İslam Məhəmməd oğlu Orucov (Baytar həkim)

Keşməkeşli tale

Sizə, enişli-yoxuşlu, keşməkeşli həyat yolu keçmiş bir şəxs barədə yazmaq istəyirəm. Hansı ki, bir ömürə sığmayan çətinliklər çəkmiş, cəfalar görmüş, həyatında iki dəfə sovet rejiminin represiyası ilə üzləşmiş, lakin bu yaşamda sınmamış, dikilmiş, ayağa qalxmış, mübariz olmuş, özündən sonrkılara nurlu həyat bəxş etmiş BÖYÜK İNSAN, İslam Məhəmməd oğlu Orucov haqqında xatirələri yazmaq istəyirəm.  Onun həyat bioqrafiyası o qədər zəngindir ki, bu haqda qalın kitablar yazmaq, filmlər çəkmək olar.

İslam Mehdi oğlu Məhəmmədin yeganə oğlu olub.

O, 1927-ci ilin mart ayında  Gürcüstanın Faxralı kəndində dünyaya göz açıb. Ondan 3 il sonra (1930-cu il 5 mayda) yeganə bacısı  Nərgülas dünyaya gəlib. Onların atası Mehdi oğlu Məhəmməd, varlı-dövlətli şəxs olub. Məhz bu səbəbdən, bu ailə, sovet rejiminin “qolçomaqlara qarşı aparılan mübarizə”sinin qurbanına çevrilmiş, nəhayətsiz əzab-əziyyətlərlə üzləşmişlər.

Mehdi babanın 2 oğlu olub:

  • Veysəl, arvadı Qızeytər;
  • Məhəmməd, arvadı Həvva (Saraclı kəndinin Orucovlar nəslindəndir).

Veysəl görkəmcə yaraşıqlı, qoçaq, igid bir insan olub. Onun da 2 övladı olub:

  • Mehdi (uşaq vaxtı təsadüfi açılan atəşdən rəhmətə gedib);
  • Allahman.

İslam dayı bir dəfə öz xatirələrini mənə danışanda demişdir ki, Veysəl baba cavanlıqda kor bağırsaqdan xəstələnibmiş. O, dəliqanlılıqla, “qarnım sandıq deyil ki, açıb bağlayasınız”, – deyərək cərahiyyə əməliyyatının aparılmasına etiraz edib. Bu səbəbdən, onun appendisiti partlamış və erkən yaşında rəhmətə gedib.

İslam dayının 10 yaşı olanda, qayğısız uşaqlıq dünyasının şirinliyini, dadını çəkməmiş problemlərlə üzləşməyə başlamışdır. Belə ki, 1936-ci ildə Faxralı kəndində represiya  əməliyyatı həyata keçirilirdi. “Sürgün” məqsədilə kənddə varlı-dövlətli ailələrin siyahısı tərtib edilmişdi. Atası Məhəmməd bu bəladan yaxa qurtarmaq üçün hələ 1931-ci ildə Türkiyəyə köçməyi qərara almış və var-dövlətinin bir hissəsini yaxın qohumlarına paylamışdı. Lakin sonralar məlum olmuşdur ki, Məhəmmədin adı o “qara siyahı”da yox imiş.

Məhəmməd, öz ailəsini (arvadları Həvvanı, Qızeytəri, uşaqları İslamı və Nərgülası)  və mal-qarasının bir hissəsini götürərək Türkiyə sərhədinə gəlmişdir. Sərhədi keçən zaman insident baş vermiş (sərhəddən keçmək barədə icazə alıbmışlar. Lakin kimsə sərhədi keçənlərdən biri sərhədçilərə atəş açıb) və atışma nəticəsində ailə pərən-pərən düşmüşdür. Məhəmməd Qızeytərlə Türkiyəyə keçmiş, Həvva isə öz uşaqları ilə sərhədin bu tayında qalmışdır.

Həvva, əri Məhəmmədin öldüyünü zənn etmiş və uşaqlarını götürüb Faxralıya – öz evlərinə qayıtmışdır. Lakin, qara buludlar bu ailənin üzərindən çəkilməmiş və ailə yenə “qara siyahı”ya daxil edilmişdir.

1936-ci ilin iyun ayında Həvva, öz uşqaları – İslam və Nərgülas ilə birlikdə, Qazaxıstanın “ilan mələyən” düzlərinin birinə – Qazaxıstanın Cambul oblastının Çuyski rayonunun Moyunkum sovxozuna  “sürgün” edilmişlər. Buna 1-ci “sürgün” də demək olar.

“Sürgün” olunan zaman İslam Faxralıda 3-cü sinifdə oxuyurdu. “Sürgün”də isə o, rus bölməsinin 2-ci sinfinə qəbul edilmişdir. Ailənin maddi ehtiyaclarını ödəmək üçün o,  məktəbdə oxumaqla bərabər bir çox hallarda anasına sovxozda kömək də edirmiş.

Onlar ilə bərabər Faxralıdan digər ailələri də bura  “sürgün” etmişlər. Burada yaşayış şəraiti o qədər aşağı səviyyədə olmuşdur ki, bir çox insanlar xəstələnərək tələf olmuş, uşaqları ilanlar vurub öldürmüşdür. Bu şəraitdən təngə gələn əhali dövlətə müraciət etmiş və çətinliklə də olsa yerlərinin dəyişdirilməsinə nail olmuşlar.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar ailənin maddi imkanları daha da aşağı düşmüşdür. Bunun ilə əlaqədar İslam 1942-də ildə “azyaşlı” kimi işləməyə başlamışdır. O, 1947-ci ildə arxa cəbhədə yaxşı işlədiyinə görə sovxoz tərəfindən qiymətləndirilmiş və medal ilə təlfif edilmişdir.

1946-cı ildən sonra dövlətin hansısa qərarına əsasən bəzi insanlar “sürgündən” azad edilmişlər. 1948-ci ildə onlar ilə bərabər sürgün edilənlərin bir çoxu azad edilmiş, onlar isə  1949-ci ilin mart ayında “sürgün”dən qayıtmışlar.

İslam dayının həmin vaxt 22 yaşı vardı. O, anası ilə bacısını Saraclı kəndindəki qohumlarının evinə qoyur və özü isə Faxralıya gəlir.

Lakin o, ata yurdunu tanımırdı. Anası Faxralıdakı qohumu olan Sədinin yanına getməyi məsləhət görür. Kəndə daxil olan İslam, ilk rastlaşdığı adamdan Sədinin evinin harada yerləşməsini soruşur. Lakin həmin adamlar Sədi əvəzinə Sədr başa düşmüş və İslamı həmin illər kənd sovetinin sədri işləmiş Musa Həsənovun (xalq arasında o, Qasanov və ya Malay kimi tanınır) evinə yönləndirlər.  Orada onun səhv gəldiyini və Əfəndilərin Sədinin evinə getməyi deyirlər. İslam Sədinin evinə gələndə əmisi qızı Alllahmanla qarşılaşmış və ilk görüşdə Allahman doğma əmisi oğlunu tanımamışdı.

İslam isə Allahmanı tanımış və “Allahman bacı, mənəm, İslamam”-demişdi. Təbii ki, uzun illərin həsrətlə gözlənildiyi görüş səhnəsini sözlə ifadə etmək çox çətindir. Əmioğlu ilə əmiqızı sevincdən göz yaşı  tökərək biri-birinə sarılmışlar. Sonra İslam Allahmandan öz evlərinin yerini öyrənmiş və dünyaya göz açdığı doğma yurdalarına gəlmişdi. Burada o, evlərinin  kolxoz tərəfindən müsadirə olunduğunun şahidi olur. Evlərinin bir tərəfinin kolxoz dəftərxanası, digər tərəfinin isə qadınlar məktəbi kimi istifadə olunduğunu gördükdə İslam çox pis  olur və kədərlənir.

Kolxoz rəhbərliyi ilə danışıqlardan sonra o, öz ata-baba evlərindən bir otaq əldə edir və ana və bacısını gətirərək ata yurdunu şenləndirməyə başlayır.

Sonra ailəni saxlamaq üçün kolxozda işə düzəlir. İşi əhalidən yun yığaraq kolxoza təhvil verməkdən ibarət olur. Bu məqsədlə kənddə gəzmək üçün özünə velosped də alır.

İslam dayı 1951-ci ilin fevralında Minoyqa Bayraməli qızı İmanova ilə evlənir. Onların 1951-ci ildə Xalidə adlı ilk qız övladı olur. Lakin uşaq xəstə olduğundan çox yaşamır və tələf olur. Təbii ki, bu hadisə İslam üçün daha bir uğursuz tale olur.

1951-ci ildə dekabrın 26-da yenidən mənfur Stalin rejiminin qərarına əsasən 2-ci “sürgün” dalğası  bu ailəni cənginə alır. İslam ailəsi ilə birlikdə (anası Həvva, arvadı Minoyqa və bacısı Nərgülas) yenidən “sürgün” həyatını yaşayırlar. Bu dəfə onlar Cənubi Qazaxıstanın Paxtaral raonunun Karakur sovxozuna “sürgün” edilirlər. Sonralar İslam öz xatırələrində deyərdi: ”Azğınlaşmış NKVD işçiləri ”sürgünə” göndərilənlər ilə çox pis rəftar edir, onları döyür, təhqir edirdilər. Ölənlər isə qatardan atırdılar.  Bir sözlə, onlar insanlıq simalarını itirmiş qəddar cəlladlar idilər”.

1953-cü ilin yazında tale onların üzünə gülür. Onların bir oğlu olur. Uşağa ad qoymaq üçün Faxralıdakı qohumlara müraciət də edilir. Hamı bu hadısəyə çox sevinir. Uşağa Xalid adi verilir. Bu adın mənası “ölməz”, “əbədi” deməkdir. Lakin həmin anda kim nə biləydi ki, “ölməz” Xalid 38 yaşında, ömrünün coşub-çağlayan vaxtında avtomobil qəzasında  “əbədiyyətə” qovuşacaqdı. Bu hadisə də İslam dayının taleyinin qara səhifəsidir.

Bəzən düşünürəm, İslam dayının nə qədər nisgilli anları, çətin günləri olub. Hər insan bu çətinliyə dözə bilməzdi. O, nə qədər əzabkeş olsa da, çox iradəli, mübariz kişi olub. O, həyat fəlsəfəsini yaxşı bilirdi. Bir gün dünyaya gələn, bir gün də gedəcək, – deyirdi. Lakin həmişə deyərdi, “kaş hər şey öz zamanında olaydı”.

İslam dayı “sürgün”də olduğu müddətdə bir alman baytar həkimin yanında işləyir və ondan baytarlığın sirlərini öyrənir. Sonralar bu sənət ona böyük kömək olur.

20-ci əsrin әn böyük diktatoru, törәtdiyi әmәllәrә görә ancaq müasiri Hitlerlә müqayisә olunan, 1923‑1953‑cü illәrdә qırmızı imperiyaya rәhbәrlik etmiş İosif Stalinin martın 5‑dә ölüm tarixi, “xalq düşmənləri”nin azadlıq günüdür.

1953-cü ilin sonlarında İslam dayı ailə üzvləri ilə birlikdə “sürgün”dən qayıdır. O, Stepanavanta Baytarlıq məktəbinə daxil olur. Oranı bitirdikdən sonra kolxozun mal fermasının müdiri, baytar-həkim vəzifələrində çalışır. Alın təri ilə, halal çörək qazanan İslam, ömründə bir dəfə də olsun digərinin çörəyinə bais olmayıb. Əksinə, tabeçiliyində olan insanlara maddi dəstək göstərməkdən çəkinməyib.

İslam Orucovun Xalid oğlundan sonra Faxralıda 5 qızı dünyaya gəlir: Validə, Füruzə, Minayə, Nəzakət, Rəna.  Sağlığında, ümumilikdə 16 nəvəsi 20-dən çox nəticəsi olmuşdu.

Nəvə və nəticələr:

Xalid Orucovdan (Validə Hüseynova):

  1. Elnur (Fidan, Leyla, İslam)
  2. Elvira (Qönçə, İnci, Oruc)
  3. Elşən (Xalid, Elay).

Validə Ağayarovadan (Cabbar Ağayarov):

  1. Sevinc
  2. Allahyar (Ege)

Füruzə Əliyevadan (Bayram Əliyev):

  1. Ramiz (Ayan, Ömər)
  2. Murad (Fərid, Nihad, Füruzə)

Minayə Poladovadan (Bayram Poladov):

  1. Sara (Ayxan, Alsu)
  2. Musa (Ayişə, Amid)

Nəzakət Hüseynovadan (Rəşid Hüseynov):

  1. Pərvanə (Lalə, Aydın)
  2. Cavanşir (Ceyhun, Cavid)
  3. Aynur (Aylin, Elay)
  4. Əfsanə (Aytac)

Rəna Orucovadan (Kamal Qurbanov):

  1. Sevil (Sevgi, Çiçək)
  2. Günel (Mələk)
  3. Güləsər (Alea)

1962-ci ildə anası Həvva rəhmətə gedib.

1998-ci ildə bacısı Nərgülas dünyasını dəyişib.

İslam Orucov həmişə düşünərdi ki, onun atası Məhəmməd yaşayır ya yox?.

1965-1966 -cı illərdə Faxralıya Türkiyədən gələn insanlardan həmişə atasını soraqlaşardı. Günlərin birində ona dedilər ki, atası sağdır və Türkiyənin Kars vilayətinin ucqar Mağaracıq kəndində yaşayır.

1967-cı ildə İslam çox çətinliklə sənəd düzəldir və atasını qocalmış və çox müflis vəziyyətdə tapır. Onları Faxralıya gətirəcəyinə söz verir. Lakin İslam qayıtdıqdan bir az sonra (1967-ci ildə) keçici vəba xəstəliyi nəticəsində Atası və Analığı həyatdan köçürlər. Onları orada yaşayan azərbaycanlılar dəfn edirlər.

İslam Orucov 2014-cü ilin dekabr ayının 28-də ömrünün 88-ci çağında üzünsürən xəstəlikdən vəfat etmişdir. Həyat yoldaşı Orucova Minoyqa Bayraməli qızı isə 2022-ci ilin sentyabr ayının 15-də 92 yaşında vəfat etmişdir. Allah hər ikisinə rəhmət etsin!

Təəssüflər olsun ki, İslam dayı, oğlu Xalidin davamçısı balaca Xalidi görmədi. Belə ki, 08.04.2015-ci il tarixdə onun nəvəsi Elşənin Xalid adında oğlu dünyaya gəldi. Onun sağlığında bu olsa idi, inanıram ki, onun sevincinin həddi-hüdudu olmazdı…

Bundan başqa, 25.05.2015-ci il tarixində Elnurun oğul övladı anadan oldu. Onun adını isə İslam qoydular.

Arzu edirəm, balaca Xalid, İslam adları ilə böyüsünlər və bu ailənin mənəvi boşluğunu doldursunlar…

    

Qələmə aldı: Rəşid Hüseynov (Amaşlı)

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur