Oruc Nikbin (Oruc Riza oglu Əlizadə).
Onun şeirlərindən nümunələrə və yazdığı kitablar barədə bu linklərdən tanış ola bilərsiniz.
İstedalı şair Oruc Nikbin 1939-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsini bitirmişdir. Həmin ildən vəfat etdiyi günədək (2016-cı il) müxtəlif vəzifələrdə işləmişdir.
Xalq şairi Zəlimxan Yaqubun Oruc Nikbinin “Faxralıdan güc almışam” şeirlər kitabına yazdığı “Ön söz”:
Ağsaqqalın sözü
Əziz ağsaqqalımız, gözəl dostumuz, əsl el adamı, ağır taxtalı “köhnə kişi” Oruc Əlizadə ilə mənim dostluğumun 40 illik tarixi var. Bu illər ərzində çox görüşlərimiz, çox söhbətlərimiz, çox səfərlərimiz olub. Məclislərdə bir yerdə çox olmuşuq. Mən Oruc Əlizadəni həmişə təmkinli, ağır oturub batman gələn, sözünün yerini və çəkisini bilən bir gözəl insan kimi tanımışam.
Oruc müəllim saz-söz adamıdır. Şairləri, aşıqları çox sevir. Borçalı mahal1,Faxralı kəndi onun qibləsi, qibləgahıdır Aşıq Şenliyi, şair Nəbini, Şair Ağacanı, Təhlə Novruzu çox sevir. Ümumən aşıqları, xüsusən Borçalı aşıqlarını çox sevir. Oruc müəllimin Coratda bir bağı var idi. O bağ bizim üçün cənnət idi. Təkcə gülünə, çiçəyinə görə yox, həm də gələn qonaqlarına, ziyalılarına görə sevir və aşıqlarına görə o bağda kimlər olmamışdı. Aşıq Əmrah, Aşıq Kamandar, aşıq Hüseyn Saraclı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Ədalət Nəsiboğlu, Aşıq Əkbər, Azaflı Mikayıl, şairlərdən Hüseyn Arif, Məmməd Aslan, Rəfiq Zəka, Abbas Abdulla, Eyvaz Borçalı, Fərman Eyvazlı, daha kimlər, kimlər….Saz-söz vurğunlan həmişə bu bağda Oruc müəllimin qonağı olar, ən şirin söhbətlər edərdilər. Hamımızın ağsaqqalı, Camal müəllim həmişə məclislərin başında olardı. Ən çox dinlədiyimiz, qulaq asdığımız aşıq Kamandar olardı. O Kamandar ki, nə sazından, nə sözündən, nə də nazından doymaq olmurdu. Bu illər ərzində mən bilmirdim ki, Oruc müəllim şeir yazır. Bir dəfə də olsun bizim yanımızda şeir oxumadı. Sən demə bala-bala yazırmış. O yazmaq, bu yazmaq indi Oruc müəllim ikinci kitabının nəşrinə hazırlaşır.
Şairin şeirləri qədim Borçalı mahalı, onun zəngin aranı, yaylağı, dağı, binəsi ilə, xüsusən yoldaşları, dostları ilə yaşadığı yerlərlə bağlıdır. Onun şeirlərində çox sevdiyi doğma kəndi Faxralının meşələri, bulaqları, dağları, düzləri, təbiəti doğma və isti duyğularla təsvir olunur. Bu şeirlərdə bir təbii deyim tərzi var. Bu deyim tərzi Borçalı, xüsusən Faxralı ləhcəsində gözəl səslənir.
Oruc müəllim necə danışırsa, eləcə də yazır. Təbii və şirin, təbiətin özü kimi rəngarəng, axar-baxarh Oruc müəllimin insanlığı başdan-başa şeiriyyətdi, sazdı, sözdü. Rəhmətlik böyük ustadımız aşıq Kamandarın Oruc müəllimə həsr olunmuş gözəl şeirləri var. Onların içində
Ay ağalar, bu dövranın üzündə,
Ayrıca bir dövranı var Orucun.
beyti ilə başlanan bir şeir var. O şeir Oruc Əlizadənin xarakterini, dünyagörüşünü, insanpərvərliyini, qonaqpərvərliyini çox yaxşı təsvir edir. Doğurdan da Oruc müəllimin ayrıca bir dövranı var ki, ondan nə qədər yazırsan yaz, nə qədər danışırsan danış insan doymur. Oruc müəllim özü mənim üçün başdan-başa şeiriyyət deməkdir. Onun varlığında Borçalının, Faxralının kişiliyi, qədimliyi, böyüklüyü yaşayır. Bu böyüklük el-oba tərbiyəsindən gəlir.
Onun sözlərində təbiət təsvirləri ilə yanaşı onu narahat edən cəmiyyətdəki neqativ, xoşagəlməz hallarla bağlı məsələlərdən də söhbət açılır. Bir vətəndaş və insan kimi o yaşadığı cəmiyyəti də xoşbəxt və fıravan görmək istəyi ilə yaşayır. Bu duyğular onun şeirlərində yeri gəldikcə səslənir, ruha və dilə, ictimai baxışa bir gözəllik gətirir. Təbiətə bağlılığına görə doğulduğu torpağa, daşa, ağaca, dağa, dərəyə, nəhayətsiz çöllərə, düzlərə vurğun olduğuna görə mən Oruc müəllimi onun vurulduğu təbiət qədər sevir, ürəyindən keçənləri dilə, qələmə gətirmək üçün ona uğurlar arzulayıram. Hörmətli ağsaqqala və onun şeirlərinə Zəlimxan Yaqubdan salamlar olsun!
Xalq şairi Zəlimxan Yaqub
Oruc Əlizadənin foto şəkilləri