici təkliflərin müəl­­lifidir.

Rəşid Əliyev Azərbaycan elmi ictimaiyyətində kifayət qə­dər tanınan, müasir texnika və texnologiyanı mükəmməl bilən, eksperimentin incə­lik­lərini dərindən duyan nadir qabiliyyətə malik bir fizik-mühəndis olmaqla, nəinki Bakı Dövlət Uni­ver­si­tetinin nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnsti­tu­tu­n­da, həm də AMEA  Genetik Ehtiyatlar İnstitutunda və AMEA-nın digər institutlarındakı ən mürəkkəb rentgen, lazer və digər optik qurğuların sazlanması və işlək vəziyyətdə qal­ma­­sını təmin etmişdir. Rəşid müəllim “LAZER” Elmi-texniki Mərkəzdə işlənib hazırlanmış xü­su­si təyinatlı lazer texnikasının N saylı hərbi hissədə sınqalarının təşkili və keçirilməsində ya­xından iştirak etmişdir. Rəşid müəllim BDU-dakı elmi fəaliy­yəti ilə yanaşı, respublikada gəmi təmiri üzrə də əhəmiy­yə­tli işlər görmüşdür. Son dövrlərdə Azərbaycan Respub­li­ka­sı  Sərhəd Qoşun­la­rının “Keşikçi gəmisi”nin, Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin  Ə.Hacıyev adına “Təd­qiqat gəmisi”nin əsaslı təmirinə cəlb edilmiş, ora­dakı mürəkkəb qur­ğu­ların bərpası və yenidən qurulmasını uğurla ye­rinə yetir­miş­dir.

Rəşid Əliyev təmiz adı, şərəfi hər şeydən üstün tutan bir nəs­lin oğludur. O, 1937-ci ildə Sovet rejimi tərəfindən öz əqi­dəsi uğrunda güllələnmiş Şeyx Molla Qurbanın və müharibə illərində fərarilərin gülləsinə tuş gəlmiş dəmirçi Qaram­mə­doğlu Bayramın nəvəsi, 1941-1945-ci illər Böyük Vətən müha­ri­bəsində igidliklər göstərmiş bir kişinin – Əli Əliyevin oğlu olmaqla öz nəslinin layiqli davamçısıdır.

Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Rəşid mü­əl­lim ön cərgələrdə olmuş və Azadlıq Meydanında onun qur­duğu mikrofonlardan Azərbaycan xalqının haqq səsi hər yana yayılmışdır. Mitinqlərdə iştirak etdiyinə görə o, 1989-cu ildə Vəzirov dövründə Sovet rejimi tərəfindən həbs edilmiş, yalnız Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin və əmək­daş­larının səyi nəticəsində tezlikə azad olunmuşdur. Rəşid müəl­lim ölkəmizin həyatında baş verən bütün taleyüklü proseslərdə həmişə bir əsgər kimi səfərbər olmuş və iştirak etmişdir. O, 1990-cı il 20 yanvar hadisələrindən də kənarda qalmamış, 19 yanvar gecəsi Sovet Ordusunun yerləşdiyi keçmiş “Salyan kazarmasının” yaxınlığında əliyalın Rus Sovet ordusunun tanklarının qabağına çıxmışdı.

Rəşid Əliyev vətənpərvər, cəmiyyətdə müəyyən hörmətə malik əsl ziyalı bir insandır. Erməni faşistləri tərəfindən xal­qımızın başına gətiril­miş Xocalı soyqrımından  sonra Rə­şid mü­əllim bu müsibətlərə dözmə­yərək, 1992-ci ilin may ayında öz dissertasiyası üzərində elmi fəaliy­yə­tini dayan­dı­raraq 36 ya­şın­da könüllü silaha sarılmış, Vətənin müdafiəsinə qalx­mışdır. O, 1999-cu ilə qədər öz bilik və qabiliyyətindən isti­fadə edə­rək 776-cı xüsusi təyinatlı hərbi hissədə əvvəlcə kəş­fiy­yatçı rota ko­mandiri, sonra isə rabitə rəisi vəzifəsində çalış­mış, hərbi hissənin rabitə sistemini yaratmış və müvafiq kadr­lar hazır­la­mışdır. Onun bu xidmətləri hərbi hissənin fər­ma­nı ilə qeyd olunmuş və bu dövr ərzində o, baş çavuş­dan kapitan rüt­bə­sinə qədər yüksəlmişdir. O, Füzuli, Qubadlı, Ağdam, Ağ­dərə, Mu­rov, Tərtər döyüşləri kimi qanlı döyüşlərdə iştirak et­miş və onun xidmət etdiyi hərbi hissə yeganə hissədir ki, heç bir dö­yüşdə məğ­lub olmamışdır. O, Qarabağ müharibəsi vete­ranı, eh­tiyatda olan kapitan­dır. Rəşid müəllimin vuruşduğu hərbi his­sənin döyüş yoluna həsr olun­muş iki kitab işıq üzü gör­müş­dür: Dünyamalı Kərəmin “Qələbəni odlu qəlb əldə edir” və Aleksey Saprıkinin “Да, несудимы будем!” kitabları.

Bu kitablarda da Rəşid müəllimin obrazı vətənpərvər bir alim, iste­dadlı bir rabitəçi, tabeliyində olan əsgərlərə atalıq qay­­ğısı göstərən bir zabit kimi canlanır. Rəşid müəllim müha­ribə qurtardıqdan sonra da həlak olmuş şəhid dostlarının ata-analarına baş çəkir, övladlarının toyunda iştirak edir və həmişə də həyatdan nakam getmiş şəhidləri ürəkağrısı ilə xatırlayır. Rəşid müəllim yeri gələndə dövri mətbuatda Qarabağın azad­lı­ğı uğrunda canlarından keçmiş döyüş yoldaşlarının qəhrə­man­lıqları haqqında məqalələrlə çıxış edir və onları yad edir.

Rəşid müəllimin həyatında bir dövr də onun İrana bir mütəxəssis kimi müqavilə əsasında dəvəti lə bağlıdır…

O, 2007-ci il yanvar ayından İran İslam Respublikası tərə­findən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almışdır. O, İran İslam Respublikasında kvant elek­tro­nikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmişdir. Şir­kətin rəh­bərliyi ona dəfələrlə İran vətən­daşlığını qəbul etməsini və daimi İranda qalıb işləməsini təklif etsə də, o vətənini ca­nın­dan artıq sevən və lazım gələndə sinəsini vətən üçün sipər edən bir insan olduğu üçün bu təklifləri qətiyyətlə rədd edərək Azər­bay­cana qayıtmış­dır. Sonradan onu qısa müddətdə İrana dəvət edərək mü­əm­malı şəraitdə həbs etmiş, günahsız  olaraq məşhur si­yasi “Evin” zinda­nında qondarma ittihamla 1 il 10 ay saxla­mış­lar.

Rəşid müəllimin müdafiəsinə bütöv Azərbaycan cəmiyyəti ayağa qalxdı. Onun hüquqlarının müdafiə olunması üçün Azərbay­can alimlə­rindən ibarət Müdafiə Komitəsi yara­dıl­dı, hüquq müdafiəçi­ləri­nin və Milli Məclisin deputatlarının iş­tirakı ilə dəfələrlə mətbuat konfransı keçirildi, dəfələrlə İran sə­firliyinin qarşısında toplantı oldu və müraciətlər edildi. Azər­baycan dövlətinin dəstəyi ilə və bütün rəsmi döv­lət qurum­ları, Azərbaycanın İrandakı səfirliyinin, Xarici İşlər Nazirli­yi­nin, Ədliyyə Nazirliyinin əməkdaşları, Rəşid müəllimin döyüş dost­ları, mət­buat da geniş miqyasda fəaliyyət göstərərək, onun ailə­sinə dəstək ol­du və vətənpərvər eloğlumuz, dəyərli ziyalımız Rəşid Əliyevi İran reji­minin caynağından qurtara bildi.

Rəşid müəllim qürbətdə zindan həyatı görsə də, ata-ba­ba­larından ona qanla keçmiş mübarizlik, mətinlik, igidlik sayə­sində sınmadı, zindan həyatı dövründə də doğma Azərbaycanı təmsil etdi, ona qarşı edilən əsas­sız ittihamlara qarşı öz dərin məntiqi, iradəsi ilə sinə gərdi və itti­hamların əsassız olduğunu sü­but etdi. O, İrandakı Milli Azadlıq hərə­ka­tının fəalla­rına Azər­baycanın müstəqillik, dövlətçilik və demokratiya ruhunu çatdırdı, onlarla həmrəy oldu.

Lalə xanımın dediklərindən: “Rəşid müəllim ləyaqətli bir insan ol­maqla yanaşı, qayğıkeş bir oğul, qardaş, ata və zəngin həyat yaşayan  ağsaqqaldır. Rəşid müəllimin mü­ba­riz­liyi, mətinliyi, qorxmazlığı gənc nəslə bir örnəkdir. Qoy bizim yetişən gənc nəsil Rəşid müəllim kimi insanlardan öyrənsinlər, onun kimi qədim el-obamızı sevsinlər, Faxra­lı­mıza sahib dursunlar, onun kimi mübariz və qorxmaz olsunlar və dünyanın harasında olsalar da, həmişə el-obaya layiq övlad olsunlar.”

Rəşid Əliyev 8 yanvar 2023-cü il tarixində, 69 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur