UCALTSIN ELMİ UĞURLAR SƏNİ
Peyğəmbərimiz elm öyrənməyi dünyada görülən işlərin ən yaxşısı hesab etmiş, elmi “imanın meyvəsi və İslamın çırağı” adlandırmış, mən bir müəllim olaraq gözəl əxlaqı tamamlamaq üçün gəldim, – demişdir. Doğrudan da, elm öyrənmək dünyada görülən işlərin ən yaxşısı, ən xeyirlisi və ən savablısıdır. El öyrənmək heç zaman gec deyil, amma gənc yaşlarından özünü elmə bağlamaq daha çox fayda verir. Çünki gənclik enerjisi bir başqa olur. Yetər ki, bu enerjini faydalı işə sərf edəsən. Elm adamının ömrünü hardasa bir bağban ömrünə bənzətmək olar. Bağbanın basdırdığı ağac bir neçə il sonra bar verdiyi kimi, alimin fəaliyyətinin bəhrəsi də uzunmüddətli yuxusuz gecələrin, gərgin elmi axtarışların hesabına başa gəlir. Bundan faydalanan isə təkcə onun özü deyil, elmi ictimaiyyət və ölkənin iqtisadiyyatı olur.
İndi gənclərin çoxu universiteti bitirdikdən sonra ali təhsillərini davam etdirmir, istehsalatda çalışmağa üstünlük verirlər. Bəziləri bunu elm sahəsində qazancın az olması, daha çox pul qazanmaq istəkləri ilə izah edirlər. Amma canı-qanıyla, ruhuyla elmə bağlı olanlar heç bir çətinlikdən çəkinmədən elm yolunda inamla addımlayırlar. Belə gənclərdən biri də Məmmədova (Babaşova) Yetər Müzəffər qızıdır. O, 1984-cü il iyulun 4-də Bakı şəhərində anadan olub. Atası – Babaşov Müzəffər Namaz oğlu sürücü, anası – Babaşova Rəhilə İmaməli qızı isə ali təhsilli müəllimədir, 8 il Gürcüstanda – Bolnisi rayonundakı Faxralı orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olub, hal-hazırda isə evdar qadındır.
İbtidai təhsilini Faxralı kəndində alan Yetər Müzəffər qızı beşinci sinifdən sonra təhsilini Bakının Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirib. 2001-ci ildə orta məktəbi bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 2005-ci ildə universiteti bitirən Yetər xanım farmokoloji şirkətdə analitik informator vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Üzvi kimya ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2013-cü ildən isə AMEA akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda (AMEA NKPİ) doktorantura pilləsi üzrə təhsil alır və həmin institutda kiçik elmi işçi vəzifəsində çalışır. İnstitutun laboratoriya müdiri, kimya elmləri doktoru Reyhan Əliyevanın elmi rəhbərliyi altında “İon maye və polimer kompozit katalitik sistemlərin iştirakında C6 – C8 α – olefinlərin (oliqo) alkilləşməsi proseslərinin tədqiqi” mövzusunda dissertasiya üzərində işləyir. R.Əliyeva onun gələcəyinə böyük inam bəsləyir və tədqiqat işini yüksək qiymətləndirir: “Məmmədova Yetərin dissertasiya işi aktual mövzuya həsr olunmuş və “Yaşıl Kimya” konsepsiyasının əsas müddəaları sırasına daxil edilmiş ion mayelərinin sintezinə, onların iştirakında müxtəlif aromatik karbohidrogenlərin, arenlərlə zəngin olan neft fraksiyalarının olefinlər ilə alkilləşdirilməsinə həsr edilmişdir. Məmmədova Yetərin uğurlu tədqiqat işləri nəticəsində gələcəkdə müxtəlif sahələrdə, o cümlədən yüksək keyfiyyətli, aşağı donma temperaturuna malik yağlar, yuyucu vasitələrin istehsalı üçün yararlı olan alkilarenlərin səmərəli alınması üçün ion maye tipli katalitik sistemlər işlənib hazırlanmışdır”.
Yetər xanımın indiyədək 10 elmi məqaləsi dərc olunub, 10 məruzə tezisinin həmmüəllifidir. 2014-cü il 15-16 oktyabr tarixində Bakı şəhərində keçirilmiş, Azərbaycan Respublikası Neftçilər gününə və Əsrin müqaviləsinin 20-ci ildönümünə həsr olunmuş gənc alim və mütəxəssislərin “The role of multidisciplinary approach in solution of actual problems of fundamental and applied sciences” (Earth, Technical and Chemical) adlı I Beynəlxalq elmi konfransının və 2016-cı il 17-18 fevral tarixində ABŞ-da – North Charlestonda keçirilmiş “The priorities of the world science : experiments and scientific debate” in the section “Chemical sciences” adlı X Beynəlxalq elmi konfransın sertifikatlarını alıb.
Yetər xanım ailəlidir. Həyat yoldası Məmmədov Emin Rafiq oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakultəsinin bakalavr və magisturatura pillələrini bitirib. Hazırda özəl şirkətlərin birində audit vəzifəsində çalışır.
Bu gün elmin çətin yollarında inamlı addımlar atan Yetər Məmmədovanın sabahın tanınmış alimi olacağına heç bir şübhə ola bilməz. Çünki o, Azərbaycan elminə çox böyük alimlər bəxş etmiş Faxralı kəndində dünyaya göz açıb, bu qədim türk yurdundan – elm və sənət ocağından pərvazlanıb. Və mən inanıram ki, onun simasında Faxralı kəndindən çıxmış alimlərin sırası bir boy da böyüyəcək, qazandığı uğurlarla təkcə Faxralıya, Borçalıya yox, bütövlükdə Azərbaycan elminə başucalığı qazandırarcaq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.