ARİF VƏ AQİL ZİYALI
Hər dəfə onu xatırlayanda məşhur Çin filosofu, eramızdan əvvəl VI əsrdə yaşamış Lao Tsizin sözləri yadıma düşür: “Kim adamları tanıyırsa – arifdir. Özünü tanıyırsa – aqildir. Adamlara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çoxdursa – dövlətlidir. İnadkardırsa – iradəsi var. Təbiətini dəyişirsə – uzunömürlüdür. Öləndən sonra unudulmursa – deməli, ölməzdir”.
Bəli, o, doğrudan da arif idi, aqil idi. Böyük iradə sahibi olduğundan həyatda hər şeyə qalib gələ bilirdi. Çünki qüdrətli idi. Elə bu səbəblərdəndir ki, ölümündən xeyli vaxt keçsə də, unudulmayıb, Lao Tsizin demiş, ölməzdir. Ölməzdir ona görə ki, o, sözün əsl mənasında müəllim idi.
Qədim yunan şairi Homerin “İliada” poemasında əsərin qəhrəmanlarını tərənnüm edən fikirlər arasında belə birisi diqqəti çəkir: “Nə vaxtsa onların müasirləri barədə danışanda deyəcəklər ki, bu adam Axillesin dövründə, Hektorun zəmanəsində yaşayıb”…
Tarix üçün bir insan ömrü dəryada bir damcı qədər kiçik zaman kəsiyidir. Ancaq doğrudan da elə insanlar var ki, adları tarixin səhifələrinə qızıl hərflərlə düşür və bəzən həmin səhifənin sərhlövhəsinə çevrilir. Dolayısı ilə, müasirlərinin də adlarını tez tapmaq, asan tapmaq üçün orientirə çevrilir, yol göstərən mayak olur. Düşünürəm ki, müəllimlərin məhz belə qəhrəmana çevrilmək üçün şansları daha böyükdür. Çünki onların saldıqları iz həmişə canlıdır, daima mütəhərrikdir. Həmin ləpirlər yetirmələrinin addımları ilə daha da dərinləşir, aydınlaşır. Şanslıdırlar ona görə ki, missiyaları başqalarına yol göstərməkdir. Cəmiyyət onlara öz müasirlərini inandırmaq, təlim-tərbiyə etmək, öyrətmək səlahiyyəti verib.
Belə bir şansdan yetərincə yararlanıb adını bir elin “Şərəf kitabı”na qızıl hərflərlə yazdıran şəxslərdən biri də məhz bu cür keyfiyyətləri ilə əbədiləşib, yaddaşlara hopan Nəbi müəllim idi. Sevinirəm ki, yetirmələrinin şöhrəti dünyaya yayılan, xoş sorağı ölkəmizin hüdudlarından cox-çox kənarlardan gələn Nəbi müəllimin müasiri olmaq xoşbəxtliyi, onun barəsində söz demək qisməti mənə də nəsib olub. Qohumu olduğum Nəbi müəllimin qayğısını mən də daim öz üzərimdə hiss etmişəm, məsləhətlərindən faydalanmışam.
…1910-cu ilin baharında Borçalının ağır ellərindən olan Faxralıda Bayraməli kişinin ocağında dünyaya göz açan Nəbi Gülməmmədov doğma kəndindəki məktəbi bitirdikdən sonra o vaxtlar Tiflis şəhərində fəaliyyət göstərən Pedaqoji texnikuma daxil olub. Burada görkəmli riyaziyyatçı alim Zahid Xəlilovdan dərs alıb. Onun gələcəyin güclü riyaziyyatçısı olacağına böyük ümid bəsləyən bu görkəmli alimin məsləhəti ilə də texnikumu bitirib bir müddət Faxralı orta məktəbində müəllim işlədikdən sonra təhsilini davam etdirmək qərarına gəlib. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. Xoşbəxtlikdən bu ali təhsil ocağında da akademik Zahid Xəlilovdan, digər məşhur alimlərdən dərs alıb.
Ali təhsilini başa vurduqdan sonra Nəbi müəllimi Gürcüstanın Axalsıx bölgəsində fəaliyyət göstərən Pedaqoji texnikuma müdir təyin ediblər. Sonralar isə pedaqoji fəaliyyətini Qarayazıda və Faxralıda dərs hissə müdiri və məktəb direktoru kimi davam etdirib. Heç zaman öz əqidəsindən, peşəsinə sədaqətindən dönməyib. Gənc nəslin təlim-tərbiyəsi yolunda ömrünü gilə-gilə əridib. Prinsipiallığı, tələbkarlığı qədər də səmimi və sadə olub. Onu sevdirən, böyük hörmət qazandıran bir də o olub ki, pedaqoji fəaliyyətlə işini bitmiş hesab eləməyib. Elin xeyir-şərində yaxından iştirak edib, dəyərli məsləhətlərini əsirgəməyib. Bu səbəbdən də eldə-obada hər hansı bir məclisdə yeri həmişə yuxarı başda olub.
Bu gün cismən aramızda olmasa da, qədirbilən faxralılar, Borçalının pedaqoji ictimaiyyəti, ondan təkcə elm, bilik deyil, həm də həyat dərsi alan yetirmələri onun xatirəsini həmişə və hər yerdə əziz tutur, haqqında minnətdarlıqla danışırlar. İki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş filologiya elmləri doktoru, professor, adı Faxralının tarixində qızıl hərflərlə yazılanlardan biri olan Şamil Qurbanovun təbirincə desək, bu məğrur və qeyrətli insana ithaf olunmuş şeirlərdə də onun tamlığı və bütövlüyü öz poetik əksini tapmışdır. Ulu Borçalınınn təhsil fədailərindən olan Məhyəddin Sultanov ona həsr etdiyi şeirdə Nəbi müəllimi saf, müqəddəs, pak əməlli ziyalı kimi qiymətləndirir. Borçalının digər nəğməkar oğlu Əli Səngərlinin şeirini isə həyəcansız oxumaq olmur:
Qoyuldun məzara bir dəfinətək,
Qapısız otağın Günəşə qənşər.
Alim olmasan da, şagirdlərinin
Bəşəri kəşfindən sənə pay düşər.
Gəncliyin təlim-tərbiyəsi yolunda qəlbini sönməz məşələ döndərən Nəbi Gülməmmədov müəllimə verilən bütün tələblərə cavab verirdi. Əsl müəllim dedikdə isə ixtisası üzrə yüksək elmi-nəzəri hazırlığı olan, öyrətmə ustalığı ilə fərqlənən, geniş dunyagörüşü, mədəni və intellektual səviyyəsi, ziyalılığı, ədalətliliyi və obyektivliyi, ləyaqəti, mənəvi saflığı, vətəndaş təəssübkeşliyi, vətənpərvərlik ruhu ilə nümunə olan, cəmiyyətdə nüfuzu olan, həmkarlarının, şagirdlərinin rəğbətini qazanan yetkin gənclərin meydana çıxmasına öz nəticələri ilə nail olan, şagirdinə insanlığı öyrədən, həyatı sevdirən, onu vətəndaş amallarına çatdıran müəllim başa düşülür.
Təkcə doğulub boya-başa çatdığı Faxralı kəndində deyil, bütövlükdə Borçalıda yüksək pedaqoji ustalığa və dərin savada malik bir müəllim kimi böyük hörmət və nüfuz qazanmışdı bu böyük insan. Azərbaycanda görkəmli elm adamları da onu yaxşı tanıyır, yüksək dəyərləndirirdilər.
Elə H.Həsənlinin 2006-cı ildə Bakıda işıq üzü görmüş “Ömür körpüləri” adlı kitabı da bu minnətdarlığın ifadəsi, qədirşünaslıq nümunəsidir.
Görkəmli pedaqoq, Borçalıda ən məşhur riyaziyyat müəllimlərindən biri, qabaqcıl təhsil işçisi və bacarıqlı maarif təşkilatçısı Nəbi Gülməmmədovun ömür yoluna işıq salan bu kitabda onun yetirmələrinin, dostlarının, həmkarlarının, eloğlularının xatirələrinə geniş yer verilib, ona həsr olumuş şeirlər dərc olunub. Ürək çırpıntısı və böyük məhəbbətlə yazılan bu xatirələrin hər birini həyəcansız oxumaq olmur. Elə təkcə həmin yazıların sərlövhələrinə nəzər salmaq kifayətdir ki, ona olan məhəbbətin böyüklüyünü duyasan. Professorlardan Tahir Pənahov onu “Qayğıkeş və istedadlı müəllim” kimi səciyyələndirir, Şəmistan Mikayılov isə “Nəbi müəllim xatirələrdə yaşayır” deyir. Gürcüstanın əməkdar jurnalist, şair Dünyamalı Kərəm “O, tiranlar tiranı idi”, professor Qulu Bədəlov “Nəbi müəllim səxavətli insan idi”, BDU-nun riyaziyyat kafedrasının dosenti Qurban Qasımov “Onun dərsi mənim üçün böyük bir sınaq olardı”, professor Lətif Güləhmədov “O, mənim idealımdır” deyir. Filologiya elmləri doktoru, professor, iki çağırış Azərbaycan Milli Məclisinin üzvü seçilmiş mərhum Şamil Qurbanov onu “Məğrur və qeyrətli insan”, Kərim Kərimov “El ağsaqqalı”, Bakı Slavyan Universitetinin dosenti İdris Kərimov “Ziyalılıq və paklıq mücəssəməsi”, iqtisad elmləri namizədi Əmirxan Babaşov “Müəllimliyin zirvəsində duran insan”, Məmmədəli Şərifov “Nurlu insan”, AKTA-nın kafedra müdiri, dosent Əli Əlizadə “Müdrik ağsaqqal, mahir insan”, dosent Bahəddin Nəbiyev “Böyük insan və gözəl müəllim”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Əli Hüseynov “Əsl müəllim” kimi səciyyələndirir, Oruc Əlizadə “Biz sizdən öyrəndik ədəb-ərkanı”, Sabir Xəlilov “O, mənim mənəvi atam idi”, Gürcüstanın əməkdar müəllimi Rəhim Mahmudov isə “Mən onu doğma atam kimi sevirdim” deyir. Şair Əli Səngərli isə yazır: “…Nəbi müəllimin əvvəl şagirdi, sonra həmkarı olmuşam, daha doğrusu, o, mənim və o zamankı məktəbimizin gənc müəllimlər ordusunun müəllimi olubdur”.
Nəbi müəllimi görənlər, tanıyanlar, onunla heç olmasa bircə dəfə ünsiyyətdə olanlar yaxşı bilirlər ki, o, sözübütöv, düz sözü çəkinmədən üzə deyən, heç zaman haqqı nahaqqa qurban verməyən, ədalət prinsipini hər şeydən üstün tutan adam idi. Bir dəfə ondan soruşurlar ki, Nəbi müəllim, riyaziyyat müəllimi kimi siz güclüsünüz, Binnət müəllim, yoxsa Camal müəllim? Nəbi müəllim bu suala özünəməxsus müdrikliklə belə cavab verir: Bizim birimiz baltanın ağzı, birimiz küpü, birimiz isə sapıyıq. Üçümüz bir yerdə olanda daha güclüyük.
Şagirdlərinə həmişə ata qayğısı ilə yanaşar, daim diqqət göstərər, məktəbi bitirdikdən sonrakı həyat yolları ilə də maraqlanardı. Həm də qohum olduğumuz Nəbi müəllimin qayğısını mən də daim öz üzərimdə hiss etmişəm. Məktəbdə oxuduğum illərdə tez-tez mənimlə söhbət edər, hansı ixtisası seçəcəyimlə maraqlanaraq məsləhətlərini verərdi.
İllər keçəcək, amma heç zaman unudulmayacaq Nəbi müəllim. Və mən inanıram ki, onun haqqında hələ çox danışılacaq, çox yazılacaqdır. Elə bu inamla da mən bu yazını hələlik burada Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Əli Hüseynovun sözləri ilə bitirirəm: “Əziz müəllimim, Siz indi cismən bizimlə deyilsiniz, lakin, şagirdlərinizin qəlbində həmişə yaşayırsınız! Biz Sizin adınızı daim şərəflə yad edirik və uca tuturuq!”
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.