Məmmədlə özünü köydə şəriksiz igid hesab edən Alının arasında söz-söhbət olmuş, aralarında narazılıq yaranmışdı.

…Məmmədin itinin qabaq qıçını güllə paralamışdı. O, Alıdan qaralanırdı. Silahını götürüb çölə gedir: “Mənim itimi şikəst edənin, atını şikəst edərəm” – pıçıldayır və dediyini eyləyir…
Məmmədə xəbər çatır ki, Alı onu yanıyır. “Gedib üzbəüz danışım, görüm fikri nədir” – düşünür və düz gəlir Alının evinə. Qapını açanda gördüklərindən dəhşətə gəlir, Alının arvadı nökəri ilə yataqdaydı. Bu binamusluq ona ağır gəlir. İkisini də elə yatdıqları yerdəcə güllələyir və evlərinə qayıdır…

Alıya da deyilibmiş ki, Məmməd səni öldürmək fikirindədi. Bu da qanından qorxmaz adamıymış və o da bu söz-söhbətin axırına çıxmaq istəyir. Elə bu məqsədlə də düz gəlir Məmmədgilə.
Məmməd hadisəni anasına danışan məqamda Alı qapının dalından eşidir və sakitcə evlərinə qayıdır. Gəlib görür ki, doğrudan da arvadı ilə nökəri yataqda qan içindədir. Adam göndərib qaynatasını və nökərin qardaşlarını çağırtdırır, özü isə Məmmədgilə gəlir.

– Məmməd, aramızda olan-olub. Sən ki, mənim namusumu çəkdin, bu gündən qardaşıq…

Araya qan düşmüşdü. Nökərin yeddi qardaşı vardı və bu ölüm namus məsələsi ilə bağlı olsa da qan davası davam edəcəkdi. Qohum-əqrabanın təkidilə Məmməd ailəsini də götürüb Gor Arxına köçür. Üç-dörd ildən sonra buradan da köçməyi qərara alır – niyəsi bəlli idi. XVII əsrin 40-cı illərində Faxralıya gəlir. Onun törəmələri indi Balaməmmədlilər adlanır.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

 

Balaməmmədli nəslinin kök qohumları

  • Hümbət öyü,
  • Kök Namazın öyü,
  • Şönnülər,
  • Çolaxlı,
  • Qubuş öyü,
  • Qırıx Mustafanın öyü,
  • Alcəfər öyü

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur