QÜVVƏT ELMDƏDİR…
İndiyədək işıq üzü görmüş “Ağır elsən, Borçalıda adın var” adlı üçcildliyimdə doğma Faxralımı tərənnüm etmiş, onun şan-şöhrətini dünyaya yayan elm və sənət adamları, həkimlər, mühəndislər və digər peşə sahibləri, həyatda qazandığı hər şeyə görə alnının tərinə və əllərinin qabarına borclu olan əmək adamları, idmançılar haqqında yazmış, onları faxralılar və bütövlükdə borçalılarla yanaşı, Azərbaycan ictimaiyyətinin də daha yaxından tanımasına çalışmışam. Eloğlularımın hər bir uğuruna sevinib, qürur duymuşam. Sabahımız olan gənclərin uğurları isə məni daha çox sevindirib. Xüsusilə də elmlə məşğul olan gənclərimizin hər bir ilə fəxr edirəm. Çünki dahi Nizami Gəncəvi demiş:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bəli, bu gün qüvvət elmdədir. Nahaq yerə demirlər ki, XXI əsr yeni texnologiyalar əsridir, elmi tərəqqi dövrüdür. Mən fəxr edirəm ki, Azərbaycan elminin inkişafında doğma Faxralımın yetirməsi olan gənclərin də xidmətləri az deyil, bu gün onların səsi Gürcüstan və Azərbaycanın hüdudlarını aşaraq, həm də dünyanın bir çox ölkələrinin nüfuzlu elm ocaqlarından gəlir.
Faxralının başucaldan, qürur mənbəyi olan gənc alimlərindən biri də Rövşən Qulu oğlu Poladovdur. O, 1979-cu il mayın 19-da Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta təhsilini də doğma kəndində alıb – 1985-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbdə orta təhsilini başa vurub. Elə həmin ildə də ali təhsil almaq arzusu onu Bakıya gətirib – 1996-cı ildə test imtahanında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsinə daxil olub. 2000-ci ildə bakalavr pilləsi üzrə təhsilini bitirib. Bu, o vaxtlar idi ki, gənclərin çoxu elm dalınca getməyə o qədər də maraqlı deyildilər, daha çox qazanc əldə etmək məqsədilə biznes sahəsinə maraq göstərirdilər. Amma Rövşənin qərarı qəti idi: təhsilini davam etdirmək. Bu istəklə də elə universiteti bitirdiyi il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub. İki il burada təhsil aldıqdan sonra 2002-ci ildə magistratura pilləsini fərqlənmə diplomu (Bakı Dövlət Universitetinin rektorunun Fəxri fərmanı) ilə bitirib.
Tələbəlik illərində professor-müəllim heyətinin hörmətini və etimadını qazanan Rövşənin sonrakı taleyi də bu universitetlə bağlıdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində aspirant kimi elmi fəaliyyətə başlayıb, bir vaxtlar ona dərs demiş müəllimlərlə bərabər elmin çətin yollarında ilk inamlı addımlarını atıb. “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya üzərində işləyib. Elə müəllimləri də onun gələcəyinə böyük ümid bəsləyiblər, elmi axtarışlarının uğurlu nəticələrə gətirib çıxaracağına inanıblar. 2005-ci ildə aspiranturanı bitirib. Elmi-tədqiqat işiylə bağlı yerli və xarici elmi jurnallarda məqalələri dərc olunub.
2014-cü il may ayının 23-də Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyasını uğurla müdafiə edib. Müdafiə şurası üzvləri tərəfindən yekdilliklə ona riyaziyyat üzrə (Analiz və funksional analiz ixtisası üzrə) fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi qərara alınıb. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 24 dekabr 2014-cü il tarixli qərarı ilə isə Rövşən Poladova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Rövşən Poladov bu gün bir vaxtlar tələbə kimi qapısını açdığı Bakı Dövlət Universitetinin müəllimidir, 2011-ci ildən Mexanika-riyaziyyat fakültəsinin riyazi analiz kafedrasında çalışır. Pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Elmin çətin yollarında onun daha böyük uğurları hələ qarşıdadır. Və o, bu uğurları ilə təkcə yaxınlarını və doğmalarını deyil, bütün faxralıları, borçalıları sevindirəcəkdir.
Rövşən ailəlidir, iki övladı var. İnanırıq ki, o, elmin çətin, lakin şərəfli yollarında inamla addımlayaraq bundan sonra da uğurlar əldə etməklə yanaşı, layiqli övladlar da böyüdəcəkdir.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.