Hüseynqulu Məmməd oğlu Məmmədli

QISA MƏLUMAT

Hüseynqulu Məmməd oğlu Məmmədli – 1919-cu ildə Faxralı kəndində anadan olub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil-ədəbiyyat fakultəsini bitirib. Doğma kəndində müəllim, məktəb direktoru və 1963-cü ildən Azərbaycan Maarif Nazirliyində məktəblər üzrə inspektor işləyib. İşlə yanaşı ədəbi yaradıcılıqla da məşğul olub. “Deyilənlər gəldi başa” kitabının tərtibatçısı, “Dədə Qorqud gəzən yerdi bu yerlər” və “Görüm Faxralının biri olsun beş” kitablarının, Qorqudşünaslığa dair mükəmmək bioqfafik kitabın müəllifidir. “Oğuz eli”, “Xalq qəzeti” və “Ana vətən” qəzetlərində silsilə məqalələri dərc olunub.

Mənbə : Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.

ÖYRƏDƏNİN VƏ ÖYRƏNƏNİN HAQQ SƏSI

Hər bir fərdin sırf özü­­nəməxsus ömür payı var. İn­san həmin ömür yo­lunu elə keçməlidir ki, baxanlar ora­da qoyulan izlərin xeyir­xahlıq və qüdsiyyət çəkisini görə bilsinlər. Görüb qiy­mət­­­lən­dirsinlər. Qiymətlən­di­rib onu gələcək nəsillərə ər­məğan ver­sin­lər. Bu ya­zıda elə bir insan haq­qında söz açıram ki, özü­nə­məx­sus ömür payını təkcə özu üçün yaşamayıb. Həmin şəxs ömür yolunu elə keçib ki, onun izlərinin xeyirxah­lıq çəki­sinin ağırlığı heç bir tərəziyə sığan deyildir. Onu qiy­mət­lən­dirməyə cəhd edib­lər və gələcək nəsillərə ərməğan qo­yublar. Bu ərməğan “Özü üçün yaşamayan insan” adlı kitabdır. O insanın adı isə Hüseynqulu Məmməd oğlu Məmmədlidir.

2008-ci ildə Bakıda “Nurlan” nəşriyyatında nəşr olunan həmin kitab ömrünün yarısından çoxunu Gürcüstan və Azərbaycan res­pub­li­ka­larında xalqın maariflənməsinə, təhsilin inkişafına və keçən əsrin 80-ci illərindən həyatının sonuna kimi Dədə Qor­qud boy­la­rı­nın araşdırılmasına həsr etmiş Hüseynqulu Məm­mədov  haq­qında  Azərbavcanın  görkəmli alimlərinin, iş yol­daş­­larının, tələ­bə­lərinin və onu yaxından tanıyan insanların xa­ti­rələrindən ibarətdir. Kitaba həm də H.Məmmədlinin yaradı­cı­lı­ğından nü­mu­nə­lər və onun kitabları haqqında mətbuatda dərc olunmuş məqalələr və s. daxil edilmişdir.

Fəxr edirəm ki, bu kitabda mənim də “El adamı” sərlövhəli xatirə məqaləm yer almışdır. Sevinirəm ki, onun haqqında söz demiş müqtədir ziyalıların arasında mənim də adım vardır.  Qürur duyuram ki, Hüseynqulu muəllim müəllifi olduğum “Faxralıtək ağır elim var mənim” adlı kitabıma yazılmış ön sözün müəllifidir.

Hüseynqulu Məmmədli 1919-cu ilin bahar bayramında Gür­­­­­cüs­­tanın Borçalı mahalının Faxralı kəndində anadan olub. 1941-1962-ci illərdə Gürcüstanın təlim Azərbaycan dilində olan orta məktəblərində direktor müavini, direktor vəzifə­lə­rin­də çalışıb. 1962-ci ildə Bakıya köçüb. 1963-1980-ci illərdə Azər­baycan SSR Maarif Nazirliyində məktəb inspektoru vəzi­fə­sində çalışıb. Qalan ömrünü Dədə Qorqud boylarının tədqi­qi­nə həsr edib. Faxralı orta məktəbinin məzunları arasından çıx­mış yüzdən çox alimin yetişməsində onun müstəsna xidmətləri ol­muşdur. Professor, Azərbaycan Respublikası Milli Məcli­si­nin birinci və ikinci çağırış deputatı seçilmiş Şamil Qurbanov, ipəkçilik üzrə respublikada ilk elmlər doktoru olmuş Namaz Bədəlov, fizika-riyaziyyat elmləri doktoru Tahir Pənahov, şair Abbas Abdulla və başqaları məhz Hüseynqulu Məmmədlinin yetirmələridir.

Zəmanəmizin Dədə Qorqudu

Fransız bəstəkarı və dirijoru Şarl Quno (1818-1893) yazıb: “Bizi özümüzdə saxladığımızdan daha çox başqasına ver­di­yi­miz zənginləşdirir”. Hüseynqulu müəllimin xarakterinin bütöv­lü­yünü və zənginliyini ümumiləşdirmək üçün onun gördüyü əzəmətli işlər sırasından yalnız Qorqudşünaslığa verdiyi töh­fə­ləri sadalamaq yetər: “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi ərəfəsində işıq üzü görmuş “Dədə Qorqud” en­sik­lo­pediyasının ərsəyə gəlməsində Hüseynqulu müəllimin mə­­sul ka­tib kimi böyük zəhməti olmuşdur. H.Məmmədli müx­təlif vaxt­larda eposla bağlı nəşr etdirdiyi məqalələri bir yerə toplayaraq “Dədəm Qorqud gəzən yerdi bu yerlər…” kitabını ara­ya gətirmişdir. O, “Dünyanı düşündürən Dədə Qorqud” adlı təd­qiqat əsərini çapa hazırlamışdı. “Kitabi-Dədə Qorqud”un təd­qiq tarixi, coğrafiyası, “Kitabi-Dədə Qorqud”un qədim yu­nan mifologiyası ilə, həmçinin türk xalqlarının digər eposları ilə süjet bağlılığı və digər problemlər onun əsas tədqiqat möv­zu­ları olmuşdur.

Akademik Bəkir Nəbiyev Hüseynqulu müəllimin “Dədəm Qorqud gəzən yerdi bu yerlər” monoqrafiyasına münasibət bildirərkən bu əsərə bütövlükdə müəllifin verdiyi ad üstündə dayanmışdır: “Dədəm Qorqud gəzən yerdi bu yerlər”. Bunun özü elə əslində çox gözəl bir estetik folklor nümunəsidir. Mən ina­nıram ki, bu məqalənin başlığından götürülüb dönə-dönə şe­irlər yazılacaq, mətləblər izhar olunacaq, aşkar ediləcək. On­da hamı Hüseynqulu müəllimi məmnun-məmnun xatırla­ya­caq­dır”.

Gürcüstan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dunyamalı Kərəm (Əliyev) isə Hüseynqulu Məmmədlini “Zəmanəmizin Dədə Qorqudu” adlandırır.

Dövrünü 50 il qabaqlayan müəllim

Biologiya elmləri namizədi Nadir Qurbanov Huseynqulu müəllim haqqında xatirə məqaləsində yazır: “Yadımdadır, o, bizə dərs deyəndə mövzuya aid suallar verilərdi və hər bir şa­gird ona paylanmış vərəqdə başa düşdüyu kimi sualı cavab­lan­dırardı. Sonra şagirdlərin düşünmə qabiliyyətini yoxlamaq məqsədilə, fikirləşmə sərbəstliyini müəyyən etmək üçün şifahi suallar verilərdi. Hal-hazırda bu metod “interaktiv metod – beyin həmləsi” adlanır. Hüseynqulu müəllim belə dərs meto­dun­dan hələ 50-60 il bundan əvvəl istifadə etmişdir və müəl­lim­lərdən də bunu tələb etmişdir. Odur ki, Faxralı orta mək­tə­binin müəllimləri öz məzunları ilə fəxr edirlər”.

Mərhum filologiya elmləri doktoru, professor Şamil Qur­ba­nov “Mənim ilk ədəbiyyat müəllimim” xatirə məqa­lə­sin­də ya­zır: “…Şahbuzlu ibtidai məktəbində oxuyurdum. Həmin mək­təbi bitirib orta məktəbə keçəndə Hüseynqulu müəllim yuxarı siniflərdə dərs deməyə başladı. Cox aydın və sirin diksiyası var­dı, ədəbiyyatı da çox gözəl bilirdi. Konkret əsərlərin təhlili gə­ləndə hər şeyi unuduruq, bütün fikrimiz-zikrimiz obrazlarda olurdu. Mən onda Hüseynqulu müəllimə və onun dərslərinə vurul­dum”.

Stereotiplərə qarşı çıxan ziyalı

“Mənəviyyatın əsası ləyaqətlə düşünməkdir”. Bu fəlsəfi qə­na­ət fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (1623-1662) müdrik fikirlərindən biridir. Hüseynqulu müəllim mil­lə­tin işıqlı sabahı naminə ləyaqətlə düşünməyi bacarırdı. Ba­car­dı­ğını inam və qətiyyətlə reallaşdırırdı. O hətta milli men­ta­li­te­ti­mizdəki köhnə stereotiplərə də cəsarətlə qarşı çıxırdı. H.Məm­­­mədlinin cəsurluğu təfəkkür dərinliyinə, cəsarəti hü­nər­vər zirəkliyə söykənir. Bu hünərvərliyə misal olaraq, Azər­bay­can Respublikası Milli Məclisinin iqtisadi qanunvericilik şö­bə­sinin baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri, iqtisad elmləri namizədi, baş elmi işçi Əmirxan Babaşovun xatirə yazısından bəzi sətirlərin altını cızmaq istəyirəm: “XX əsrin əvvəllərində azərbaycanlı qızların tez nişanlanıb ərə getməsi bir ənənə halını almışdı. Bu, bizim Faxralı kəndində də özünü göstərirdi. Məktəbli qızlar məktəbdən yayınırdılar. Hüseynqulu müəllim məktəb direktoru işlədiyi vaxtlar bu meylə son qoyul­du. O illərdə bir nəfər də olsa məktəb yaşlı qız məktəbdən ya­yın­­mırdı. Elə bu səbəbdən də orta məktəbi qurtaran qızlar ali təhsil almaq üçün Bakıya və digər şəhərlərə oxumağa gedib, ali məktəblərə daxil olurdular.

Bu gün Faxralı orta məktəbini bitirən qızlar arasında on­lar­ca elmlər namizədi və müxtəlif sahələr üzrə yetərincə kadrlar vardır”. Hüseynqulu müəllim hətta bu stereotipi tənqid edən “Kitabxanaçı qız” məqaləsini də yazıb Bolnisi rayonunun “Al bayraq” qəzetinin 1961-ci il mart buraxılışında dərc etdirmişdi.

Yurdunun dəyərini birə-beş artıran insan

Hüseynqulu Məmmədli haqqında xatirələr toplusunun adı orada yer alan məqalələrdən birinin adına uyğundur: “Təkcə özü üçün yaşamayan insan”. Həmin məqalənin müəllifi gör­kəmli pedaqoq, şair Əli Səngərlidir. Ə.Səngərli məqalədə əsas vurğunu Hüseynqulu Məmmədlinin müəllifi olduğu “Gö­rüm Faxralının biri olsun beş…” adlı kitabının üstünə salır. “Kitabın adı bir kəndə aid olsa da, bəhrəsi bir millət üçün faydalıdı”. Qeyd edim ki, H.Məmmədli həmin kitabda Faxralı kəndindən, orda olan tayfalardan, xalqının məişətindən, o cümlədən də dağ­lı, aranlı, binəli keçmiş həyat tərzindən və onun maraqlı mə­­qam­­larından söhbət açır. Cahil və savadsız komsomol­çu­la­rın və firqəçilərin, kolxoz quruculuğunun ilk illərində yol ver­dik­ləri zorakılığı, özbaşınalığı, xalqın başına gətirilən müsi­bət­ləri xatırlayır, 1937-ci il repressiyalarının günahsız qurbanlarını yada salır. “Görüm Faxralının biri olsun beş…” kitabında həmçinin XX əsrin sonunda keçmiş SSRİ ərazisində yaşayan türk soylu xalqlara qarşı millətçilik ruhunu qızışdıran xoşa­gəl­məz hallar da qeyd olunmuşdur. Kitabın məzmunu təkcə Fax­ra­lını deyil, butövlükdə Borçalı mahalını, Tiflis şəhərinin Saburtala məhəlləsindən başlamış Sarvan, Bolnis, Başkeçid rayonundan tutmuş Ermənistan ərazisinə daxil olan Amasiyaya qədər böyük bir coğrafi ərazini əhatə edir.

Keçən əsrin əvvəllərində bu yerlərdə baş verən qanlı-qadalı hadisələr kitabda öz əksini tapmışdır. Kamil tarixçi zəhmətinin məhsulu olan bu kitab barədə kitabın sərlövhəsinə çıxarılmış sözlər də Aşıq Şenliyin Faxralıya həsr etdiyi məşhur şei­rin­dən­dir. “Görüm Faxralının biri olsun beş…” kitabı Hüseynqulu Məmmədlinin el-oba qarşısında mənəvi borcunu yerinə yetir­mə­sinin tarixi təsdiqidir. Görün, akademik Bəkir Nəbiyev Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş…” kitabı haqda nə yazır: “Bu (kitabın adı nəzərdə tutulur), türkiyəli aşıq Şenliyin bir misrasıdır. Belə misralar Borçalıda da, Azərbaycanın butün folklorunda da minlərlədir. Amma Hü­seyn­qulu müəllimin həm birinci, həm də bu kitabında misranı monoqrafiya, fundamental kitabın başlığına çıxarması ona əbədiyyət verdi”.

Əbədiyyəti qazanmış Hüseynqulu Məmmədlinin əsərləri haqqında mətbuatda çoxsaylı məqalələr dərc olunmuşdur. Həmin məqalələrin, rəylərin səhih ünvanı “Özu uçün yaşa­ma­yan insan” xatirələr kitabında göstərilmişdir. Həmin kitaba ön sözu filologiya elmləri namizədi Şərəf Cəlilli yazmışdır. Ön söz müəllifi Hüseynqulu müəllimin məmur kimi təmənnasız­lı­ğı­nın, heç zaman şöhrət dalınca qaçmamasının altını cızır: “Ma­arif Nazirliyində tutduğu vəzifənin adı mufəttiş olsa da, elə Müəllim olaraq qaldı! Öyrədənin, öyrənənin haqq səsinə döndü. Qubadan ağ almanı, Göyçaydan narı, Gəncədən xur­manı, Lənkərandan limonu, Salyandan, Ağdaşdan heyvanı, Şu­şa­dan xarıbülbülü, Gədəbəydən tər bənövşəni onun eşqinə də­rib xonça tutdular. Ayağının altında qoç kəsdilər. Çırağa çıraq kimi baxdılar. Səbəb bir idi: Bu müfəttiş o birilərdən deyildi. Elin-dilin, öyrədənin və öyrənənin Adamı idi! Haqqın tərəzisinə pərsəng vurmazdı. Düzü əyri, əyrini düz yazmazdı…”

Vətəndən nigaran gedən dahi

Ş.Cəlilli yazır ki, bütün dahilər, istedadlı insanlar kimi Hüseynqulu müəllim də Vətəndən, Qarabağdan nigaran getdi: “Təbrizi, Dərbəndi, Borçalını, İrəvanı, Göyçəni, Zəngəzuru, Dərələyəzi, Dərəçiçəyi gavur qabağında qolubağlı görmək onun onsuz da yuxa könlündən qəmli bayatılar cücərtdi…”

Ancaq onu da qeyd etmək yerinə duşər ki, Hüseynqulu Məmmədliyə adi bir insan kimi həyatdan nigaran köçdü demək olmaz. Yenə də Ş.Cəlillinin təbirincə desək, bütün olmuşlara, olanlara baxmayaraq Tanrı ona hər şey nəsib etmişdi. Oğul-qız, nəvə-nəticə payı vermişdi. Oğlu evli, qızı göylü olmuşdu. Elçi gedib gəlin gətirmişdi. Qız köçürüb “taxtını mən verdim, baxtını Tanrı versin” söyləmişdi. Xalq şairi Zəlimxan Yaqub yazır ki, Hüseynqulu müəllimin yaşı 80-i keçib, 90-nı haqlasa da, həmişə sərrast qalmışdır: “Adətən həmişə görmüşük ki, insan yaşlandıqca danışığını itirir, Hüseynqulu muəllimdə isə Allahın vergisi ilə bir yerdə o məktəbdən, müəllimdən gələn nizam-intizam, səliqə-sahman var di…

El ağsaqqalı

Zəlimxan Yaqub Hüseynqulu Məmmədlinin bir ağsaqqal kimi örnək olduğunu vurğulayır: “Bizim anlamımızda, mən Zəlim­xan Yaqubun şəxsində, Borçalıda yetişən ziyalıların  anlamında  ağsaqqal sözünün çəkisi çox böyükdü, cox şərəflidi. Elə bu gün bizi bu mərtəbələrə gətirib çatdıran, bəlkə də ağılkəsməz mərtəbələrə gətirib çatdıran bax həmin o ağsaqqallara ehtiramı­mız idi ki, biz onlardan öyrənə-öyrənə özümüz cavan yaşında ağsaqqal olduq. Yəni Hüseynqulu muəllimin bir xidməti də on­dan ibarətdir ki, özünün rəftarı  ilə,  ünsiyyət mədəniyyəti ilə, in­sani dəyərləri ilə, əxlaqi keyfiyyətləri ilə bir ağsaqqal kimi bizə örnək oldu. Və biz həmişə fikirləşirdik ki, bax, ağsaqqal belə olar, alim belə olar, ziyalı belə olar. Adam öz elini-obasını belə sevər, müəllimini belə sevər, tələbəsi ilə belə fəxr eləyər. Bax bu mənada biz şadıq, xoşbəxtik ki, Hüseynqulu müəllimin şəxsində Borçalı mahalının Azərbaycana, türk dünyasına bəxş etdiyi böyük şəxsiyyətlər, böyük ziyalılar var və onlar tükən­mir, davam eləyir, getdikcə də davam eləyəcək. Mən çox bö­yük ehtiram hissi ilə hörmətli ağsaqqalımızın bizim üçun adı da, yaradıcılığı da, övladları da, yetirmələri də, torpağı da, kəndi də həmişə əziz olan, unudulmaz olan Hüseynqulu  müəllimin  ruhu qarşısında bir şair olaraq baş əyirəm və fəxr edirəm ki, bizim torpağın belə ağsaqqalı olub”.

Qayğıkeş ata

Hüseynqulu müəllim böyük və gözəl bir ailəyə başçılıq edib. Üç qızı və üç oğlu var. Övladlarının hamısı ali təhsil alıb. Böyük oğlu tanınmış folklorşünas alim Elxan Məmmədli Azər­­baycan MEA-nın Folklor İnstitutunda şöbə müdiri, Azərbaycan Əməkdar mədəniyyət işçisidir. Eldar iqtisad elmləri namizə­di­dir, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində çalışır. Ramiz “Ozon” zavodunun işçisidir. Ulduz bağçada tərbiyəçi mü­əllim, Firuzə fransız dili müəlliməsi, Firəngiz isə sənətşü­nas­dır. Həmin ailənin özəllikləri barədə iqtisad elmləri na­mi­zə­di Hətəm Həsənov 2002-ci ildə belə yazırdı: “Maraqlı faktdır ki, nəvələrinin körpə vaxtı hamısının tərbiyəsi ilə özü və xa­nı­mı məşğul olurlar. Odur ki, nəvələrinin əksəriyyəti babalarına ox­şamağa çalışırlar. Ailədə hər kəsin öz kitabxanası var. 5 otaq­lı mənzilin 3 oatğı kitabxanadır. Uşaqlar ailə qurub get­dik­cə ata payı kimi onlara böyük bir kitabxana bağışlanır. Göz gör­düyünü götürər deyiblər. Övladlar atalarını daima oxuyan, yazan görmüşlər. Odur ki, ailə tamamilə ziyalılar ailəsidir”.

İngilislərdə belə bir müdrik deyim var: Bir cavan yaxınlaşıb aqil qocadan soruşur ki, kamil insan olmaq üçün nə etmək la­zım­dır. Pirani qoca cavab verir ki, üç kollec qurtarmaq lazım­dır. Gənc təəccüblənir və sual verir: – Nə üçün məhz üç? Mü­tə­fək­kir gülümsəyib deyir: – Kollecin birini baban, birini atan, birini də sən qurtarmalısan.

Bu nöqteyi-nəzərdən Hüseynqulu muəllimin nəvələri də ba­ba­larından, ata-analarından əxz etdikləri ziya işığı ilə kamilliyə yetişiblər. Onlar bu borcun əvəzini qismən də olsa çıxmağa ça­lı­şıblar. Belə ki, “Özü üçün yaşamayan insan” kitabı Hüseyn­qulu müəllimin nəvəsi Toğrul Bayramlının vəsaiti ilə nəşr olu­nub. Toplayanı və tərtib edəni isə Eldar Hüseynqulu oğludur. Beləliklə, Hüseynqulu müəllimin övladlarının, nəvələrinin kitabxanalarına bir qiymətli kitab da əlavə olunmuşdur.

Əlavə ştrixlər

Hüseynqulu Məmmədlinin şəxsiyyətini səciyyələndirən üstün məziyyətlər barədə söylənilən gözəl fikirlər kitabda yer alan xatirə məqalələrin sərlövhələrində öz əksini tapmışdır. Onların sırasından bəzilərinə bir yerdə göz ataq: “Əməli ilə özünə heykəl qoyan kişi” (B.Nəbiyev), “Cəfakeş, təmənnasız və unudulmaz insan” (H.İsmayılov), “Faxralı elinə ilahi tərə­findən göndərilən insan” (V.İsmayılov), “Dədə Qorqud kimi bir kişi” (K.Əliyev), “Hüseynqulu müəllim həm də həyat müəl­li­mi idi” (G.Yoloğlu), “Abidə insan” (H.Həsənov), “Onu Dədə Qorqud ruhu yaşadırdı” (İ.Kərimov), “Qəmlərə Sarvan” (Ş.Cə­lil­li), “El üçün yaşayanlar ölməz olur” (G.Əliyeva), “Şa­gird­­lə­ri­ni doğma balaları kimi sevirdi” (K.Nuriyev), “Qorqud­şü­nas­lıq karvanın cəfakeş yolçusu”.

Topluda Hüseynqulu Məmmədliyə bağışlanan kitabların av­toqrafları da yer almışdır. Həmişə avtoqrafların müəllifləri Hü­seynqulu Məmmədliyə bəslədikləri dərin hörməti “Əzizim”, “köhnə dostum”, “Hörmətli müəllimim”, “böyük qardaşım”, “Ata əvəzi Hüseynqulu müəllim”, “elimizin, obamızın ağsaq­qal ziyalısı”, “əziz ağsaqqalımız”,  “ustadımız”  deyərək izhar edir­lər. Avtoqraflar arasında orijinallığı ilə seçilənləri də var­dır.

Əbədiyyətə qovuşan insan

Bu sətirlərin müəllifi də Hüseynqulu müəllimin yüz illər ya­­şamasını, yaratmasını istəmişdi. Ancaq Abdulla Bədəlov de­miş­kən, neyləyəsən, çox təəssüflər olsun ki, ömrün yaşanma meydanı məhdud, arzuların at oynatdığı meydan isə hüdud­suz­dur. Elmi-tədqiqatlar aparıb onlardan özündən sonra gələnlərin bəhrələnməsi üçün var gücü ilə çalışan Hüseynqulu müəllim ömrünün son gününədək, yəni 2005-ci il sentyabr ayının 21-də həyata əbədi göz yumanadək xoş arzuları yoluna parlaq işıq saçan şamtək yanmaqdan nəinki qorxmur, əksinə, tükənməz arzuların gerçəkləşməsi – həyati ifadəsini tapması naminə Ulu Tanrıdan möhlət diləyirdi.

Hüseynqulu müəllimin oğlu Elxan Məmmədli “Son söz və ya atama sonsuz məhəbbətim” adlı xatirə məqaləsində yazır: “Atamız şərəfli bir ömür yaşadı, mərd yaşadı. Heç vaxt nə əli­nin, nə də sözünün arxasını yerə vurdu. Bildiyi işə girişdi. Bil­mədiyi işdən yapışmadı. Obyektiv oldu,  həmişə  haqqın  tərə­fində durdu. Haqqı qorudu, haqq da onu qorudu”.

Həmin xatirələrdən məlum olur ki, H.Məmmədli həm də çox haqsızlıqlar görmüşdü. Onun Dədə Qorquddakı fəaliyyəti vaxtında layiqincə qiymətləndirilməmişdir.

Ancaq Huseynqulu müəllimin əsl qiymətini tərbiyə üsulu, danəndəliyi, alicənablığı, qayğıkeşliyi, yuksək mədəniyyəti və savadı ilə nümunə göstərdiyi ardıcılları verdilər. Ərsəyə gətir­dik­ləri “Özu üçün yaşamayan insan” kitabı ilə. Bu kitabın ər­səyə gəlməsində zəhməti olan, işıq üzü görməsində xidməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Əsl qədir­şü­nas­lıq nümunəsi kimi dəyərləndirilməyə layiq olan bu kitab oxuculara həm də Hüseynqulu müəllimin müəllifi olduğu ki­tab­ların, elmi və məktəbşünaslığa aid məqalələrinin, oçerk­lə­ri­nin, xatirələrinin və şeirlərinin də adını və ünvanını göstərə­cək­dir. Fikrimcə, “Özü üçün yaşamayan insan” haqqında kitab tək­cə Hüseynqulu Məmmədlinin övladlarından, qohumlarından, dostlarından, ellilərindən, həmkarlarından ibarət dar çərçivədə deyil, bütün Azərbaycan və Türk dünyasında maraqla qarşı­la­na­caqdır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur