Zöhrə Telman qızı Ağakişiyeva

SAVAD ƏVƏZSİZ XƏZİNƏDİR

Müdriklər deyiblər ki, təhsil, sa­vad xəzi­nədir. Həqiqətən də belədir. Elm, savad həyat yollarında insanın bələdçisidir, yol göstə­rənidir.  Savadlı adam cəmiyyətdə seçilir, tanınır, hör­mət və nüfuz sahibi olur. Təsadüfi deyildir,  Peyğə­mbərimiz də elm öy­rən­məyi ən yaxşı iş kimi qiymət­ləndirib. Yaxın ada­m­ları ondan so­ruş­muş­lar: “Ey Allahın peyğəm­bəri, dünyada görü­lən işlərin ən yaxşısı nədir?” Peyğəmbər cavab vermişdir: “Elm öyrən­mək”. O, elmi “İmanın meyvəsi və İslamın çırağı” adlan­dıraraq, hər kəsə elmin dalınca getməyi tövsiyə edib.

Elm öyrənmək, dərin savad əldə etmək üçünsə, gərgin zəhmət lazımdır. Elmli, savadlı olmaq insanın intellekt səviy­yəsindən xəbər ve­rirsə, onun mənəvi zənginliyi isə kamilliyini tamamlayır. İnsan o zaman kamil, bütöv şəxsiyyət mərtəbəsinə yüksəlir ki, onun savadı ilə mənəvi-əxlaqi keyfiyyətləri, daxili zənginliyi üst-üstə düşsün, bir-birini tamam­lasın. Dünyanın xoşbəxti, bəxtiyarı da məhz belələridir. Bu gün cəmiy­yətin də məhz belə insanlara ehtiyacı var. Xalq şairi Zəlimxan Yaqub da məhz belələrinə xitabən deyib:

Var olan dünyada siz də varsınız,
Gözəl bir kəssiniz, bəxtiyarsınız…

Bu da bir həqiqətdir ki, bu gün hər adama da şair demiş, “gözəl kəs”, “bəxtiyar”  demək olmur. O adamlar cəmiyyətdə nüfuz qazanır ki, əvvəla əxlaqı və oturuşu-duruşu yerində olur, savadı, qabilliyyəti ilə fərqlənir. Eyni zamanda, içi və çölü du­ru, batini saf, fikirləri  aydın olur. Və bir də gözəl kəs o adam­­dır ki, yol-yolağı, ədəb-ərkanı  gözləyir, özündən kiçiyə qay­ğı göstərir, böyüyə hörmətlə yanaşır. Bəli, bunlar hamısı bir yerdə gözəl insanı səciyyələndirən əxlaqi fəzilətlərdir. Haq­qında söz açdığım, hörmətli bibimizin adını daşıyan nəvəsi Zöhrə xanım da gənc olsa da, bu keyfiyyətləri özündə cəmləşdirir.

Zöhrə Telman qızı Ağakişiyeva 1996-cı il dekabrın 11-də Moskva şəhərində anadan olub. Təhsilini də bu şəhərdə alıb. 2004-cü ildə Moskva şəhərindəki 27 saylı orta məktəbin birinci sinfinə gedib, 2015-ci ildə həmin məktəbi qızıl medalla bitirib. Ali təhsil almaq arzusu onu  İ.M.Seçenov adına Birinci  Dövlət Tibb Universitetinə gətirib, bu ali təhsil ocağının Müalicə  işi fakültəsinə daxil olub.

Hər gəncə nəsib olmur ki, azərbaycasnlı ailəsində doğulub Moskva mühitində yetişəsən, müəllimlərin və valideynlərin etimadını doğruldub, onların  üzünü ağ edərək təmsil etdiyin nəslin şərəfinə şərəf qatasan, ən əsası, Vətəninin və onun qıraq­da qalan yeri olan Borçalı mahalının  “Şə-rəf  Kitabı”na adını qızıl hərflərlə yazdırasan. Belə gələcəyi parlaq gəncə ancaq uğur­lar arzulmaq olar. Adın həmişə uca, həyat eşqin, yaşa­maq həvəsin, təhsilə münasibətin, oxumağa marağın, gələcəyə inamın həmişə yüksək olsun!

Zöhrə xanımın valideynlərinə, ən əsası, adını daşıdığı nə­nə­­sinə gözaydınlığı verir, uzun  ömür  arzulayıram ki, övlad­la­rının bundan sonra da imza atacağı daha böyük nailiyyətlərin şahidi olsunlar.

Zöhrə Ağakişiyevanın, el arasında deyildiyi kimi, həm südü güclüdü, həm sümüyü güclüdü. Bu iki amil birləşəndə  insan çox şeyə qabil olur. Ona Rusiyanın təhsil nazirinin qızıl medal təqdim etməsini əks etdirən görüntüləri telefonda izlədi­yim an sevincimin həddi-hüdudu yox idi. Həm də soyadının əlifba sırasında birinci çəkilməsi ürəyimi fərəh hissi ilə doldurdu.

Zöhrə xanımın süd tərəfdən dayıları dövrünün adlı-sanlı adamları olublar. Onların  sırasında Əhməd  Nağıyev çox savadlı, qabiliyyətli kişi olub. Faxralıda, Borçalının  ayrı-ayrı yerlərində məktəblərin açılmasında, savadsızlığın ləğvində böyük xidmət göstərib, bu məqsədlə təşkil olun­muş kurslara rəhbərlik edib. İndi haqq dünyasındadı, cənnətməkan olsun. Onun qardaşı Hümmət Nağıyev Borçalı qaçaqçılıq tarixində özünün çevikliyi, qorxmazlığı, sərrast tüfəng atmağı, çətin situasiyalardan çıx­mağı bacarmasıyla tanınıb. Mərdliyi, alicənablığı, ədalətsevərliyi, qey­rə­ti, kişiliyi, verdiyi vədə əməl etməsiylə hamının rəğbətini qazanıb. Təsa­dü­fi deyil ki, el şairi İsmayıl Güllər seirlərindən birində yazıb:

Orucunnu Hasanmış bir ətdən qala,
Çərçioğlu bənzərmiş Rüstəmi-Zala,
Ordular dağıdıb düşəndə dara,
Görənlər danışır, eldə söylənir.

Görənlər həyatda qalmasalar da, görənlərdən eşidənlər danışır o kişinin sözünü, nəsildən-nəsilə ötürür.

Zöhrə xanımın nənəsinin anası da Həcər kimi, Nigar kimi qeyrətli qadın olub. Onun haqqında dastanlar qoşulub. İsmayıl Güllər onu belə mədh edib:

Cinsin qadın oldu, özün ər kişi,
Tay olmaz qeyrətdə sənə hər kişi.
Yaraşır deməyə bircə nər kişi,
Pozmasın Yaradan halın, ay xala.

Şair yer adlarıyla  bağlı başqa bir məşhur şeirində deyib:

Çərçiqızı bədöy minib çapıbdı,
Yaraqlanıb Babaş qızın tapıbdı.
Hər ikisi nişan qoyub atıbdı,
Faxralının torpağıdı bu yerlər.

Bir misal da çəkim. Hansı ilsə Borçalının Qararxac yaylağında havalar çox soyuq keçir. Elat yaylağa qalxmağa ehtiyat edir. Hamıdan qabaq Çərçiqızının köçü tərpənir. Bundan təsirlənən el şairi İsmayıl Güllər yazır:

Səfalı yaylağın, sona kəkliyin,
Necədi əhvalın, mehriban bacı?
Eşitdim havalar boranlı keçir,
Qorxma havasınnan, döz, dayan, bacı.

Əzəldən öyrənib Çərçinin qızı,
Üşütməz heç onu dağların buzu.
Üşüyəndə kəsər bir əmlik quzu,
Bir də geri dönməz bu dövran, bacı.

Xoş olur dəyələr qatar düşəndə,
İsmayıl Güllərəm, gəzmişəm mən də.
Səfalı yaylaqda, o göy çəməndə,
Hər otunnan olur bir dərman, bacı.

Yenə də süd tərəfdən Zöhrə xanımın qohumlarından ilk ali təhsil fədailərindən Qara Hümmətovun adını xatırlamaq yerinə düşər. O, müharibə dövründə üzün müddət Candar orta məktə­binin direktoru işləyib. Həmin o çətin dövrdə heç də hər kəsin bacarmadığı müəllimlik peşəsinə yiyələnən, amma tale­yin qismətinə görə, müəyyən səbəblərdən  müəllim işləyə bil­məyən İsa Məmmədovu yada salmağa dəyər. Qohum­larından Azər­bay­can publisistikasının inkişafında mühüm xidməti olan Azər­baycanın Əməkdar jurnalisti, Əməkdar  mədəniyyət işçisi fəxri adını almış Məmməd Məmmədovu, uzun  müddət Bor­ça­lı­da təsərrüfat rəhbəri işləmiş Əli Xəlilovu, İsrafil Məm­mədovu, Aslan Əliyevi, Arif Əliyevi və digərlərini sadalamaq olar.

Yeri gəlmişkən qeyd edim ki, Zöhrə xanımın qohumluq şəcərələrinin bir tərəfini yaxşı tanımamağım səbəbindən  məş­hur­­ların isimlərini sadalamamağım o anlama gəlməsin ki, süd tərəfi daha güclü olub. Onun sümük tərəfədn mənsub olduğu nəsildən də sadalamaqla qurtarmayacaq qədər tanınmış  şəxsiyyətlər yetişib. O sıradan eldə-obada güclü qələm adamı, dili sözlü, ürəyi dolu kişilərdən Arxüstü İbrahimin adını çək­məyə borcluyam. O, Zöhrə xanımın kök tərəfdən  qohum­la­rın­dan biridir. Digər bir qohumu mahalda tanınmış, Borça­lıda barmaqla göstərilən Eyyub kişi dövrünün sanballı kişilərindən olan Səməd ağayla dostluq edib, yaxın olub.

Əminlikə deyə bilərəm ki, Zöhrə xanım bu gün həmin o mənsub olduğu nəcabətli nəslin çox layiqli davamçısıdır. Bir vacib  məqamı da vurğulayım ki, nailiyyəti əldə etmək əsas şərt deyil, onları uğurla davam etdirmək, axıra çatdıra bilmək əsas şərtdır. Hüseyn Arif deyib ki:

Alim tanıyıram, qoca Qafqazın
Çeşmətək durulub dibindən çıxır.
Alim var, sağ əli Salman Mümtazın,
Sol əli Hümmətin cibindən çıxır.

Zöhrə Telman qızı, yadında saxla, bu bir məlum, məşhur həqiqətdi. Sən artıq Qoca Qafqazın çeşmətək durulub dibindən çıxmısan. Amma çalış, bu duruluğu, bu diriliyi axıra qədər saxla. Və sənin haqqında söhbət düşəndə hamının təsəvvürü yaxşı mənada zənginləşsin. Mən bir qohumun kimi sənə uğur arzulayıram və gələcəkdə bunun kimi, bundan da yaxşı keyfiy­yətlərinin üzə çıxmasını gözləyirəm. Allah səni qorusun, xoş­bəxt eləsin. Bu gənc yaşında Faxralıya, Borçalıya başu­calı­ğısan, arzu edirəm, bundan sonra da Vətənini ləyaqətlə təmsil edəsən!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur