MÜQƏDDƏS YOLUN YOLÇUSU
2012-ci ilin payızı idi. Eşitdim ki, “Lider” televiziya kanalında gənc aşıqların müsabiqəsi gedir. Düzü, son illərdə az qala telekanallar arasınd bəhsə çevrilmiş müxtəlif musiqi yarışmalarını izləməkdə o qədər də həvəsli deyiləm. Çünki belə yarışmalarda çox zaman əsl sənət bir qıraqda qalır, təşkilatçıların əsas məqsədi anacaq SMS-lə tamaşaçıların cibinə girmək olur. Amma bununla belə, söhbət aşıqdan, xalqımızın ən qiymətli mədəni sərvəti olan aşıq sənətindən gedəndə, biganə qala bilmirəm. Yarış SMS-lə də olsa, verilişi sona qədər izləyir və bəyəndiyim sənətçini bacardığım qədər dəstəkləyirəm. Bu dəfə eşitdiyim xəbər isə mənim diqqətimi ikiqat cəlb etmiş, hətta, mən deyərdim ki, bir qədər də həyəcanlandırmışdı. Axı, bu yarışmada mənim eloğlum da iştirak edirdi. O, yarışmada Borçalını, Borçalı aşıq mühitini təmsil edəcəkdi. O Borçalını ki, adı tarixə qızıl hərflərlə yazılmış böyük ustad sənətkarlar yetirib və bu nəhənglərin sənət yolu bu gün etibarlı əllərdədir. Və bu yarışmada Qabil bir daha sübut etməliydi ki, Borçalı aşıq mühiti sevimli şairimiz Zəlimxan Yaqub demiş, “həmişə diri və durudur”.
Borçalı aşıq mühitiylə bağlı yazılarının birində Xalq şairi Zəlimxan Yaqub belə deyir: “Bəlkə də dünyanın heç yerində, heç bir dilində iki söz aşıq sözüylə Borçalı sözü, Borçalı ifadəsi ilə aşıq ifadəsi qədər şirin və gözəl şəkildə birləşməyib. Borçalı deyilən kimi, istər-istəməz o torpağı, o kökü, o mahalı, o yaddaşı duyan, bilən, sevən adamların yadına aşıqlar, aşıq deyilən kimi isə Borçalı düşür. Bunlar suda şəkər əriyən kimi bir-birinin bətnində ərimiş ifadələrdir. Balnan pətək kimi, çiçəklə arı kimi, qartalnan qaya kimi, zirvəynən qar kimi, dağ kəliylə buz kimi, göylə durna kimi bir-birinə yaxın, bir-birinə doğma ifadələrdir”.
Böyük şairimizin də qeyd etdiyi kimi, Borçalı deyəndə saz, saz deyəndə Borçalı yada düşür. Və bir Borçalı balasının da qatıldığı saz yarışmasına mən necə biganə qalardım. Bütün dostları və ərkim çatan eloğluları da səfrəbər etdim ki, hamılıqla bu gəncə dəstək olaq. Qabil də ki, sağ olsun, ona göstərilən etimada layiq oldu, ümidlərimizi doğrultdu. Hər həftə yarışmaya yeni ifalarla çıxdı, bir-birini təkrarlamayan çıxışlarıyla böyük tamaşaçı rəğbəti və dəstəyi qazandı. Elə bu rəğbət və dəstək də üç ay davam edən yarışmada məhz Qabilin qalib olmasına gətirib çıxardı. 2012-ci il dekabrın 24-də yekunlaşan müsabiqənin qalibi kimi, Qabil “Qızıl saz” mükafatına layiq görüldü. Onun bu qələbəsi hamımızı sevindirdi. Çünki bu, sadəcə Qabilin qələbəsi yox, Borçalı aşıq mühitinin qələbəsi, onun doğulub boya-başa çatdığı Faxralı kəndinin növ-bəti başucalığıdır. Qabilin bu qələbəsinə görə bütün Borçalılara və faxralılara çox sağ olsunlar deyirəm. Ona görə ki, sözün həqiqi mənasında əsl birlik nümayiş etdirdilər.
Bəs, bayaqdan haqqında danışdığım Qabil kimdir? Gəlin onun qısa, lakin mənalı ömür yoluna birlikdə nəzər salaq.
İlk öncə onun tərəfindən sözləri İlham Borçalıya mənsub olan mahnıya qulaq asaq:
Qabil Vaqif oğlu Abdıyev 1988-ci il avqustun 16-da Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1995-ci ildə Faxralıdakı 1 saylı orta məktəbdə birinci sinfə gedib, 2006-cı ildə orta təhsilini başa vurub.
Hələ uşaqlıqdan saza-sözə, aşıq sənətinə meyilli olan Qabil 2003-cü ildə aşıq Bəhram Əliyevin yanında şəyirdliyə başlayıb. Qısa müddətdə ondan çox şeylər öyrənməyə müvəffəq olub. 2008-ci ildə eyni zamanda texniki-peşə məktəbinə də daxil olub və bir il burada oxuyub. Ancaq yenə də sazından ayrılmayıb. Əksinə, Bakıda olması onun sənət əlaqələrinin daha da genişlənməsinə imkan verib. Burada aşıqlardan Kövrək Murad, Tərmeyxan, Cahangir Quliyev və rəhmətlik Gülabıdan dəyərli məsləhətlər alıb, bilmədiklərini onlardan öyrənib. Özünə güvəndikdən sonra el şənliklərinə, toylara çıxmağa başlayıb.
Qabil Abdıyev gənc olsa da, artıq aşıq kimi özünü təsdiq edə bilib. Gözəl barmaqları, könül oxşayan səsi var. Bir də aşıq üçün ən vacib olan ədəb-ərkan sahibidir. Böyük ustad Aşıq Ələsgər necə də gözəl deyib:
Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başda pür kamalı gərəkdir.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Qabil məhz mərifət elmində dolu olan gənc sənətkardır. Onun gələcəyinə böyük ümid bəsləyirəm. İnanıram ki, o, Borçalı aşıq mühitinin layiqli davamçılarından biri kimi hələ bundan sonra neçə-neçə uğura imza ataraq bizləri sevindirəcəkdir. Ona tutduğu bu müqəddəs yolda uğurlar arzulayıram.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.