Şair Nəbi barədə məlumat

DÜNYA

Doğrudan-yalandan dərs verdin bizə,
Çıxmadı işlərin bir yana, dünya.
Nə mənzilin bəllidi, nə də məkanın,
Cadalar düşübdü hər yana, dünya.

Xudam zinət verib dağınnan, daşa,
Nə sultan tanıdın, nə xan, nə paşa.
Çoxları cəhd etdi, çıxmadı başa,
Gəlibdi əlindən amana, dünya.

Ruzidə bəllidi fəsildə yaylar,
Ötür ömrümüzdən həftələr, aylar.
Keçir xəyalımızdan əlvan saraylar,
Dönübsən qızıla, mərcana, dünya.

Dağların dayaqdı ləngərli düzə,
Kimsənin eybini vurmadın üzə.
Şərbətin şəfaət qılmadı bizə,
Axır həsrət qoydun cahana, dünya.

Əzəli görəndə eylədin rəftar,
Münasib olmadı yapdığın divar.
De görüm, necoldu verdiyin ilqar,
Qalmadı onlardan nişana, dünya.

Gələnlər gəlincə bir səni bildi,
Çoxunda ağladı, azında güldü.
Nə gedənlər gəldi, nə gələn qaldı,
Budu etibarın insana, dünya.

Bir gün olar, əsər məhşər yelləri,
Göyərdərsən, çürüdərsən gülləri.
Pünhan olub murğuların dilləri,
Sultan Süleymandan bu yana, dünya.

Murazı mətləbdə diliboz atdı,
Axırda körpülər qıldan isratdı.
Qılıncın qınsızdı, qolun qüvvətdi,
Baxmırsan qocaya, cavana, dünya.

Ağır səltənətli taxtı-divanlar,
Övliya, ənbiya, dini-imanlar,
Turaba qarışdı neçə min canlar,
Xakə bülənd oldu, yeksana, dünya.

Şair Nəbi cəhd eylədi cahana,
Ömür keçdi, sığınmadım səfana.
İnnən belə inanmıram səfana,
Sıtqınnan sığındım Sübhana, dünya.

GÖZƏL

Səhərdən bəklədim mən yollarını,
Bir gəlib qarşımdan keçəsən, gözəl!
Sən özün bilmirsən öz murazını,
Mən yaxşı bilirəm, butasan, gözəl!

Yetmişə yetsən də, mən səni allam,
Dərgah-ilahiyə min dua qıllam.
Aylarnan xəstə düşsəm, sağallam,
Sən gəlib qolumnan tutasan, gözəl!

Mən Nəbiyəm, aşıqların zəriyəm,
Yanıram oduna, eşq əsiriyəm.
Gəlmişəm qapına, bil, müştəriyəm,
Ləbiyin balından satasan, gözəl!

VAR MƏNİM 

İnciməsən bağban edim bağıma,
Aləm bilir dürlü gülüm var mənim.
Əgər sorsan hər birinin adını,
Cavabında imran dilim var mənim.

Söylə siftə kim tanıdı imanı,
Aləmi yaradan sirri-sübhanı?
Necə arif agah edib ərkanı?
O əhvalda xub kamalım var mənim.

Kərəm kimi qaynayaram, daşaram,
Alışaram, eşq oduna düşərəm.
Zorun varsa imtahana qoşaram,
Bu qəlbimdə qara kalım var mənim.

Nəbiyəm, dərsimi oxudum kamil,
Kəndin ustad olsa mən ollam qayıl.
Yolun düşsə təşbehidi İstanbul,
Faxralı tək ağır elim var mənim.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur