Xatirə Şamil qızı Kırcaalili (Həsənova)

İŞ SƏNİ YETİRƏR VARA, QAZANCA, İŞSİZ, QAZANCIN DA GEDƏR ASANCA…

Məlum olduğu kimi, aprelin 24-də Türk Dünyası Çanaq­qala zəfərinin 100 illiyini tən­tənəli surətdə qeyd etdi. Məra­simdə Tür­kiyə Cümhuriy­yətinin kökübir qardaşı, ən sadiq si­lah­daşı, strateji tə­rəf­daşı Azərbaycan Respub­likasının Prezi­denti İlham Əliyev də iştirak etdi. Dövlə­timizin başçı­sına təd­birdə ayrılan yeri dəyərləndirməyə çalışan diplo­matlar bil­di­rir­lər ki, cənab İlham Əliyev ən hör­mətli qonaq, hətta bir az da artıq – ev sahibi statusunda olub. Bu da, əlbəttə, təsadüfi deyildir.

Dili bir, dini bir, mədəniyyəti bir qardaşlar olan Anadolu və Azərbaycan türklərinin həm də ortaq tarixləri var. Xeyir-şərləri bir olub, düşmənə qarşı da birgə savaşıblar.

Elə həmin Çanaqqala döyüşlərində 3 minə yaxın azər­bay­canlı əsgər şəhid olub. “Yol ver Türkün bayrağına!” – deyən istiqlal şairimiz Əhməd Cavad da türk xalqına yardıma gedən Qafqaz könüllüləri sırasında Trakya cəbhəsində Abdulla Şaiqlə birgə mehmetciklərlə çiyin-çiyinə vuruşmuşdur, gəzib-dolaş­dığı yerlərin poetik mənzərəsini təsvir etmiş, şahidi olduğu hadisələri nəzmə çəkmişdir.

Gürcüstanın azərbaycanlı ziyalıları arasında da Ümum­türk ide­yalarına xidmət edən, türkçülüyü vəsf eləyən ziyalılar çox olub. Onlardan “Faxralıtək ağır elim var mənim” deyən şair Nəbi Miskini, hətta ondan da qabaqkı Borçalı ədəbi mü­hitində yetişmiş Aşıq Poladı, Aşıq Allahverdini və başqalarını göstərmək olar.

Aşıq ədəbiyyatından adlayıb maarifçilik müstəvisinə keçəndə burda Mirzə Rza Əlizadənin imzası uzaqdan görünür. Vaxtilə Gürcüstanda Azərbaycan məktəbləri üzrə nazir müavi­ni işlə­yib, Borçalıda məktəb­lərimizin açılmasında müstəsna rolu olub. Hə­min nəsli təmsil edən digər ziyalımız Mirzə Həbibulla Əlizadə də maariflənmədə, savadsızlığın ləğv olunmasında xüsusi xidmətlər göstərmişdir.

Görkəmli pedaqoqlardan olmuş Qara Hümbətov uzun müd­dət Candar məktəbinin direktoru, sonra isə Rayon Partiya Komi­tə­sində məsul vəzifədə çalışmış, Borçalı türklərinin savada, mü­tərəqqi dünyagörüşə yiyələnməsində əhəmiyyətli işlər görmüşdür.

Borçalının görkəmli simalarından ötən əsrin 30-cu illə­rin­də Türkiyədə  energetika  naziri işləmiş Hidayət Turanı xatırla­mağa dəyər. Çox güclü mühəndis olub, Gürcüstanda yolların inşa olun­masında, tunellərin çəkilməsində müstəsna xidmətlər göstərib.

