Ramiz Məhəmməd oğlu Musayev

GÜVƏNƏ BİLMƏSƏN ÖZ QÜDRƏTİNƏ, OYUNCAQ ƏLLƏRDƏ OYUN OLARSAN…

Bəzən insanlar haqsızlığa dözə bilmir, göz­lərinin qaba­ğında baş ve­rən qanunsuz­luq­lara üsyan edir. O yerdə ki, haqsızlıq baş alıb gedir, hər hansı bir xalqın milli hissi, əxlaqı və duyğuları tapdalanır, əlbəttə, buna o millətə məxsus olan insan heç vaxt dözə bil­məz. Ona görə dözə bilməz ki, mil­lə­tin adına yaxılan qara ləkə, vuru­lan töhmət uzun illər yaddan çıxan deyil.

Damarından türk qanı axan və həmişə də bir coşqu ilə millə­tini, xalqını sevən insanlar­dan biri olan Ramiz Məhəm­məd oğlu Musayev öz həyat tərzi, düşün­cəsi və mübarizəsi ilə baş­qalarından fərqli bir mövqe tutub. Bu comərd insan vaxtı ilə Gürcüstanda Qamsaxurdiya dövründə haqsızlığa dözməyib və iradlarını bildirib. Belə ki, millətçi hərəkat baş qaldıran zaman o, gürcü şovinistlərin  əməllərinə və alçaq hərəkətlərinə öz etirazı ilə cavab verib.

1991-ci ildə günlərin birində Borçalının Qoçulu kənd qə­bi­ris­tanlığında sənədli film çəkilirmiş. Həmin filmdə azər­bay­canlı oğlanın gürcü qızının qəbirstanlıqda namusuna sataşmaq epizodu çəkilən vaxtı Ramiz Musayev orda olur və bu çəkilişə etiraz olaraq kameranı gürcü operatorun və rejissorun əlindən alaraq yerə çırpıb qırır.

Bu hadisədən sonra təbii ki, gürcü şovinistlər onun başını sığalla­mayacaqdı. Ən azından ona görə ki, gürcülər belə hərəkəti başqa millət­lərə hec cür bağışlamırlar. Hətta şovinist­lərdən bir neçəsi Ramiz Musa­yevə xəbər göndərir ki, onu harda görsək, öldürəcəyik. Təqiblərin və təzyiqlərin artdığını hiss edən Ramizin atası Məhəmməd kişi ona Gürcüs­tanı tərk edib, Azərbaycana pənah aparmasını bildirir.

Aydındır ki, hər bir övlad da atanın məsləhətinə qulaq asmağa borcludur. O da atasının məsləhətini dinləyir və 1992-ci ildə Bakıya gəlir.

Dahilərdən biri deyib: “Keçmiş geri dönməz, gələcəyin qayğısına qalmaq lazımdır”. Bu sözləri özünə həyat devizi kimi seçən Ramiz Musayev təbii ki, Azərbaycana qayıdandan sonra özünün yeni həyatını qurmağa başlayır.

Onu da qeyd edək ki, Ramiz Musayev 1978-ci ildə Bolnisi rayonun Faxralı kənd orta məktəbini bitirib. O, 1982-ci ildə Astarxan Ali Milis məktəbinə qəbul olub və 1986-cı ildə həmin məktəbi bitirib.

Bir müddət Bolnisi rayonunda sahə inspek­toru və baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. Sonradan isə Azərbaycanda Polis (Milis) Akademiya­sının hüquq fakültəsini bitirib.

Ramiz Musayev təbii ki, bu peşəni seçəndə həyatının bü­tün anlarını dərindən götür-qoy edib. O, fikirləşib ki, polis işin­də çalışarkən hər bir çətinliklə üzləşə bilər və buna görə də hər şe­yə hazır olmalıdır. Hər şeyə hazır olan insan bir hadisə onu ya­xalayanda çaşıb qalmır, mürəkkəb vəziyyətdən çıxış yolu tapa bilir. Nizami Gəncəvinin çox gözəl kəlamı var. O yazır:

Ağıllı adamlarla dostluq bağlasan,
Bilik və mərifət alarsan ondan.

Ramiz Musayev həmişə ağıllı və müdrik adamlardan öy­rən­­məyə çalışıb. Bilmədiklərini, başa düşmədiklərini kimdənsə soruşmağa heç vaxt utanmayıb, çəkinməyib. Ona görə də çə­ti­nə düşəndə, darda olanda həmin məsləhətlər onun köməyinə çatıb.

O, həyatda həmişə kimlərinsə işinə yarımağa çalışıb. Özündən çox başqasına əl tutmağa, arxa durmağa və kölgə salmağa can atıb. Bu mə­qam­da yadımıza Abbasqulu Ağa Bakıxanovun aşağıdakı sözləri düşür: “Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.”

Həqiqətən də insan başqasına lazım olduğunu hiss edəndə, kiməsə əl tutanda və söykək olanda ömrün hədər getmədiyini hiss edir, bunun üçün qürur hissi duyur. Azərbaycana qayıdan Ramiz Musayev polis sistemində fəaliyyətə başlayır. Bir müddətdə yaxşı işinə görə, ona həmişə yüksək qiymət verilib. Xidməti vəzifəsini qüsursuz yerinə yetirdiyinə və iş əmsalının yüksəkliyinə görə ona rəhbərlik tərəfindən təşəkkür və xüsusi diplomalar təqdim edilir.

O, axır vaxtlar isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri vəzifəsində çalışıb. Öz vəzifə borcunu məsuliyyətlə dərk edən Ramiz Musayev yol po­li­sində də qüsursuz fəaliyyət göstərmiş və hərə­kətin təhlükə­sizliyinin təmin edilməsində böyük xidmətləri olmuşdur.

İnsan hansı vəzifədə, hansı qulluqda olursa olsun gərək ilk növbədə Vətən sevgisi, millət eşqi ilə yaşasın. Onun gördüyü işlər uzun zaman kimlərinsə xatirindən, yaddaşından silin­mə­sin. Ramiz Məhəmməd oğlu Musayev də harda işləyibsə və harda çalışıbsa onu tanıyanlardan yadında həmişə xoş duyğular qoyub. Düzdür, o indi təqaüdə çıxıb, amma həmişə onun yeri görünür və hörməti hiss olunur. Çünki o kişi hansı vəzifədə olubsa, o vəzifəni hörmətə mindirməklə yanaşı, el-obanın da bö­yük məhəbbətini və sevgisini qazanıb. Həm də öz gücünə, qüdrətinə güvənən eloğludu Ramiz. Ozü də yaxşı bir kişinin oğ­ludu. Atası Məhəmmədi eldə-obada böyükdən kiçiyə hamı sevirdi. Tökməbədən  cüssəli, iti yerişli kişi idi.  Doğma Fax­ra­lımızda və ətraf kəndlərdə hamı ona “Qaqarin” deyə müraciət edirdi. Ramiz də o kişinin canından can alıb, qanı ilə yoğrulub. Ramizin böyük şairimiz Zəlimxan Yaqubdan etdiyi zümzümə də məhz xarakterindən irəli gəlirdi:

…Güvənə bilməsən öz qüdrətinə,
Oyuncaq əllərdə oyun olarsan.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur