Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Güllər, Yəhyalar, Vəlixanlı, Molla öyü bu tayfaların mənşəyi Qarabağdandır.

Tayfanın son yaşlı nümayəndəsi, 110 yaşında dünyasını dəyişmiş Həsənəli kişi öz nəsillərindən söhbət açarkən ulu babalarının Qarabağın Dəymədağıldı (indi Mirbəşir rayonu ərazisindədir) kəndindən gəldiyini qeyd edərmiş.

O, vaxtilə Güllər və Yəhyaların tayfa başçısı Səfqulu xocanın adı ilə bağlı maraqlı rəvayətlər danışarmış.

Maraqlıdır ki, Azərbaycan tarixində keçmiş müharibələrlə əlaqədar Səfqulu xocanın adı və şəxsiyyəti haqqında bir sıra yazılı məlumatlar vardır. XIX əsrdə Gürcüstanda – Faxralı kəndində yaşamış və hazırkı Yəhyalar tayfasının babaları hesab edilən Səfqulu xoca tam dini təhsil görmüş şəxs olmuş və bu ad bir neçə arxa atadan oğula, babadan nəvəyə keçərək son illərə qədər davam etmişdir.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Başqa bir mənbədə Elxan Məmmədli yazır:

“Faxralıda yaşamış Molla Çəfərin Yəhyalarla Güllər tayfası ilə bağlı qələmə aldığı tarıxi qeyidləri rəhmətlik əmim Əli Səngərli Faxralı məsçidinin damından tapmışdır. Bu dəftərdə Molla Cəfər Yəhya kişi ilə Xəlil kişinin Qarabağdan gəlmələri, özləri də əmoğlu olduqları göstərilmişdi. O dəftərdə qeyd edilmişdir ki, Yəhya kişidən törəyənlər Yəhyalar, Xəlil kişidən törəyənlər Güllər tayfasını təşgil etmişlər. Mən həmin dəftəri 1979 -cu ildə o vaxtlar itib-batmasın deyə, Azərbaycan Əlyazmalar İnstitunun Fonduna Arif adında bir alim tanışıma təhvil verdim ki, qeydiyata salsın. Ərəb əlifbası ilə Molla Cəfərin yazdığı həmin dəftər 1979-cu ildə 152 il öncə yazıya alınmışdı”.

Nəsil barədə Rəşid Faxralının qeydləri

Bərdə rayonunun Dəymədağıldı kəndində yaşayan Səfqulu Xoca kənddə öz əlləri ilə bir cüt çinar əkmişdi. Bu çinarlar Səfqulu Xocanın çinarları adı ilə tanınırdı…

…Koxanın on beş malını gönləmişdilər. O, qır-saqqız olub Yəhya ilə Alının – Səfqulu Xocanın oğullarının yaxasından yapışmışdı. Həmin gün səhəri dirigözlü açan Səfqulu Xoca çox götür-qoy edir. Axı, oğulları da daş atıb başlarını tuturdular ki, bu işdən xəbərləri yoxdur, quruca şərdir. Səfqulu Xoca etibar etdiyi adamlardan xahiş edir ki, koxanın mallarının gönlənməsi ilə maraqlansınlar: “Malı itənin imanı itər”.

İki gündən sonra öyrənir ki, malları qonşu kəndin çapqoyunçuları gönləyib. Koxa Səfqulu Xocanın sözünə inanmır. Söz-söhbət böyüyür. Koxa sözünü “addadır. Səfqulu Xoca belə hədyanlara dözən ha deyildi – xəncərini çıxarıb koxanın başına endirir…

Xınamısı çəkinə-çəkinə Səfqulu Xocaya məsləhət görür ki, bir müddət kənddən uzaqlaşsın, xəta sovuşandan, ara sakitləşəndən sonra qayıdar. O, xeyli götür-qoy edir, başqa çarə tapa bilməyəndə deyir:

  • Mən qohum-əqrabamı yağı içində qoyub gedə bilmərəm. Borçalıda yaxın tanışlarım var. Getməliyəmsə, elə qohum-əqrabamla birlikdə gedərəm.

Beləcə, Səfqulu Xoca XVIII əsrin I rübündə qohumları ilə Faxralıya gəlir, burada məskunlaşır. Kənddə Yahalar, Güllər, Vəlixanlılar Səfqulu Xocanın törəmələridir.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur