Vüsal Əli oğlu Babaşov

GƏNC ELOĞLUMUZ KANADADA

İndiyədək elimin-obamın – doğma Fax­ralımın, Borçalının, bütövlükdə Azər­bayca­nı­mızın ləyaqətli, gələcəyinə böyük ümidlət bəs­lədiyim gəncləri haq­da çox yazmışam. Hər dəfə böyük şövqlə, böyük mə­həbbətlə qələmə sarıl­mış, qəl­bim­­dəki ən xoş sözləri gəncliyin ün­va­nına söylə­mişəm. Çünki bu gənclərin sabahına inanmışam.

Bu yazımın qəhrəmanı haqqında da çox­dandır ki, yazmaq istəyirdim. Amma nədən­sə, alınmırdı. Dəfələrlə əlimə qələm alıb yazmaq istəsəm də, yaza bilmə­mi-şəm. Ona görə yox ki, yazmağa söz tapmamışam, əksinə, onun barəsində ürəyim­dən o qədər xoş sözlər keçib ki, heç bilməmişəm haradan başlayıb harada qurtarım. Amma atalar nahaq deməyib, hər işdə bir xeyir var. Görünür mənim bu yazını yazmaqda bu qədər yubanmağımda da bir xeyir varmış – elimin-obamın ləyaqətli bir gəncindən söhbət açdığım bu yazı məhz bu gün, fevralın 2-də – Gənclər günündə yazılmalıymış…

Bəli, bu gün Aəzrbaycanda Gənlər günüdür, gəncliyin gündür. Artıq iyirmi ildir ki, hər il fevral ayının 2-si respub­likamızda Gənclər günü kimi qeyd olunur. Bu günün bayram kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağ­lıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub, ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siya­sətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intel­lektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gənc­liyi ümummilli lider Heydər Əliye­vin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqil­liyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənc­lərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.

Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalaması, 2011-ci ilin 6 aprel tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalaması da ölkə başçısının gənclərə böyük önəm verməsinin təzahürü, ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək yolun­da atılan mühüm addımdır. Gənclərin hərtərəfli inkişafını və onların cəmiyyətin həyatında fəal iştirakını daha da stimul­laşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam imzaladı.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənc­lər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Bu siya­hını bir qədər də artırmaq olar. Amma bu yazıda əsas məq­sə­dim ölkəmizdə gənclər üçün yaradılan bu şəraitdən yararlanan gənclərdən biri haqda söhbət açmaqdır və ona görə də mətləbə keçmək istəyirəm.

Vüsal Əli oğlu Babaşov 1985-ci il iyulun 21-də Bakıda anadan olub, əslən Faxralıdan, Babaşlı nəslindəndir. Burada qeyd etmək yerinə düşər ki,  Babaşlı nəslinin həyatımızın ayrı-ayrı sahələri  üzrə hörmət və nüfuz sahiblərini sadalamaqla qurtarmaz. Yalnız son dövr  müasir rus dilinin  və qədim slav­yan  dilinin  sözün həqiqi  mənasında bilicisi Hüseyn müəl­lim Səmədovun adını çəkmək kifayətdir. Fəxrlə deyə bilirik ki, bu gün Babaşlı nəslindən və eyni zamanda südü Babaşlı nəslindən olan istedadlı alimlərimizin sayı çoxalmaqdadır. Maraqlananlar Səməndər Məmmə­do­vun 4 hissədən ibarət “El sevəni  aləm sevər” və 3 hissədən ibarət “Ağır elsən, Borçalıda adın var” kitablarını oxuya bilərlər. Bu nəslə mənsub istedadlı ziyalımız Vüsal Babaşovun xoş sorağı isə Kanadadan gəlir. Bunların hər birisi Faxralının başucalığıdır.

“Babaşlı nəsli kəndin dərin tarixi kökə malik olan nəsil­lərindən biridir. Sakit həyat tərzi sürmək, halal zəhmətlə ya­şa­maq, kimsəyə zərər verməmək, xeyirxahlığı, insanpər­vər­liyi və ədalət duyğusu ilə fərq­lən­mək bu nəslin səciyyəvi özəlliklə­rindən olmuşdur. Əsasən əkin-bicinlə, heyvandarlıqla məşğul olan Babaşlı nəslinin mənsubları arasında öz sava­dı, nüfuzu və var dövləti ilə seçilən Babaş Allahverdi ilə yanaşı, öm­rünün ticarətlə keçirmiş Qurban kişi kimi şəxslər olmuşdur”.[1]

Vüsal paytaxtdakı 251 saylı orta məktəbdə oxuyub, sonra təhsilini Bakı Özəl Türk Liseyində davam etdirib. 2003-cü ildə bu litseydə orta təhsilini başa vurub. Elə həmin ildə də Qafqaz Universitetinə daxil olub. 2007-ci ildə həmin universiteti Sə­na­ye Mühəndisliyi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu illərdə fəallığı və elmə hədsiz marağı ilə müəllimlərinin diqqətini çəkib. Tələbəlik illərində British Petroleum (BP) şirkətinin təqaüdünü qazanıb və iki dəfə BP-də yay təcrübəsi keçib.

Universiteti bitirdikdən sonra Vüsal 2007-2008-ci illərdə BP-də planlama mühəndisi kimi əmək fəaliyyətinə başlayıb. Amma təhsilini davam etdirmək istəyi onun bu işi yarımçıq qoy­masına səbəb olub. O, ölkımizdə gənclərin öz bilik və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün dövlət səviy­yə­sində yaradılan şəraitdən yararlanaraq, yuxarıda qeyd etdiyimiz dövlət proqramı vasitəsilə xaricdə təhsil almaq qərarına gəlib. 2008-2010-cu illərdə ABŞ-ın Pittsburgh Universitetində Sə­naye Mühən­disliyi sahəsində magistratura təhsili alıb. Bununla da kifayətlənməyən Vüsal 2010-2012-ci illərdə Kanadanın Western Universitetində Biosta­tis-tika sahəsində ikinci magist­ratura təhsili alıb. Magistratura disertasiyasını bu gün çox aktu­al olan bir mövzuya – Markov İqtisadi Modelinin onko­logiya sahəsində tətbiqi mövzusuna həsr edib. İkinci magist­ratura təh­silini də başa vurduqdan sonra Kanadada qalıb əmək fəaliy­yətini davam etdirib. 2012-2014-cü illərdə Kanadanın Toronto şəhərində Pivina Con­sulting İnc şirkətində və Health Quality Ontario agentliyində konsultant-məsləhətçi vəzifəsində çalışıb. Bununla belə, təhsilini davam etdirmək arzusundan da vaz keç­məyib. Necə deyərlər, tamam yox, davam deyib. Artıq 2015-ci ildən etibarən Vüsal Kanadanın Ottava şəhərində Ottava Uni­ver­sitetində doktorantura pilləsi üzrə təhsil alir. Disertasiya mövzusu da Riyazi modellərin səhiyyə sahəsinə tətbiqi problem­leridir.

Bu gün Kanadanın Ottava şəhərində yaşayıb elmi fəaliy­yətini uğurla davam etdirən Vüsal bir neçə elmi məqalənin və texniki raportların müəllifidir.

Azərbaycandan çox-çox uzaqlarda olsa da, doğma Azər­baycanı, Borçalını bir an belə unutmur. İnanırıq ki, bundan sonra da uzaq Kanadadan Vüsalla bağlı tez-tez xoş soraqlar alacaq, onun uğurlarını eşidib qürur duyacağıq.

Bu çətin, amma şərəfli yolda Vüsala uğurlar arzulayıram.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

[1] İsə Babaşov “ Saflıq örnəyi” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur