QISA MƏLUMAT
Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1964 –1974-cü illərdə Faxralı orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildən Marneuli şəhər 70 saylı texniki peşə məktəbində müəllimlik fəaliyyətinə başlamış və eyni zamanda Marneuli şəhər orta məktəblərində də dərs demişdir. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmuş, 1987-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildə Gəncə şəhərinə köçmüş, Gəncə şəhər 30 saylı orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə müsabiqə yolu ilə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim tə’yin olunmuşdur. Sonra dosent vəzifəsinə seçilmişdir. O, H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsinədək yüksəlmişdir. Mahal Qurbanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O, bir sıra respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir. 2013-cü ilin yanvar ayında “Müasir dövrdə 8-11-ci sinif şagirdlərinin əxlaqi münasibətlərinin formalaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Podaqoqika üzrə elmlər doktoru” elmi dərəcəsini almışdır. 2020-ci ildə isə o, professorluq diplomunu da almışdır.
REDAKTORDAN
UĞURA APARAN YOL
Bu vaxta qədər işıq üzü görmüş kitablarımda haqqında bəhs etdiklərimin arasında müəllimlər çoxluq təşkil edib. Düzü, indiyədək bunun fərqinə varmamışdım. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, el-obası, doğma Vətəni üçün layiqli olan hər kəs haqqında yazıb onları geniş ictimaiyyətə təqdim etməyə çalışmışam. Yazılarımın qəhrəmanları Azərbaycanımızın müxtəlif guşələrindən olub. Amma bunu da etiraf edim ki, daha çox Borçalıdan və borçalılardan, bu qədim türk yurdunun ağır ellərindən olan Faxralı kəndindən və bu kəndin oğul və qızlarından yazmışam. O kəslərdən yazmışam ki, əməlləri ilə təkcə doğulub boya-başa çatdıqları Faxralı kəndinə yox, bütövlükdə Borçalıya başucalığı gətiriblər, Azərbaycanımızın şərəfini hər yerdə qoruyublar.
Qələm adamı üçün yeni kitabının işıq üzü görməsinin nə demək olduğunu ancaq bu hissi yaşayanlar daha gözəl bilərlər. Mənim üçünsə yeni kitabımın nəşr olunmasından doğan hiss və həyəcan ikiqat olub. Axı, hər kitabda elimin-obamın şöhrətinin üstünə şöhrət gətirən neçə-neçə elm adamından, qabaqcıl müəllimdən, şəfalı əlləriylə ailələrə sevinc bəxş edən həkimdən, elin güvənc yeri kimi üz tutduğu ağsaqqaldan, dili xeyir-dualı ağbirçəkdən, doğma yurdunun abadlaşdırılması və həmyerlilərinin daha xoş güzəranı üçün şəxsi vəsaitini əsirgəməyən xeyirxah iş adamlarından yazmışam. Və hər yazının arxasında bir insan taleyi dayandığından, bir nəfərin keçdiyi ömür yoluna qısa da olsa ayna tutmağa çalışdığımdan, yazdıqlarımın oxucular, xüsusən də eloğlularım tərəfindən necə qarşılanacağı mənim üçün böyük əhəmiyyət daşıyıb. Düşünmüşəm ki, görəsən, filankəs haqqında yazdıqlarımı eldə-obada necə qarşıladılar. Və bir də hər dəfə kitabı tamamlayıb çapa verəndə düşünmüşəm ki, görəsən diqqətdən kənarda qalan olmayıb ki?! Elə bu düşüncələr də məni vadar edib ki, hər dəfə bu səpkili kitabım işıq üzü görəndən sonra öz-özümə “artıq bu bəsdir” desəm də, aradan bir az keçmiş yeni kitabın ilk səhifələri yazılıb.
Bu yazıda eloğlum Mahal müəllim haqqında söhbət açmaq istəyirəm. O, sözün əsl mənasında bütün həyatını elmə, təhsilə həsr etmiş fədakar bir müəllimdir. Və mən onun haqqında danışmazdan əvvəl Mustafa Kamal Atatürkün müəllim əməyinə, müəllimin cəmiyyətdəki mövqeyinə verdiyi böyük qiyməti diqqətə çatdırmaq istəyirəm. Böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürk cəhalətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü göstərərək demişdir: “…Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.
Müəllim əməyi üçün bundan böyük qiymət nə ola bilər. Doğrudan da, müəllimi olmayan millətin gələcəyi olmaz. Hər bir millətin gələcəyi onun müəllimlərinin əlindədir. Bu yazımın qəhrəmanı da müəllim əməyinin nə demək olduğunu, müəllim məsuliyyətini yaxşı bilən ziyalılarımızdandır, doğma Faxralımın ləyaqətli yetirməsi olan alim-müəllimdir. Onun keçdiyi ömür yolu da dediklərimizin sübutudur.
…Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1964-cü ildə doğma kəndində orta məktəbin birinci sinfinə gedib, 1974-cü ildə orta təhsilini başa vurub. Elə həmin il ali təhsil almaq arzusu yaşıdlarının çoxu kimi, onun da yolunu Bakıya salıb. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə verib. O dövrdə təhsil alanlar yaxşı bilirlər ki, bu fakültədə oxumaq necə prestij sayılırdı. Axı, bu fakültəyə ancaq orta məktəbi əla biriənlər, xüsusilə də riyaziyyatdan güclü olanlar gəlirdilər və qəbul zamanı da böyük müsabiqə olurdu.
1979-cu ildə universitetdə təhsilini başa vuran Mahal Qurbanov ali təhsilli gənc mütəxəssis kimi Borçalıya qayıdır. Marneuli şəhərindəki 70 saylı texniki peşə məktəbində pedaqoji fəaliyyətə başlayır və eyni zamanda Marneuli şəhərindəki orta məktəblərdə də dərs deyir, universitetdə öyrəndiyi nəzəri bilikləri gənc nəsilə böyük həvəslə öyrədir. Qısa müddətdə burda pedaqoji ictimaiyyətin, rayon sakinlərinin hörmət və rəğbətini qazanır. Heç də hər bir gəncə belə tezliklə nəsib olmayan nüfuz sahibi olur. Bəlkə də onun yerində kim olsaydı artıq əldə etdikləri ilə razılaşıb burada müəllim kimi fəaliyyətini davam etdirərdi. Amma Mahal Şaban oğlunun içindəki oxumaq, daim yeniliyə can atmaq həvəsi onu daha uca zirvələrə çağırırdı. Elə bu istək, elmə olan bu maraq onu 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmağa sövq etdi. Həm pedaqoji fəaliyyətlə məşğul oldu, həm də vaxtdan səmərəli istifadə edərək elmi axtarışlara başladı. Nəhayət, gərgin zəhmət öz bəhrəsini verdi və o, 1987-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi aldı.
Artıq bir alim kimi onun qarşısında daha geniş üfüqlər açılırdı. Elmi-pedaqoji potensialını daha böyük auditoriyalarda sərf etməyi düşünürdü. Bu arzuyla da 1989-cu ildə Gəncə şəhərinə köçüb, 30 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 1990-cı ildə müsabiqə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim təyin olunub. Bilik və bacarığı, zəhmətsevərliyi ilə burada da qısa müddətdə fərqlənib, kollektivin hörmətini qazanıb, çalışdığı kafedrada dosent vəzifəsinə seçilib. Hətta daha böyük etimad göstərilərək H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsinə irəli çəkilib.
Nə tutduğu vəzifə, nə də qazandığı karyera onu elmi-tədqiqatdan uzaqlaşdırmayıb, axtarışlarını davam etdirərək doktorluq dissertasiyası üzərində çalışıb. Nəhayət, gərgin zəhmətin bəhrəsi kimi, 2013-cü ilin yanvar ayında “Müasir dövrdə 8-11-ci sinif şagirdlərinin əxlaqi münasibətlərinin formalaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Yeri gəlmişkən qeyd edim ki, onun doktorluq işinin elmi rəhbəri görkəmli pedaqoq-alim Zahid Qaralov olub.
Mahal Qurbanov məhsuldar alim ömrü yaşayır. Onun elmi-pedaqoji fəaliyyəti 140-dan çox elmi əsərdə öz əksini tapıb. Dəfələrlə elmi konfranslarda məruzələrlə çıxış edib. Xaricdə nəşr olunan nüfuzlu jurnallarda 10 elmi məqaləsi dərc olunub. 4 metodik vəsaitin, 2 dərs vəsaitinin, 16 tezisin, 2 ixtiranın, 2 monoqrafiyanın, 12 fənn proqramlarının müəllifidir. Hal-hazırda Gəncə Dövlət Universitetinin professoru kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Bəli, Mahal müəllim bu gün çox məhsuldar bir alim ömrü yaşayır, səmərəli elmi-pedaqoji fəaliyyətini davam etdirərərk uğura aparan yolda inamla addımlayır. Elimin bu alim oğluna uzun və sağlam ömür, elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.