ALİM ELOĞLUMUN ALİM ÖVLADLARI
Əmirxan Babaşovun digər qızı Aynur Babaşlı isə 1980-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. 1987-ci ildə Milli Konservatoriyanın nəzdindəki Respublika İncəsənət Gimnaziyasının birinci sinfinə qəbul olunub və 1994-cü ilə kimi burada oxuyub, həmin ilin sentyabrından isə təhsilini kimya-biologiya təmayüllü liseydə davam etdirib. 1997-ci ildə liseydə təhsilini başa vuran Aynur 2 saylı Bakı Tibb Məktəbinə daxil olub. 2000-ci ildə bu məktəbdə təhsilini mamalıq işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bəlkə də çoxları qız uşağı üçün bunu yetərli sayar və düşünərdi ki, artıq iş karyerasını qurmağın vaxtıdır. Amma Aynur belə düşünməyib, təhsilini davam etdirmək yolunu seçib. Onun bu fikrini valideynləri də dəstəkləyib və o, 2000-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək biologiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi alıb. Ancaq bununla da kifayətlənməyərək elə həmin il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Mikrobiologiya” ixtisası üzrə magistraturasına daxil olub. 2006-cı ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb. Aynur xanım üçün təhsildə bu da son hədd olmayıb, necə deyərlər, tamam yox, davam deyib. O, 2006-cı ildə AMEA-nın Mikrobiologiya İnstitutunda əyani aspiranturaya daxil olub. Burada akademik M.Ə.Salmanov və professor M.H.Vəliyevin elmi rəhbərliyi altında “Orta və Cənubi Xəzərin Azərbaycan sahillərindən ayrılmış bakteriyaların fenolları deqradasiya etmək qabiliyyətinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası üzərində elmi axtarışlara başlayıb. Gərgin elmi axtarışlar, yuxusuz gecələr bahasına başa gələn dissertasiya işini 2010-cu il oktyabrın 8-də uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun bu uğurunu Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyası özünün 20 iyul 2011-ci il tarixli qərarı ilə təsdiqləyib.
2010-cu ilin aprel ayından AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlayan Aynur xanım 2012-ci il fevralın 1-dən həmin institutun “Su mikrobiologiyası” laboratoriyasında elmi işçi, 2013-cü ilin iyun ayından isə həmin laboratoriyada böyük elmi işçi vəzifəsinə keçirilib. Burada çalışdığı müddətdə o, müxtəlif elmi layihələrin həyata keçirilməsində fəallığı ilə seçilib. Onun “Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorqanizmlərlə aşağı temperaturda neft və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi” adlı layihəsi 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Gənc Alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi”ndə qalib olub.
Aynur Babaşlı müxtəlif xarici ölkələrin elmi məcmuələrində nəşr olunmuş 30-dan çox elmi əsərin müəllifidir. 2013-cü ilin sentyabrından həm də pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasının müəllimidir. O, “Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya” adlı fundamental monoqrafiyanın və “Qida fiziologiyası” fənninindən tədris proqramının müəlliflərindən biridir. Pedaqoji fəaliyyətlə yanaşı elmi axtarışlarını da davam etdirir.
Böyük müdriklərimizdən olan Şəms Təbrizinin təbrincə desək: “Alimin, ürək sahibinin sözü ona görə xoşa gələn, könüllərə yatan və ürək oxşayandır ki, azdırıcı yox, yol göstərici, çaşdırıcı yox, öyrədicidir”. Biz də arzu edirik ki, Aytən və Aynur bacılarının fəaliyyətləri və əməlləri həmişə xoşa gələn, ürəyəyatan olsun.
Təkcə valideynlərinin yox, bütün faxralıların fəxri olan alim bacılar həm də nümunəvi ailə sahibirdlər. Aytənin iki övladı var. Həyat yoldaşı Elnur Əzimov da alimdir, texnika üzrə fəlsəfə doktorudur. “Britiş Petrolium” şirkətində istehsalat üzrə baş mütəxəssis vəzifəsində çalışır.
Aynur xanımın da iki övladı var. Həyat yoldaşı Mətin Bədəlov İqtisadiyyat və Sənaye nazirliyi sistemində şöbə müdiri vəzifəsində çalışır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.