ELM SİRLƏRİN AÇARIDIR
Ulu peyğəmbərimizin yaxın adamları – “Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?” – deyə ondan soruşanda Peyğəmbər cavab vermişdir: “Elm öyrənmək”.
Böyük Nizami Gəncəvi isə belə deyib:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bəli, dünyanın hər bir sirrinin açarı elmdədir. Bütün çətinliklər elmlə dəf olunur, bütün uğrurların kökündə məhz elm durur. Elmsiz insan bu dünyada heç nəyə yaramayan bir varlıqdır.
Doğma Faxralımın yetirmələri arasında Azərbaycanda və onun hüdudlarından kənarda da yaxşı tanınan nüfuzlu elm adamları çoxdur və mən onlar haqqında indiyədək çox yazmışam. Hər dəfə də elimizə-obamıza, Borçalımıza şərəf gətirən belə ziyalılardan, alimlərdən yazanda qəlbim sevincdən dağa dönüb, qürur hissi duymuşam. Doğma yurdumla öyünmüşəm ki, onun belə övladları var. Bu gün faxralıların səsi dünyanın bir çox ölkələrindən gəlir. Avropa ölkələrində, Amerikada nüfuzlu universitetlərdə təhsil alan və çalışan eloğlularımız sözün əsl mənasında qürur mənbəyidir. İkiqat sevindirici haldır ki, bunların arasında qadınlar da az deyil.
Hər zaman düşünmüşəm ki, doğulub boya-başa çatdığı el-oba üçün layiqli övlad ola bilməyən Vətən üçün də faydalı bir iş görə bilməz. Son illərdə yaradıcı fəaliyyətimin əsasını məhz elimizin ləyaqətli övladları haqqında publisistik oçerklərin təşkil etməsi də təsadüfi deyil. Mən də çalışıram ki, ana yurdum Faxralının, Borçalının adını hər yerdə ucaldanları eloğlularıma daha yaxından tanıdım. Elə bu yazıda da onlardan biri – gənc olmasına baxmayaraq artıq özünə müəyyən bir karyera qura bilmiş bir elqızım haqqında söhbət açmaq istəyirəm.
…Esmira Məmmədəli qızı Qurbanova 1979-cu il dekabrın 25-də Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini də burada alıb – 1987-ci ildə Faxralı orta məktəbində birinci sinfə gedib, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.
Dünya klassiklərindən birinin əsərində belə fikir diqqətimi çəkib: qadınların real işlərdən xoşu gəlir. Esmira da orta məktəbi bitirdikdən sonra gələcək həyatını xəyallar üstündə yox, reallığa əsaslanıb qurmağa qərar verib. Hər şeydən əvvəl ali təhsil almaq qərarına gəlib. İxtisas seçimində də tərəddüd etməyib. Həkim olmaq istəyib. Qadın üçün bundan şərəfli, bundan müqəddəs peşə nə ola bilər ki?! Dünyanı qansız-qadasız, savaşsız görmək istəyən, insanlara ancaq sağlam həyat arzulayan bir şəxsin özünün eyni zamanda insanların sağlamlığı keşiyində dayanmasından gözəl bir işmi var.
Esmira Qurbanova bu duyğularla, gələcəyə yönəlik müqəddəs arzularla Bakıya gəlib, 1998-ci ildə qəbul imtahanında yüksək bal toplayaraq N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində universitetin ictimai həyatında fəal olub, tələbə-elmi cəmiyyətinin xətti ilə elmi araşdırmalar aparıb, konfranslarda iştirak edərək diplomalara layiq görülüb. 2004-cü ildə həmin fakültədə təhsilini uğurla tamamlayraq universiteti fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra E.T.Abbasov adına Onkologiya dispanserində birillik internaturada olub, buranı da fərqlənmə ilə bitirb.
İnternaturadan sonra artıq gənc həkim kimi müstəqil həyata atılıb. İnsanların sağlamlığı keşiyində dayanmağa başlayıb. Amma təhsilini davam etdirməyi də unutmayıb. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasında klinik ordinatura keçib. 2007-ci ildə həmin kafedrada astpiranturaya qəbul olunub. Esmira Qurbanova “Qaraciyərdən kənar od yollarının proksimal strikturasının cərrahi müalicəsinin yaxın və uzaq nəticələri” mövzusunda elmi axtarışlara başlayıb. Artıq tədqiqat işini yekunlaşdırıb, yaxınlarda dissertasiyanı müdafiə edəcək.
Tibb elmləri doktoru, professor Surxay Hadıyev onun apardığı elmi-tədqiqat işini yüksək dəyərləndirir: “Esmira gənc və perspektivli bir mütəxəssidir. Hələ tələbəlik illərindən ona dərs deyən müəllimlərin diqqətini cəlb edib, tələbə-elmi cəmiyyətinin işində fəallığı ilə seçilib. Elmə olan marağı sonsuzdur. Daim axtarışdadır. Yorulmaq, işdən usanmaq kimi xarakterlər ona yaddır, zəhmətkeşdir. Bunun nəticəsidir ki, elmi işini də yüksək səviyyədə həyata keçirərək yükunlaşdırıb. Mən onun gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, onun daha böyük uğurları hələ qabaqdadır.”
Orta məktəbdə Esmiranın biologiya müəllimi olmuş Bahar xanımın dediklərindən: “Esmira hələ orta məktəbdə oxuyarkən çalışqanlığı ilə yaşıdlarından seçilirdi. Bütün fənləri əla oxuyurdu, amma biologiya fənninə marağı daha çox idi. Bu da artıq hələ orta məktəbdə ikən özünün gələcək həyat yolunu müəyyənləşdirməsi ilə bağlıydı. Həkim olmaq istəyirdi. Arzusuna da çatdı. Bu gün mən onun uğurlarına çox sevinirəm. Həm də ona görə sevinirəm ki, o, tibb universitetini bitirməklə kifayətlənmədi, təhsilini davam etdirdi. Faxralı alimlərinin sırasında onun da adı çəkiləcək. Bir müəllim üçün öz yetirməsinin uğurlarını görməkdən şirin şey nə ola bilər dünyada?! Esmiraya elmin çətin yollarında daha böyük uğurlar arzulayıram. İnanıram ki, o, bundan sonra da bizi sevindirəcəkdir”.
Esmira, istər orta məktəbdə, istərsə də tibb universitetində ona dərs demiş müəllimlərinin zəhmətini heç zaman unutmur, hər zaman onlara böyük hörmət və ehtiramla yanaşır. Bu mərtəbəyə yüksəlməsində böyük zəhmətləri olmuş kimya elmləri namizədi Arif Bədəlov və biologiya elmlər namizədi Dilarə İsayevanın xidmətlərini isə əvəzolunmaz sayır. Ədəbiyyat müəllimi Fatma Aslan qızını isə savadlı, səviyyəli müəllim kimi həmişə minnətdarlıqla xatırlayır.
Viktor Hüqo deyir ki, “”Qadınlar zəifdir, amma analar qüvvətlidir”. Bir həkim kimi insanların sağlamlığı keşiyində dayanan Esmira Qurbanova da belə qüvvətli və mehriban analardandır – iki oğul anasıdır. Həyat yoldaşı Tofiq Bilal oğlu Abdullayev də həkimdir, Mərkəzi klinikada uzman-tramatoluqdur.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.