Görkəmli dövlət xadimi, diplomat, alim və dramaturqumuz Həsən Əziz oğlu  Həsənovun təbrincə desək, qeyrəti heyranlıq do­ğuran, iki çağırış Milli Məclisin deputatı olmuş alim Şamil Qurbanovun Azərbay­can-Türkiyə qardaşlıq tellərinin daha da möh­kəmlənməsi naminə göstər­diyi xidmətlər danılmazdır. Onun Türk dünyasının mübarək isimlərinə, tanınmış simalarına dair araş­­dırmaları, tədqiqatları çoxdur. Ömər Faiq Neman­za­də­yə həsr etdiyi əsərlər Mirzə Cəlilin  “sağ əli” olmuş, “Molla Nəsrəddin” jur­nalını birgə nəşr etdikləri, “Qeyrət” mətbəəsini bə­rabər açdıq­ları Faiq Əfəndini gözəl insan, əsl türk oğlu, hə­qiqi vətənpərvər, görkəmli ədib kimi təqdim edir. Öz döv­rün­də dünya panisla­miz­minin banisi olmuş Kəmaləddin Əf­qa­ninin həyat  və yaradıcılı­ğı­na, ictimai-siyasi fəaliyyətinə dair araşdır­maları da Ş.Qurbanovun türk dünyasının bilgi xəzinəsinə ver­diyi təmənnasız töhfələrdir.

Türk olaraq türkçülüyə sanballı incilər bəxş etmiş ziyalı­la­rımız sırasında dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayıb-yaradanlara isə uzun ömür, cansağlığı versin. Onların şəxsiyyətini bir insan materialı kimi öyrənmək, göstərdikləri xidməti, qoyduqları irsi yaddaşlarda, dərsliklərdə əbədiləşdirib gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Haqqında söz açdığım Xatirə Şamil qızı da əslən bizim Faxralı kəndinin Qazaxlı nəslindəndir.

Kırcaalili (Həsənova) Xatirə Şamil qızı 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə 1-ci sinifə gedib. 1992-ci ildə 104 saylı orta məktəbi dərəcəylə bitirdi. Həmin il ilk dəfə Tür­ki­yədəki universitetlərə Azərbaycandan tələbə qəbulu olucaqdı. Bu, iki ölkə arasındakı ən önəmli körpünün ilk təməl­lərindən idi. İm­tahana girən Xatirə elə həmin il Türkiyənin Konya şəhərində olan Selçuk Universitetinə, Məsləki Egitim fakül­təsinə qəbul oldu.

İlk dəfə ailəsindən uzağa gedərkən həyəcanlı olduğu qədər, üzərinə düşən məsuliyyəti də bilirdi. Türkiyəyə gedən bütün tələbələr kimi, Xatirə də getdiyi yerdə sadəcə özünü, ailəsini deyil, ölkəsini də təmsil edəcəkdi. Bu böyük məsuliyyəti heç bir zaman yadından çıxarmadı.

Digər tələbə yoldaşları ilə birlikdə hər il türk qardaşlarına ölkəsini tanıdacaq tədbirlərdə yaxından iştirak etdi, Azərbay­canı tanıtmaq üçün əlindən gələni əsirgəmədi. Dörd ilin sonun­da ölkə­sinə qayıtmaq üçün hazırlaşdı. Bu müddət ərzində Azərbaycanda baş verən siyasi dəyişiklikər xaricdə oxuyan tələbələrin də diqqə­tini cəlb edirdi. Xatirə Konya şəhərində bir özəl məktəbdən iş təklifi aldı.

Ölkəsinə qayıtsa da, burada iş imkanları çox məhdud olduğu üçün Türkiyədəki iş təklifini qəbul etdi və özəl bir məktəbdə işləməyə başladı. Bu arada boş durmadı. İmtahanlara baş vurdu və öz ixtisası üzrə magistraturada oxudu. Həm oxudu, həm işlə­di. Magistratuturanın son ilində həyatını birləşdirəcəyi insanla – Türkiyə Hava Qüvvələrində hərbiçi olan Mehmetlə tanış oldu.

1999-cu ildə ailə qurdular. Mehmetin hərbçi olması səbəbi ilə Türkiyənin müxtəlif şəhərlərində işləməyə getdilər. Konya, Malatya, İzmir, Elazığ bunlardan bəziləridir. Hal-hazırda Malatya şəhərində 2 övladlaryla yaşayırlar. Böyük oğlu Selim Mert 13 yaşında, kiçik oğlu Şamil Aytunc 8 yaşındadır.

Türk qadının ərinə qarşı sədaqətli, etibarlı olduğunu Səgrəyin xanımının simasında da görürük. Ərinin toy gecəsi səfərə çıxdığını görən qadın nə qədər yalvarsa da, onu bu yoldan saxlaya bilmir. Əlacsız qalan gəlin ərinə vəfalı olaca­ğına söz verir, onun yolunu gözləyəcəyini deyir.

Dastanda ər-arvad münasibətlərinin ən gözəl nümunəsini “Duka Qoca oğlu Dəli Domrul boyu”nda görürük. Dəli Domrul Tanrının göndərdiyi Əzrayıla meydan oxuyur, bununla da o, Tanrının qəzəbinə düçar olur və Tanrı Əzrayıla tapşırır ki, onun canını alsın. Dəli Domrul Əzrayıla təslim olmaq istəmir. İpə-sapa yatmayan oğuz alpı səhvini başa düşür, Tanrıdan aman diləyir.

Tanrı ondan can yerinə can istəyir. Domrul atasına, anasına bu sirri açır, onlardan can istəyir. Qoca valideynlər buna razı olma­yanda Domrul qadınının yanına gəlir, olanları “yad qızı halalına” danışır: Dəli Domrulun qadını belə cavab verir ki:

Sənin ol müxənnət anan-baban
Bir canda nə var
Sana qıymamışlar.
Ərş tanığ olsun,
Yer tanığ olsun, gög tanığ olsun,
Qadir Tanrı tanığ olsun,
Mənim canım sənin
Canına qurban olsun.

Bu parçadan da gördüyümüz kimi, ər-arvad arasında  möh­tə­şəm sayğı, sevgi və sədaqət vardır.

Qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik oldu­ğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanələrində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq müm­kün deyil. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviy­yəsinə çatdırılır.

­Yaradılış dastanında Tanrıya dünyanı və insanları yarat­ma­sı üçün fikir və ilham verən “Ağ Ana” adında bir qadındır. Oğuz ka­ğanın ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə mübarək bir ağacdan doğmuş qeyri-adi varlıq­lardır. Yakutlarda ağ oğlan ağacın içindən çıxan nurlu bir qadın tərəfindən əmizdirilmişdir. İlk türk abidələrində olan “Bilgə Ka­ğan kitabəsi”ndə xaqan belə söyləyir: “Sizlər, anam xatun, böyük analarım, bacılarım, xala və bibilərim, şahzadələrim”. Ən qədim türk inancına görə, “Xan və Xaqan” göy ilə yerin övladlarıdır. Qa­dın burada göyün 7-ci qatındadır. Qadına belə bir müqəddəs varlıq kimi yanaşılan cəmiyyətdə qadının döyülməsi, xor görül­mə­si mümkün deyil. Və əlbəttə ki, türk mədəniyyətində, türk das­tan­larında belə bir vəziyyət gözə dəymir. Türk dastanlarında qa­dın daim kişinin yanındadır. Onların güc və ilham qaynağıdır (20).

Yeni türk kültüründə dastan qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşı döyüşən qadınlarla evlənmək istəyirlər. Ne­cə ki, Oğuz türklərinin ana kitabı olan “Dədə Qorqud” dastan­la­rındakı “Bamsı Beyrək” boyunda olan Banu Çiçək buna nü­mu­nədir. Dastanda ər-arvad münasibətlərini ifadə edən qəlib-formul­lara baxaq. Dastanda ərin öz qadınına münasibətinin ifadəsi kimi çox tez-tez təkrarlanan formullar – təşbehlər, bənzətmələr olduq­ca  heyranedicidir:            

“Bəri gəlgil başım baxtı, evim taxtı,
Evdən çıqub yürüyəndə səlvi boylum!
Topuğında sarmaşanda qara saçlum,
Qururlu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum”.

Dastandakı qadın qəhrəmanları da ərlərinə hörmətlə yana­şır, eyni zamanda onlara böyük sevgi və etibar nümayiş etdi­rirlər. Xatunu Dirsə xana belə müraciət edir:

“Xan babamın göygüsi,
Qadın anam sevgisi.
Atam-anamın verdigi,
Göz açuban gördügim,
Könül verib sevdigim”.

Bu müraciətdə “qədim türkün bütöv nikah-evlənmə mə­cəl­ləsi” əks olunur: qızın ərə köçməsində ata-ananın ciddi iştirakı var – babanın (atanın) göygüsü, anamın sevgisi deyilir. Deməli, ata və ananın razılığı ilə yanaşı, qızın həyat yoldaşı seçərkən özünün fikiri, münasibəti də vacib sayılmışdır. Əgər belə olma­saydı, Dirsə xanın xatunu “göz açuban gördügüm, könül verib sevgidim” deməzdi. “Kitab”da ərlə arvadın bir-birinə “başım baxtı”, “evim taxtı” deyə xitab etmələrinə tez-tez rast gəlirik. Bu müraciət formasını Dirsə xanın, onun xatununun, Qazan xa­nın, Burla xatunun dilindən oxuyuruq. Ər qadının başının bax­tı, yəni alın yazısı, taleyi, evinin taxtı, yəni ailəsinin dayağı, səltənəti bilir, qadın da ərini. Bu təşbehdə türk ailəsinin var­lığında  ər və qadın bərabərliyi təsdiqlənir. Əzəldən türk belə qəbul edib, belə qavrayıb, ailənin tərkibi müqqədəs hisslərin birliyidir.

Türk qızının bu fəzil sifətlərini özündə təcəssüm etdirən Xatirə xanım  hələ tələbəykən yay tətilərindən birində onunla bir məclisdə görüşüb həmsöhbət olmuş, hazırcavablığına, intel­lektual səviyyəsinə, xalq şairi Zəlimxan Yaqub demişkən, necə dolu bir ziyalı olmasına sözün həqiqi mənasında heyran qal­mış­dım və düşünmüşdüm ki, gələcəkdə bizim gözəl ziyalı  xanımlarımızdan biri kimi böyük perspektivi var. Sonralar atası ilə görüşüb haq­qında eşidəndə bir daha yanılmadığıma əmin oldum. Arzu edirəm ki, sədası həmişə uca zirvələrdən gəlsin, ailə səadəti, xoşbəxtlik daim onu müşayiət eləsin!

Xatirə xanımın mənsubu olduğu Qazaxlı nəsli görkəmli zi­yalılar yetirib. Bu nəslin tanınmış nümayəndələrindən Azər­bay­can təhsilinin inkişafında böyük xidmətləri olan, “Ədəbiy­yat nəzriyyəsi”nin müəllifi Şəmistan Mikayılovun adı çoxlarına bəllidir. Respublikanın Əməkdar müəllimi və Əməkdar elm xadimi, uzun müddət Təhsil Problemləri İnstitutunun direktoru işləmiş, gözəl ziyalı olan Şəmistan Mikayılovu pedaqoji icti­ma­iyyət bir ağsaqqal kimi qəbul edib. Onun zəhməti, ziyası ilə ərsəyə gələn dərs vəsaitləri və proqram sənədlər hələ uzun zaman Azərbaycan təhsilinə, elminə fayda verəcəkdir.

Bu nəcabətli nəslin övladlarından coğrafiyaçı alim, Əməkdar elm xadimi Almaz Mikayılov uzun müddət Azərbaycan Milli Elmlər Aka­demiyasında şöbə müdiri işləmişdir.

Xatirə xanımın babası Mikayıl kişi bizim ailəylə mehriban münasibətdə olub, dostluqda sədaqət nümunəsi göstərib. O da eldə-obada özünün insanlığıyla, böyüklərə hörməti, ehtira­mıyla, kiçiklərə xeyirxahlığıyla həmişə seçilib. Təbii ki,  övlad­ları da onun şərəfli yolunu davam etdirmiş və etdirməkdədirlər.

Türk dünyasının böyük şairi Z.Yaqub deyir ki, Allah-təala yaxşıları ona görə xalq eyləyib ki, yaxsılıqlar itib-batmasın. Bizim Xatirə xanım da həmin o yaxşılardan biridir. Allah-təalə onu da məhz yaxşılıqları yaşatmaq üçün yaradıb. Elimizin, oba­mı­zın harada yaşamalarından, işləmələrindən asılı olmayaraq, yaxşısı varsa, Allah var eləsin. Çünki işgüzarlıq, çalışqanlıq, halal ruzi qazanmaq, haramdan qaçmaq artıq çox şeydən xəbər verir və həmin şəxsin malik olduğu çoxsaylı fəzil sifətlərdən biri kimi qəbul olunur. Nəsir Xosrov demişkən:

İş səni yetirər vara, qazanca,
İşsiz qazancın da gedər asanca… 

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur