Binələr
Qonşu kəndlərə nisbətən Faxralı kəndi maldarlıq, qoyunçuluq, əkinçilik üçün əlverişli olan çox geniş çox geniş coğrafi ərazidə yerləşib.
Qışlaqlar
Faxralı kəndinin hələ keçmiş zamanlardan geniş əkin və meşə sahəsi olub. Bu ərazilər payız, qış aylarında mal-qara saxlamaq üçün tayfalar arasında bölünmüş, zaman-zaman abadlaşdırılmış, yaşayış məskənlərinə çevrilmişdir.
Tayfaların yurd saldıqları qışlaqlar:
- Sərginə və Saxundur qışlağı – Kələli, Göyüşdər, Baytallı, Hüseynuşağı, Alqazaxlar, Emin öyü
- Təhməz – Vəlxanlı, Ramazanuşağı, Kaxılar
- Miyirdiş – Amaşlı, Məsim öyü
- Xəmmətli – Hasanlı, Babaşlı
- Tənəkli – Güllər/Hacı öyü/
- Qaradağ – Yahyalar
- Qızılqayanın üstü – Balammədli, Alməmmədli/Bədəlli/, Keçili
- Becanoğuzaran – Nağılar, Dərgahlı
Bu yerlərdə hər tayfa yeraltı damlar tikmiş, mal-qaranın qışlaması üçün şərait yaratmışlar.
Mart ayından başlayaraq elliklə dağa (yaylağa) hazırlıq görülərdi. Varlı ailələr ehtiyacdan artıq qalan pendir, yağ, yun, taxıl və s. satıb, hər şeydən əvvəl uşaqlar üçün paltar alar, şəkər, düyü, çay, sabun, neft, lampa piltəsi tədarük edərdilər. Köç hazırlığı görən hər ailə ərişdə kəsər, qovut çəkərdilər. Baş keçələri, dəyələrin, alaçıqların yanpalazları, qapılıqlar, nəmi örtükləri nəzərdən keçirilərdi, cırılmış yerləri yamanar, yaramayan nimdaşları isə təzəsilə əvəz edilərdi. Çətən çubuqlrı təmir olunardı. Dağ çiçəkləri, şəfalı dərman otları üçün torbalar tikilərdi. Yağ qarınları qurud, motal, yığıntı üçün xüsusi dəri ehtiyatları görülərdi. Bu zaman uşaqlar da unudulmazdı. Ailənin əziz körpələri, yaxud da aranda qalan qohum – əqrabanın körpələri üçün də dağ sovqatı hazırlanardı. Körpə quzu qarnına və qoyun dərisinin ayaq qunclarına (dərinin bud ilə diz hissəsi) doldurulmuş yağ, pendir körpələr üçün ən qiymətli hədiyyə sayılardı. Yaylaq tədarükü içərisində ayran torbası hazırlamaq, yığıntı dərisi tədarük etmək xüsusi peşəkarlıq tələb edirdi.
Yığıntı dərisini isə əsasən yaşlı və təcrübəli qadınlar hazırlardı. Onlar qoyun dərilərini əvvəlcə duzlu suya qoyar, yundan təmizləyər, qurudar, sonra isə xüsusi boyaq maddəsi və ya palıd qabığının suyu ilə boyayardılar. Dərinin ağzına yumşaq ağacdan yumru ağızlıq (cəmbərə) düzəldər, künclərini və arxa hissəsini möhkəm tikərdilər. Hər ailədə sağılan inək və camışın sayına görə dəri hazırlanardı.
Yaylaqlar
Faxralının aran torpaqlarından başqa, Dumanisi (keçmış Başkeçid) rayonunun Qaraxaç (Qaraqoç) (xaç sözü arxac mənasında işlədilir) ərazisində dəniz səviyyəsindan 1500-2500 metr, Faxralının səviyyəsindən isə 500 – 600 metr yüksəklikdə yerləşən 1200 hektar yaylaq torpaqları vardır.
Cavaxeti yaylasında yerləşən bu torpaq sahəsini 1872-ci ildə Faxralı kənd sakini Allahverdi Aşır oğlu icarəyə götürüb. 1873-cü ildə isə başqa kəndlərin nümayəndələrinin həmin torpaq sahəsini icarəyə götüımək istədiklərini eşidəndə Allahverdi Aşır oğlu gedib, torpaq sahəsinin qiymətini iki qat ödəyərək Başkeçid Tavadından həmişəlik alıb.
Həmin gündən bu torpaq sahəsi Allahverdi Aşır oğlunun şəxsi mülkü olub. Bu torpaq sahəsinin özünə məxsus xüsusiyyətləri var. Belə ki, buranın havası sərin, suyu saf və soyuq, torpağın üst qatı yararlı otlarla örtülü və dumanlı-çiskinli bir ərazidir. Lakin o, öz qohumların və Faxralıda yaşayan bütün nəsillərə bildirir ki, onlar da bu torpaq sahələrindən istifadə edə bilərlər. Sonralal nəsillər arasında eyni qaydada istifadə edilən həmin torpaq sahələri nəsillərin arxac yeri kimi tanındı. Bu da yaylağın hər yerinin tanınmasına kömək edirdi.
Cavaxeti yaylasının ən hündür zirvəsi “Dəli dağ”, aşağı hissəsi isə Dəvə qoruğudur. Dəvə qoruğundan baxanda qarşıda “Qaranlığın qayası” görünür. Yaylaq torpaqlarımızın bir tərəfdən səhədi buradan başlayır. Buradan başlayan yaylaq torpag1m1z “Qaranlığın dərəsi” boyu uzanır və “Nazar oğunun bulağı”na kimi davam edir. “Nazar oğlunun ulağı”nın yuxarı hissəsi “Yastı qar” adlanır. “Yastı qar”ın davamı “Bədəllinin arxac1”, arxacına yuxarısı isə “Nazik su” adlanır. Nəzik suyun ətrafıda “Aşırlının arxacı” olub. Sonra isə “Yolum çınqıl”, “Qoşa bulaq” və “Xudu öyünün arxacı” gəlir. Kiçik bir düzənlikdə “Qazaxlının çeyli”, üst tərəfində “Hasanlının çeyli” və “Yol arxacı”, buraya yaxın bir sahədə isə “Ayvaz öyünün çeyli” yerləşir.
Cavaxeti yaylasının lap yuxarısında “Dibsiz” və “Keçiqıran” gölləri yerləşir. Göllərin yuxarı hissəsi “Qırmızı Gəzdək” adlanır.
Üzü xrama tərəf Qasımlının arxacı, Aralığın xram tərəfi işə “Hasanlının yurdu”dur. Aralıq ilə Hasanlının yurdu arasındakı kiçik təpə “Əzən təpəsi” adlanır.
Yurd yerlərindən “Qaradaş”, “Asırğallı boyun”u və faylağımızın ən geniş sahələrindən biri olan “Aralığı“ göstərmək olar.
Yaylağımızın lap aşağı hissəsi “Tərəli” adlanır.Tərəlinin ətəyi ilə axıb gedən dərə isə yaylağımızın o biri sərhədini müəyyən edir. Faxralının yaylaq qəbristanlığı Aralıqla Tərəlinin arasında yerləşir.
Allahverdi Aşır oğlu tərəfindən görülən bu xeyriyyə işinin nəticəsidir ki, 140 il bundan əvvəl öz qızıl pulu hesabına Başkeçid Tavadından həmişəlik aldığı 1200 hektar yaylaq toıpağından Faxralı camaatı indi də istifadə edır.
Gürcüstanda müstəqillik əldə olunduqdan sonra torpaq haqqında 303 N-li qanun qəbul olundu. Müəyyən səbəblərə görə, kəndin rəhbərliyi bu qanunda göstərilən şərtlərlə yaylaq toıpaqlarının özəlləşdirilməsini həll edə bilmədi. Bunun nəticəsində də yaylaq torpaqlarımızın müəyyən hissəsini itirdik. Ona görə də müəyyən tədbirlər görüb geridə qalan torpaq sahəsini özəlləşdirmək lazımdır. Yoxsa keçmişlərimizin ruhu bizi bağışlamaz.
Faxralı yaylaqları barədə məlumatlara Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş…” əsərindən daha geniş tanış ola bilərsiniz.
Mənbə: Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“