Ruslan İbrahim oğlu Abışov

BİZ SƏNİNLƏ FƏXR EDİRİK

İndi futbol azarkeşi olmayan az adam tapılar. Hərənin bir sevimli komandası var. Bununla belə, elə oyunçular da var ki, artıq özünə bir komanda qədər azarkeş top­laya bilib. Belə oyun­­çular koman­dalarını dəyiş­sələr belə, azar­keşləri dəyişmir, əksi­nə, onların sayı daha da artır. Azərbaycan futbolunda be­lə oyun­çulardan biri gənc və pers­pek­tivli idmançımız Ruslan Abışovdur.

Bu gün Azərbaycanda futboldan, futbolçularımızdan danı­şan­­da adı ən çox hallandırılanlardandır Ruslan. İstər şərəfini qoruduğu “Xəzər-Lən­kə­ran” komandasının, istərsə də milli yığ­ma­mızın oyunu zamanı həm məşq­çilərin, həm də azarkeşlərin ən çox ümid bəslədiyi futbolçudur Ruslan.

Ruslan İbrahim oğlu Abışov 1987-ci il oktyabrın 10-da Ba­kıda anadan olub. Uşaqlıqdan taleyinə futbolçu olmaq yazılan Ruslan hələ 6 yaşında ikən özündən böyük qardaşları Sərxan və El­xanla birlikdə Uşaq-Gənclər Futbol Məktəbinə gedib. Doğ­ru­dur, o zaman bəlkə də heç ağlına da gəlməzdi ki, vaxt gələcək respublikada tanınmış futbolçulardan biri ola­caq, hətta milli yığ­ma komandamızın aparıcı oyunçularından biri kimi ölkə­mi­zin idman şərəfini qoruyacaq. Bəli, bu, nə özünün, nə də doğ­ma­­­­larının ağlına gəlməyə bilərdi. Amma nahaq deməyiblər ki, marşal olmaq istəməyən əsgər əsgər deyil. Ruslan da fut­bola bö­­yük arzularla gəlmişdi. Uşaq olsa da, fikri qəti idi, gələcək həyat yolunu futbolsuz təsəvvür etmirdi. Onun bu qə­tiy­yətinin nəticəsi idi ki, Binəqədi rayonundakı 246 saylı orta məktəbdə təhsil almağa başlayanda da sevimli məşğuliy­yətin­dən ayrıl­ma­dı, ardıcıl olaraq məşqlərə getməyə davam etdi. Atalar yaxşı de­yib ki, məqsədin hara, mənzilin də ora. İllər bir-birini əvəz et­dikcə Rus­lanın futbola olan arzusu nəinki azalma­dı, əksinə, da­ha da möh­kəmlənərək onu idman aləmində tanıt­mağa baş­ladı. Ar­tıq 14 yaşında o, “Neftçi” peşəkar futbol klu­bunun gənc­lərdən ibarət heyətində oynamağa dəvət aldı. Bir il sonra isə Türkiyəli məşqçi onu “Dənizlispor” futbol klubunda oyna­mağa dəvət etdi. Bu klubda 6 ay çıxış etdikdən sonra Türkiyə və­tən­daşlığı olmadığına görə burada karyerasını davam etdirə bil­məyib Bakıya döndü.

Oxuduğu 246 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azər­bay­can Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirən Rus­lanı 18 yaşında  artıq “Neftçi” peşəkar futbol klubunun əsas heyətinə dəvət etdilər. O zaman bu klubda ən gənc oyunçu idi Ruslan. Beləcə, 2007-ci ildən 2012-ci il iyun ayının 10-na kimi – düz 7 il “Neftçi”nin şərəfini qorudu Ruslan. Və bu illərdə “Neftçi” iki dəfə ölkə çempionu oldu ki, bu uğur­lar­da Ruslanın da danılmaz əməyi olmuşdur. Təsadüfi de­yildir ki, burda oynadığı müddətdə o, bir dəfə gümüş, iki dəfə isə bü­rünc medalla təltif olunub. Bundan başqa o, ölkə kuboku tur­nirinin də gü­müş mükafatçısıdır. “Neftçi”nin heyətində keçir­di­yi 150 oyunda 20 qol vurub. “Neftçi-Beşiktaş” oyununda vur­duğu qol isə ən gözəl qollarından biridir.

Ruslan 2009-cu ildən həm də futbol üzrə milli koman-damızın he­yətində çıxış edir. Meydançaya müdafiəçi kimi çıxsa da, komandanın hücumlarında da fəallıq göstərir. Çexiyanın, Belçikanın, Farel adalarının, bu yaxınlarda isə İsrail yığmasının qapılarına vurulan qolların müəllifi hücumcu yox, məhz müda­fiəçi Ruslan İbrahimoğludur.

2012-ci il iyunun 10-da “Neftçi” klubunun heyətində Tür­ki­yədən qayıtdı və elə həmin gün də “Xəzər-Lənkəran” peşəkar futbol klubunun prezidenti Mübariz Mənsimovun şəxsi təy­ya­rəsi ilə Avstraliyaya – “Xəzər-Lənkəran”ın məşq etdiyi dü­şər­gəyə yola düşdü. Bu komandanın baş məşqçisi Yunis Hüsey­novun təklifi ilə bundan sonra karyerasını davam etdirmək üçün “Xəzər-Lənkəran”la ikiillik müqavilə bağladı. Yeni kollektivdə oyuna başlayan Ruslan inamlı oyunu ilə Pribaltikanın “Nomme Kalyu” komandasının qapıçısını məyus etdi.

Futbol azarkeşlərinin rəğbətini qazanan və daim idman mütəxəs­sis­lərinin diqqət mərkəzində olan Ruslan İbrahimoğlu 2010-2011-ci il mövsü­mündə Premyer Liqanın ən yaxşı müda-fiəçisi adına layiq görülüb. 2012-ci ilin yekunlarına görə milli komandamızın ən yaxşı oyunçusu seçilib. 2013-cü ildən isə kar­yerasını Rusiyanın “Rubin” futbol klubunda davam etdi­r­mək üçün saziş imzalayıb. Ölkəmizin futbolçuları arasında ən bahalı futbolçudur. İdman mütəxəssislərinin və azar­keş­lə­rinin onun haqqında dedikləri də bunu sübut edir.

Futbol üzrə milli yığmamızın baş məşqçisi Berti Foqts Rus­lanın nəinki Rusiyada, hətta Almaniya və İngiltərə çempiona­tında çıxış etmək gücündə olduğunu bildirib: “Ruslan əla oynayır. O, bir müdafiəçi kimi çox yaxşı texnikaya malikdir”.

İngiltərə mili komadasının sabiq kapitanı Toni Adams isə belə deyib.

“Ruslan Abışovun ilk dəfə oyununu görəndə köməkçilə­rim­­dən bu futbolçunun kim olduğunu soruşdum. Əvvəlcə onun hansısa avropalı futbolçu olduğunu zənn etdim. Çünki mey­danda etdiyi bütün hərəkətlər onun yüksək səviyyəli futbolçu ol­ma­ğından xəbər verirdi. Tərəddüd etmədən deyə bilərəm ki, Abışov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. Gələ­cək­də hər hansı bir Avropa klubuna rəhbərlik etsəm, Ruslanı bö­yük məmnuniyyətlə öz komandamda görmək istəyirəm”.

Ağır atletika üzrə üçqat dünya çemionu, polis mayoru Asif Məlikov:

“Mən Ruslana azarkeşlik edirəm. O, fiziki cəhətdən sağlam, texnikalı və səviyyəli, görkəmli futbol mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilən oyunçudur. Dünya şöhrətli pəhlə­van­larımız Rəşid Yusifov, Kamandar Məcidov və Fərid Mansu­rovu yetirən Borçalı torpağı Ruslan kimi idmançısı ilə də fəxr eləyə bilər. Mən Ruslana uğurlar və qələbələr arzula­yıram”.

Ruslan Borçalının ağır ellərindən olan Faxralı kəndində  çox böyük hörmət və nüfuz sahibi olan şair Nəbi Miskinin hörmət-lə vəsf elədiyi Al­məmmədoğlu Möylənin nəticəsidir. Onun mən­sub olduğu Alməm­mədli nəsli Faxralının köklü nəsillərin-dəndir. Bu nəslin yetirmələri olan dəyər­li ziyalılar, xeyirxah in­sanlar Borçalıda və onun hüdudlarından kənar­lar­da da məşhur­dur. Faxralı kəndində uzun müddət təsərrüfat rəhbərləri olmuş İsrafil Məmmədov, Əli Xəlilov və Aslan Əliyev, elm və təhsil fədailəri Qara Hümbətov, Şamil Qurbanov, Əməkdar jurnalist Məmməd Məmmədov, Yasin Xəlilov kimi ünlü kişilər yetirmiş bir nəslin nüma­yən­dəsidir Ruslan İbrahimoğlu. Ruslan hələ gəncdir və qarşıda onu daha böyük işlər gözləyir. İnanıram ki, hələ erkən yaşlarından mənsub olduğu nəslə, el-obaya, doğ­ma Azərbaycanımıza hər yerdə başucalığı qazandıran Ruslan bundan sonra da daha böyük uğurları ilə bizi tez-tez sevin­di­rə­cək. Bu yerdə Maksim Rılski mükafat laureatı şair Abbas Abdullanın bir bənd şeiri yada düşür:

Dörd tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar,
At oynatmaz hər cür yasar
Ər oğlu ər Faxralıda.

Elimizin dost qarşılayıb, yağı basan oğullarından biri də sənsən, Ruslan! Biz sənə inanır, güvənir və səninlə fəxr edirik!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur