Səməndər Məmmədovun şeirlərindən nümunələrə və kitabları haqqında məlumatlara bu linklərdən tanış ola bilərsiniz.
Səməndər Eyvaz oğlu Məmmədov 1954-cü il fevralın 8-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1971-ci ildə Faxralı orta məktəbini bitirib, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinə daxil olub.
1978-ci ildə universiteti bitirən Səməndər Eyvaz oğlu təyinatla Lerik rayonunun Vistən kəndində pedaqoji fəaliyyətə başlayıb. Dörd il burada çalışdıqdan sonra 1982-ci ildə Bakıya gələrək Azərbaycan DİN-nin tərbiyə müəssisəsindəki orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Pedaqoji ustalığını, yüksək peşəkarlığını və təşkilatçılıq qabiliyyətini görən rəhbərlik 1987-ci ildə ona böyük etimad göstərərək həmin məktəbin direktoru vəzifəsinə irəli çəkib.
Burada çalışdığı 15 il müddətində özünü bacarıqlı maarif təşkilatçısı və yüksək pedaqoji ustalığa malik bir müəllim kimi tanıdan Səməndər Məmmədov bir sıra mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
2002-ci ilin yanvar ayında isə S.Məmmədova daha böyük etimad göstərilərək paytaxtımızın ən böyük məktəblərindən birinə – Sabunçu rayonundakı 271 saylı orta məktəbə direktor vəzifəsinə təyin olunub və hazırda da bu vəzifədə çalışır.
Pedaqoji fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olan Səməndər Məmmədov bu gün həm də istedadlı publisist, folklor araşdırıcısı, şair, tərbiyə mövzusunda bir çox aktual yazıların müəllifi kimi də tanınır. Məhz Səməndər müəllimin böyük zəhməti hesabına Faxralıda yaşayıb-yaratmış neçə-neçə el şairinin yaradıcılığı üzə çıxarılaraq tədqiq olunmuş, toplu və ya ayrıca kitab şəklində nəşr etdirilmişdir. İlk şeiri hələ orta məktəbdə oxuyarkən Gürcüstanda nəşr olunan “Qələbə bayrağı” və “ Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetlərində işıq üzü görən S.Məmmədov bu gün on beş kitabın müəllifidir. “Bir duran ayrıldı öz qatarından” (Fikrət Məmmədovla birlikdə), “Faxralı”, “Faxralıtək ağır elim var mənim”, “Payız çiçəyi”, “Coşqun çay kimi”, “Ümid qapısı”, “Bir gəncin taleyi alt-üst olursa”, “Nur çiləyənlər”, “Ləkəsiz bir vicdan, böyük bir ürək” (Musa Nəbioğlu ilə birlikdə), “Pedaqoji düşüncələr” (Şahpəri Hüseynqızı ilə birlikdə), doğma kəndi – Borçalının ağır ellərindən olan Faxralı və onun tanınmış şəxsiyyətlərindən bəhs edən üçcildlik “Ağır elsən, Borçalıda adın var”, “İşıq ömrü yaşadı” və dördcildlik “El sevəni aləm sevər” kitabları oxucuların böyük rəğbətini qazanmışdır.
Musa Nəbioğlunun 2009-cu ildə işıq üzü görmüş “Alışmaqdı Səməndərin peşəsi” kitabı isə Səməndər Məmmədova həsr olunub.
Səməndər Məmmədov Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən” fəxri media və “Araz” ali ədəbi mükafatları laureatı, “Qabaqcıl təhsil işçisi”dir. Səmərəli pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunub, “İlin ən yaxşı məktəb direktoru” adına layiq görülüb.
Azərbaycan Yazıçılarının XI, Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olub. Yazıçılar Birliyinin üzvü kimi 2018-ci ildə Prezident təqaüdü alıb.
Mənbə: Səməndər Məmmədov – “Faxralılar və tarix yaradanlar” kitabı
Səməndər Məmmədov “Cümhuriyyət” medalı ilə təltif edilmişdir
Azərbaycan yazıçılar birliyinin ūzvū, “Qızıl qələm” mukafatı laureatı, qabaqcıl təhsil işçisi və Prezident təqaūdçūsū olan Faxralı kəndinin dəyərli oğlu şair-publisist Səməndər Eyvaz oğlu Məmmədov 27.05.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vətənimizin inkişafı naminə səmərəli fəaliyyətinə görə “Cümhuriyyət” medalı ilə təltif edilmişdir.
Faxralı saytının idarə heyəti də bütün faxralılar kimi hörmətli Səməndər müəllimi bu mükafat ilə bağlı təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq sahəsində daha böyük nailiyyətlər arzulayırıq!
REDAKTORDAN
Səməndər Məmmədov barədə deyilənlər, yazılanalar…
Dunyamalı Kərəm “ƏVƏZOLUNMAZ HƏDİYYƏ”
Binnət ƏLİOĞLU “YURDA ABİDƏ”
Tanınmış ziyalı, dəyərli qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Abdulla Şaiq” və “Araz” ali ədəbi mükafatları laureatı, Bakı şəhərinin Sabunçu rayonundakı 271 saylı orta məktəbin direktoru, “Qabaqcıl təhsil işçisi”, 2017-ci ildə Prezident təqaüdünə layiq görülmüş, “Faxralı”, “Bir durna ayrıldı öz qatarından”, “Payız çiçəyi”, “Ümid qapısı”, “Coşqun çay kimi”, “Faxralıtək ağır elim var mənim”, “Bir gəncin taleyi alt-üst olursa”, “Nur çiləyənlər”, “Ləkəsiz bir vicdan,böyük bir ürək” (M.Nəbioğlu ilə birlikdə), “Pedaqoji düşüncələr”, üçcildlik “Ağır elsən, Borçalıda adın var”, dördcildlik “El sevəni aləm sevər”, “İşıq ömrü yaşadı” və s. kitabların müəllifi Səməndər Eyvaz oğlu Məmmədovun uzunillik zəhmətinin bəhrəsi olan “Faxralılar” kitabının birinci cildi Bakıdakı “Elm və təhsil” nəşriyyaında işıq üzü görmüşdür.
696 səhifəlik bu sanballı kitabda yurdumuzun ağır ellərindən sayılan Faxralı kəndinin yetirməsi olan görkəmli dövlət, elm və sənət adamları, eləcə də, müxtəlif peşə sahibləri haqqında oçerklər, şairlərinin yaradıcılığından nümunələr, tanınmış elm və sənət adamlarının, təhsil işçilərinin Səməndər müəllim haqqında söylədiyi fikirlər öz əksini tapıb.
Səməndər Məmmədov yazır ki, “Faxralı kəndi özünün igid övladları, ziyalıları ilə bütün türk dünyasında məşhur olan bir eldir. Son illərdə apardığım tədqiqatlarda da bu kəndin şöhrətinin təsdiqini tapmışam. Bu el-obanın ləyaqətli adamları, nüfuz sahibləri haqqında dövri mətbuatda təxminən yüz yetmiş məqaləm dərc olunub…
Vaxtilə bütün Zaqafqaziyada məşhur olan, Gürcüstanın təhsil nazirinin türk məktəbləri üzrə müavini işləmiş çox görkəmli ziyalı, maarifləndirmə işində, türk məktəblərinin açılmasında müstəsna xidmətləri olan Mirzə Əlizadədən başlayaraq, hal-hazırda ABŞ-ın Texas ştatında çalışan elmlər doktoru Rəhilə Ramazanovaya, Amerikanın Klivlend ştatında yaşayıb-yaradan böyük alimimiz Tahir Qasımova qədər olduqca nüfuzlu isimləri, çox böyük coğrafiyanı, geniş spektri əhatə edən həmin toplular həm də tarixilik baxımından böyük bir zaman kəsiyinin tədqiqi kimi qəbul edilə bilər. Bu tarixə nəzər yetirib öyrənəndə ki, ötən əsrin üçüncü onilliyində M.K.Atatürk müasir Türkiyəni quranda onun ilk energetika naziri olan Hidayət Turan məhz Faxralıdandır, onda bu kəndin, həqiqətən türk dünyasının məşhur obalarından biri olduğunun növbəti dəfə sübutunu tapırsan, üstəgəl, bu kəndin yetirməsi olduğun üçün qürur hissi keçirir, iftixar duyursan. Tarixdəki “Faxralı” izinə düşüb ta bu günümüzə gəlib çıxanda və aşkar edəndə ki, əslən Faxralıdan olan və özünə “Faxralı” soyadını götürən Əfqan Faxralı hazırda Almaniyada yaşayıb-yaradır, almanca şeirlər yazır, öz şeirlərinə mahnılar bəstələyir, Avropanın dünyaca məşhur “Cənnət qrupu” ansamblının rəhbəridir, təkcə ehtişamlı keçmişinlə deyil, bu gününlə də öyünməyə əsas tapırsan”.
Quru və boğazdan yuxarı deyilmiş sözlərdən uzaq, şirin və oxunaqlı bir dillə qələmə alınmış bu kitabdakı yazıları oxuduqca, müəllifin yüksək intellektə və geniş erudisiyaya malik olduğunun, hərtərəfli tədqiqat aparmaqla oxucunu bu ellə dərindən tanış etmək marağını gizlətmədiyinin, eyni zamanda, bu elin xidmətində dayanmağından bir zövq aldığının və bununla şərəf duyduğunun şahidi olursan.
Bu kitabı adıbəlli yurda hörmət və ehtiramdan doğan bir abidə kimi də qiymətləndirmək olar.
Bildiririk ki, kitabın redaktoru və nəşrə hazırlayanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, dəyərli ziyalı Musa Nəbioğludur.
Müəllifin “Faxralı” kitabının o biri cildlərini də səbirsizliklə gözləyir və ona böyük yaradıcılıq uğurları arzulayırıq.
Binnət ƏLİOĞLU
Pünhan ŞÜKÜR: “FAXRALILAR” – AĞIR ELİN ŞƏRƏF KİTABI
İstedadlı publisist, folklor araşdırıcısı, şair, tərbiyə mövzusunda bir çox aktual yazıların müəllifi, dəyərli dostum Səməndər Məmmədov haqqında əvvəllər də yazmışam. Lakin ildənilə uğurlarının sayının artması, nəhayətsiz, çoxşaxəli yaradıcılığında müşahidə etdiyim yeni çalarlar, bir ümumi dostumuzun sərrast ifadə etdiyi kimi, “peşəsi alışmaq olan Səməndər müəllim”in saçdığı işığın daha uzaqlara yayılması, qaranlıqların daha dərin qatlarına sirayət etməsi qələmimi yenidən özünə cəzb etdi.
Oxucularımın sırasına yeni qoşulanları, həm də onlara müraciət etdiyim tribunaların zaman-zaman dəyişdiyini nəzərə alaraq Səməndər müəl-lim haqqında ən zəruri olan bu məlumatları bölüşməyi vacib sayıram:
Səməndər Eyvaz oğlu Məmmədov 1954-cü ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) filologiya fakültəsinə daxil olub.
1978-ci ildə universiteti bitirən S.Məmmədov təyinatla Lerik rayonunun Vistən kəndində pedaqoji fəaliyyətə başlayıb. Dörd il burada çalış-dıqdan sonra 1982-ci ildə Bakıya gələrək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tərbiyə müəssisəsindəki orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Pedaqoji ustalığını, yüksək peşəkarlığını və təşkilatçılıq qabiliyyətini görən rəhbərlik 1987-ci ildə ona böyük etimad göstərərək həmin məktəbin direktoru vəzifəsinə irəli çəkib.
Orada çalışdığı 15 il müddətində özünün bacarıqlı maarif təşkilatçısı və yüksək pedaqoji ustalığa malik bir müəllim kimi tanıdan S.Məmmədov bir sıra mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
2002-ci ilin yanvar ayında isə S.Məmmədova daha böyük etimad göstərilərək paytaxtımızın ən böyük məktəblərindən birinə – Sabunçu rayonundakı 271 saylı orta məktəbə direktor vəzifəsinə təyin olunub və hazırda da bu vəzifədə çalışır.
Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Səməndər müəllimin böyük zəhməti hesabına Faxralıda yaşayıb-yaratmış neçə-neçə el şairin yaradıcılığı üzə çıxarılaraq tədqiq olunmuş, toplu və ya ayrıca kitab şəklində nəşr edilmişdir. İlk şeiri hələ orta məktəbdə oxuyarkən Gürcüstanda nəşr olunan “Qələbə bayrağı” və “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetlərində işıq üzü görən S.Məmmədov bu gün iyirmi kitabın müəllifidir. İndiyədək “Faxralı”, “Bir durna ayrıldı öz qatarından” , “Payız çiçəyi”, “Ümid qapısı”, “Çoşqun çay kimi”, “Faxralı tək ağır elim var mənim”, “Bir gəncin taleyi alt-üst olursa…” , “Nur çiləyənlər”, “Ləkəsiz bir vicdan, böyük bir ürək” (M.Nəbioğlu ilə birlikdə), “Pedaqoji düşüncələr”, üçcildlik “Ağır elsən, Borçalıda adın var”, “El sevəni aləm sevər” kitabının dörd cildi və “İşıq ömrü yaşadı….” kitabları çap olunub.
Azərbaycan Yazıçılarının XI, Azərbaycan Müəllimlərinin XII qurultayının nümayəndəsi olub. Səmərəli pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunub, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, “Abdulla Şaiq” və “Araz” ali ədəbi mükafatları laureatıdır. 2017-ci ildə şair-publisist kimi Prezident təqaüdünə layiq görülüb.
Bu il S.Məmmədov daha bir uğura imza atıb: Onun “Faxralılar” kitabı (I cild) “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Ötəri baxışda oxucuya elə gələ bilər ki, S.Məmmədovun tədqiqatları doğma yurdu Faxralıdan, sevdiyi eli Borçalıdan o yana keçmir. Amma bu, əlbəttə ki, yanlış yanaşma olar. Əvvəla ona görə ki, Səməndər müəlli-min “Vətənin qıraqda qalan yeri” Borçalının ədəbiyyatı da Böyük Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsidir. Borçalının ünlü ədibləri, yaradıcı ziyalıları ölkəmizin beynəlxalq miqyasda layiqli təmsilçiləridirlər. İkincisi, S.Məmmədovun öz elliləri olan ziyalılar haqqında ərsəyə gətirdiyi oçerklərində istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının dahilərinə, mütəfəkkirlərə etdiyi çoxlu sayda istinadlara rast gəlmək mümkündür ki, bu da olduqca dərin mütaliəyə malik müəllifin dünyagörüşünün zənginliyinə, maraq dairəsinin genişliyinə dəlalət edir. Az qala 700 səhifəlik olan “Faxralılar”da yer alan aforizmləri, kəlamları, atalar sözlərini, məşhurların sitatlarını bir yerə yığsaq, bəlkə də kitab içində bir kitab alınar.
S.Məmmədovun tədqiqatları həm də Gürcüstan-Azərbaycan mədəni, ədəbi əlaqələrinə, xalqlar dostluğunun daha da möhkəmləndirilməsi işinə əvəzsiz töhfə kimi dəyərləndirilməlidir. Çünkü Səməndər müəllimin əsərlərində hər iki millətin ziyalı nümayəndələrinin dostluq nümunələrindən çoxsaylı bariz misallar göstərilmişdir. Onu da qeyd etməyə dəyər ki, “Faxralılar” kitabında haqqında bəhs olunan şəxsiyyətlər təkcə bu ağır elin dərin savad sahibi olan adamları deyil, həm də müdrikliyi, iti ağlı, ləyaqəti, qeyrəti, şücaəti, qoçaqlığı, qorxmazlığı, cəsarəti, yurdsevərliyi, vətənpərvərliyi ilə seçilən insanlarıdır.
Səməndər müəllimin qədirşünaslığının nümunəsi olan “Faxralılar” kitabının necə deyərlər, başı-ayağı yoxdur. Kitabın qəhrəmanlarının palitrası zəngindir – onların arasında alimlər, ixtiraçılar, şairlər, yazıçılar, müəllimlər, həkimlər, hüquqşünaslar, hüquq-mühafizə işçiləri, jurnalistlər, mühəndislərlə yanaşı, Vətən müharibəsi qəhrəmanları da var, sadə əmək veteranları da. Muzey işçisi də var, futbolçu da. Onları tərənnüm edən yazıları oxuyarkən, müəllifin az qala bütün peşə və ixtisasların spesifik xüsusiyyətləri barədə məlumatlı olduğu bəlirlənir. Bir çoxlarının iki və daha artıq ixtisası, peşəsi, maraqlı xobbiləri, ən başlıcası isə, şəxsiyyətlərini dəyərli edən üstün insani keyfiyyətləri, ibrətamiz həyat tarixçələri vardır. Səməndər müəllimin həmin dəyərlərin altını cızması kitabın həm də tərbiyəvi əhəmiyyətini önə çıxarır.
Kitaba daxil edilmiş bəzi oçerklər barəsində söz açılan şəxslərin sağlığında yazılıb, müxtəlif qəzetlərdə nəşr olunub. Səməndər müəllimin “sözardı” (P.S) işarəsi altında belə kədərli məqamları qeyd etdiyi vaxt və yaxud, rəhmətlik atası, cənnətməkan qardaşı barədə qələmə aldığı məqalələri topluya əlavə etdiyi zaman necə məyusluq hissi keçirdiyini təsəvvür etmək olar. Axı həmin postskriptumlu yazılar müəllifin öz qəhrəmanlarına üzün ömür, can sağılığı arzusu ilə sonuclanmışdı….
Doğrudur, S.Məmmədovdan başqa da bu mözuya müraciət edənlər olub, var və olacaq. Lakin ədəbiyyatımıza sanballı töhfə verənlərdən biri olaraq Səməndər müəllim bu məsələyə xüsusi həssaslıq, yanğı göstərib. Özünün iqtibas gətirdiyi böyük filosof Martsinin dediyi kimi, bir ideya uğrunda əzab çəkmək ən yüksək məziyyətdir ki, buna da yalnız insan şəxsiyyəti qabildir. Hazırda çalışdığı sahə olan pedaqogikadan, müəllimlik fəaliyyətindən fərqli olaraq Səməndər müəllimi ədəbiyyatdan ayıracaq yaş senzi, təqaüdə çıxma vaxtı yoxdur. Yaşının üstünə yaş gəlməsinə rəğ-mən, qələmi heç də kəsərini itirməyib, yaratmaq eşqi tükənməyib. Ömründən ötən illər onun məziyyətləri sırasına bir də “Ağsaqqal” satusu əlavə edib.
Yeri gəlmişkən, Səməndər müəllimin həyatda rastlaşdığı, bəzilər ilə yaxından ünsiyyət qurduğu, bu gün isə tarixə çevrilərək yaddaşlara hopan ağsaqqallar çox olub. Bu barədə yazır: “Onlar təkcə mənim yox, eldə-obada hər kəsin yaddaşında müdriklikləri, xeyirxahlıqları və alicənablıqları ilə əbədiləşiblər. Mən də onların xatirəsini həmişə uca tutmuş, imkan olduqca onların bəziləri haqda bədii oçerklər yazmışam. Əslində bunu özümə bir mənəvi borc saymışam. Hesab etmişəm ki, xeyirxah əməlləri ilə yolumuza nur çiləyən, hər zaman bizi düzlüyə, sədaqətə, etibarlı olmağa, yurdu sevməyə, haqqı nahaqqa qurban verməməyə çağıran, daha doğrusu, bu keyfiyyətləri tərbiyə edən, bəzən hətta heç bir təhsili olmasa belə, həyat məktəbinin ən böyük müəllimləri olan bu insanlar üzərimizə həm də böyük məsuliyyət qoyub. Bu məsuliyyətin tərkib hissəsinin biri də məhz onları unutmamaq, qədirlərini bilmək, tarixdən gələn varislik ənənəsini yaşatmaqdır. Və bu gün haqlı bir qürur hissi duyuram ki, nəşr olunmuş kitablarımın demək olar hamısında el ağsaqqalları haqda yazılarım özünə yer tapıb. Hər dəfə bu kitabları əlimə alıb yenidən nəzərdən keçirəndə də hesab etmişəm ki, onların xeyir-duası bu gün də mənimlədir”.
Bununla belə mənə elə gəlir ki, Səməndər müəllimin öz üzərinə götürdüyü əbədi, müqəddəs missiyanın gələcəkdə gənc, istedadlı, enerjili davamçılara ehtiyacı olacaq. O, bu məsələ ilə də qayğılanmalı, pedaqoq olaraq, məktəb rəhbəri olaraq kamal attestatı verdiyi məzunları kimi, ədəbi yaradıcılıq, ədəbi tədqiqat sahəsində də ardıcıllarını seçməli, onlara yol göstərməli, xeyir-dua verib həvəsləndirməlidir.
Kitabda həmçinin Səməndər müəllimin özü haqqında tanınmış elm və sənət adamlarının, təhsil işçilərinin söylədikləri dəyərli fikirlər toplanıb. Özünün təvazökarlığına bələd olduğum üçün yəqin bilirəm ki, bu təşəbbüs kitabın ilk oxucusu və nəşrə hazırlayanı Musa Nəbiğludan gəlib. Mən də Musa müəllim kimi inanıram ki, Səməndər müəllimin yaradıcılığında bu da son deyil, “Faxralılar” kitabının ikinci nəşri də belə məzmunlu və əhatəli olacaq. Respublikanın Əməkdar müəllimi, professor Əli Hüseynovun da fikri ilə şərikəm ki, son illərdə nəşr etdirdiyi kitablarıyla Fax-rlanın tarixinə yeni səhifələr yazan Səməndər Eyvaz oğlu Məmmədovun əməyi, vətənpərvərliyi, xalqına sədaqəti heç zaman unudulmayacaq.
Dünyada “Şərəf kitabları” çoxdur. Görürsən, ayrı-ayrı qurumlar, idarə, müəssisə və təşkilatlar, əmək kollektivləri də belə kitablar açır, etik protokol qaydasında nüfuzlu qonaqlarına həmin kitaba ürək sözlərini yazmağı, imza atmağı təklif edirlər. Məktəblər də qızıl medal alan məzunlarının adlarını özlərinin tərtib etdikləri, qrifli nəşr statusu daşımayan “Şərəf kitabı”na yazırlar. Şərəf məsələsinə çox ciddi yanaşıldığı güc nazirliklərində Əsasnamə ilə təsdiq olunsalar belə, bu adlı kitablar həmişə açıq sayılırlar. O da məlumdur ki, heç bir rəsmi kitabxanada konkret müəllifin yazmış olduğu “Şərəf kitabı”na rast gəlməzsən. Amma vətənini sevən, milli kimliyini tanıyan hər bir insanın şüurunda mənsub olduğu elin “Şərəf kitabı” deyilən məfhum var. Həmin yurdun şərəfini ucaldan insanların adları məhz o mücərrəd kitaba daxil edilir. Bu mənada Səməndər Məmmədovun “Faxralılar” kitabını haqlı olaraq Faxralının rəsmi “Şəfər ktabı” hesab etmək olar.
Pünhan ŞÜKÜR