QISA MƏLUMAT
Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-1980-cı illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının əyani aspirantı olmuşdur. 1984-cü ildə “Təsadüfi proseslərin və meydanların interpolyasiyası haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Azərbaycan EA AİS şöbəsində çalışmışdır. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında dosent vəzifəsinədək yüksəlmişdir. Sabir Ömərov 4 dərs vəsaitinin, bir neçə metodiki tövsiyənin və 18 elmi məqalənin müəllifidir. “Korrelyasiya və reqressiya təhlili”, “Statistik fərziyyələrin yoxlanılması” adlı vəsaitləri nəşr edilmişdir.
Mənbə : REDAKTORDAN
BİLİK CAN QUŞUNA QANADDIR
Faxralının ziyalılarından, alimlərindən in-diyədək çox yazmışam. Elimizin qürur mənbəyi olan belə insanlardan hər dəfə yazdıqca özümdə daxli rahatlıq tapmışam. Barələrində yazılası həmyerlilərimiz isə bir deyil, beş deyil.
…Sabir Ömər oğlu Ömərov 1956-cı il aprelin 5-də Borçalının Faxralı kəndində anadan olub. Orta təhsilini də burada alıb – 1973-cü ildə əla qiymətlərlə Faxralı kənd orta məktəbini bitirib. Ali təhsil almaq arzusu yaşıdları kimi onu da Bakıya gətirib və sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat” fakültəsinə verib, qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb. Beş illik tələbəlik həyatını da uğurla başa vurub və 1978-ci ildə universiteti də əla qiymətlərlə bitirib. Təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilən S.Ömərov 1978-1980-ci illərdə burada mühəndis-proqramçı vəzifəsində çalışıb.
Hələ tələbləlik illərində ikən elmi fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoyan Sabir Ömər oğlu bu arzusunu da reallaşdırmaq üçün aspirantura təhsli almaq qərarına gəlib və məqsədli aspiranturaya göndərilərək 1980-1983-cü illərdə Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının aspirantı olub. Burada Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru M.İ.Yadrenkonun elmi rəhbərliyi altında tədqiatla məşğul olub. Nəhayət, üçillik aspirantlıq dövrü də arxada qalıb və o, yuxusuz gecələr, gərgin elmi axtarışlar bahasına araya-ərsəyə gətirdiyi namizədlik dissertasiyasını 1983-cü ildə müdafiə şurasına təqdim edib. Çəkilən zəhmət öz bəhrəsini verib: 1984-cü ildə Kiyev Dövlət Univerisitetinin “Riyaziyyat” fakültəsində “Təsadüfi proseslərin və meydanların interpolyasiyası haqqında” namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elm-ləri namizədi elmi dərəcəsinə layiq görülüb.
Dissertasiyanın uğurlu müdafisəsindən sonra yenidən elmi fəaliyyətini Elmlər Akademiyasında davam etdirən Sabir Ömərov 1985-1987-ci illərdə Akademiyanın AİS şöbəsində böyük mühəndis-proqramçı vəzifəsində çalışıb. 1988-1990-cl illərdə isə Gəncə Regional Elmi Mərkəzində laboratoriyaya rəhbərlik edib.
1990-cı ildən elmi axtarışlarla yanaşı həm də pedaqoji fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Aqrar Universitetində assistent kimi fəaliyyətə başlayan Sabir müəllim tezliklə baş müəllim və dosent vəzifələrini tutub. 2001-2009-cu illərdə isə “Statistika və maliyyə” kafedrasının müdiri vəzifəsində çalışıb.
Sabir Ömərov elmi axtarışla pedaqoji fəaliyyəti bacarıqla uzlaşdıran alimlərimizdən olub. Bir alim kimi məhsuldar fəaliyyət göstərib. Təsadüfi deyildir ki, o, 50-yə yaxın elmi məqalə və tədris-metodiki vəsaitin, o cümlədən iki dərsliyin (“Riyazi statistika” I hissə, və “Riyazi statistika və ehtimal nəzəriyyəsi” I hissə) həmmüəllifidir. Elmi məqalələrinin Azərbaycanın elmi jurnalları ilə yanaşı “Ukrayna Milli Elmlər Akademiyasının xəbərləri”, Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Kiyev Dövlət Universitetinin xəbərləri” kimi aparıcı nəşrlərdə və ABŞ-da (Amerika Riyaziyyatçılar Cəmiyyəti) çap olunması da onun bir alim kimi elmi axtarışlarının sanbalının, tədqiqatlarına dünya elmi ictimaiyyətinin marağının göstəricisidir.
Sabir Ömər oğlu istedadlı alim olmaqla yanaşı, həm də sadiq dost, gözəl insan, vəfalı həyat yoldaşı, qayğıkeş ata idi. Çalışdığı kollektivdə, dost-tanış yanında, eldə-obada böyük hörmət-izzət qazanmışdı. Hər yerdə hörmətlə qarşılanırdı, məclislərdə yeri yuxarı başda olurdu. Bunu zərrə-zərrə qazanmışdı. Sanki ömrün vəfasızlığını duyurmuş kimi, hər addımında yaxşılıq etməyə, heç kəsin qəlbinə dəyməməyə çalışırdı. Sanki yaxşılıq etməyə, qurub-yaratmağa tələsirdi. Hardan biləydi ki, ömür yolu yarımçıq qalacaq. Amansız əcəl onu qəflətən yaxaladı – 2012-ci il iyunun 1-də dünyasını dəyişdi. Ömrünün ən gözəl çağında – daha səmərəli elmi axtarışlar aparmalı, yüksək ixtisaslı kadrlar hazırlamalı, elinə-obasına yararlı işlər görə biləcəyi bir vaxtda – 56 yaşında dünyadan köçdü. Amma bu 56 illik ömründə bir neçə ömrə sığmayacaq qədər işlər gördü. Bu gün ondan bizə qalan təkcə elmi əsərləri, kitabları deyil, həm də könüllərdəki şirin, unudulmaz xatirələridir. O, həmkarlarının, tələbələrinin, dostlarının, eloğlularının qəlbində özünə ölməzlik abidəsi ucaldıb. Elə bir abidə ki, əbədi yaşayacaq, onu yaşadacaq.
Sabir ölməzlik abidəsini biliyinnən, savadınan qazanmışdı. Sabir müəllim yaxşı bilirdi ki, böyük söz ustası Əvhədi demişkən:
Bilik can quşuna qanaddır, inan,
Ruhunu göylərə odur qaldıran.
Ondan bizə yadigar qalan bir də ləyaqətli övladlarıdır. O övladlar ki, atalarının təmiz adıyla fəxr edirlər, o adı şərəflə yaşadır, cəmiyyətdəki layiqli mövqeləri ilə doğma Faxralının başını hər yerdə ucaldır, Sabir müəllimin ölməzliyini təmin edirlər.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.